Məhkəmə qərarları › İş №2-1(112)-6096/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6096/2020

27.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6096/2020 27.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliynə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək cəbhədə N saylı hərbi hissənin tərkibində Aranzəmin, Pircamal və Naxçivanik deyilən ərazidə gedən döyüşlərdə iştirak etməyini nəzərə alıb ona veteran adı və veteran vəsiqəsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci ildə Ağdam rayonunun Üçoğlan kəndində anadan olmuşdur, 1985-ci ildən Bakı şəhərində qeydiyyatda olmaqla yaşamışdır. 1992-ci ildən isə Suraxanı rayonunda qeydiyyatda olmaqla yaşayır. Məlum hadisələrlə bağlı olaraq xx.xx.1992-ci il tarixdə keçmiş Suraxanı rayon Hərbi Komissarlığı tərəfindən bildirişlə səfərbərliklə hərbi xidmətə göndərilmişdir və döyüşən orduda döyüşlərdə N saylı hərbi hissənin tərkibində hərbi xidmət keçmişdir və Azərbaycan Respublikasının torpaqlarının bütövlüyü uğrunda gedən döyüşlərdə erməni işğalçılarına qarşı Milli Ordu sıralarında vuruşmuşdur. xx.xx.1992-ci il tarixdə yaralanaraq kontuziya almış, həmin gün də hərbi vertalyotla MN-nin Hərbi Klinik Hospitalına gətirilərək «yüngül dərəcəli kontuziya» diaqnozu ilə müayinə və müalicə almışdır. Təxminən 1 ay 10 gün Hərbi Hospitalda yatandan sonra ambulator müalicə üçün evə buraxılmışdır. Hospitalda verilən xəstəlik tarixini gətirib Hərbi Komissarlığa təqdim etmişdir və ona xx.xx.1992-ci il tarixdən 6 ay möhlət hüququ verilmişdir. N aydan sonra N saylı hərbi hissəyə gedərək xidmətini davam etdirmək istəmişdir, lakin ona həmin hərbi hissənin ləğv olunduğunu bildirmişlər. O bu barədə gəlib Hərbi Komissarlığa bildirəndə demişlər ki, onlar heç nə deyə bilməzlər. Bundan sonra o, öz dövlət işinə qayıdıb işini davam etdirmişdir. Beləlliklə, o, xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixədək Aranzəmin, Pircamal və Naxçivanik deyilən ərazidə milli qəhrəman Allahverdi Bağırovun rəhbərlik etdiyi 3-cü batalyonda erməni işğalçılarına qarşı vuruşmuşdur. Bununla bağlı cəbhə yoldaşları - X4 və X3 notarial qaydada təsdiq olumuş izahatları ilə onun cəbhədə N saylı hərbi hissədə vuruşmağını və yaralanıb Sarıcalı Hospitala göndərilməyini təsdiq etmişlər. Onun hərbi xidmətə xx.xx.1992-ci il tarixdə çağırılmağını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin xx.xx.2020-ci il tarixli, 82 saylı arayışı təsdiq etmişdir. Onun xx.xx.1992-ci il tarixdə N saylı hərbi hissənin sabiq əsgəri kimi yaralanaraq Baş Klinik Hospitalda «yüngül dərəcəli kontuziya» diaqnozu ilə stasionar müayinə və müalicə almağını Azərbaycan Respublikası MN Silahlı Qüvvələrin Baş Klinik Hospitalının xx.xx.2019-cu il tarixli, 1111 saylı ayayışı təsdiq edir. Həmçinin onun döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığını və həmin tarixdə MN Mərkəzi Hərbi Klinik Hospitalında «yüngül dərəcəli kontuziya» travma-diaqnozu ilə müayinə və müalicə almağını Azərbaycan Respublikası MN Mərkəzi Hərbi Həkim Komissiyyasınıın xx.xx.2020ci il tarixli, 90 saylı qərarı da təsdiq edir. Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 131 saylı qərarına əsasən bütün imtiyazlardan istifadə etmək hüququna malik olsa da bu hüquqdan indiyədək istifadə edə bilməmişdir. Hazırda onun müraciətlərinə baxmayaraq cavvabdeh tərəf onu müharibə veteranı kimi tanımaq istəmir və xx.xx.2020-ci il tarixli, 1/Ə- 3200 saylı məktubu ilə bunu əsas tutmuşdur ki, xx.xx.1992-ci il tarixdən sonra hərbi xidməti tam təsdiqlənmədiyindən ona «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsi məqsədə uyğun deyildir və ona məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Halbuki, yuxarıda qed etdiyi sənədlərdə onun hərbi xidmətə getməyi və yaralanmağı barədə müvafiq qeydlər edilmişdir. Hərbi biletində onun xx.xx.1992-ci il tarixdə 6 ay möhlət verilməsi barədə qeydlər vardır. Fərarilik barədə barəsində heç bir material yoxdur. Məhkəməyə müraciət etməkdən başqa çıxış yolu görmədiyindən və cavabdeh tərəfində tövsiyyəsinə əsasən hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi əsassızdır. Belə ki, xx.xx.1992-ci il tarixdən sonra İddiaçı xidməti tam təsdiqlənmədiyindən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna zidddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 nömrəli qərarına əsasən: “Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Tələbin faktiki əsasına gəldikdə isə ilk öncə qeyd etmək zəruridir ki, şəxsin hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və s. xidmətini bilavasitə əks edən sənədlərdə öz təsdiqini tapmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhər İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı XTMKTB-nin 137 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 723 №li, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X1 rayonu, Qara-Çuxur qəsəbəsi, Z.Şərifov küçəsi, ev 10, mənzil 9 ünvanında qeydiyyatdadır. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1980-cı ildən xx.xx.1982-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsinin 82 №-li, xx.xx.2020-ci il tarixli arayışının surətindən görünür ki, X6 həqiqətən xx.xx.1992-ci il tarixdə SHXÇDX-nin Suraxanı rayon idarəsi (keçmiş Suraxanı RHK) tərəfindən Səfərbərliklə hərbi xidmətə göndərilmişdir və döyüşən orduda döyüşlərdə N saylı hərbi hissənin tərkibində hərbi xidmət keçmişdir. 26.06 1992-cı il tarixdə yaralanmışdır. Barəsində xx.xx.2019-cu il tarixli HP 16/4538 nömrəli məktubda Qarabağ Hərbi Prokurorluğunda cinayət işi instintaq olunmur və material araşdırılmır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Klinik Hospitalının 1111 №-li, xx.xx.2019-cu il tarixli arayışının surətindən görünür ki, İddiaçı həqiqətən xx.xx.1992-ci il tarixdə (yazıldığı tarix ğöstərilməyib) Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. Diaqnoz: Yüngül dərəcəli kontuziya. Əsas: Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 1992-ci il üçün 3 nömrəli “Stasionar xəstələrin qeydiyyatı" kitabının 2654-cü sayındakı qeyd. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissyasının 90 №-li, xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Suraxanı RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Qarabağ hərbi prokurorluğunun xx.xx.2019-cu il tarixli HP 16/4538 nömrəli məktubunda barəsində təqsirləndirici material və ya cinayət işi olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildə MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu travma - diaqnoz: “Yüngül dərəcəli kontuziya” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Suraxanı rayon idarəsinin xx.xx.2020ci il tarixli 2 nömrəli göndərişi, xx.xx.2020-ci tarixli 82 nömrəli arayışı, SQ Baş Klinik Hospitalından verilmiş xx.xx.2019-cu il tarixli 1111 nömrəli arayışı MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “hərbi travmadir, Azərbaycan Respublikasının müdafiəsi zamani alınmışdır". - Azərbaycan Respublikası DİN Suraxanı Rayon Polis İdarəsinin 096-24572-1220 №-li, xx.xx.2020-ci il tarixli məktubundan və ona əlavə edilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası DİN Baş Əməliyyat və X2 Əməliyyatsorğu kartotekasında İddiaçı barəsində heç bir məlumat yoxdur. - Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan daxil olmuş xx.xx.2020-ci il tarixli, HP 01/601 №-li məktubdan görünür ki, İddiaçı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1/Ə-3200 №-li, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı "Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2020-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. xx.xx.1992-ci il tarixdən sonra hərbi xidməti tam təsdiqlənmədiyindən vətəndaş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Məhkəmə iddiaçının izahatnı dinləyərək, iş materiallarını tədqiq edərək, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. Həmin Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin bəndin Qeyd hissəsinə əsasən bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd olunan Əsasnamədə göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx xxxxxxx 1997-ci il, 383-İ QR №-li Qərarının 9-cu bəndinə əsasən bu Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. Məhkəmə araşdırması zamanı toplanılmış sənədlərin əlaqəli və müqayisəli şəkildə tədqiqi nəticəsində müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1992-ci il tarixdə Suraxanı RHK tərəfindən səfərbərlik hərbi xidmətinə göndərilmiş, N nömrəli hərbi hissədə xidmət etmiş, xx.xx.1992-ci il tarixdə yaralanmışdır. İddiaçının Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müayinə və müalicə olunduqdan sonra hərbi xidmətini davam etdirməsini və ya hərbi xidmətdən buraxılmasını təsdiq edən rəsmi sənədlər müəyyən edilməmişdir. xx xxxxxx 1991-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsində qeyd edilir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Qeyd olunan Qanunun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Məhkəmə araşdırılması zamanı iddiaçının qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdən buraxılması, qoşun hissəsinin siyahılarından çıxarılması təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması barədə müvafiq sənədlər olmadığından ona müharibə veteranın adının və vəsiqəsinin verilməsindən imtuna edilməsi barədə komissiyanın qərarı qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar