Məhkəmə qərarları › İş №2-1(112)-6084/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6084/2021

12.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6084/2021 12.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.02.1996- 25.06.2006-cı il tarixlər arasında "xxxx" ATSC-də elektrik qaynaqçısı vəzifəsində işləməyinin nəzərə alınmaqla pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqana müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Əsas olaraq əmək kitabçasında 15.02.1996-25.06.2006-cı il tarixlər arasında "xxxx" ASTC-də elektrik qaynaqçısı vəzifəsində işləməsinə dair sənədlərin saxlanmadığı göstərilmişdir. İmtina qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə "xxxx" ATSC-də 15.02.1996-25.06.2003-cü il tarixləri arasındakı dövr ərzində elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Sözügedən müəssisədə onun iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı yuxarıda qeyd olunan dövr üzrə əmək fəaliyyətinə dair hər hansı sənədin saxlanılmadığı və müəssisənin iş fəaliyyətinin 01.01.1997-ci il tarixindən etibarən olmadığı müəyyən olmuşdur. Qeyd edilən faktlar "xxxx" ATSC-nin 27.08.2020-ci il tarixli aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən də yuxarıda qeyd edilən dövrü iddiaçının iş stajına daxil etmək mümkün olmadığından onun ümumi iş stajı 25 ildən az (18 il 6 ay 8 gün) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 36400,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 14113,97 manat təşkil edir. İPM-in 13 və 48-ci maddələrinə əsasən məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuş, məhkəmə iclasında iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “57 yaşımın tamam olduğu 18.06.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyim 27.01.2021-ci il tarixdən əvvəlki 3 il üçün, yəni 27.01.2018-ci il tarixdən hesablanaraq mənə pensiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edirəm.” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmənin 06 avqust 2021-ci il tarixli qərardadı ilə, ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinin əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki, artıq uzun müddət ərzində formalaşmış təcrübəyə əsasən, əmək pensiyalarının təyin olunması barədə işlərə məhz öhdəlik xarakterli iddialar çərçivəsində baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə Zərdab rayonu, Alıcanlı kəndində doğulmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır; DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının 27 yanvar 2021ci il tarixli müraciətinə cavab olaraq 01 aprel 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə "xxxx" ATSC-də 15.02.1996-25.06.2003-cü il tarixləri arasındakı dövr ərzində elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Sözügedən müəssisədə onun iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı yuxarıda qeyd olunan dövr üzrə əmək fəaliyyətinə dair hər hansı sənədin saxlanılmadığı və müəssisənin iş fəaliyyətinin 01.01.1997-ci il tarixindən etibarən olmadığı müəyyən olmuşdur. Qeyd edilən faktlar "xxxx" ATSC-nin 27.08.2020-ci il tarixli aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən də yuxarıda qeyd edilən dövrü iddiaçının iş stajına daxil etmək mümkün olmadığından onun ümumi iş stajı 25 ildən az (18 il 6 ay 8 gün) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 36400,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 14113,97 manat təşkil edir; Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsinin 15 yanvar 2020-ci il tarixli, 39 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı 12.11.1977-ci il tarixdən 24.10.1979-cu il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir; "xxxx" ATSC-nin 21 yanvar 2021-ci il tarixli, 01 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı “Qafqaz-enerjiquraşdırma” trestinin Mingəçeir Quraşdırma İdarəsinə 15.02.1996-cı il tarixdə (əmr 23k,15.02.1996-cı il) 4-cü dərəcəli elektrik qaynaqçısı kimi işə qəbul olmuş, 25.06.2003-cü il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur (əmr 39k, 25.06.2003-cü il). İşlədiyi 8 saatlıq iş günü ərzində həmin trestin hündür mərtəbəli binaların və yüksəkliklərlə əlaqədar qurğuların və qapalı çənlərin, rezervuarların, aşağılegirli polad boruların, buxar qazanlarının daxilində legirli polad borularının qaynaq işlərində bilavasitə iştirak etmişdir. İşlədiyi müddətdə iş qrafikinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi zərərli iş şəraitində məşğul olmuş, südlə və xüsusi geyimlə təmin olunmuşdur. “Qafqazenerjiquraşdırma” Tresti əsasən enerji müəssisələrinin tikilməsi, və təmiri sahəsində fəaliyyət göstərmişdir. Trest sənaye obyektlərində polad və dəmir konstruksiyalarının quraşdırılması, legirli dəmir borularının quraşdırılması, təmiri və digər işləri üzrə qaynaq işləri aparmışdır. İddiaçı tam iş günü ərzində icra etdiyi əl ilə elektrik qaynaqçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarını “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” 35-ci bölməsinə uyğundur. “Qafqazenerjiquraşdırma” X1 İdarəsi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 450 saylı sərəncamına əsasən 29 iyul 1999-cu il tarixdə ‘‘Mingəçevir Enerjiquraşdırma” X6 Cəmiyyəti olmuşdur; “X3” ATSC-nin 21 yanvar 2020-ci il tarixli, 01 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı 1980-ci il tarixdə 01.10-da DBM-ri zavodunun 96/K 01.10.1980 əmri ilə Armatur sexinə 2-ci dərəcəli armaturşik işinə qəbul edilmiş, 3-cü dərəcəli armaturşik təyin edilmiş (Əsas: Əmr 81/K 10.08.1981), 4-cü dərəcəli armaturşik təyin edilmiş (Əsas: Əmr 22/K 01.03.1983), 4-cü dərəcəli elektrik qaynaqçısı təyin edilmiş (Əsas: Əmr 64/K 16.08.1985), qaynaqçı k/m-nə köçürmə yolu ilə işdən azad edilmiş, (Əsas: Əmr 76/K 15.11.1991) 01.11.1991 “Qaynaqçı” k/m-nə köçürmə yolu ilə 4-cü dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş (Əsas: Əmr №1 01.11.1991), Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir (Əsas: Əmr № 58 01.12.1992). Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 08 iyun 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, uçot baza məlumatlarına əsasən "xxxx" X6 Cəmiyyətinin fəaliyyəti (VÖEN: **********) 22.04.2010-cu il tarixdə təqdim etmiş olduğu arayışa əsasən 23.04.2010-cu il tarixdən 01.01.2015-ci il tarixədək, 23.04.2015-ci il tarixli təqdim etmiş olduğu arayışa əsasən isə 24.04.2015-ci il tarixdən 24.04.2020-ci il tarixədək dayandırılmışdır. Vergi ödəyicisinin fəaliyyəti hal-hazırda aktiv vəziyyətdədir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 22 iyul 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, "xxxx" X6 Cəmiyyəti (VÖEN: **********) 06.12.2004-cü il tarixdə 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qeydiyyata alınmışdır. Vergi ödəyiçisinin fəaliyyəti 22.04.2010-cu il tarixdə təqdim etmiş olduğu arayışa əsasən 26.04.2010-cu il tarixdən 01.01.2015-ci il tarixədək, 23.04.2015-ci il tarixdə təqdim etmiş olduğu arayışa əsasən isə 24.04.2015-ci il tarixdən 24.04.2020-ci il tarixədək dayandırılmışdır. Vergi ödəyicisinin fəaliyyəti halhazırda aktiv vəziyyətdədir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 25 avqust 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin 29.07.1999-cü il tarixli, 450 nömrəli sərəncamına əsasən "xxxx" Dövlət Şirkətinin Mingəçevir Quraşdırma İdarəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri 21.08.2007-ci il tarixinə tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planında (emissiya prospektində) əsas iş yeri Mingəçevir Quraşdırma İdarəsi olan işçilərin siyahısında İddiaçı adı qeyd edilməmişdir; "xxxx" ATSC-nin 10 avqust 2021-ci il tarixli, 16 nömrəli məktubunda göstərilmişdir ki, MMU trest “KEM” (hal-hazırda Mingəçevir Enerjiquraşdırma ATSC adlandırılan) 1996- 1999-ci illərdə Yenikənd SES-in tikintisində quraşdirma işlərində, 2000-2001-ci illərdə Şəmkir SES-də təmir-quraşdırma işlərində və 2001-ci ildən Mingəçevir DRES-in mazut çənlərinin quraşdırılmasında fəaliyyət göstərmişdir. “Qafqazenerjiquraşdırma” X1 İdarəsi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 450 saylı sərəncamına əsasən 29 iyul 1999-cu il tarixdə "xxxx" X6 Cəmiyyəti olmuşdur. Mingəçevir “Enerjiquraşdırma” ATSC-də arxivində vətəndaşlar tərəfindən götürülməmiş əmək kitabçaları və T-2 şəxsi vərəqələr saxlanılır; "xxxx" ATSC-nin 19 oktyabr 2021-ci il tarixli, 20 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı “Qafqaz-enerjiquraşdırma” trestinin Mingəçeir Quraşdırma İdarəsinə 15.02.1996-cı il tarixdə (əmr 23k,15.02.1996-cı il) 4-cü dərəcəli elektrik qaynaqçısı kimi işə qəbul olmuş, 25.06.2003-cü il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur (əmr 39k, 25.06.2003-cü il). İşlədiyi 8 saatlıq iş günü ərzində həmin trestin hündür mərtəbəli binaların və yüksəkliklərlə əlaqədar qurğuların və qapalı çənlərin, rezervuarların, aşağılegirli polad boruların, buxar qazanlarının daxilində legirli polad borularının qaynaq işlərində bilavasitə iştirak etmişdir. İşlədiyi müddətdə iş qrafikinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi zərərli iş şəraitində məşğul olmuş, südlə və xüsusi geyimlə təmin olunmuşdur. “Qafqazenerjiquraşdırma” Tresti əsasən enerji müəssisələrinin tikilməsi, və təmiri sahəsində fəaliyyət göstərmişdir. Trest sənaye obyektlərində polad və dəmir konstruksiyalarının quraşdırılması, legirli dəmir borularının quraşdırılması, təmiri və digər işləri üzrə qaynaq işləri aparmışdır. İddiaçı tam iş günü ərzində icra etdiyi əl ilə elektrik qaynaqçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarına uyğun ( kodlar 1030400a- 1753a-təmirçi çilingərlər, elektrik qaz qynaqçıları, əl ilə elektrik qaynaqçıları, 10110300a- 19906-əl ilə qaynaqda elektrik qaynaqçıları uyğun olmaqla) “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” 35-ci bölməsinə uyğundur. “Qafqazenerjiquraşdırma” X1 İdarəsi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 450 saylı sərəncamına əsasən 29 iyul 1999-cu il tarixdə ‘‘Mingəçevir Enerjiquraşdırma” X6 Cəmiyyəti olmuşdur; "xxxx" ATSC-nin 22 iyul 2021-ci il tarixli, 15 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş, İddiaçı məxsus şəxsi vərəqənin surətindən görünür ki, o, Mingəçeir Quraşdırma İdarəsinə 15.02.1996-cı il tarixdə (əmr 23k) 4-cü dərəcəli elektrik qaynaqçısı kimi işə qəbul olmuş, 1996-1997-ci illərdə ezamiyyətdə olmuş (əmr 154k və 115k), 03.04.2000-ci il tarixdə mazut təs. sahəsinə göndərilmiş (əmr 37k), 25.06.2003-cü il tarixdə ərizəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir (əmr 39k). İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür, 57 yaşı tamam olduğuna görə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun ümumi iş stajının və pensiya kapitalının yetərli olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı ona adıçəkilən qanunun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. “Qaydalar”ın 4.1.10-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının (2 nömrəli siyahı üzrə) mövcud olması. İş materiallarından görünür ki, iddiaçının işlədiyi peşənin iltşəzüG“ şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında zərərli peşə kimi göstərilməsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdehin imtina məktubunda, etirazında mübahisə etdiyi məsələ iddiaçının işlədiyi müəssisənin iş fəaliyyətinin 01.01.1997-ci il tarixindən etibarən olmaması səbəbindən ümumi iş stajının yetərli olmaması və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının az olması ilə bağlıdır. Belə ki, məhkəmə iş materiarında olan sənədləri, o cümlədən iddiaçıya məxsus əmək kitabçasının tərcümə olunaraq notarial qaydada təsdiq edilmiş surətini tədqiq edərək iddiaçının iş stajını aşağıdakı kimi müəyyən etmişdir: - 05.05.1977-31.10.1977-ci illərdə Tələbə tikinti briqadalarında 2-ci dərəcəli işçi (5 ay 27 gün); - 12.11.1977-24.10.1979-cu illərdə hərbi xidmətdə (1 il 11 ay 13 gün); - 17.12.1979-27.09.1980-ci illərdə Tələbə tikinti briqadalarında 2-ci dərəcəli işçi, 3-cü dərəcə üzrə beton işçisi (betonçu) (9 ay 12 gün); - 01.10.1980-18.08.1985-ci illərdə armatur işçisi (4 il 10 ay 18 gün); - 19.08.1985-01.12.1992-cı illərdə elektrik qaynaqçısı (7 il 3 ay 14 gün); - 11.12.1992-01.02.1996-cı illərdə gözətçi (3 il 1 ay 22 gün); - 15.02.1996-25.06.2003-cü illərdə “Qafqaz-enerjiquraşdırma” trestinin Mingəçeir Quraşdırma İdarəsində 4-cü dərəcəli elektrik qaynaqçısı, 5-ci dərəcəli elektrik qaynaqçısı (7 il 4 ay 10 gün). İşin hallarına əsasən, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 57 yaşı tamamdır, hərbi xidmət keçdiyi dövrlər daxil olmaqla 01.01.2006-cı ilədək ümumilikdə 25 il 10 ay 26 gün olmaqla 25 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət ərzində o güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşədə işləmişdir (cavabdeh tərəfindən mübahisələndirilməmişdir). Göründüyü kimi, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla əvvəllər qüvvədə olmuş qanunvericiliklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün lazım olan yaş həddi, ümumi iş stajı və güzəştli peşədə iş stajı mövcuddur, cavabdeh inzibati orqanın fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının az olması ilə bağlı imtina dəlili əsaslı deyildir. Məhkəmə cavabdehin imtinasının (etirazının) digər dəlillərilə bağlı vurğulayır ki, yuxarıda qeyd edildiyi kimi, hazırda qüvvədə olan Qaydalarda 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına, o cümlədən iddiaçının işlədiyi müəssisənin fəaliyyətinin 01.01.1997-ci il tarixdən olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Əksinə iş materiallarında olan sənədlərlə sözügedən müəssisənin həmin dövrdə fəaliyyət göstərməsi müəyyən olunmuş, o cümlədən əmək kitabçasında göstərilən məlumatlar iddiaçının şəxsi vərəqəsində olan qeydlərlə öz təsdiqini tapmışdır. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı 57 yaşının tamam olduğu 18.06.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (27.01.2021-ci il) əvvəlki üç il üçün, yəni 27.01.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu 18.06.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (27.01.2021-ci il) əvvəlki üç il üçün, yəni 27.01.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar