Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6094/2022 30.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “müraciətlərə cavab verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 06 sentyabr 2021-ci tarixli vətəndaş müraciətinə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi, 06 sentyabr 2021-ci tarixli vətəndaş müraciətinə cavab verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, cavabdehə ərizə ilə müraciət edərək onun və ailə üzvlərinin COVİD-19 virusuna yoluxması zamanı lazımi tibbi xidmət göstərilməməsi səbəblərinə aydınlıq gətirilməsini xahiş etmişdir. Ərizə 06 sentyabr 2021-ci ildə poçt vasitəsi ilə cavabdehə göndərilmiş, 08 sentyabr 2021-ci ildə cavabdehin əməkdaşı Rzayeva tərəfindən qəbul edilmişdir. Lakin cavabdeh 5 ay müddətində 06 fevral 2022-ci ilədək onun müraciətinə cavab verilməsini təmin etməmişdir. Ərizəsində aydınlıq gətirilməsini istədiyi məsələlər Azərbaycan Respublikasının vətəndaşı kimi onun və ailə üzvlərinin konstitusion hüquqlarının və sağlamlaqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, o və həyat yoldaşı X4 icbari tibbi sığorta ödəyirlər. O, həm də fərdi sahibkar kimi hər ay icbari tibbi sığorta ödəmişdir. O və həyat yoldaşı hər iki doza vaksin almışdır. Həyat yoldaşında 11 avqust 2021-ci ildə koronavirusun əlamətlərini müşahidə etmişlər. Onlar dərhal müvəqqəti qeydiyyatda olduqları 15 saylı poliklinikaya məlumat vermişlər və test götürülməsini xahiş etmişlər. 1542 “Qaynar xətti” günün istəlilən zamanında əlçatan olmadığı üçün 3 gün ərzində danışa bilməmişlər. 14 avqust 2021-ci ildən o, oğlu və qızında da koronavirusun əlamətləri özünü göstərmişdir. Dəfələrlə 814, 9103-ə şikayət edəndən sonra 16 avqust 2021-ci ildə test üçün gəlmişlər. Test üçün gələn əməkdaş isə ailədən bir nəfərin adı verildiyi üçün yalnız onun həyat yoldaşından test götürmüşdür. Həmin gün təkrar 15 saylı poliklinika və Biləcəridəki uşaq poliklinikasına zəng edib test üçün gəlmələrini xahiş etmişlər. Onlar həyat yoldaşının testinin cavabının pozitiv olması barədə 18 avqust 2021-ci ildə mesaj almışlar. Bu dəfə dərman verilməsi üçün 15 saylı poliklinika, 2 saat 19 dəqiqə telefonda gözlədikdən sonra “1542” qaynar xətti və cavabdeh orqanın qaynar xəttinə məlumat vermişlər. Bütün qeyd etdiyi ünvanlara evdən çıxa bilmədiklərini, 103-dən yalnız ağır vəziyyətdə koronavirus xəstələrini xəstəxanaya yerləşdirə biləcəklərini dəfələrə zəng edib bildirmişlər. Poliklinika dərmanla onları TƏBİB-in, TƏBİB-in qaynar xətti Səhiyyə Nazirliyinin, Səhiyyə Nazirliyi isə poliklinikanın təmin edəcəyini bildirmişdir. Amma bugünədək nə dərman verilib, nə də hər hansı tibbi dəstək almışlar. 16 avqust 2021-ci ildə test üçün poliklinikaya bildirəndən və 2 dəfə 814 qaynar xətti ilə əlaqə yaradandan sonra 21 avqust 2021-ci il, saat 12:34-də ondan, qızı X6 və oğlu X1 COVİD-19 testi götürülmüşdür. Amma 5 gün keçsə də, testin cavabını ala bilməmişlər. Dəfələrlə testi götürən həkim, cavabdehin 814 xidməti, 1542 xidməti ilə (2 saat 26 dəqiqə telefonda gözlədikdən sonra danışa bilmişlər və fikirlərini tamamlamamış əlaqə kəsilmişdir) 26 avqust 2021-ci ildə X2, 27 avqust 2021-ci ildə onun COVİD-19 testinin nəticəsinin pozitiv olması barədə SMS almışlar. Amma sonrakı günlərdə onun bütün cəhdlərinə baxmayaraq, qızı X3 21 avqust 2021-ci ildə götürülən COVİD-19 testinin nəticəsi ilə bağlı məlumat ala bilməmişdir. Testi götürən həkim və 6 saylı Birləşmiş şəhər Xəstəxanasından ona yaxma nümunələrinin TƏBİB-in laboratoriyasına təhvil verildiyi və nəticələrə görə məsuliyyət daşımadıqlarını bildirmişlər. Nazirlər Kabineti yanında Operativ Qərargahın “Qaynar xətti”ndən məsələyə müdaxilə edə bilməyəcəklərini bildirmişlər. 1542 “Qaynar xətti”ndən isə COVİD-19 testinin nəticələrini sistemdə görmədiklərindən hər hansı məlumat verə bilməyəcəklərini və testi götürən xəstəxana ilə əlaqə saxlamalarını bildirmişlər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin internet səhifəsi üzərindən elektron müraciəti isə bir günlük cəhddən sonra göndərə bilmişdir və bugünədək cavab yoxdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli müraciəti baxılması üçün “Bakı Səhiyyə Mərkəzi” X8 göndərilmiş və 15 nömrəli şəhər poliklinikası tərəfindən vətəndaşa cavab verilmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası İcbari Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 15 nömrəli şəhər poliklinikası tərəfindən Cavabdeh Bakı şəhər Baş Səhiyyə İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivində yaşayan X4 xx.xx.2021-xx.xx.2021-ci il tarixədək 15 saylı şəhər poliklinikasında sahə həkimi tərəfindən Covid-19 pozitiv diaqnozu ilə müşahidədə olub. Protokol əsasında xəstənin müalicəsi təyin edilib. Vətəndaşın şikayəti övladı X3 Covid-19 virusuna qarşı test nəticəsinin gecikməsidir. X5 18 yaşı tamam olmadığı üçün 11 saylı uşaq poliklinikasının qeydiyyatındadır. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən dövlət orqanları informasiya sahibi sayılırlar. Həmin qanunun 10.1-ci maddəsinə əsasən informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamıya bərabər şərtlərlə informasiya əldə etmək hüququnu təmin etməyə borcludur. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən informasiya sorğusunun təmin edilməsindən imtina barədə cavab Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq maddələri də göstərilməklə, aydın və əsaslandırılmış şəkildə tərtib edilməlidir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən aşağıdakı hallarda informasiya sorğusu icra olunmuş sayılır: 27.1.2. informasiya sorğusu aidiyyəti üzrə göndərildikdə və sorğuçuya bu barədə məlumat verildikdə. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən də həmin müraciətə cavab verilmişdir. İddiaçı həmin müraciətinə cavabdeh tərəfindən cavab verilmədiyini bildirsə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçının xx.xx.2021-ci il tarixli müraciəti baxılması üçün “Bakı Səhiyyə Mərkəzi” X8 göndərilmiş və 15 nömrəli şəhər poliklinikası tərəfindən iddiaçıya cavab verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-6094/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6094/2022
30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver