Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6085/2021 13.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanaraq birdəfəlik ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2021-ci il tarixdə 3 saylı Bakı “Dost” Mərkəzi vasitəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, ona təyin edilmiş yaşa görə əmək pensiyasının təqdim edilmiş sənədlər əsasında yenidən hesablanmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçının müraciəti cavablandırılmış, onun pensiya məbləğinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına uyğun olaraq xx.xx.2021-ci il tarixdən 229.74 manata çatdırıldığı bildirilmişdir. İddiaçı bununla razılaşmayaraq xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, 01 iyul 1971-ci il tarixdən 24 sentyabr 1999-cu il tarixə qədər işlədiyi dövrü sığorta stajına daxil edilərək yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 01 iyul 1971-ci ildən əmək fəaliyyətinə başlamışdır, xx.xx.2020-ci ilə qədər fasilələrlə əmək fəaliyyətini davam etdirmişdir. Ümumilikdə 35 il, 3 ay, 4 gün əmək stajı olmuşdur. Əmək kitabçasını və hərbi biletini cavabdehə təqdim edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh 27 il, 5 ay sosial sığorta stajı olmayan əmək stajını hesablamamış və ona yalnız 7 il, 10 ay, 15 gün sosial sığorta stajı ilə 218 manat pensiya təyin etmişdir. Cavabdehə əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciət etmiş, onun pensiyasının məbləği 229.74 manata çatdırılmışdır. Lakin iddiaçı bu hesablama ilə razı deyil. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə cavabdeh əsl cavadeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra - Cavabdeh) ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. III. Məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlərə (şəxsiyyət vəsiqəsinin, hərbi biletin, əmək kitabçasının surətləri) əsasən iddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, xx.xx.1971-ci il tarixdən əmək fəaliyyətinə başlamış, həmin tarixdən xx.xx.1973-сü il tarixədək 2 saylı Bakı Mebel Fabrikində fəhlə və döşəməci, xx.xx.1973-xx.xx.1973-cü il tarixlərdə Bakı Yumşaq Mebel Fabrikində döşəməci işləmiş, xx.xx.1974-cü il tarixdən 2 saylı Bakı Mebel Fabrikinə keçirilmiş və xx.xx.1974-cü il tarixədək həmin fabrikdə döşəməci işləmişdir. xx.xx.1974-xx.xx.1976-cı il tarixlərdə hərbi xidmətdə olmuşdur. xx.xx.1976-xx.xx.1978-ci il tarixlərində sürücü, xx.xx.1988-xx.xx.1989-cu illərdə “Etap” kooperativində tədarükçü, xx.xx.1989xx.xx.1989-cu illərdə “Təşəbbüs” kooperativində təchizatçı, xx.xx.1989-xx.xx.1990-cı il tarixlərində “Zarya” kooperativində kənd təsərrüfatı məhsullarının tədarükçüsü, xx.xx.1990-xx.xx.1990-cı illərdə “Təşəbbüs” kooperativində ekspeditor, xx.xx.1978xx.xx.1984-cü illərdə SSSR-i Kənd Təsərrüfatı Nazirliyi “Azqoskarantin” də sürücü, xx.xx.1984-xx.xx.1987-ci il tarixlərində 270 saylı Motokolonda “D” kateqoriyalı avtobus sürücüsü, xx.xx.1987-xx.xx.1988-ci illərdə Azərbaycan SSRİ Neft emalı və neft-kimya sənayesi Nazirliyi Avtonəqliyyat kontorunda növbətçi sürücü, xx.xx.1990-xx.xx.1990-cı illərdə “Za rulyom” kooperativində kənd təsərrüfatı məhsullarının tədarükçüsü, xx.xx.1991-xx.xx.1992-ci illərdə 130 №-li məktəbdə sürücü, xx.xx.1992-xx.xx.1993-cü il tarixlərində Bakı şəhər Qaz İstismar İdarəsində sürücü, xx.xx.1993-xx.xx.1999-cu illərdə Xətai Rayon X4 avadanlıqlarının istismarı və təmiri üzrə 4-cü dərəcəli növbətçi, xx.xx.2013-xx.xx.2021-ci il tarixlərində BBŞİ-nin X3 2-ci dərəcəli sürücü işləmişdir. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək 27 ildən artıq sığorta stajı olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun): - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. - 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. İşdə olan pensiya işindən müəyyən olunur ki, sadalanan normalara istinad edən cavabdeh iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdə ona Qanunun 31.1-ci maddəsinə əsasən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiya təyin etmiş, bu zaman onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajını 25 il qəbul etmiş, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı əsasında hesablanan pensiya kapitalı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının məbləği 218.77 manat müəyyən edilmişdir. İddiaçı ona ödənilən pensiya məbləği ilə razılaşmayaraq əmək pensiyasının yenidən hesablanması üçün xx.xx.2021-ci il tarixdə cavabdeh orqana müraciət etmiş, cavabdeh də Qanunun 22-1.3-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında qərar qəbul edərək onun əmək pensiyasını faktiki stajı əsasında yenidən hesablamış, bu zaman iddiaçının 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 27 il 1 ay 24 gün kimi qəbul edilmiş və nəticə olaraq əmək pensiyasının məbləği 229.74 manat müəyyən edilmişdir. Beləliklə, göründüyü kimi, cavabdeh iddiaçının əmək pensiyasını yenidən hesablayarkən onun 01 iyul 1971-ci il tarixdən 24 sentyabr 1999-cu il tarixə qədər işlədiyi dövrü də nəzərə almış, bu dövrü pensiya kapitalına çevrilməklə indeksləşdirilməsini aparmış, həmin pensiya kapitalı və iddiaçıya pensiya təyin olunan günədək onun fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı ayrıayrılıqda gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına (144-ə) bölünməklə əldə olunan məbləğlər toplanmış və yekun olaraq pensiyanın məbləği 229.74 manat müəyyən edilmişdir. Belə olan halda aydın olur ki, cavabdehin iddiaçı barəsində qəbul etdiyi qərar qanuni olmuş, onun hüquq və azadlıqlarını pozmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırkı iş üzrə belə bir hal olmadığından məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-6085/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6085/2021
13.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver