Məhkəmə qərarları › İş №2-1(112)-6088/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6088/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6088/2025 16.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə qarşı “avtomobilin alqı-satqısı müqaviləsinin rəsmilləşdirilməsi və sair” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus **-MV-*** dövlət nömrə nişanlı, 2001-ci il buraxılışlı “Mercedes-Benz E200 Minik” markalı avtomobilin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi, müvafiq texniki baxışın keçirilməsi və bununla əlaqədar digər texniki işlərin görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati məhkəməsinin qərardadı ilə X6 (bundan sonra – üçüncü şəxs) 3-cü şəxs qismində adi cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, **-MV-*** dövlət nömrə nişanlı 2001-ci il buraxılışlı Mercedes-Benz E200 Minik markalı avtomobil iddiaçının mülkiyyətindədir. İddiaçı avtomobilin alqı-satqısı müqaviləsinin bağlanması və bu hallarda həyata keçirilən texniki baxış üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh bundan imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, guya avtomobilinin ban nömrəsinə müdaxilə olunub, ban nömrəsi ətrafında qaynaq işləri görülüb, təkrarlayıcı lövhə isə yerində deyildir. İddiaçı bu imtinanı qanunsuz hesab edir. Belə ki, o, avtomobildə hər hansı qanunsuz iş görməmiş, bu vəziyyətdə almış, həmin işlərin isə kim tərəfindən görülməsi barədə məlumatı yoxdur. Bundan başqa imtina əsasları ətrafında araşdırma aparılmış, hər hansı qanunsuz əməllər ortaya çıxmamışdır. İmtina iddiaçının mülkiyyət hüququnu pozur. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. İddiaçı və cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında üçüncü şəxs bildirdi ki, nəqliyyat vasitəsi hal-hazırda onun istifadəsindədir. İddiaçı avtomobil dair ona etibarnamə vermişdir. Hazırda avtomobili özgəninkiləşdirmək istəyir. Avtomobildə hər hansı qanunsuz işin görülməsi barədə onun məlumatı yoxdur. O, avtomobili bu vəziyyətdə almışdır. Göstərilənlərə əsasən üçüncü şəxs iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1991-ci ildə anadan olmuşdur. O, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, qeyd olunan “Mercedes-Benz E200 Minik” markalı **-MV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ban nömrəsinin ətrafında qaynaq işlərinin aparılması və təkrarlayıcı zavod lövhəsinin olmaması səbəbindən xahişin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş X11 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. AB 690159 nömrəli, xx.xx.2012-ci il tarixli şəhadətnaməyə əsasən 2001-ci il buraxılışlı “Mercedes-Benz E200 Minik” markalı avtomobil X4, AB 734071 nömrəli, xx.xx.2012-ci il tarixli şəhadətnaməyə əsasən X1, AC 695470 nömrəli, xx.xx.2016-cı il tarixli şəhadətnaməyə əsasən X1, AC 849200 nömrəli, xx.xx.2017-ci il tarixli şəhadətnaməyə əsasən X7 mülkiyyətində olmuş, AD 773725 nömrəli, xx.xx.2020-ci il tarixli şəhadətnaməyə əsasən həmin tarixdən iddiaçının mülkiyyətindədir. İddiaçı **-MV-*** dövlət nömrə nişanlı, 2001-ci il buraxılışlı “Mercedes-Benz E200 Minik” markalı avtomobilinə dair üçüncü şəxsə 1 il müddətinə 11 dekabr 2024-cü il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə vermişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, 17 dekabr 2024-cü il tarixdə Yolnəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə müraciət edilərək Bakı şəhəri, Qaradağ rayonu ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı adına qeydiyyata alınmış, ünvan 3 ünvanında qeydiyyatda olan X3 etibarnamə əsasında idarə etdiyi «Mercedes Benz E200» minik markalı, **-MV-*** dövlət nömrə nişanlı, sedan tipli, mühərrik silinmə-nömrəsiz, WDB2100071B391498 ban nömrəli, tünd göy metallik rəngli, 2001-ci il buraxılışlı avtomobilin ban nömrəsinə müdaxilə olunaraq ban nömrəsi ətrafında qaynaq işləri aparılması və təkrarlayıcı lövhənin yerində olmaması ilə bağlı olaraq araşdırma aparıb rəy verilməsini xahiş etmişdir. Daxil olmuş material üzrə araşdırma ona həvalə edilmiş və material üzrə tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı X6 izahatında göstərmişdir ki, «Mercedes Benz E200» minik markalı, **-MV-*** dövlət nömrə nişanlı, sedan tipli, mühərrik silinmə-nömrəsiz, WDB2100071B391498 ban nömrəli, tünd göy metallik rəngli, 2001-ci il buraxılışlı avtomobil etibarnamə əsasında özünə məxsusdur. Avtomobili 2023-cü ildə etibarnamə əsasında almışdır. Avtomobili alandan sonra idarəçiliyində olan müddət ərzində avtomobildə heç bir əsaslı təmir-bərpa işləri, qaynaq işləri aparılmayıbdır. Avtomobili adına qeydiyyat etdirmək üçün 16 dekabr 2024-cü il tarixdə BDYPİ-nə müraciət etmişdir. Orada avtomobilin texniki baxışı keçirilmiş və avtomobilin ban nömrəsi əlrafında qaynaq işləri aparılması və birkanın yerində olmadığı bildirilib qeydiyyat hərəkətləri aparılmamışdır. Avtomobili bu vəziyyətdə almışdır. «Mercedes Benz E200» minik markalı, **-MV-*** dövlət nömrə nişanlı avtomobil uçot göstəriciləri üzrə BDYPİ Qİİ-in X2 Sistemi üzrə oğurlanmış və qaçırılmış avtonəqliyyat vasitələrinin uçotunda yoxdur. «Mercedes Benz E200» minik markalı, **-MV-*** dövlət nömrə nişanlı avtomobilin sənədlərindən görünür ki, avtomobil 2001-ci il buraxılışlı olmaqla 23 ildir ki, istismardadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 25 dekabr 2024-cü il tarixli, 24/581 nömrəli tədqiqat haqqında arayışından görünür ki, «Mercedes Benz E200» minik markalı, baxış zamanı üzərində **-MV-*** dövlət qeydiyyat nişanları olan avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş ban nömrəsində olan «WDB2100071B391498» hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Lakin avtomobilin qabaq sağ sərnişin oturacağının altında gücləndirici köndələn tirin üzərində həkk edilmiş ban nömrəsinin ətrafında qaynaq işlərinin izləri aşkar edilmişdir. Avtomobilin zavod lövhəsi (birka) aşkar edilmədi, yoxdur. Avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissədə ilkin həkk edilmiş mühərrik nömrəsinin rəqəm göstəriciləri aşkar edilmədi. Araşdırma zamanı müəyyən edilmişdir ki, «Mercedes Benz E200» minik markalı, 10- MV-644 dövlət nömrə nişanlı, sedan tipli, mühərrik silinmə-nömrəsiz, WDB2100071B391498 ban nömrəli, tünd göy melallik rəngli, 2001-ci il buraxılışlı avtomobilin ban nömrəsinə müdaxilə edilməklə avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılmışdır. Avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılması zərurəti əvvəlcədən BDYPİ-nə bildirilməyib və bu fakt sənədləşdirilməmişdir. Həmçinin avtomobilin məlumatlarını və aqreqat hissə nömrələrini eyniləşdirmək üçün avtomobilin birkası da yoxdur. Qəbul edilmiş standartlara əsasən avtomobilin növündən asılı olaraq ban və şassi nömrələri üzrə göstəricilər 17 simvol olmaqla hərf və ya rəqəm əsasında müəyyən edilir. Hansı ki, həmin 17 simvolun içərisində avtomobilin istehsalçı ölkəsi, avtomobilin istehsal edildiyi zavod, istehsal ili, mühərrikin variantı, avtomobilin növü, sükan çarxının yeri, ötürücünün növü barədə və istehsal üzrə digər məlumatlar hərf və ya rəqəm şəklində stasionar olaraq avtomobilin banı və ya şassisi üzərinə zavod üsulu ilə həkk edilməklə yerləşdirilir. Bu qəbul olunmuş 17 simvol üzrə göstəricilər və ya həmin göstəricilərdən hər hansı biri yerində olmadığı və ya dəyişdirildiyi halda qəbul olunmuş standartlar üzrə göstərici norması pozulmuş olur ki, bu halda avtomobilin əsas stasionar göstəricisi üzrə qeydi yəni ban və ya şassi nömrəsi üzrə göstəricilər qüsurlu olur. Hansı ki qeyd edilən 17 göstərici üzrə zavod göstəricisindən fərqli bir simvol daxil edilməsi, həmçinin ban nömrəsinin kəsilib qaynaq edilməsi (banın dəyişdirilməsi ehtimalı) həmin avtomobildə hər hansı bir qurğu və ya avadanlıq üzrə göstəricinin, həmçinin istehsal ilinin fərqli olmasına dəlalət edir. Araşdırma zamanı avtomobilin gövdəsi və avtomobilə quraşdırılmış ehtiyyat hissələrinin cinayət yolu ilə əldə olunmasına dəlalət edən hər hansı bir fakt müəyyən edilməmişdir. Nəqliyyat vasitəsinin qeydiyyata alınması, qeydiyyatdan çıxarılması və təkrar qeydiyyat işlərinin aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin səlahiyyətinə daxildir. Göründüyü kimi «Mercedes Benz E200» minik markalı, **-MV-*** dövlət nömrə nişanlı, 2001-ci il buraxılışlı avtomobilin ban nömrəsinə müdaxilə olunmaqla ban nömrəsi ətrafında qaynaq işləri aparılmışdır. Avtomobildə ban və ya şassi nömrəsi stasionar olmaqla vurulur ki, bu da digər izlənilən detalların eyniləşdirilməsində, həmçinin qaçırılmış və ya oğurlanmış avtomobillərin aşkar edilməsində əsas rol oynayır. Odur ki, bu hal nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin «Mercedes Benz E200» minik markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı keçirilmiş ekspert tədqiqatına dair 24/581 nömrəli, 25 dekabr 2024-cü il tarixli tədqiqat haqqında arayışın təsdiq olunmuş surətinə əsasən Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin 3-13-5/2-23304/2024№-li, 24 dekabr 2024-cü il tarixli təliqəsilə Azərbaycan Respublikası DİN, Kriminalistik Tədqiqatlar idarəsinə «Mersedes Benz E200» minik markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobil təqdim olunmuşdur. Tədqiqat qarşısında aşağıdanı sual qoyulmuşdur: 1.Təqdim edilən «Mersedes Benz E200» minik markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban və mühərrik nömrələri hansı üsulla vurulmuşdur? «Mersedes Benz E200» minik markalı, baxış zamanı üzərində **-MV-*** dövlət qeydiyyat nişanı olan avtomobilə baxış Bakı şəhərində keçirildi. Avtomobilə baxış zamanı müəyyən edildi ki, o tünd göy boya ilə rənglənmişdir. Trasoloji tədqiqat qarşısında qoyulan suallara cavab vermək üçün avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsinə baxış keçirildi. Baxış zamanı həmin hissədə həkk edilmiş «WDB2100071B391498» hərf və rəqəmləri aşkar edildi. Həmin hərf və rəqəmlərin səthi sumbata kağızı (təmizləyici kağız) ilə boyadan metal səthədək təmizləndi və 7x dəfə böyüdücü linzanın vasitəsilə müayinə edildi. Müayinə zamanı həmin hissədə həkk edilmiş ban nömrəsində olan «WDB2100071B391498» hərf və rəqəmlər yerləşməsinə, ölçülərinə, formasına, vurulma dərinliyinə, konfiqurasiyasına görə belə nəticəyə gəlmək olar ki, onlar zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Lakin avtomobilin qabaq sağ sərnişin oturacağının altında gücləndirici köndələn tirin üzərində həkk edilmiş ban nömrəsinin ətrafında qaynaq işlərinin izləri aşkar edildi. Avtomobilin zavod lövhəsi (birka) vurulması nəzərdə tutulan hissəsinə baxış zamanı həmin hissədə birka aşkar edilmədi, yoxdur. Sonra avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissəsinə fonar və diaqnostik güzgü vasitəsilə baxış zamanı həmin hissədə ilkin həkk edilmiş mühərrik nömrəsinin rəqəm göstəriciləri aşkar edilmədi. Tədqiqata nəqliyyat vasitəsinin «AD№773725» nömrəli qeydiyyat şəhadətnaməsinin surəti təqdim edilmişdir. Şəhadətnamənin birinci üzündə avtomobilin qeydiyyat nişanları: **-MV-***, marka, model: Mersedes Benz E200 minik, tipi: sedan, buraxılış ili: 2001, mühərrik nömrəsi: N/Z Silinmə, ban nömrəsi: WDB2100071B391498, rəngi: tünd göy metallik, ikinci üzündə isə şəhadətnamənin verilmə tarixi, verən orqan və avtomobil sahibi haqqında məlumatlar vardır. «Mersedes Benz E200» minik markalı, baxış zamanı üzərində **-MV-*** dövlət qeydiyyat nişanı olan avtomobilə baxış gündüz vaxtı, təbii işıqda aparıldı. Beləliklə aparılmış tədqiqata əsasən belə nəticəyə gəlmək olar ki, «Mersedes Benz E200» minik markalı, baxış zamanı üzərində **-MV-*** dövlət qeydiyyat nişanı olan avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş ban nömrəsində olan «WDB2100071B391498» hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Lakin avtomobilin qabaq sağ sərnişin oturacağının altında gücləndirici köndələn tirin üzərində həkk edilmiş ban nömrəsinin ətrafında qaynaq işlərinin izləri aşkar edildi. Avtomobildə zavod lövhəsi (birka) aşkar edilmədi, yoxdur. Avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissədə ilkin həkk edilmiş mühərrik nömrəsinin rəqəm göstəriciləri aşkar edilmədi. Məhkəmə üçüncü şəxsin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində **-MV-*** dövlət nömrə nişanlı, 2001-ci il buraxılışlı “Mercedes-Benz E200 Minik” markalı nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi ilə bağlı hərəkətlərin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş, lakin ona imtina cavab verilmişdir. İddiaçı qanunvericiliyin tələbinə uyğun olaraq 35 gündən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Qeyd olunmalıdır ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin: - İ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin, yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. -V hissəsinə əsasən bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. -V-İİ hissəsinə əsasən nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. -Vİ hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və ya vergilərin, yaxud ödənclərin ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanları. -XV hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: -1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət. qeydiyyatından keçirməlidirlər. -1.3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. -1.5-ci bəndinə əsasən nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. -1.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: -nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; -nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; -qeydiyyata alınmış nəqliyyat vasitələrinin regionlar üzrə və mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların toplanıb hazırlanmasını; -nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsini; -özünün struktur bölmələrinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi blankları, dövlət qeydiyyat nişanları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini; -bu bölmələrə buraxılmış dövlət qeydiyyat nişanları, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsini və onların vaxtaşırı təftiş edilməsini; -nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin “bir pəncərə” prinsipi əsasında təşkil edilməsini. -2.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Normaların məzmunundan da göründüyü kimi, nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi mexanizmi və bu mexanizmin tətbiqi müvafiq olaraq zəruri sənədlərin təqdim olunması, nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması və qanunvericilikdə səciyyələnmiş digər əsaslara görə həyata keçirilir. Nəzərə alınmalıdır ki, nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması "qeydiyyat hərəkətləri" anlayışını ehtiva edir. Qeyd edilən normaların tələblərinin işin faktiki hallarına tətbiqi nəticəsində müəyyən olunur ki, cavabdeh iddiaçının təqdim etdiyi avtomobilin qeydiyyata alınmasından imtinaya əsas kimi ban nömrəsinin ətrafında qaynaq işlərinin aparılması və təkrarlayıcı zavod lövhəsinin olmamasını əsas gətirmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan hal avtomobilin qeydiyyata alınmasının imtina əsası kimi çıxış edə bilməz. Belə ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi həmin avtomobil AB 690159 nömrəli, xx.xx.2012-ci il tarixli şəhadətnaməyə X4, AB 734071 nömrəli, xx.xx.2012-ci il tarixli şəhadətnaməyə əsasən X1, AC 695470 nömrəli, xx.xx.2016-cı il tarixli şəhadətnaməyə əsasən X1, AC 849200 nömrəli, xx.xx.2017-ci il tarixli şəhadətnaməyə əsasən X7 mülkiyyətində olmuş, AD 773725 nömrəli, xx.xx.2020-ci il tarixli şəhadətnaməyə əsasən həmin tarixdən iddiaçının mülkiyyətindədir. Bütün bu alqı-satqı əməliyyatlarının rəsmiləşdirilməsinə cavabdeh tərəfindən hər hansı maneə yaradılmamışdır. Belə olan halda sonuncu dəfə avtomobilin özgəninkiləşdirilməsi həyata keçirilən zaman belə bior əsasında meydana çıxması qanuni və əsaslı hesab edilə bilməz. Eyni zamanda cavabdeh tərəfindən aparılmış araşdırmalar zamanı avtomobilin hər hansı cinayətin predmeti olması da aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, həmin hallar iddiaçının vicdanlı alıcı xüsusiyyətlərinə uyğun olmaqla, avtomobilin oğurluq və digər xarakterli olmasını istisna edir və nə qədər ki, avtonobillə bağlı əvvəllər alqı-satqı əməliyyatları həyata keçirilmişdir, hazırda qeyd olunan əsaslarla onun alqı-satqısının məhdudlaşdırılması qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdaki maddələrinə nəzər yetirsək məlum olur ki, daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir (181.1). Əldə edənin birbaşa sahibliyinə verilməsi əşyanın sahibliyə verilməsinin qanuni əsaslarından biri kimi göstərilmişdir (181.2). Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır (182.1). Göründüyü kimi avtomobilin hazırda iddiaçının qanuni sahibliyində və istifadəsində olması iş materialları ilə öz təsdiqini tapmışdır. Cavabdehin mübahisə predmeti olan nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılmaması iddiaçının mülkiyyət hüququnu reallaşdırılmasına məhkəmə maneə kimi qiymətləndirir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: qərara aldı: İddia təmin edilsin. «Mercedes Benz E200» minik markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi, müvafiq texniki baxışın keçirilməsi və bununla əlaqədar digər texniki işlərin görülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar