Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6098/2024 18.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “birinci dərəcə əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “birinci dərəcə əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 18 iyul 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı müddətsiz birinci dərəcə əlillik təyin edilmiş, daha sonra cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə ona müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müddətsiz olaraq xx.xx.2023-cü il tarixindən təyin edilmiş ikinci dərəcə əlilliyin təyini barədə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarının ləğv edilməsi, onun birinci dərəcə əlilliyinin bərpası öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uşaq vaxtından sinir xəstəliyindən əziyyət çəkir. Daha sonra baş nahiyyədən aldığı fiziki travma nəticəsində vəziyyəti daha da pisləşmişdir. Ona kəllə beyin travması, beynin sağ gicgah payının və sümük defektindən sonrakı vəziyyəti, meninqoensefslopatiya, sümük defektinin plastikası diaqnozu qoyulmuşdur. 1994-ci ildə ona ömürlük olaraq birinci qrup əlillik təyin edilmiş və pensiya müəyyən olunmuşdur. Əlillik vəsiqəsində birinci qrup müddətsiz olaraq əlillik təyin edildiyi qeyd olunmuşdur. O, qardaşı X4 ilə birlikdə yaşayır. Onun birinci qrup əlil kimi müalicəsinə və reabilitasiyasına köməklik göstərilməsi üçün dəfələrlə aidiyyəti qurumlara müraciət edilmişdir. Reabilitasiya xidmətləri qış ayına salındıqda qardaşı bununla bağlı xahiş edərək isti aylara salınmağını xahiş etmiş, bu müraciətlər Reabilitasiya Agentliyində birmənalı qarşılanmamışdır. Aidiyyəti qurum əlilliyin təkrar qiymətləndirilməsi məsələsini irəli sürmüş və onu əsassız olaraq əyani müayinəyə çağırmışdır. Halbuki, səhhətində əvvəlki illərdən fərqli irəliləyiş olmamış, əksinə səhhəti ağırlaşmışdır. Daha sonra cavabdeh tərəfindən ona xx.xx.2023-cü il tarixli bildiriş məktubu göndərilərək ona ümumi xəstəlik səbənindən xx.xx.2005-ci il tarixdə müddətsiz birinci dərəcə təyin edilmiş qüvvədə olan qərara dəyişiklik edilmiş və ümumi xəstəlik səbəbindən xx.xx.2023-cü il tarixindən müddətsiz ikinci dərəcə əlillik təyinatına dəyişdirilməsinə dair qərar qəbul olunduğu bildirilmişdir. Həmin qərar ona təqdim edilməmiş, ümumiyyətlə həmin qərarın hansı səbəbdən qəbul olunması ona aydın deyil. Cavabdehin xx.xx.2023-cü il tarixli bildiriş məktubu poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə ona təqdim edilmişdir. İddiaçı bu qərarla razı deyil, kəllə beyin travması nəticəsində sağlamlığı birdəfəlik pozulmuş və bugünə kimi bərpa olunmamışdır. Əmək qabiliyyəti tam deyil, işləyə bilmir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyəti Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2005-ci il tarixdə qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. (Diaqnoz: Kəllə beyin travması və beyin sağ gicgah payının və sümük defektindən sonrakı vəziyyət. Meninqoensefslopatiya, sümük defektinin plastikası.) Əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün iddiaçı 3-17-4/2-A-22984/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixdə əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Müayinəyə gələrkən baş beyin travması aldığını bildirmiş, baş ağrısı, baş gicəllənmə, ümumi zəiflik, yaddaş pozulmasından şikayət etmişdir. Təqdim etdiyi sənədlərdə vətəndaşın 1993-cü ildə kəllə beyin travması aldığını təsdiq edən M.Nağıyev adına Təcili yardım xəstəxanasının xx.xx.1993-xx.xx.1993-cü il tarixli epikrizini təqdim etmiş, eyni zamanda 15 saylı poliklinikanın xx.xx.2023-cü il tarixli ambulator kartadan çıxarışı təqdim edilmişdir ki, orada da diaqnoz “kəllə beyin travması və beyin sağ gicgah payının və sümük defektindən sonrakı vəziyyət. Meninqoensefslopatiya, sümük defektinin plastikası.Debillik dərəcəsində ağıl zəifliyi olmuşdur.” Obyektiv müayinə zamanı sağ gicgah payında sümük defekti izlənilmiş, ağıl zəifliyi təsdiqlənmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilsin, xx.xx.2023-cü il tarixdən “Hissəvi reabilitasiya olunması”na dair qərar qəbul edilsin və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq göndəriş rəsmiləşdirilmədiyi nəzərə alınaraq 2.2.9 bəndinə uyğunlaşdırılaraq ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilsin. Həmçinin etiraza əlavəsində bildirmişdir ki, iddiaçıya birinci dərəcəli əlillik təyin edilərkən əsas götürülmüş göndərişin tarixi 2005-ci ilə aiddir. Məlum məsələdir ki, insan orqanizmində bu müddət ərzində səhhətinin yaxşılaşması və ya pisləşməsinə doğru proseslər gedə bilər. Qeyd edilən nüansı nəzərə alaraq, əyani müayinə həyata keçirilərkən iddiaçıda olan diaqnozlar mütəxəssislər tərəfindən hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” na uyğunlaşdırılmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Birinci dərəcə əlilliyinin bərpası barədə tələb isə 32.1-ci maddənin ikinci cümləsinə əsasən mübahisələndirilən qərarın nəticələrinin aradan qaldırılması tələbinə uyğun olmaqla bütövlükdə mübahisələndirmə haqqında iddia ilə əhatə olunur. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, qərarından görünür ki, əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün iddiaçı 3-17-4/2-A- 22984/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixdə əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Müayinəyə gələrkən baş beyin travması aldığını bildirmiş, baş ağrısı, baş gicəllənmə, ümumi zəiflik, yaddaş pozulmasından şikayət etmişdir. Təqdim etdiyi sənədlərdə vətəndaşın 1993-cü ildə kəllə beyin travması aldığını təsdiq edən M.Nağıyev adına Təcili yardım xəstəxanasının xx.xx.1993-xx.xx.1993-cü il tarixli epikrizini təqdim etmiş, eyni zamanda 15 saylı poliklinikanın xx.xx.2023-cü il tarixli ambulator kartadan çıxarışı təqdim edilmişdir ki, orada da diaqnoz “kəllə beyin travması və beyin sağ gicgah payının və sümük defektindən sonrakı vəziyyət. Meninqoensefslopatiya, sümük defektinin plastikası.Debillik dərəcəsində ağıl zəifliyi olmuşdur.” Obyektiv müayinə zamanı sağ gicgah payında sümük defekti izlənilmiş, ağıl zəifliyi təsdiqlənmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilsin, xx.xx.2023cü il tarixdən “Hissəvi reabilitasiya olunması”na dair qərar qəbul edilsin və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq göndəriş rəsmiləşdirilmədiyi nəzərə alınaraq 2.2.9 bəndinə uyğunlaşdırılaraq ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilsin. İş materiallarından müəyyən olunur ki, iddiaçının əlilliyi xx.xx.2005-ci il tarixdə qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. (Diaqnoz: Kəllə beyin travması və beyin sağ gicgah payının və sümük defektindən sonrakı vəziyyət.) Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçının əyani müayinəsi həyata keçirilmiş və ona müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı əlillik dərəcəsinin dəyişdirilməsini qanunsuz hesab edir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya): 1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İşin hallarından müəyyən olunur ki, iddiaçının əlilliyi sonuncu dəfə xx.xx.2005-ci il tarixdə qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. (Diaqnoz: Kəllə beyin travması və beyin sağ gicgah payının və sümük defektindən sonrakı vəziyyət.) Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçının əyani müayinəsi həyata keçirilmiş və ona müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı hazırda əlillik dərəcəsinin dəyişdirilməsini qanunsuz hesab edir. Cavabdehin mövqeyinə görə, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, iddiaçının diaqnozu ikinci dərəcə əlilliyin təyininə əsas verdiyindən, onun əlilliyinin dərəcəsi əyani müayinəsi keçirilməklə dəyişdirilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı normalara istinad edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər; 68.1-ci maddəsinə əsasən, qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər; 68.2-ci maddəsinə əsasən, qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Yuxarıda sadalanan normalardan çıxış edərək məhkəmə hesab edir ki, iddiaçıya birinci dərəcə əlilliyin təyinatı qərarı qanunun qüvvədə olan normasına əsaslanaraq (cavabdeh tərəfindən təkzib edilmir) qəbul edildiyindən, cavabdehin qərarı qanuni əliverişli inzibati akt qismində çıxış edir. Məhkəmə qeyd edir ki, qanuni əliverişli inzibati aktın ləğvinə yalnız yuxarıda adıçəkilən Qanunun 68.2-ci maddəsində nəzərdə tutulan hallarda yol verilə bilər. Hazırkı iş üzrə iddiaçının əlillik dərəcəsinin əsas verə biləcək Qanunun 68.2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunmamışdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olmaması əsası ilə əlillik dərəcəsinin dəyişdirilməsi qanunsuz və əsassızdır. Cavabdehin iddiaçının əlillik dərəcəsinin dəyişdirilməsi barədə qərarı qanunsuz, əliverişsiz inzibati aktdır. Yuxarıda da qeyd edildiyi kimi qanunsuz əliverişsiz inzibati akt hər bir halda ləğv edilməli və onların hüquqi nəticələri aradan qaldırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçıya müddətsiz olaraq təyin edilmiş ikinci dərəcə əlilliyin təyini barədə cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin, onun birinci dərəcə əlilliyinin bərpa edilməsi öhdəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-6098/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6098/2024
18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver