Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6099/2020 13.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı kompensasiyanın ödənilməsi barədə tələbinə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 2554 manat, mənəvi ziyana görə 2000 manat olmaqla, ümumilikdə 4554 manat vəsaitin cavabdehdən tutularaq vurulmuş zərərə görə kompensasiya kimi ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi əsasən onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ilin may ayında xaricdən öz şəxsi istifadəsi üçün aldığı “X5” minik markalı, 1999 sm3 mühərrik həcmi, buraxılış ili 2020-ci il olan, qəzalı vəziyyətdəki avtomobilə dair 10 avqust 2020-ci il tarixdə müvafiq gömrük rəsmiləşdirməsi aparılmış və həmin gömrük rəsmiləşdirilməsi aparılan zaman ondan artıq ödəniş alınmışdır. Sözügedən gömrük rəsmiləşdirmə işləri cavabdehin ünvanında - Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən şossesində yerləşən cavabdehə məxsus inzibati binada həyata keçirilmişdir. Belə ki, bütün lazımi sənədlərə malik olmasına baxmayaraq israr və təkidlərlə ondan külli miqdarda artıq gömrük ödənişləri (vergi, rüsum, haqq) kimi ödəməsi təmin olunmuşdur. Gətirtdiyi avtomobilin rəsmi olaraq gömrük rəsmiləşdirmə xərci cəmi 5006 manat olduğu halda ondan cəmi 7550 manat banka ödəniş etməyi təkid edilmişdir. Ona imzalatdırılan gömrük bəyannaməsi onun iradəsini əks etdirmir. Cavabdeh tərəfindən ondan artıq ödəniş alınması təmin olunduğundan ona dəyən maddi zərər 2554 (iki min beş yüz əlli dörd) manatdır (7550 - 5006 = 2554). Ona stress yaşadaraq mənəvi zərər də vurulduğu üçün onun cavabdehdən mənəvi zərərin də əvəzini tələb etməkdə ixtiyarlıdır. Mənəvi zərəri 2000 (iki min) manat olaraq qimətləndirir. Beləliklə cavabdeh tərəfindən ona 2554 (iki min beş yüz əlli dörd) manat maddi zərər 2000 (iki min) manat da mənəvi zərər olmaqla cəmi 4554 (dörd min beş yüz əlli dörd) manat ziyan vurulmuşdur. İddianın mümkünlük məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası 13 oktyabr 2020ci il tarixə təyin edilmiş, məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan iddianın mümkünlüyü məsələsinə qiymət verilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək bildirdi ki, iddiaçının iddia tələbində qeyd etdikləri əsassızdır. Belə ki, İddiaçı tərəfindən X1 New York şəhərinin “X4 İnc” şirkətindən idxal etdiyi mənşə ölkəsi Meksika olan, 2020-ci il buraxılışlı, mühərrikinin həcmi 1999,000 sm3, şassi/ban nömrəsi 3FA6P0K90LR193018 olan “X5” markalı minik avtomobilinin gömrük rəsmiləşdirilməsi üçün xx.xx.2020-ci il tarixdə **********3497 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş **********3497 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında nəqliyyat vasitəsinin xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu **********, 42-ci qrafasında invoys dəyəri 4408,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 20740,00 manat, 46-cı qrafasında statistik dəyəri 12200,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 06 - ehtiyat üsul seçilərək X2 tərəfindən bəyan olunmuşdur. Qeyd olunanlara əsasən gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımı 120.00 manat, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən (o cümlədən müvəqqəti gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə gömrük yığımı 30.00 manat, mühərrikin işçi həcminə görə tutulan idxal gömrük rüsumu 2378,81 manat, aksiz vergisi 599,70 manat, əlavə dəyər vergisi 4296,33 manat, nəqliyyat vasitəsinin ekspertizasına görə 30,00 manat, elektron gömrük xidmətlərinin göstərilməsinə görə 60,00 manat və elektron gömrük xidmətlərinin göstərilməsinə görə əlavə dəyər vergisi 10,80 manat, cəmi 7525,64 manat hesablanaraq X2 tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra nəqliyyat vasitəsinə gömrük baxışı keçirilərək xx.xx.2020-ci il tarixdə nəqliyyat vasitəsinin sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. Nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi zamanı **********3497 sorğu nömrəli gömrük bəyannaməsilə bağlı iddiaçı X2 ilə Dövlət Gömrük Komitəsinin X7 Baş Gömrük İdarəsi arasında heç bir mübahisə olmamışdır. Bunu iddiaçının həmin vaxt ərzində gömrük orqanına və ya məhkəməyə bu məsələ ilə bağlı hər hansı bir müraciətinin olmaması sübut edir. Buna rəğmən iddiaçı öz iradəsi ilə düzgünlüyünü təsdiqlədiyi, gömrük ödənişlərini ödəyərək gömrük orqanına təqdim etdiyi, gömrük orqanının da öz növbəsində təsdiqlədiyi və hüquqi əhəmiyyətə malik sənəd sayılan bəyannaməni nəqliyyat vasitəsi sərbəst dövriyyəyə buraxıldıqdan sonra şübhə altına almış, gömrük orqanını gömrük ödənişlərini artıq tutmaqda əsassız olaraq ittiham etmişdir. Gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın qaytarılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları” ilə nizama salınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 266-270-ci maddələrinə əsasən hazırlanmışdır və gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması qaydalarını müəyyən edir. Gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları ilə tənzimlənir. Dövlət rüsumunun qaytarılması “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları” ilə tənzimlənir. Malın gömrük dəyərinin müəyyənləşdirilməsi zərurəti yarandıqda, mal sahibi və ya bəyannaməçi məcburi qərar çəxarılması üçün gömrük rəsmiləşdirilməsini aparan orqana müraciət edə bilər. Belə ki, Gömrük Məcəlləsinin 50.1-ci maddəsinə əsasən şəxs konkret mallar və əməliyyatlarla əlaqədar malların təsnifatını, gömrük dəyərini, mənşə ölkəsini və gömrük ödənişlərinin məbləğini əvvəlcədən müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Gömrük orqanları həmin müraciət əsasında bu mallar və əməliyyatlarla əlaqədar malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından məcburi olan qərarlar qəbul edirlər. Eyni zamanda həmin Məcəllənin 299.4-cü maddəsinə əsasən də fiziki şəxs gömrük sərhədindən keçirmək istədiyi malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin əvvəlcədən müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Həmin müraciət əsasında bu Məcəllənin 50-ci maddəsinə müvafiq olaraq malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından icrası gömrük orqanları üçün məcburi olan qərar qəbul edilir. Yuxarıda qeyd olunan Gömrük Məcəlləsinin 50-ci və 299.4-cü maddələrinin müddəalarının mənasından bəlli olur ki, xarici iqtisadi fəaliyyət aparıldığı təqdirdə, o cümlədən malların idxalı zamanı onların gömrük dəyərinin müəyyən edilməsi zəruridir, çünki həmin gömrük dəyərinə uyğun olaraq mallar bəyan edilməli və gömrük rüsumları ödənilməlidir. Bu prosedur zamanı maraqlı şəxs malları bəyan etmədən əvvəl onların gömrük dəyərinin müəyyən edilməsi məqsədilə əvvəlcədən gömrük orqanına müraciət etdiyi halda, gömrük orqanı malın gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı məcburi olan qərar qəbul etməlidir. Lakin X2 bununla bağlı gömrük orqanına müraciət etməmiş və vaxtında bu hüququndan istifadə etməmişdir. Həmin Məcəllənin 322.1-ci maddəsinə əsasən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi, malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi, malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının, istehsal tarixinin və keyfiyyətinin müəyyən edilməsi, ixrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının yoxlanılması, malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi, ekoloji baxımdan təhlükəli, tərkibində ozondağıdıcı maddələr olan malların və tullantıların müəyyən edilməsi, radiasiya təhlükəsi olan malların müəyyən edilməsi, malların gömrük dəyərinin təyin olunması məqsədilə gömrük ekspertizası aparılır. “Gömrük ekspertizasının aparılması Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 232 nömrəli qərarı ilə təsdiq edilmişdir. Sözügedən Qaydaların 4.1 -ci bəndinə əsasən Gömrük Məcəlləsinin 322.1 -ci maddəsində göstərilənlərin (o cümlədən malların gömrük dəyərinin təyin olunması) müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük ekspertizasının aparılması ilə bağlı gömrük laboratoriyasına yazılı və ya elektron formada müraciət etmək hüququna malikdirlər. Qaydaların 7.1 -ci bəndinə əsasən gömrük ekspertizası 20 (iyirmi) iş günü müddətində aparılır. Lakin İddiaçı vaxtında həmin hüququndan istifadə etməmiş, **********3497 sorğu nömrəli gömrük bəyannaməsi ilə idxal etdiyi nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsini xx.xx.2020-ci il tarixdə başa çatdırmış və nəqliyyat vasitəsi onun sərəncamına verilərək sərbəst dövriyyəyə buraxılmışdır. Göründüyü kimi, gömrük rəsmiləşdirilməsi zamanı İddiaçı tərəfindən idxal edilmiş nəqliyyat vasitəsinin gömrük dəyəri mübahisələndirilməmiş, gömrük dəyərində şübhələr yaranmadığına görə gömrük ekspertizası təyin olunmamışdır. Beləliklə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin, 13 iyun 2013-cü il tarixli 687-İVQ nömrəli “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan müvafiq maddələrində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarf’nın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydalarının yuxarıda qeyd olunan müvafiq bəndlərində və yuxarıda qeyd olunan digər normativ hüquqi aktlarda göstərilənlər onu deməyə əsas verir ki, iddianın heç bir hüquqi əsası yoxdur, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Hazırkı mübahisə ilə əlaqədar iddiaçı cavabdehə ilk növbədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 25 saylı qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın tələblərinə əməl edilməklə artıq ödədiyini irəli sürdüyü gömrük ödənişlərinin qaytarılması barədə rəyin tərtib edilməsi ilə bağlı müraciət etməlidir. Belə ki, dövlət büdcəsinə artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılması yalnız müvafiq rəy alındıqdan (tərtib olunduqdan) sonra mümkün ola bilər. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2013-cü il tarixli, 25 nömrəli Qərarı ilə təsdiq edilmiş, gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması qaydalarını müəyyən edən “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın: 1.4-cü bəndinə əsasən gömrük orqanlan tərəfındən alınan gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın qaytarılması bu Qaydalara əsasən həyata keçirilir; 5.1-ci bəndinə görə gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər; 6.7-ci bəndinə əsasən gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir; 6.8-ci bəndinə görə tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 (on beş) gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafıq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır; 6.9-cu bəndinə əsasən gömrük orqanı bu Qaydaların 6.2-ci bəndində qeyd olunan gömrük yığımlarının və haqqın qaytarılması haqqında qəbul etdiyi qərarın və ərizənin surətinin 1 (bir) iş günü müddətində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə (bundan sonra Komitə) göndərilməsini təmin edir; 7.1-ci bəndinə görə maliyyə orqanı gömrük orqanı tərəfindən bu Qaydaların 6.7-ci bəndinə uyğun olaraq tərtib edilmiş rəyi və bu Qaydaların 6.10-cu bəndinə uyğun olaraq, Komitənin göndərdiyi müraciəti qəbul edir; 7.2-ci bəndinə əsasən gömrük ödənişlərinin qaytarılması maliyyə orqanı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi kompensasiya ödənilməsi ilə bağlı olsa da, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı avtomobilin rəsmiləşdirilməsi ilə bağlı ondan artıq alınmış hesab etdiyi gömrük rüsumunun geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2013-cü il tarixli, 25 nömrəli Qərarı artıq tutulmuş gömrük ödənişlərinin qaytarılmasının hansı qaydada mümkünlüyünü tənzimləyir. İddiaçı isə cavabdehə nəinki artıq ödəmələrin qaytarılması ilə bağlı rəyin verilməsi ilə əlaqədar, ümumiyyətlə müraciət etməmiş, birbaşa cavabdeh inzibati orqana qarşı kompensasiya ödənişi ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmənin yardımetmək vəzifəsinə uyğun olaraq iddiaçıya 31 avqust 2020-ci il tarixdə məktub ünvanlanaraq, inzibati orqana müraciət edilməsi, cavabdeh inzibati orqan tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilməsi barədə sənədləri məhkəməyə təqdim etməsi təklif edilsə də, lakin iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən artıq ödəmələrin qaytarılması ilə bağlı rəyin verilməsi ilə əlaqədar əvvəlcə inzibati orqana müraciət edilmədiyindən, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilməyindən hazırkı iddianın mümkünlük şərtləri mövcud deyil. Beləliklə, iddiaçı tərəfindən inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmadığından, eyni zamanda iddiaçı artıq ödəmələrin qaytarılması ilə bağlı müvafiq rəyin tərtib edilməsi ilə əlaqədar cavabdehə müraciət etmədən hazırkı iddia ilə məhkəməyə müraciət etdiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-cı, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı kompensasiyanın ödənilməsi barədə tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-6099/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6099/2020
13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver