Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6088/2022 07.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və texniki sənədlərin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, 91A ünvanında inşa edilmiş tikinti sahəsi 231,77 kv.m., ümumi sahəsi 911,78 kv.m. olan, zirzəmili, 4 mərtəbəli qeyriyaşayış binası üzərində xüsusi mülkiyyət hüququnun İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, 91A ünvanında inşa edilmiş tikinti sahəsi 231,77 kv.m, ümumi sahəsi 911,78 kv.m olan, zirzəmili, 4 mərtəbəli qeyriyaşayış binası üzərində xüsusi mülkiyyət hüququnun vətəndaş İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsini xahiş etmişdir. Lakin, cavabdeh orqan tərəfindən iddiaçıya müraciətin edildiyi vaxtdan hazırkı vaxta qədər hər hansı cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı1 və İddiaçı2 01 mart 2021-ci il tarixdə “birgə iddiaçı qismində məhkəmə icraatına cəlb edilmə barədə” ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı2 Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, 91A ünvanında yerləşən torpaq sahəsinin İddiaçı1 ilə birlikdə paylı mülkiyyətçisi olmasını nəzərə alaraq, İddiaçı2 İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə birgə iddiaçı qismində məhkəmə icraatına cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 02 mart 2022-ci il tarixli qərardadı ilə, ərizə təmin edilərək, İddiaçı2 birgə iddiaçı qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 eyni zamanda “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, 91A ünvanında inşa edilmiş, tikinti sahəsi 231,77 kv.m., ümumi sahəsi 911,78 kv.m. olan, zirzəmili, 4 mərtəbəli qeyri-yaşayış binasına hər biri 1/2 olmaqla paylı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 02 mart 2022-ci il tarixli qərardadı ilə, iddiaçılar tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilərək, iddia tələbinin “İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, 91A ünvanında inşa edilmiş, tikinti sahəsi 231,77 kv.m., ümumi sahəsi 911,78 kv.m. olan, zirzəmili, 4 mərtəbəli qeyri-yaşayış binasına hər biri 1/2 olmaqla paylı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm.” kimi göstərilməsi qərara alınmışdır. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddia ərizəsinə etirazında göstərmişdir ki, paylı mülkiyyətdə olan (½ hissədə İddiaçı1, ½ hissədə İddiaçı2 mülkiyyətində) fərdi yaşayış evi sökülmüşdür və yeni inşa edilən qeyri-yaşayış binasına dair tikinti obyektinin istismarına icazə təqdim edilməmişdir. Təqdim edilmiş eskiz layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Tikintiyə icazə verilməsi barədə sənəddə sifarişçi kimi payçılardan yalnız biri qeyd edilmişdir. Bundan əlavə, fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tikinti obyektinin istismarına icazə sənədi, məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi və qeyri-yaşayış binası üzərində hüquqların paylı olaraq qeydiyyata alınması ilə bağlı payçıların notarial qaydada təsdiq edilmiş razılıq ərizələri İdarəyə təqdim edilməmiş, eskiz layihəyə layihəçinin layihələndirmə fəaliyyəti ilə məşğul olduğunu təsdiq edən xüsusi razılıq (lisenziya) əlavə edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş İddiaçı2 məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq, "xxxx" ASC-nin məktubunu məhkəməyə təqdim edərək, bildirmişdir ki, hal-hazırda "xxxx" ASCnin cavabdehin etirazında göstərdiyi sökülmüş fərdi yaşayış evinə münasibətdə heç bir iddası qalmamışdır və "xxxx" ASC əmlakın ipoteka ilə yüklülükdən azad edilməsinə etiraz etmir. Həmçinin İddiaçı1 nümayəndəsi və vəkili Vəkil əvvəlki məhkəmə iclasında cavabdeh inzibati orqanın imtina məktubunu aldıqlarını bildirmiş və həmin məktubu məhkəməyə təqdim etmişdir. Bundan əlavə layihəçinin layihələndirmə fəaliyyəti ilə məşğul olduğunu təsdiq edən lisenziyanın surətini məhkəməyə təqdim edərək, cavabdehin imtina dəlillərinin əsassız olduğunu qeyd etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, 91A ünvanında yerləşən 0,031020 ha torpaq sahəsi İddiaçı1 və İddiaçı2 hər biri ½ olmaqla paylı mülkiyyətindədir; Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, 91A ünvanında olan qeyri-yaşayış obyektinin işçi layihəsi "xxxx" MMC tərəfindən həyata keçirilmiş və Dövlət Baş Ekspertiza İdarəsi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmışdır; Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 36 №-li “Obyektin tikintisinə icazə” sənədinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, 91A ünvanında tikinti sahəsi 231,77 kv.m., ümumi sahəsi 911,78 kv.m. olan zirzəmili (-1), 4 mərtəbəli qeyri-yaşayış obyektinin tikintisinə icazə verilmişdir. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş imtina məktubunda göstərilmişdir ki, paylı mülkiyyətdə olan fərdi yaşayış evi sökülmüşdür və yeni inşa edilən qeyri-yaşayış binasına dair tikinti obyektinin istismarına icazə təqdim edilməmişdir. Həmçinin təqdim edilən layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir; 3.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir; 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; ... 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” İş materiallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, 91A ünvanında yerləşən 0,031020 ha torpaq sahəsi İddiaçı1 və İddiaçı2 hər biri ½ olmaqla paylı mülkiyyətindədir. İddiaçılar mülkiyyətində olan torpaq sahəsində ümumi sahəsi 911,78 kv.m. olan zirzəmili (-1), 4 mərtəbəli qeyri-yaşayış obyekti inşa etdirmişdir. İnşa edilmiş tikilinin işçi layihəsi "xxxx" MMC tərəfindən həyata keçirilmiş və Dövlət Baş Ekspertiza İdarəsi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmış, tikinti obyektinə dair müvafiq rəylər alınmış, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 36 nömrəli tikintiyə icazə sənədi verilmişdir. Tikinti-quraşdırma işləri başa çatdıqdan sonra həmin işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərinə, tikinti layihəsinə uyğun aparılmasını və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən yekun sənəd olaraq, Ö/005198 nömrəli xx.xx.2021-ci il tarixli obyektin istismara hazırlıq aktı tərtib olunmuşdur. Cavabdehin tikintiyə icazə verilməsi barədə sənəddə sifarişçi kimi payçılardan yalnız birinin qeyd edilməsi və qeyri-yaşayış binası üzərində hüquqların paylı olaraq qeydiyyata alınması ilə bağlı payçıların notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinin təqdim edilməməsi barədə dəlillərilə razılaşmayaraq, məhkəmə qeyd edir ki, sözügedən icazə sənədi şəxsə münasibətdə deyil, tikinti obyektinə münasibətdə verilmiş icazə sənədidir. Payçılardan yalnız birinin adının qeyd edilməsi hazırkı iddianın əsaslılığına təsir etmir. Həmçinin nəzərə alınmalıdır ki, digər payçı (İddiaçı2) da hazırkı iş üzrə birgə iddiaçı qismində məhkəmə icraatına qoşulmuş və qeyri-yaşayış binası üzərində hüquqların paylı olaraq qeydiyyata alınması barədə iddia tələbi dəqiqləşdirilmişdir. Bundan əlavə, cavabdeh orqan qeydiyyata alınması nəzərdə tutulan daşınmaz əmlakın eskiz layihəsi ilə faktiki vəziyyəti arasında uyğunsuzluğun olmasını bildirməsinə baxmayaraq, buna dair hər hansı sübutun məhkəməyə təqdim edilməməsi səbəbindən cavabdehin bu dəlili də əsassızdır. Eyni zamanda, fərdi yaşayış evinin "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi dəlillərinə cavab olaraq məhkəmə bildirir ki, "xxxx" ASC-nin qeyd edilən məsələ ilə bağlı mövqeyini əks etdirən məktub məhkəməyə təqdim edilmiş, həmin məktuba əsasən "xxxx" ASC-nin qeyd edilən əmlaka (sökülmüş fərdi yaşayış evinə) münasibətdə heç bir iddiasının qalmaması və onun ipoteka ilə yüklülükdən azad edilməsinə etirazının olmaması müəyyən edilmişdir. Cavabdehin digər dəlili olan, eskiz layihəyə layihəçinin layihələndirmə fəaliyyəti ilə məşğul olduğunu təsdiq edən xüsusi razılığın (lisenziyanın) əlavə edilməməsi barədə məhkəmə qeyd edir ki, sözügedən lisenziya məhkəmə baxışı zamanı iddiaçı tərəfindən təqdim edilmişdir. Həmçinin iş materiallarında olan tikintiyə icazə sənədində və istismara hazırlıq aktında da həmin lisenziyanın mövcudluğu qeyd edilmişdir. Məhkəmə cavabdeh orqanın imtinasının (etirazının) dəlillərini iddianın təmin edilməməsinin əsası kimi qəbul etmir. Belə ki, hüquqların dövlət qeydiyyatından imtinanın əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində müəyyən olunmuşdur. İddiaçıların sözügedən qeyri-yaşayış obyektinə xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün cavabdeh tərəfindən irəli sürülmüş etiraz dəlillərinin heç biri, həmin Qanunun 15-ci maddəsində müəyyən olunan əsaslara aid edilmir. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçıların inşa etdiyi qeyri-yaşayış obyektinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, 91A ünvanında inşa edilmiş, tikinti sahəsi 231,77 kv.m., ümumi sahəsi 911,78 kv.m. olan, zirzəmili, 4 mərtəbəli qeyri-yaşayış binasına hər biri 1/2 olmaqla paylı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, 91A ünvanında inşa edilmiş, tikinti sahəsi 231,77 kv.m., ümumi sahəsi 911,78 kv.m. olan, zirzəmili, 4 mərtəbəli qeyri-yaşayış binasına hər biri 1/2 olmaqla paylı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-6088/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6088/2022
07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver