Məhkəmə qərarları › İş №2-1(112)-61/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-61/2025

16.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-61/2025 16.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X5 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə tələbi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyi müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı 2-ci dərəcə əlildir. O, xx.xx.2006-cı ildən hərbi xidmətə çağırılmaqla Silahlı Qüvvələrin N saylı hərbi hissəsində atıcı vəzifəsində əsgər hərbi rütbəsində xidmət etmişdir. xx.xx.2007-ci ildə hərbi hissənin ocaqxanasında komandirin tapşırığını yerinə yetirərkən, sobanın alovundan paltarı yanmış və yanıq travması almışdır. Hərbi-hissə komandirinin xx.xx.2007-ci il tarixli 805 saylı arayışı ilə bu fakt təsdiqlənmişdir. Bundan sonra o, hərbi-hissənin tibb məntəqəsində müalicə olunmuş, xx.xx.2007-ci il tarixdə N saylı hərbi hissəyə göndərilmişdir. Yerli, ümumi müalicə başlanmış, və xx.xx.2007-ci il tarixdə MHKH-a göndərilmişdir. MHKH-da infuzion terapiya və yerli müalicələr aparılmışdır. xx.xx.2007-ci il tarixdə yaraya autodermaplastika əməliyyatı icra edilmişdir. Köçürülən dəri parçaları yaraya bitişmişdir, dəri defektləri bərpa olunmuşdur. xx.xx.2007-ci il tarixdə HHK-na təqdim edilmiş, 30 (otuz) gün müddətinə məzuniyyət verilmişdir. Sonrakı dövrlərdə kelloid çapıqları əmələ gəldiyindən hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlılıq dərəcəsini təyin etmək üçün MHKH-a göndərilmişdir. İddiaçı xx.xx.2007-ci ildən mütəmadi olaraq, müalicələr almış, davamlı müayinələr edilmiş və ona əməyə yararlı olmamasına dair diaqnozlar qoyulmuşdur. Belə ki, AR Səhiyyə Nazirliyi Elmi-tədqiqat travmatologiya və ortopediya institutundan ona xx.xx.2007-ci il tarixli, 4899/2007 saylı arayış verilmişdir. Daha sonra o, AR ƏƏSMN 1 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasında müayinədən keçmiş, ona 2-ci dərəcə əlillik diaqonozu qoyulmasına dair xx.xx.2009-cü il tarixli, SER TSE-01№063429 nömrəli arayış verilmişdir. Bundan sonra Elmi-tədqiqat travmatologiya və ortopediya institutundan ona yenidən müraciəti əsasında xx.xx.2010-ci il tarixli, 1667 saylı arayış verilməklə xəstəliyə dair diaqnoz qoyulmuşdur. Bundan sonra isə, mütamadi müraciətləri əsasında AR ƏƏSMN 1 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasında müayinələrdən keçmiş, ona 2ci dərəcə əlillik diaqonozu qoyulmasına dair xx.xx.2010-cu il tarixli, SER TSE-01№619760 nömrəli; xx.xx.2011-ci il tarixli, SER TSE-01 № 859210 nömrəli; xx.xx.2012-ci il tarixli, SER TSE-01 № 156126 nömrəli; xx.xx.2013-cü il tarixli, SER TSE-01№0166731 nömrəli arayış verilmişdir. Daha sonra o, xx.xx.2012-ci ildən xx.xx.2012-ci ilə qədər “X12”də müalicə almış, sonra yenidən AR ƏƏSMN 1 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasında müayinələrdən keçmiş, ona 2-ci dərəcə əlillik diaqonozu qoyulmasına dair xx.xx.2013-cü il tarixli, SER TSE-01№ ******* nömrəli arayış verilmişdir. Bundan sonra o, xx.xx.2013-cü ildən xx.xx.2013-cü ilə qədər X13 Bərpa İnstitutunda müalicə almışdır. Bu zaman ona xəstəliyə dair diaqnoz qoyulmuş və epikriz verilmişdir. Növbəti dəfə AR ƏƏSMN 1 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasında müayinələrdən keçmiş, ona 2-ci dərəcə əlillik diaqonozu qoyulmasına dair xx.xx.2014-cü il tarixli, SER TSE-01№292091 nömrəli arayış verilmişdir. xx.xx.2015-ci ildən 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında və Elmitədqiqat travmatologiya və ortopediya institutunda müraciəti əsasında müayinə olunmuş və ona xəstəliyə dair müvafiq arayış verilmişdir. Daha sonra xx.xx.2016-cı ildə yenidən müayinə üçün müraciət etmişdir və AR ƏƏSMN 1 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasında müayinələrdən keçmiş, ona 2-ci dərəcə əlillik diaqonozu qoyulmasına dair xx.xx.2016-cü il tarixli, SER TSE- 01№499065 nömrəli arayış verilmişdir. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq AR ƏƏSMN-nin Tibbi Sosial Ekspert Komissiyasında mütəmadi olaraq müayinələrdən keçmişdir. Bu müayinələr nəticəsində o, 2-ci qrup əllilik statusu almaqla, əmək qabiliyyətli olmadığı üçün əllilyə görə əmək pensiyası almışdır. Lakin 2021-ci ilin yanvar ayından ona pensiya verilməsi dayandırılmışdır. Bundan sonra o, xx.xx.2021-ci il tarixdə müayinədən keçmək üçün müraciət etmişdir. Həmin müayinənin elektron sistemdən çıxarışında diaqnozun əllilik əlaməti təyin etməməsi barədə qərar verildiyi qeyd edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı xx.xx.2008-ci ildə ilkin təyin edilmiş “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi (Diaqnoz: Sağ dizaltı çuxurun İ-İİİ dərəcəli termiki yanığından sonrakı kobud dartıcı kelloid çapıqları, trofiki yarası) sonuncu dəfə xx.xx.2016-cı ildə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə avtomatlaşdırılmış qaydada uzadırlmışdır. Sonrakı dövrdə X10 tərəfindən rəsmiləşdirilmiş 0042003AACFG nömrəli göndəriş əsasında İddiaçı Agentlikdə nəzarət qaydasında komissiyada əyani müəyinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində xx.xx.2021-ci ildən "Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Bud-çanaq oynağı nahiyəsi, aşağı ətrafın aşıq-baldır oynağı və ayaq istisna olmaqla, ikinci dərəcəli termiki yanığı. Sağ budun arxa səthinin, dizaltı çuxurun, sağ baldırın arxa səthinin İİİ dərəcəli termiki yanığından sonrakı vəziyyət” diaqnozu – anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

Tərəflərin iştirakı və izahatları:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ

İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. Belə ki, iddiaçının hüquqi marağı - əlilliyin müəyyən edilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsindən ibarətdir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətdən əvvəl cavabdehə müraciət etmiş və arzuladığı inzibati aktın qəbul edilməsindən yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir.

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin:

- 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 7.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

Faktiki hallar və sübutlar:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2008-ci ildə ilkin təyin edilmiş “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi (Diaqnoz: Sağ dizaltı çuxurun l-lll dərəcəli termiki yanığından sonrakı kobud dartıcı kelloid çapıqları, trofiki yarası) sonuncu dəfə xx.xx.2016-cı ildə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Sonrakı dövrdə X10 tərəfindən rəsmiləşdirilmiş 0042003AACFG nömrəli göndəriş əsasında İddiaçı Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində xx.xx.2021-ci ildən “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Bud-çanaq oynağı nahiyəsi, aşağı ətrafın aşıq-baldır oynağı və ayaq istisna olmaqla, ikinci dərəcəli termiki yanığı. Sağ budun arxa səthinin, dizaltı çuxurun, sağ baldırın arxa səthinin İİİ dərəcəli termiki yanığından sonrakı vəziyyət” diaqnozu - anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. İş materiallarına iddia ərizəsində göstərilmiş halları təsdiq edən: iddiaçının müayinə və müalicələri barədə tibbi sənədlər: arayışlar, epikrizlər, tibbi kartadan çıxarışlar əlavə edilmişdir. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən iddiaçı barəsində alt sistemdən çıxarışlar təqdim edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli Qərardadı ilə aşağıdakı suallar göstərilməklə məhkəmə tibbi ekspertizası təyin edilmişdir: xx.xx.1988-ci il təvəllüdlü İddiaçı orqanizminin həyat fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olan müayinə zamanı onda hansı xəstəlik, travma və qüsurlar aşkar olunur? - İddiaçı aşkar olunan xəstəlik, travma və ya qüsurlar əlillik (birinci, ikinci və ya üçüncü dərəcə) müəyyən edilməsi meyyarlara uyğundurmu? - Bu xəstəliyin (travma və ya qüsurların) səbəb əlaqəsi nədir? “Məhkəmə-tibbi Ekspertiza və X6” publik hüquqi şəxsin T436/2022 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, İddiaçı iş materiallarında əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına X8 tərtib edilmiş 0042003AACFG saylı göndərişdə qeyd edilən və hazırda onda aşkar olunan “Bud-çanaq oynağı nahiyəsi və aşağı ətrafın, aşıq-baldır oynağı və ayaq istisna olunmaqla, ikinci dərəcəli termiki yanığı. Sağ budun arxa səthinin, dizaltı çuxurun, sağ baldırın atxa səthinin İllab dərəcəli termiki yanığından sonrakı vəziyyət.” diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən ona 413 nömrəli qərarla təsdiq edilmiş Əsasnamənin meyarlarını aid etmək mümkün olmadı. Həmin diaqnozda göstərilən termiki yanıq alovun yerli təsirindən əmələ gəlmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli Qərardadı ilə iddiaçının vəsatəti əsasında təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. “Məhkəmə-tibbi Ekspertiza və X6” publik hüquqi şəxsin T445/2023 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, İddiaçı iş materiallarında əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına “X10”ndə tərtib edilmiş 0042003AACFG saylı göndərişdə qeyd edilən “Bud- çanaq oynağı nahiyəsi və aşağı ətrafın, aşıq-baldır oynağı və ayaq istisna olunmaqla ikinci dərəcəli termiki yanığı, sağ budun arxa səthinin, dizaltı çuxurun, sağ baldırın arxa səthinin İllab dərəcəli termiki yanığından sonrakı vəziyyət” diaqnoz onda hazırda da aşkar olunur, zədələr yüksək hərarətin - alovun təsirindən əmələ gəlmişdir. Həmin diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən ona 413 saylı qərarla təsdiq edilmiş Əsasnamənin meyarlarını aid etmək mümkün olmadı. Məhkəmənin xx.xx.2023-cü il tarixli Qərardadı ilə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş və aşağıdakı sual göstərilmişdir - xx.xx.1988-ci il təvəllüdlü İddiaçı orqanizminin həyat fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olan müayinə zamanı onda hansı xəstəlik, travma və qüsurlar aşkar olunur və hazırda hansı xəstəliklərdən əziyyət çəkir? “Məhkəmə-tibbi Ekspertiza və X6” publik hüquqi şəxsin T777/2023 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı ETTOİda müayinə olunmuş, “Sağ diz oynağının, sağ budun arxa səthinin, sağ baldırın arxa səthinin termiki yanığından sonrakı vəziyyət, kobud dartıcı, ağrılı, tez- tez xoralaşan trofıki yaralarla müşayiət olunan keloid çapıqları, sağ diz oynağının kontrakturası, daimi ağrı sindromu, dayaq-hərəkət funksiyasının pozulması ilə” diaqnozu qoyulmuşdur. İddiaçı iş materiallarında əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına göndəriş və tibbi sənədlərində qeyd edilən və əyani müayinədə aşkar edilən “Bud-çanaq oynağı nahiyəsi və aşağı ətrafın, aşıq-baldır oynağı və ayaq istisna olunmaqla ikinci dərəcəli termiki yanığı, sağ budun arxa səthinin, dizaltı çuxurun, sağ baldırın arxa səthinin İllab dərəcəli termiki yanığından sonrakı vəziyyət” diaqnozundakı xəstəliklər hazırda onda müəyyən edilir. Məhkəmənin xx.xx.2024-cü il tarixli Qərardadı ilə İddiaçı əlillik dərəcəsinin müəyyən olunması üçün əyani tibbi-sosial ekspertiza müayinəsindən keçirilməsi və rəy verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 08 oktyabr 2024-cü il tarixli 3-17-4/3-3-7182/2024 nömrəli Qərarında qeyd edilmişdir ki, Bakı şəhər sakini xx.xx.1988-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0042003AACFG nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Vətəndaş 3-17-4/1-30874/2024 nömrəli məktubla DTSERA-ya daxil olmuş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-241/2024 nömrəli qərardadına əsasən əyani müayinəyə dəvət olunmuşdur. Əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2007-ci il tarixli 1372 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Standart hərbi geyim forması və sursat gəzdirilməsi cüzi dərəcədə çətinləşdirən sağ budun, diz oynağı və baldırın arxa-yan səthlərinin İİ-İİİab dərəcəli alovdan termiki yanığına (26.02.07) görə sərbəst dəri parçaları lə autodermoplastikasından (27.04.07) sonrakı elastik, kelloid dəri çapıqları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi və "Yüngül dərəcəli ikincili anemiyadan sonrakı vəziyyət” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başında və aşağı ətraflarında olan ağrı, damar genişlənməsi, axşamlar baş verən qıcanma, yanıq xəsarətlərindən, yerişindəki çətinlikdən şikayətlənmiş, partlayış travması aldığını, avtoqəza keçirdiyini bildirmişdir. Qəbul etdiyi medikamentoz preparatların adlarını bilmədiyini və heç bir təsiri olmadığını ifadə etmişdir. Baxış zamanı sağ budun orta 1/3-dən sağ baldırın aşağı 1/3-nə qədər olan nahiyədə ~1,5-2sm enində çapıq, sağ budda varikoz genişlənmiş damarlar izlənmiş, hərəkətləri sərbəst olmuşdur. X4 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli Arayışında diaqnoz “Sağ diz oynağının sağ budun arxa səthinin, sol budun ön səthinin termiki yanığından sonrakı kobud dartıcı kelloid çapıqları. Residivləşən trofiki yaralar. Daimi ağrı sindromu. Sağ diz oynağının bükmə 90 dərəcə, açma 180 dərəcə. Dayaq-hərəkət funksiyasının pozulması” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. X9 xx.xx.2023-xx.xx.2023-cü il tarixli Çıxarışında diaqnoz “Xroniki postravmatik baş ağrıları. Qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Vegetativ damar davamsızlığı” kimi qeyd edilmişdir. Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2023-cü il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Hər iki beyin yarımkürəsində, subkortikal sahədə tək-tək, kiçik ölçülü qliotik ocaqlar qeyd edilmişdir. Etmoidit” kimi qeyd edilmişdir. 2 saylı X1 xx.xx.2024-xx.xx.2024-cü il tarixli Çıxarışında diaqnoz “Nevrasteniya” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verə biləcək kontraktura, hərəki məhdudluq, nevroloji, psixi pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

Məhkəmənin mövqeyi

7. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir:

8. Əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununu tənzimləyir.

9. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.7. tibbi reabilitasiya - orqanizmin anadangəlmə, yaxud xəstəlik və ya zədə nəticəsində sonradan pozulmuş funksiyalarının bərpasına və kompensasiyasına yönəldilmiş tibbi tədbirlər sistemi. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2 Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. (3.3.) Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 3.5.Müvafiq icra hakimiyyəti orqanı əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın

1. Ümumi müddəalar 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır.

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası: 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.

11. Qeyd edilmiş qanunvericiliyin normasından göründüyü kimi, əlilliyin qiymətləndirilməsi “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin məzmunundan irəli gəlir. Belə ki, həmin normaların tələbinə görə: şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); TSEK göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir.

12. Nəzərə alınmalıdır ki, şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır.

13. Mübahisəli dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən: 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbisosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən:

1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. Qeyd. Tibbi-sosial ekspertiza zamanı orqanizmin dorsopatiyalardan irəli gələn sümük-əzələ sisteminin funksiya pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi ağır sindrom davamlılığına və təzahür dərəcəsinə, onurğa sütununun hərəkətliyinin məhdudlaşmasına və yuxarı və aşağı ətrafların funksiya pozuntularına əsaslanır, ifrazat orqanlarının funksiya pozuntuları da nəzərə alınır. Bu halda aşağıdakılar rəhbər tutulur: - qeyri-davamlı cüzi ağrı sindromu və onurğa sütununun hərəkətliliyinin cüzi məhdudlaşması, yuxarı və aşağı ətrafların funksiyalarının cüzi pozuntusu, sidiyin və nəcisin cüzi saxlanılmaması ilə müşayiət olunan patologiya zamanı 10-20 bal verilir; - daimi və ya tez-tez kəskinləşən ağrı sindromu, onurğa sütununun hərəkətliliyinin mülayim məhdudlaşması, yuxarı və aşağı ətrafların funksiyalarının mülayim pozuntusu, sidiyin və nəcisin orta dərəcəli saxlanılmaması ilə müşayiət olunan patologiya zamanı 40-60 bal verilir; - daimi və ya tez-tez kəskinləşən ağrı sindromu, onurğa sütununun hərəkətliliyinin təzahür edən məhdudlaşması, yuxarı və aşağı ətrafların funksiyalarının təzahür edən pozuntusu, sidiyin və nəcisin ağır dərəcəli saxlanılmaması ilə müşayiət olunan patologiya zamanı 70-90 bal verilir; onurğa sütununun təzahür edən statodinamik funksiyasının pozuntuları, yuxarı və aşağı ətrafların funksiyalarının əhəmiyyətli təzahür edən pozuntusu; - gigiyenik vasitələrin istifadə edilməsinin qeyri-mümkünlüyü və digər şəxslərin daimi qulluğuna ehtiyac olduğu zaman sidiyin və nəcisin ağır dərəcəli saxlanılmaması ilə müşayiət olunan patologiya zamanı 10 bal verilir.. 13.7. Termiki və kimyəvi yanıqlar -T20-T32 Qeyd: yanıq xəstəliyi nəticəsində kobud keloid çapıqlar yaranır. Belə çapıqlar böyük sahələrdə formalaşdıqda, oynaqları əhatə etdikdə, eybəcərliyə və müxtəlif kontrakturaların əmələ gəlməsinə səbəb olduqda əlilliyin qiymətləndirilməsi aparılır. Bu zaman çapıq toxuma üzərində əmələ gələn trofiki pozuntular, hərəkət funksiyalarının pozulması ağırlığı, həmçininxəstəliyi nəticəsində kobud keloid çapıqlar yaranır. Belə çapıqlar böyük sahələrdə formalaşdıqda, oynaqları əhatə etdikdə, eybəcərliyə və müxtəlif kontrakturaların əmələ gəlməsinə səbəb olduqda əlilliyin qiymətləndirilməsi aparılır. Bu zaman çapıq toxuma üzərində əmələ gələn trofiki pozuntular, hərəkət funksiyalarının pozulması ağırlığı, həmçinin xəstənin özünəqulluq bacarığının pozulması dərəcəsi nəzərə alınır.

İşin faktiki hallarından göründüyü kimi, iddiaçı 2006-cı ildən hərbi xidmət çağırılmış, hərbi xidmət dövründə yanıq xəsarəti almış, ilkin N saylı hərbi hissədə müayinə və müalicə olunmuşdur. Sonradan Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2007-ci il tarixli 1372 nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “standart hərbi geyim forması və sursat gəzdirilməsi cüzi dərəcədə çətinləşdirən sağ budun, diz oynağı və baldırın arxa-yan səthlərinin İİ-İİİab dərəcəli alovdan termiki yanığına (26.02.07) görə sərbəst dəri parçaları ilə autodermoplastikasından (27.04.07) sonrakı elastik, kelloid dəri çapıqları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi və "Yüngül dərəcəli ikincili anemiyadan sonrakı vəziyyət” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçının ilkin olaraq sağlamlığı xx.xx.2008-ci ildə qiymətləndirilmiş və 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, daha sonra xx.xx.2009-cu ildə 1 il müddətinə üçüncü dərəcə, xx.xx.2015-ci ildə 1 il müddətinə üçüncü dərəcə, xx.xx.2016-cı ildə 5 il müddətinə üçüncü dərəcə əlilliyi müəyyən edilmişdir. Əlilliyin müddəti başa çatdıqdan sonra iddiaçının xəstəliyi xx.xx.2021-ci ildə müayinə edilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən imtina edilmişdir. Göründüyü kimi, iddiaçının fasiləsiz eyni diaqnoz ilə 13 il ərzində əlil olması müəyyən edilmişdir. Həmin tibbi diaqnozu hal-hazırda da təsdiq olunur. Lakin cavabdehin mövqeyinə görə “diaqnoz əlillik əlaməti təyin etmir”, bu əsasla iddiaçıya əlillyin müəyyən edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin pozulması ilə nəticələnir. Belə ki, iddiaçıya əlilliyi müəyyən edilən zaman onun diaqnozu “QKBTsının qalıq əlamətləri. Sağ dizaltı çuxurunun İ-İİİdər termiki yanığından sonrakı kobud dartıcı kolloid çapıqları trofiki yarası” qeyd edilmişdir. 2021-ci ildə iddiaçının xəstəliyi müayinə edilən zaman onun diaqnozu “Bud-çanaq oynağı nahiyəsi və aşağı ətrafın, aşıq-baldır oynağı və ayaq istisna olunmaqla ikinci dərəcəli termiki yanığı, sağ budun arxa səthinin, dizaltı çuxurun, sağ baldırın arxa səthinin İllab dərəcəli termiki yanığından sonrakı vəziyyət” qeyd edilmişdir. İddiaçıda olan bu diaqnoz məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində ekspertlər tərəfindən də təsdiq edilmişdir. Qeyd olunmalıdır ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əlavə edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına” Əlavədə iddiaçıda olan xəstəliyinin diaqnozu ümumi siyahıda nəzərdə tutulmuşdur. Bu diaqnoz 13.7-ci bəndində göstərilmişdir. Lakin cavabdeh inzibati orqan iddiaçıda hərbi travma nəticəsində yaranmış və 10 ildən çox müddət ərzində davam edən xəstəliyinin diaqnozu əlillik əlaməti təyin edilməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina etmişdir.

15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun - 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati icraat zamanı iddiaçının əlilliyin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən bütün faktiki halları tam araşdırmamış, iddiaçının xeyrinə olan halları nəzərə almamış və nəticədə əliliyin müəyyən edilməsindən imtina barədə səhv nəticəyə gəlmişdir.

16. Azərbaycan Respublikasının İnzibаti Prоsеssuаl Məcəlləsinin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 73.1-ci maddəsinə görə, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

17. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı əlillik dərəcəsinin müəyyən olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.

18. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

20. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq

NƏTİCƏVİ HİSSƏ

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı əlillik dərəcəsinin müəyyən olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar