Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6089/2021 16.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankı və Cavabdeh2 ASC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankı və Cavabdeh2 ASCyə qarşı iddia ərizəsi ilə məhkəməyə mürciət edərək, maddi və mənəvi ziyanın əvəzi kimi cavabdehlərdən hər birindən 3000 (üç min) manatın onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankına 21.10.2020-ci il tarixli ərizə yazmışdır. Ərizədə bildirmişdir ki, "xxxx"ASC-nin 12.11.2020-ci il tarixli ona məktubu zərfin içərisində yox, zərfsiz açıq vəziyyətdə 20.11.2020-ci il tarixdə qonşusuna, məktubu aldığı haqqında imzalatdıraraq, verilmişdir. Həmin məktubda "xxxx"ASC-yə onun borcunun məbləği, bankla bağlanmış müqavilənin tarixi və digər ona aid şəxsi məlumatlar yazılmışdır. Ona aid olan şəxsi məlumatları "Bank of Baku” ASC qonşusuna verməklə “Banklar haqqında" Qanunun 41.1ci maddəsinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və digər Qanunları və hüquqlarını kobud şəkildə pozmuşdur. Şəxsi həyatının toxunulmazlığı və fərdi məlumatların istifadəsi qanunvericiliyi kobud şəkildə pozulmuşdur. Bank rəhbərliyi imzaladığı məktubun icrasına, məktubun çatdırılıb-çatdırılmadığına nəzarət etməlidir. “Banklar haqqında" Qanunun 41.1-ci maddəsinə əsasən Mülki Məcəlləyə müvafiq olaraq, bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Konstitusiyaya əsasən, şəxsi toxunulmazlıq hüququ tanınır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq, həmçinin hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ var. "xxxx"ASC-nin vəzifəli şəxsi Ramin Rəhimov haqqında müvafiq tədbir görəsiniz». Banklar haqqında qanuna, Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanuna əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı aldığı ərizəsinə əsasən pozulmuş hüquqlarını bərpa etmək məqsədi ilə Cavabdeh2 ASC-dən sənədlər, məlumatlar alıb, onların təhlilini aparmalı olduğu halda, qanunu pozan şəxsləri məsuliyyətə cəlb etməli olduğu halda, bunu etməmişdir. O, Cavabdeh2 ASC-nin baş ofisinə də belə bir məktub göndərmişdir. Onun məhkəməyə qədər pretenziya qaydasında göndərdiyi 14.03.2021-ci il tarixli ərizəsindən sonra Azərbaycan Respublikasının Mərkəzi Bankından 30.03.2021-ci il tarixli cavab məktubu almış, həmin məktubda yazılmışdır ki, guya 01.12.2020-ci il tarixli məktubla ona ətraflı cavab verilmişdir. Bu, həqiqətə uyğun deyildir. Ona aid olan şəxsi məlumatları Cavabdeh2 ASC qonşusuna verməklə “Banklar haqqında” Qanunun 41.1-ci maddəsinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və digər Qanunları və hüquqlarını kobud şəkildə pozmuşdur. Onun şəxsi həyatının toxunulmazlığı və fərdi məlumatların istifadəsi qanunvericiliyi kobud şəkildə pozulmuşdur. Bank rəhbərliyi imzaladığı məktubun icrasına, məktubun çatdırılıb-çatdırılmadığına nəzarət etməlidir. Cavabdeh tərəfindən onun hüquqlarının pozulması nəticəsində məlum məsələdir ki, insan sevinməz, fiziki iztirablar keçirmişdir, onun hüquqlarının pozulması şuuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur, stres keçirmişdir, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, bununla bağlı sənədləri toplamaq məcburiyyətində qalmış və bunun nəticəsində həyatının adi axarının gedişi dəyişmişdir. Ümumi həyat təcrübəsinə görə isə bu hallarda mənəvi sarsıntının keçirilməsi mübahisəsizdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsindən görünür ki, cavabdehlərdər biri Cavabdeh2 ASC göstərilmişdir. İş üzrə inzibati məhkəmə icraatı qaydasında iddia tələbi ona qarşı irəli sürülmüş Cavabdeh2 ASC inzibati orqan deyildir. Buna görə də inzibati orqan olmayan cavabdehlə iddiaçı arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisə də mövcud deyildir. Bundan başqa, iddiaçı Cavabdeh2 ASC-nin əməkışının barəsində müvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etdiyini, lakin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən heç bir tədbir görülmədiyini, buna görə də ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Lakin məhkəmə qeyd edir ki, digər bank əməkdaşlarının barəsində intizam tədbirlərinin görülməsi Azərbaycan Respublikasının Mərkəzi Bankının yerinə yetirdiyi səlahiyyətlərə daxil deyildir. Göstərilənlərə əsasən hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 №-li Qərarının 2-ci bəndinə əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-6089/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6089/2021
16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver