Məhkəmə qərarları › İş №2-1(112)-6091/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6091/2024

24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6091/2024 24.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçının vəkili Vəkil3, cabdehin nümayəndəsi X13, üçüncü şəxslərin nümayəndəsi və vəkili Vəkil1, üçüncü şəxs X14,üçüncü şəxsin nümayəndəsi X12, üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏmlakMəsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin saylı Bakı Ərazi İdarəsinə (Əliyeva (Hüseynova) Tükəzban Məmmədhüseyn qızı və X14 qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı «çıxarışın verilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Əliyeva (Hüseynova) Tükəzban Məmmədhüseyn qızı və X14 məhkəməyə ərizələr ilə müraciət edərək, həmin qərarının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. X10 ərizəsinin məzmunu onunla bağlıdır ki, qəbul edilmiş qərar onun iştirakı olmadan, maraqlarına toxunulan məsələ ilə bağlı qəbul edilmiş, icraatda onun iştirakı təmin edilməmişdir. Məhkəmə qərarı əsasında iddiaçının adına verilmiş 525 kv.m torpaq sahəsində ona məxsus, sənədləşdirilmiş qaraj yerləşməkdədir. Həmin qaraj 1995-ci il tarixdən onun istifadəsindədir. Sərəncam əsasında da onun adına sənədləşdirilmişdir. X1 ərizəsinin məzmunu onunla bağlıdır ki, ünvan 1 ünvanda yerləşən mənzil və 0,055 ha torpaq sahəsi ilk dəfə onun adına müqavilə əsasında rəsmiləşdirilmişdir. Reyestrdə cari dəyişiklik edilməsi və texniki pasportun tərtib edilməsi barədə ərizə ilə cavabdehə müraciət edilsə də, cavab məktubunda iddiaçı tərəfindən mənzilin söküldüyü və yerində fərdi yaşayış evi inşa edildiyi qeyd edilmiş, bu səbəbdən də müraciətinin təminindən imtina edilmişdir. Qanunsuz olaraq torpaq sahəsinin tam mülkiyyətçisi kimi məhkəmə qərarı əsasında iddiaçı tanınmışdır. Məhkəmə icraatı zamanı məhkəmə iddiaçının xeyrinə qərar qəbul edərkən onun iştirakını təmin etməmiş, işə onun iştirakı olmadan iddianın təmin edilməsi barədə qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə ərizələr (vəsatətlər) təmin edilərək iş üzrə icraata Əliyeva (Hüseynova) Tükəzban Məmmədhüseyn qızı və X14 üçüncü şəxs qismində zəruri cəlb etmə qaydasında cəlb edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2891/2018 saylı, 12 iyul 2018-ci il tarixli qərarı ləğv edilmiş, hazırki işə mahiyyəti üzrə baxılması təzələnmişdir. İddiaçının əsaslandırması: İddianın məzmunu onunla bağlı olmuşdur ki, Bakı ş, Ziya Bünyadov prospekti, ev 64 B ünvanda yerləşən mənzil onun mülkiyyətindədir. Həmin yaşayış sahəsinin yerləşdiyi 525 kv.m olan torpaq sahəsi də texniki pasportla təsdiq edilərək onun istifadəsindədir. Bu səbəbdən də mənzili fərdi yaşayış sahəsi kimi qeydiyyata alınmalı, eləcə də torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatı barədə çıxarış da ona verilməlidir. İddia ərizəsinə etiraz: Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, Bakı ş, Ziya Bünyadov prospekti, ev 64 B ünvanda yerləşən 525 kv.m torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən müraciətin təmini mümkün olmamışdır. Tərəflər izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Üçüncü şəxs, üçüncü şəxslərin nümayəndələri və vəkilləri iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmtina məktubunda qeyd edilmişdir ki, iddiaçı tərəfindən ərizəyə dair hər hans Çıxarışda qeyd edilmişdir ki, ünvan 2ənzil ünvanda yerləşən 16 kv.m yaşayış sahəsi ölçüdə mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Müqavilələrdən görünür ki, V.Zaykova həmin mənzili Ş.Panayev adlı şəxsə satmışdır. Ş.Panayev isə həmin mənzili iddiaçıya satmışdır. Yaşayış sahəsinin texniki pasportunda qeyd edilmişdir ki, mənzilin ümumi sahəsi 28,4 kv.m, yaşayış sahəsi 16,0 kv.m, torpaq sahəsi 442,0 kv.m təşkil edir. Qaraja dair texniki pasportda qeyd edilmişdir ki, Bakı ş, Nərimanov rayonu, Z.Bünyadov prospekti ev 64b saylı binanın yanında yerləşən qaraj X10 mülkiyyətindədir. Sənəd üzrə sahə 0.0022 ha, faktiki 0,00221 ha ölçüdədir. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Nərimanov Rayon İcra Hakimiyyəti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanlanmış məktubunda qeyd edilmişdir ki, baxış zamanı T.Əliyevə məxsus dəmir qarajın İddiaçı tərəfindən torpaq sahəsinə qatılaraq hasarlandığı müşahidə edilmişdir. Bu barədə tədbirlərin görülməsi və nəticəsi barədə müəllifinə məlumat verilməsi xahiş edilir. Cavabdehin 17 oktyabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, məhkəmənin qərarı əsasında torpaq sahəsindən əlavə, fərdi yaşayış evi və qaraja dair vahid əmlak kimi mülkiyyət hüquqları iddiaçının adına dövlət qeydiyyatına almışdır. 10 avqust 2022-ci il tarixli cavabdehin məktubunda qeyd edilmişdir ki, qaraja dair T.Məlikovun adına texniki pasport tərtib edilmişdir. Həmin qaraj barəsində Nərimanov Rayon İcra hakimiyyətinin sərəncamı mövcuddur. Cavabdehin 10 mart 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X5 tərəfindən reyestrdə cari dəyişikliklərin edilməsi və texniki pasportun tərtib edilməsi barədə müraciəti zamanı məlum olmuşdur ki, reyestrdə qeydə alınan mənzil sökülmüş və yerində fərdi yaşayış evi inşa edildiyindən texniki pasportun tərtrib edilməsi mümkün olmamışdır. Cavabdehin 21 dekabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X14 tərəfindən göstərilən qaraj digər şəxsin adına xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə məxsus torpaq sahəsində yerləşir. Fərdi yaşayış evi məhkəmə qərarı əsasında qeydiyyata alınmışdır. Sərəncamda qeyd edilmişdir ki, adıçəkilən qarajın vətəndaş T.Məlikovun adına sənədləşdirilməsi qərara alınmışdır. Çıxarışda qeyd edilmişdir ki, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 34,7 kv.m, olan yaşayış sahəsi T.Əliyevanın mülkiyyətindədir. "xxxx" MMC tərəfindən tərtib edilmiş rəylərdə qeyd edilmişdir ki, T.Əliyeva(Hüseynova) məxsus torpaq sahəsinin bir hissəsi (106,06 kv.m) iddiaçıya məxsus fərdi yaşayış evinin tikintisində arxa tərəfdə yerləşən torpaq sahəsinə qatıldığı müəyyən edilir. İddiaçıya məxsus texniki pasport əsasında torpaq sahəsinin ölçüsü fərdi yaşayış evi tikilinə qədər (2021-ci il) 396,84 kv.m təşkil edir. Fərdi yaşayış evinin tikintisi ərəfəsində əldə etdiyi əlavə 128,16 kv.m hissənin bir hissəsi (106,06 kv.m) T.Hüseynova məxsus, digər hissəsi isə digər qonşunun torpaq sahəsi hesabına baş verib. T.Məlikova məxsus qaraj və yerləşdiyi torpaq sahəsi 2023-cü il tarixinə qonşu torpaq mülkiyyətçisinin torpaq sahəsinə qatılaraq zəbt edilmişdir. Çıxarışda və Plan və ölçü sənədində qeyd edilmişdir ki, T.Hüseynovaya Z.Bünyadov prospekti 64 B ünvanda yerləşən ona məxsus torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə və faktiki sahə üzrə ölçüsü 0,055 ha təşkil edir. Müqavilə əsasında əldə edilmişdir. Sərəncam və müqavilədən görünür ki. Həmin əmlak Ş.Məmişov adlı şəxsə məxsus olmuş həmin əmlak F.Kərimova satılmışdır. Sonradan həmin əmlak C.Kazımova satılmışdır. Nərimanov Rayon İcra Şöbəsinin məktubu və ona əlavə edilən sənədlərdən görünür ki, qarajda qalan əmlakların siyahıya alınması qərara alınmış, özgəninkiləşdirilməsi borclu İddiaçı qadağan edilmiş, bu barədə akt da tərtib edilmişdir. Müqavilədən görünür ki, həmin ünvanda yerləşən mənzil və 0,055 ha torpaq sahəsi T.Hüseynovanın mülkiyyətinə verilmişdir. 04 may 2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, V.Zaykova məxsus texniki pasporta əsasən mənzilə sahənin ölçüsü 442,0 kv.m təşkil edir. Mənzil söküldüyündən və torpaq sahəsinin konfiqurasiyası faktiki vəziyyətdən fərqli olduğundan koordinatları təyin etmək mümkün olmamışdır. Ş.Panayevə aid texniki pasportla faktiki vəziyyətdə ərazidə konfiqurasiya fərqi mövcuddur. Qarajın atında yerləşən torpaq sahəsi 22,0 kv.m təşkil edir. İddia olunan qaraj digər vətəndaşın xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşir. T.Məlikovun iddia etdiyi qarajın perimetrik ölçüləri iddiaçıya məxsus fərdi yaşayış evinə verilən texniki pasportun baş planına göstərilən tikili ilə eynilik təşkil edir. 64 B ünvanda yerləşən 0,055 ha torpaq sahəsinin giriş hissəsindən 40 kv.m sahə digər şəxsin istifadəsindədir və 14,8 kv.m torpaq sahəsi iddiaçının hasarı daxilindədir. T.Hüseynova verilmiş 24 iyul 2010-cu il tarixli çıxarışda qeyd olunan 34,7 kv.m sahəsi olan mənzilin cizgiyə əsasən bir hissəsi vətəndaşın öz sahəsində olmuş və sökülmüşdür. Digər 25 kv.m sahəsi isə iddiaçının torpaq sahəsində olmuş və həmin şəxs öz mənzilini sökmüş, T.Hüseynovaya məxsus mənzilin arxiv cizgisinə əsasən 25,0 kv.m yerində iki mərtəbəli fərdi yaşayış evi tikilmişdir. 08 avqust 2023-cü il tarixli rəydə qeyd edilmişdir ki, T.Məlikovun mülkiyyətində olan metaj qaraj özünün dediyində görə iddiaçının istifadəsində olan fərdi yaşayış evinin həyətində yerləşir. Ölçü işlərinin aparılması üçün iddiaçının razılığı olmalıdır. T.Məlikovun iddia etdiyi tikinti altı sahə 22,0 kv.m olan qarajın koordinatları iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinə düşür. Mütəxəssis rəyində qeyd edilmişdir ki, 31 iyul 2010-cu il tarixli çıxarış əsasında X3 məxsus olan Ziya Bünyadov pr 64 B ünvanda yerləşən torpaq sahəsi faktiki olaraq 525 kv.m təşkil edir, bunun da 510 kv.m sənəd üzrə üzrə sahədəndir. Belə ki, torpaq sahəsinin giriş hissəsində əlavə 15 kv.m sahə istifadə edilməkdədir. 31 iyul 2010-cu il tarixli çıxarış əsasında X3 məxsus olan Ziya Bünyadov pr 64 B ünvanda yerləşən 0,055 ha ərazinin giriş hissəsindən S =40 kv.m hissə digər şəxsin (məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, digər şəxs iddiaçıdır) istifadəsindədir. 24 iyul 2010-cu il tarixli çıxarışda qeyd olunan S=34.7 kv.m sahə olan mənzilin cizgiyə əsasən bir hissəsi vətəndaşın öz sahəsində olmuş və sökülmüşdür. Digər S=25 kv.m sahə isə digər vətəndaşın iddiaçının torpaq sahəsində olmuş və həmin şəxs öz mənzilini sökmüş və T.Əliyevaya (Hüseynovaya) məxsus mənzilin arxiv cizgisinə əsasən 25 kv.m yerində iki mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. Mütəxəssis qarşısında əlavə sualların qoyulması zərurəti ilə əlaqədar növbəti dəfə məhkəmə tərəfindən təqdim edilmiş müraciətə dair təqdim edilmiş 21 noyabr 2023-cü il tarixli rəydə qeyd edilmişdir ki, 34.3 kv.m mənzil və 525,0 kv.m torpaq sahəsinin iddiaçının adına dövlət qeydiyyatı məhkəmə qərarı əsasında baş vermiş, qərar qəbul edilədənədək torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Həmin torpaq sahəsində T.Əliyevaya (Hüseynovaya) məxsus mənzilin arxiv sxeminə əsasən 25,0 kv.m sahə olmuşdur. T.Məlikova məxsus olan metal qarajın ölçüləri həmin torpaq sahəsində yerləşən iddia olunan qarajın ölçülərinə uyğun gəlir. 06 sentyabr 2024-cü il tarixli son mütəxəssis rəyində suallar oxşar cavablandırılmış, həmçinin qeyd edilmişdir ki, X7 alınmış mənzil söküldüyündən və torpaq sahəsinin konfiqurasiyası faktiki vəziyyətdən fərqli olduğundan koordinatları təyin etmək mümkün olmamışdır. X10 iddia etdiyi tikinti altı sahə 22 kv.m qarajın koordinatları İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsində yerləşir. Sözügedən sahə ümumilikdə 525 kv.m fiziki sərhədə malikdir. 17 sentyabr 2024-cü il tarixli Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyində qeyd edilmişdir ki, X11 məxsus olan qaraj və altındakı torpaq sahəsinin İddiaçı tərəfindən hasara alınmış torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. 04 may 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən X2 məxsus 64 B ünvanda yerləşən torpaq sahəsinin 40 kv.m hissəsinin digər şəxsin (məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının) istifadəsində olduğu, 14,8 kv.m sahənin iddiaçının hasarı daxilində olduğu müəyyən edilmişdir. 08 avqust 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən 24 iyul 2010-cu il tarixli çıxarışla 64 B ünvanda yerləşən X4 məxsus 34,7 kv.m mənzilin 25 kv.m yerində İddiaçı tərəfindən fərdi yaşayış evinin inşa edildiyi müəyyən edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. Qeyd olunmalıdır ki, hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Belə ki, yuxarıda sadalan müddəaların tələblərindən də göründüyü kimi daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün mövcud olmalı olan hüquqmüəyyənedici sənədlərin konkret siyahısı təsbit edilmişdir ki, həmin sənədlərdən birinə malik olma hüququn dövlət qeydiyyatına alınmasına yönələn tədbirlərin cavabdeh tərəfindən görülməsi öhdəliyi yaradır. İşin faktiki hallarından göründüyü kimi hazırkı iddia 16 kv.m mənzilin fərdi yaşayış sahəsi kimi 525 kv.m torpaq sahəsi ilə birlikdə dövlət qeydiyyatına alınması ilə əlaqədardır. Qeyd olunmalıdır ki, mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması ilə bağlı iddianın təmini üçün torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatını əsaslı hesab edən hüquqmüəyyənedici sənədin mövcudluğu mütləqdir. Belə ki, Mənzil Məcəlləsinin: 13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. 13.3. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. Göründüyü kimi fərdi yaşayış evi və mənzil yaşayış sahələri kimi bir-birindən fərqli xüsusiyyətlərə malik yaşayış sahələridir. Sahənin fərdi yaşayış evi xüsusiyyəti isə onun yerləşdiyi torpaq sahəsinə fərdi hüququn mövcudluğunu da zəruri edir. Bu səbəbdəndir ki, mənzil kimi qeydiyyatı mövcud olmuş sahəyə dair torpaq sahəsinə hüquq mövcud olduğu halda, həmin sahədə yerləşən mənzilin fərdi yaşayış evi formasında göstərilməsindən söhbət gedə bilər. Hazırkı işin faktiki halları ilə isə müəyyən edilir ki, iddiaçının 525 kv.m torpaq sahəsinə dair hər hansı hüququ mövcud olmamış, ümumiyyətlə mənzilə dair texniki sənədlərdə həmin ölçüyə aid hər hansı bir qeyd belə mövcud olmamışdır. İş materiallarında olan rəylərdən də müəyyən edilir ki, həmin ölçü məhkəmə qərarınadək iddiaçı və ondan əvvəlki mənzilin mülkiyyətçilərə aid sənədlərdə öz əksini tapmamış, faktiki istifadə vəziyyətinə uyğun olaraq hər hansı hüquqmüəyyənedici sənəd olmadan istifadə edilmişdir. İş materiallarında mövcud olan sənədlər və mütəxəssis və ekspert rəyləri ilə, həmçinin də o da müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mülkiyyət hüquqları dövlət qeydiyyatına alınması tələb edilən 525 kv.m torpaq sahəsində üçüncü şəxslər T.Əliyev və T.Hüseynovaya məxsus əmlaklar mövcud olmuş, hər hansı hüquqmüəyyənedici və texniki sənəd məhkəmə qərarınadək mövcud olmadan həmin sahələr də iddiaçı tərəfindən istifadə edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı hər hansı hüquqmüəyyənedici sənəd olmadan, həmçinin də digər şəxslərə hüquqmüəyyənedici sənədlə bir hissədə məxsus olan 525 kv.m torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun və ya hər hansı digər hüququnun dövlət qeydiyyatından söhbət gedə bilməz. Bunun üçün yuxarıda adıçəkilən müddəaların tələblərinə uyğun hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi zəruridir ki, həmin sənədlərdən hər hansı biri iddiaçı tərəfindən təqdim edilmədiyindən torpaq sahəsinə hüququn dövlət qeydiyyatı istisna edilir. Eləcə də, nəzərə alınmalıdır ki, torpaq sahəsinə dair iddiaçının fərdi hüququnun mövcud olmaması, mənzilin fərdi yaşayış evi kimi qeydiyyatını da istisna edir. Belə ki, ilkin hüquqmüəyyənedici sənədlərdən göründüyü kimi əmlak mənzil kimi dövlət qeydiyyatına alınmışdır ki, həmin mənzilin fərdi yaşayış evi kimi qeydiyyatı üçün altında və həyətyani torpaq sahəsinə dair iddiaçının hüququnun dövlət qeydiyyatından imtina edilməsi mənzilin fərdi yaşayış evi kimi qeydiyyatını da istisna edir. Məhkəmə, bundan əlavə, mənzilə dair ilkin hüquqməyyənedici sənəddə torpaq sahəsinin 442 kv.m ölçüdə göstərilməsi və həmin hissəsinə hüququn dövlət qeydiyyatına alınmalı olub-olmamasına münasibətdə də araşdırma aparmış və iddianın göstərilən hissədə də rədd edilməsi qənaətinə gəlməkdədir. Ümumiyyətlə, nəzərə alınmalıdır ki, adıçəkilən sahənin iş materiallarından və məhkəmə araşdırmasından görünür ki, digər şəxslərin hər hansı hüququna müdaxilə etmədən ölçüsünün 442 kv.m, yoxsa 396,84 kv.m olması ilə əlaqədar mübahisə mövcuddur. Belə ki, 442 kv.m torpaq sahəsinə hüququn tanınması, digər şəxslərin mülkiyyət hüquqlarının pozuntusunu istisna etməməkdədir. Digər tərəfdən 396,84 kv.m hissədə hər hansı mübahisənin olmaması belə, adıçəkilən hissəyə dair hüququn mövcudluğundan söhbət gedə bilməz. Nəzərə alınmalıdır ki, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüququn dövlət qeydiyyatı üçün əsas hesab edilə bilər. İş materiallarında mövcud olan 1995-ci il tarixli texniki pasport isə fərdi yaşayış evi yox mənzilə aid texniki pasport olmuşdur. Bu səbəbdən də ölçünün orada 442 kv.m göstərməsi, faktiki olaraq 396,84 və digər ölçüdə olması hər hansı əhəmiyyət kəsb etmir. Hər bir halda həmin texniki pasport torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına əsas verməməkdədir. Hətta həmin sənəd hüquqmüəyyənedici sənəd hesab edilsə belə, qeyd olunmalıdır ki, həmin sənəd üzrə iddiaçıya verilməsi mümkün ola biləcək torpaq sahəsinin koordinatları müəyyən edilə bilmir. Belə ki, iş materiallarında olan rəylərdən görünür ki, alınmış mənzil söküldüyündən və torpaq sahəsinin konfiqurasiyası faktiki vəziyyətdən fərqli olduğundan koordinatları təyin etmək mümkün olmamışdır. Koordinatları təyin etmək mümkün deyildirsə, deməli sənəd üzrə 442, kv.m, mübahisəsiz 396,84 kv.m olmasından asılı olmayaraq məhz faktiki istifadə vəziyyətinə uyğun sahə üzrə hüquqların dövlət qeydiyyatının aparılmasından söbhət gedə bilməz. Belə ki, istifadədə olan sahə ilə texniki sənəddə göstərilən sahənin koordinatlarının eyniliyi ümumiyyətlə müəyyən edilə də bilmir. Göründüyü kimi aparılmış ümumi qiymətləndirmə, istər hüquqmüəyyənedici sənədlərin mövcud olmaması, istərsə də texniki səbəblərdən mümkün olmaması baxımından torpaq sahəsi və mənzil kimi qeydiyyatı olan sahənin fərdi yaşayış evi kimi vahid əmlakda dövlət qeydiyyatına alınması iddiasının rəddinə dəlalət edir. Qeyd olunmalıdır ki, iş üzrə məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilən rəy üzrə tətqiqatın dəyəri 100 manat məbləğində qeyd edilmişdir ki, məhkəmə iddia üzrə gəlinən nəticə, yəni iddianın rədd edilməsini nəzərə alınmaqla, hesab edir ki, həmin məbləğ üzrə ödəmə iddiaçıya aid edilməlidir. Nəzərə alınmalıdır ki, AR İPM-nin: 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 111.1. Proses iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər proses iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində prosessual xərc iddiaçı tərəfindən X6, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE**********0002088501 hesaba ödənilməsi vəzifəsi iddiaçıya həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar