Məhkəmə qərarları › İş №2-1(112)-610/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-610/2020

04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-610/2020 04.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: Ağdam şəhəri, Musəvi küçəsi, ev 2), cavabdehin nümayəndəsi, eyni zamanda vəkili X1 (Ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., H.Seyidzadə küçəsi, ev 38, mənzil 224; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: “Əkrəm Həsənov və Partnyorları” vəkil bürosu, vəkil) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə qarşı “pensiyanın yenidən hesablanaraq ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə qarşı təyin olunmuş pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2427/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsi ilə əvəz edildikdən sonra ərazi aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclası xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı xx xxxxxx 1932-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olmuşdur. 1953-cü ildə Ağdam şəhərində Pedaqoji məktəbi, 1956-cı ildə Rusiya Federasiyası İrkutsk vilayətinin Zayarsk şəhərində yerləşən hərbi məktəbi və 1964-cü ildə isə Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Bir müddət müəllimlik etdikdən sonra partiya işinə irəli çəkilmiş, uzun müddət mətbuatda çalışmışdır. 1971-1979-cu illərdə Ağdam rayon Partiya Komitəsinə əvvəl təlimatçı, sonra isə Təbliğat və Təşviqat şöbəsinin müdiri vəzifəsində işləmişdir. Ağdam rayon Partiya Komitəsi bürosunun qərarı ilə 1979-cu ilin avqust ayından 1998-ci ilin noyabr ayına kimi rayonun “Lenin Yolu” - “Ağdam” qəzetinin redaktoru vəzifəsində çalışmışdır. Həmin vaxtlar rayon qəzetinin redaktoru rayonun siyasi rəhbərlərindən biri idi. Rayon qəzetində işlədiyi dövrdə uzun illər mətbuatda səmərəli fəaliyyətinə görə Respublikanın Əməkdar jurnalisti fəxri adına layiq görülmüşdür. “Qızıl Qələm” mükafatı laureatı və bir çox media diplomlarının sahibidir, Azərbaycan Yazıçılar Birliyinin Üzvüdür. 14 Fəxri fərmanı var, SSRİ Nazirlər Sovetinin təşəkkürünü almışdır. 05 oktyabr 2005-ci il tarixdən dövlət qulluqçusu kimi pensiya alır. Pensiyanın məbləği hazırda 248 manatdır. 1971-1979-cu illərdə rayon partiya komitəsində işlədiyinə görə ona dövlət qulluqçusu kimi orta aylıq əmək haqqının 49%-i qədər pensiya hesablanmışdır. Bunu qanuna uyğun hesab etmir. Ağdam rayonu “Lenin Yolu” qəzeti 1990-cı ilə kimi rayonun partiya və zəhmətkeş deputatlar sovetinin orqanı olmuş və dövlət tərəfindən maliyələşdirilmişdir. 1990-cı ildən isə həmin qəzet təsərrüfat hesabına keçmişdir. İddiaçı 1979-cu ildən 1990-cı ilə kimi dövlət tərəfindən maliyələşdirilmiş orqana, yəni “Lenin Yolu” - “Ağdam” qəzetinin redaksiyasına rəhbərlik etmiş və Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibliyinin nomenkulatur işçisi olmuşdur. Lakin 1979-1990-cı illərdəki iş stajı dövlət qulluqçusu kimi hesablanmamış və stajının 1971-1979-cu illəri əhatə edən hissəsinə əlavə edilməmişdir. O dövrdə redaktor rayonun və şəhərin siyasi rəhbərlərindən biri olub. “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu hazırlanan zaman Dövlət Büdcəsində vəsaitin çatışmamazlığı nəzərə alınaraq, redaktorlar siyahıya salınmamışdır. 1979-cu ildən 1990-cı ilə kimi, yəni qəzetin 1990-cı ildən təsərrüfat hesabına keçməsinədək olan iş stajı raykomda işlədiyi 1971-1979-cu il stajına daxil edilməlidir, çünki 1979-1990-cı illərdə iddiaçı dövlət tərəfindən maliyələşdirilən partiya orqanına rəhbərlik etmişdir. Bu barədə o, bir neçə dəfə aidiyyəti orqanlara müraciət etmişdir. Hər dəfə də ona qanun izah edilib, lakin müraciəti icra edilməmişdir. Hesab edir ki, 1979-1990-cı illərdə redaktor işlədiyi staj da nəzərə alınmaqla orta aylıq əmək haqqının 80%-nə qədər pensiya hesablanmalı və ona müvafiq pensiya təyin edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya xx.xx.2005-ci il tarixində 7 il dövlət qulluğu stajına görə dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 mart 2018-ci il tarixli sərəncamına uyğun olaraq 1 mart 2018-ci il tarixindən iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. AR Prezidentinin 01 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda qəzet redaksiyaları nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının həmin vəzifədəki iş stajı dövlət qulluğu stajına daxil edilə bilməz. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, eyni zamanda vəkili göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İddia ərizəsindən görünür ki, iddiaçı hazırkı tələblə 1979-1990-cı illərdə redaktor işlədiyi staj da nəzərə alınmaqla orta aylıq əmək haqqının 80%-nə qədər pensiyanın hesablanmasını və ona müvafiq pensiya təyin edilməsini tələb edir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş xx.xx.1954-cü il tarixli Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1998-ci il tarixə kimi Rayon Partiya Komitəsinin qərarına əsasən redaktor vəzfəsində işləmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər arxivi tərəfindən məhkəmənin sorğusuna verilən xx.xx.2020-ci il tarixli cavab məktubunda göstərilmişdir: “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində saxlanılan sənədlərə əsasən müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan KP MK Katibliyinin 26 oktyabr 1979-cu il tarixli 26 saylı iclasının qərarına əsasən “Lenin yolu” Ağdam rayon qəzetinin redaktoru vəzifəsinə təsdiq edilmişdir. Qeyd: Redakor vəzifəsi mərkəzi, şəhər və rayon partiya komitəsinin işləyən işçilərin ştat cədvəli siyahısında getmir, lakin həmin vəzifə Azərbaycan KP MK tərəfindən təsdiq edilir və onun nomenklaturası hesab edilir. Redaktor vəzifəsi Azərbaycan KP MKnın nomenklaturası olduğu üçün İddiaçı şəxsi işi Azərbaycan KP MK-nın nomenklatura işçilərinin şəxsi işlərinin siyahısında saxlanılır.” İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, cavabdeh iddiaçının müraciətinə imtina məktubunda bildirmişdir: “Sizə hüququnuzun yarandığı xx.xx.2005-ci il tarixdən dövlət qulluğuna görə əmək pensiyası təyin edilmişdir. Sizin 7 il dövlət qulluğu stajınız vardır. Nəzərinizə çatdırırıq ki, 1979-1990-cı illərdə işlədiyiniz qəzət redaktoru vəzifəsi dövlət qulluqçularının siyahısında nəzərdə tutlmadığına görə həmin illər dövləq qulluğu stajına daxil edilməmişdir. Nəzərə almağınız xahiş olunur.” Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının hüquqularını pozmur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasəni İnzibati və yardımçı vəzifələrin təsnifat toplusuna vəzifələrin təsnifatları və adları, ixtisas dərəcələri və vəzifələrin tutulması şərtləri haqqında məlumatlar daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda redaktor vəzifəsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Azərbaycan KP MK Katibliyinin 26 oktyabr 1979-cu il tarixli 26 saylı iclasının qərarına əsasən işlədiyi “Lenin yolu” Ağdam rayon qəzetinin redaktoru vəzifəsi Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda nəzərdə tutulmadığından, hazırkı iddia əsassızdır və təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə qarşı təyin olunmuş pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar