Məhkəmə qərarları › İş №2-1(112)-610/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-610/2021

26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-610/2021 26.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmə icraatına 3cü şəxs qismində cəlb olunmaqla “kompensasiyanın hesablanması və müvafiq siyahıya daxil edilməsi” tələbinə dair iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kompensasiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına əsasən ona kompensasiyanın hesablanması və müvafiq siyahıya daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2964/2020 saylı, 22.09.2020-ci il tarixli qərardadı ilə “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xxxxla onun arasında 16.09.2014-cu il tarixli 61/2014 saylı kredit müqaviləsinə əsasən 6300 ABŞ dolları məbləğində kredit götürmüşdür. Devalivasiya vaxtına düşdüyü üçün biraz bank ödənişi gecikmişdir. 21.12.2016-ci il tarixli 2(006)-10481/2016 saylı məhkəmə qətnaməsi üzrə öhdəliyi tez bir zamanda ödəyib borcunu tam ödəmiş və banka heç bir borcu qalmamışdır. Borcunu ödəməklə, Nəsimi rayon icra şöbəsinə veriləcək rüsumu da ödəmişdir. Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən aparılan, Mərkəzi kedit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Ancaq onun bu kreditinin hesablanıb, iddiaçıya çatacaq məbləğin ödənilməsi haqqında 12.10.2019-cu ildə ona heç bir məlumat verilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclası 26.05.2021-ci il tarixə təyin edilmiş, iddiaçı və üçüncü şəxs “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələri barədə məlumat verməmişdirlər. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X2 iddia tələbinə münasibət bildirərək öz izahatında qeyd etmişdir ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında “xxxx” ASC ilə 16.09.2014-cü il tarixində 6300 ABŞ dolları dəyərində kredit müqaviləsinin bağlanılması barədə qeydlər daxil edilmişdir. Lakin bu məlumatlar sistemə natamam ötürülmüş və kredit müqaviləsi üzrə devalvasiya tarixlərinə borclunun ödənilməmiş əsas kredit borcunun qalığı ilə bağlı məlumatlar tam şəkildə Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edilməmişdir. Bu səbəbdən İddiaçı kompensasiya məbləği hesablanmamışdır. Lakin məhkəmə araşdırması zamanı 3-cü şəxs tərəfindən göndərilmiş maliyyə arayışından aydın olur ki, iddiaçının birinci devalvasiya tarixinə əsas borcu 5146 ABŞ dolları, ikinci devalvasiya tarixinə 2905,72 ABŞ dolları təşkil edir. Belə olan halda iddiaçıya kompensasiya hesablanması mümkündür. Odur ki, cavabdeh iddia tələbinin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Nəsimi Rayon Məhkəməsinin 21 dekabr 2016-cı il, 2(006)-10481/2016 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmaqla İddiaçı 2786 ABŞ dolları əsas, 250 ABŞ dolları faiz və 05 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3041 ABŞ dolları borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq, “xxxx” ASC-nin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 13 dekabr 2019-cu il tarixli **********961 nömrəli məktubdan görünür ki, ləğv prosesində olan “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış 16.09.2014-cü il tarixli, 61/2014 saylı kredit müqaviləsinə əsasən 6300 (altı min üç yüz) ABŞ dolları kredit verilmişdir. 30.10.2018-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinin 21.12.2016-cı il tarixli 2(006)-10481/2016 saylı məhkəmə qətnaməsi üzrə öhdəlik yerinə yetirilmiş və hazırda İddiaçı sözügeən qətnamə üzrə bank qarşısında borc öhdəliyi mövcud deyildir. “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən 06 aprel 2021-ci il sorğuya cavab məktubunda İddiaçı birinci devalvasiya tarixinə əsas borcu 5146 (beş min yüz qırx altı) ABŞ dolları məbləğində, faiz borcu 13.72 (13 ABŞ Dolları, 72 sent) ABŞ dolları məbləğində təşkil etməsi, İkinci devalvasiya tarixinə əsas borcu 2785.72 (iki min yeddi yüz səksən beş ABŞ dolları, 72 sent) ABŞ dolları məbləğində, faiz borcu 476.84 ( dörd yüz yetmiş altı ABŞ dolları, 84 sent) ABŞ dolları məbləğində təşkil etməsi, 10.03.2021-ci il tarixinə iddiaçının bank əməliyyat sisteminə əsasən kredit borcunun mövcud olmaması qeyd edilmişdir. Məhkəmə soröusuna cavab olaraq “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən 15 aprel 2021-ci il taixində göndərilmiş maliyyə arayışından görünür ki,16.09.2014-cüil tarixli kredit müqaviləsi üzrə iddiaçının 15 dekabr 2015-ci il 2-ci devalvasiya tarixinə əsas kredit borcu 2905,72 manat olmuşdur. Beləliklə, işin araşdırılmış halları ilə müəyyən olundu ki, İddiaçı ilə “xxxx” ASC arasında 24 faizlə 24 aylıq 61/2014 saylı, 16.09.2014-cü il tarixli kredit müqaviləsi bağlanılmış, kreditr müqaviləsi ilə iddiaçıya 6300 ABŞ dolları kredit verilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti 28 fevral 2019-cu il tarixli Fərman imzalamış və bu Fərman 01.03.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınmışdır. 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Həmin Fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. 27 mart 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 4.1-ci və 4.2-ci bəndlərinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır (3.1.1-ci bənd); 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır (3.1.2-ci bənd). Qüvvədə olan qanunvericiliyin tələblərindən irəli çıxaraq Məhkəmə qeyd edir ki, xarici valyuta ilə bağlanan kredit müqavilələri üzrə borcalanlara, yəni fiziki şəxslərə kompensasiya məbləği o zaman təyin olunur ki, onların devalvasiya tarixinədək (21.02.2015-ci il və 21.12.2015-ci il) əsas kredit borcunun qalıq hissəsi 10.000 ABŞ dollarından çox olmasın. Yalnız həmin xüsuslara malik olan fiziki şəxslərə dövlət tərəfindən kompensasiya məbləği ödənilir. Cavabdehin imtinasının əsasında duran hal odur ki, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazasında, iddiaçının kredit müqaviləsi üzrə devalvasiya tarixlərinə əsas kredit borcu barədə məlumatlar bazaya ötürülməmiş və bu səbəbdən iddiaçı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri çərçivəsində düşən şəxslərin siyahısına əlavə edilməmişdir. Məhkəmə bununla bağlı qeyd etmək istəyir ki, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazalarına məlumatlarının ötürülməsi “Banklar haqqında” Qanunun və "Mərkəzləşdirilmiş Kredit Reyestri haqqında Qaydalar”ı ilə tənzimlənir. Belə ki, “Banklar haqqında” Qanunun 35.4-cü maddəsinə əsasən, banklar bank sisteminin etibarlığını təmin etmək məqsədilə borcalanların ödəniş qabiliyyəti və etibarlığı haqqında məlumatı Milli Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməyə borcludurlar. Mərkəzləşdirilmiş kredit reyestrinin iş rejimi, o cümlədən məlumatın xarakteri, məlumatların verilməsi və alınması qaydaları və şərtləri Milli Bankın normativ xarakterli aktları ilə müəyyən edilir. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 2.1-ci, 2.2-ci və 2.5-ci bəndlərinə görə, Banklar, o cümlədən lisenziyası ləğv edilən və ləğvetmə prosesində olanlar, icbari qaydada hüquqi və fiziki şəxs borcalanlarının kreditləri barədə MKR-ə məlumat verirlər. MKR-ə kreditlər haqqında məlumatlar onların müvafiq mühasibat registrlərindəki qalıq dəyəri ilə (mümkün zərərlər üçün yaradılmış ehtiyat məbləğləri çıxılmadan) təqdim edilir. Banklar kredit tələbləri barədə MKR-ə məlumatları hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə 2 (iki) iş günü ərzində (yəni 1-i və 2-si) saat 18:00-a qədər təqdim etməlidirlər. Yeni verilmiş kreditlər haqda məlumatlar isə kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində MKR-ə göndərilməlidir. Bu tarixlər qeyri-iş gününə təsadüf etdikdə məlumatlar növbəti iş günü təqdim edilir. Şərh olunan maddələrin normalarından göründüyü kimi, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazasına, kredit müqaviləsi üzrə tərəflərin adları, həmçinin hüquqi və fiziki şəxslər qismində çıxış edən borcalanların kreditləri barədə məlumat daxil edilir. Həmin məlumatların düzgün və vaxtında daxil edilməsi isə kreditorlar, yəni müvafiq bankların öhdəliyidir. Borcalanın “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşüb-düşməməsi isə, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazasına daxil edilmiş məlumatlar əsasında yoxlanılır. İşin hallarından görünür ki, hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğ, həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. Sonuncu məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmə araşdırması zamanı əldə edilmiş məlumatlara əsasən İddiaçı ilə “xxxx” ASC arasında bağlanan kredit müqaviləsinin qeyd edilən Fərmanın təsiri altına düşməsini təsdiq etmiş və müqavilə üzrə 3029.93 manat kompensasiyanın hesablanmasına etiraz etmədiyini bildirmişdir. Göründüyü kimi, İddiaçı adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməməsinin əsaslı səbəbi odur ki, bank tərəfindən kredit müqaviləsi üzrə məlumatlar tam olaraq məlumat bazasına daxil edilməmişdir. Halbuki, həm iş materiallarında olan kredit müqaviləsindən, həmçinin “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən sorğuya cavab məktublarından aydın olur ki, borcalan qismində AA******* nömrəli, FİN:xxxxxxx şəxsiyyət vəsiqəsi üzrə İddiaçı ilə “xxxx” ASC arasında 16.09.2014-cü il tarixində 6300 ABŞ dolları məbləğində kredit müqaviləsi bağlanılmış, həmin kredit müqaviləsi üzrə iddiaçının birinci devalvasiya tarixinə əsas qalıq borcu 5146 ABŞ dolları, ikinci devalvasiya tarixinə 2905,72 ABŞ dolları təşkil edir. Odur ki, iddiaçının iddiası əsaslıdır. Azərbaycan Respublikası İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmələrdə baxılır. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmənin icraatına 3-cü şəxs qismində cəlb edilməklə «kompensasiya hesablanması və kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi» tələbinə dair iddiası əsaslıdır, təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış 61/2014 saylı, 16.09.2014-cü il tarixli kredit (borc) müqaviləsi üzrə kompensasiya ödənilməsi üçün İddiaçı 3029.93 manat kompensasiya məbləğinin hesablanması və kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar