Məhkəmə qərarları › İş №2-1(112)-6100/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6100/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6100/2023 01.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “əlilliyi olan şəxs kimi mənzil növbəsinə götürülmə” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Azərbaycan Respublikası ərazi btüövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlə haqqında” AR Prezidentinin 2014-cü il 20 iyun tarixli, 569 nömrəli sərəncamına uyğun olaraq Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin (müharibə əlillərinin) mənzil növbəsinə daxil edilməsi” barədə sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək AR Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində zabit kimi həqiqi hərbi xidmət keçmiş, xidmət vaxtı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüş vaxtı yaralanmışdır. Müharibə veteranıdır. AR Əmək və ƏSMN yanında Tibbi Sosial Komissiyasının xx.xx.2019-cu il tarixli müayinə aktına əsasən ona 5 illik müddətə 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. İddiaçı hərbi xidmət dövrü yaşayış sahəsi ilə təmin edilməmişdir. Hazırda iddiaçının və həyat yoldaşının adına heç bir daşınmaz əmlak (mənzil və torpaq sahəsi) yoxdur. Həyat yoldaşı ilə birlikdə kirayədə yaşayır. İddiaçı xx.xx.2022-ci il tarixdə etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vasitəsi ilə cavabdehə ərizə ilə müraciət edərək “Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında AR Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 №-li Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin (müharibə əlillərinin) mənzil növbəsinə daxil edilməsi barədə sərəncam verilməsini xahiş etmişdir. Lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır. İddiaçı müraciətinin cavablandırılmamasını imtina kimi qiymətləndirir. İmtinanı isə əsassız və qanunsuz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, İddiaçı R-60-068 saylı, xx.xx.2020-ci il tarixli ərizə ilə rayon İcra Hakimiyyətinə müraciət edərək, ehtiyatda olan hərbçi kimi güzəştli mənzil növbəsinə götürülməsinə və hərbçilər üçün nəzərdə tutulmuş aylıq kirayə xərcləri ilə təmin olunmasında müvafiq köməklik göstərilməsini xahiş etmiş və 2021-ci il tarixdən 2023-cü il tarixədək iddiaçının rayon İcra Hakimiyyətinə Qarabağ müharibəsi əlili kimi rəsmi müraciəti olmamışdır. Araşdırma zamanı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Xətai Rayon İdarəsi tərəfindən təsdiq olunmuş 23 saylı, xx.xx.2021-ci il tarixli arayışına əsasən İddiaçı 1992-1997 ci illərdə xidmətdə olmuş və xidmət müddəti başa çatması ilə əlaqədar xx.xx.1997-ci il tarixdən ehtiyata buraxılaraq qanunvericilikdə nəzərdə tutulmuş 15 təqvim ili və daha çox müddətində hərbi xidmətinin olmadığı müəyyən edildiyindən onun xahişinin yerinə yetirilməsi mümkün deyildir. Bildirilmişdir ki, Hərbi qulluqçuların Statusu Haqqında Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və yaşayış yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi olmayan ehtiyata və istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yaşayış sahəsi və ya fərdi sahəsi almaq hüququ vardır. Eyni zamanda məlumat üçün bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1970/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı iddia tələbi təmin edilməmişdir. Eyni məzmunlu işlərə məhkəmə tərəfindən təkrarən baxılması yolverilməz hesab edildiyindən cavabdeh iddia tələbinin mümkünsüzlüyü barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə təqdim etdiyi sonuncu ərizədə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş və yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınması barədə sərəncam verilməsi vəzifəsinin cavabdeh Xətai rayon İcra Hakimiyyətinə həvalə ediməsi barədə qərar qəbul ediməsini xahiş etmişdir. Ərizə məhkəmənin 01 iyun 2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə qeyd edir ki, hazırkı tələb iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş və yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınması ilə bağlıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl bu tələblə əvvəlcə xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş və poçt qəbzini iş materiallarına əlavə etmişdir. Lakin iddiaçı arzuladığı məqsədə nail ola bilmədiyindən xx.xx.2023-cü il tarixdə müvafiq tələblə cavabdehə qarşı məhkəmədə iddia irəli sürmüşdür. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, X3 iddiaçının həyat yoldaşı, X4 isə iddiaçının övladıdır. - Məhkəmənin sorğusuna cavab olaraq Xətai bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məktubdan görünür ki, X3, X4 və İddiaçı adına bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması haqqında hər hansı bir məlumat aşkar edilməmişdir. -"xxxx" MTK tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 446 №-li arayışdan görünür ki, iddiaçı "xxxx" MTK-nın Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Babək pr. 94 ünvanında inşa etdiyi 2 saylı binanın 11 saylı mənzilində yaşayır. -"xxxx" MTK tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 445 №-li arayışdan görünür ki, iddiaçının ailə tərkibi aşağıdakı kimidir : İddiaçı – 1965 və X3 - 1967 . -Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə xx.xx.2019-cu il tarixdən 5 (beş) il müddətinə (xx.xx.2024-cü il tarixədək) ikinci dərəcə əlillik statusuna malikdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli, 1134 nömrəli cavab məktubundan görünür ki, İddiaçı Azərbaycan Ordusunda 20 təqvim ilindən az xidmət etməsi səbəbindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanının tələbləri ona şamil olunmadığı üçün adı Müdafiə Naziıliyi tərəfindən dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçularının adlı siyahısına daxil edilməmiş və xidmət müddəti ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, Salyan rayonu, Arbatan kəndində yerləşən 0.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının ümumbirgə mülkiyyətindədir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X2 xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, Salyan rayonu, Arbatan kəndində yerləşən 0.6399 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1 ümumbirgə mülkiyyətindədir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” pubiik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən X1 adına ümumi birgə mülkiyyət hüququ ilə Salyan rayonu, Arbatan kəndində yerləşən 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. -Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyata alınmasına əsas olan sənədlər saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına istinad edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: -12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. -16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. -43.2-ci maddəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» AR Qanununun 31.1-ci maddəsinə görə əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Həmin Əsasnamənin 4.6.9-cu bəndinə görə, əlilliyi olan şəxslərin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər görmək, onların bərpa müəssisələrinin fəaliyyətinə və inkişafına, əlilliyi olan şəxslərinreabilitasiya proqramlarının icrasına və əlilliyi olan şəxslərin həyat fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək vermək yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri sırasına aiddir. Həmin Əsasnamənin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyrinormativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. Bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. Müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. Bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. «İnzibati icraat haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göründüyü kimi, hazırkı qanunvericilik yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmanı həyata keçirən orqanları təsbit etmiş, habelə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınma qaydası və uçota almaqdan imtinanın əsaslarını Mənzil Məcəlləsinin müvafiq olaraq 51 və 53.1-ci maddəsində konkret müəyyən etmişdir. Lakin cavabdeh iddiaçının mənzil həmin əsaslardan hər-hansı birinə istinad etməmiş, sübutlar təqdim etməmişdir. Əksinə, məhkəmə araşdırması ilə, iddiaçının ailə üzvləri ilə birlikdə Bakı şəhərində qeydiyyatda olmaqla yaşaması müəyyən edilmiş, onun və ailə üzvünün mülkiyyətində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi, mənzil, evin olması təsdiqini tapmamışdır. Belə olan halda cavabdehin hərəkətsizliyi iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi qanunvericiliklə təminat verilən konstitusion mənzil hüququnu məhdudlaşdırmışdır. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tələbində haqlıdır. Odur ki, iddia təmin edilməli İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə bağlı sərəncamın verilməsi öhdəliyi cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməlidir. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə bağlı sərəncamın verilməsi öhdəliyi cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar