Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6101/2021 07.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı reyestrdən çıxarışın verilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən sahəsi 600 kv. metr olan 468 saylı Bağ sahəsinə dair hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh orqana ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 468 saylı bağ sahəsi üzərində hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən ona ünvanlanmış 19.03.2021-ci il tarixli imtina məktubunda bağ sahəsinin onun adına qeydiyyata alınması ilə bağlı ilk müraciətinə 12.07.2019-cu il tarixli məktubla cavab verildiyi və həmin məktubda qeyd olunan iradların aradan qaldırılmadığı qeyd olunmuşdur. Cavabdehin 12.07.2019-cu il tarixli imtina məktubunda əsas imtina səbəbi kimi “1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adının aşkar olunmadığı” göstərilmişdir. Halbuki, o “Məhsul” Bağçılıq Yoldaşlığının üzvü olmuşdur. Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi rəhbərliyinin və Həmkarlar Komitəsinin 22.10.1991-ci il tarixli, 27 nömrəli birgə iclas protokoluna əsasən “Məhsul” Bağçılıq Yoldaşlığının üzvlüyünə qəbul edilərək, bağ sahəsinin ona ayrılması qərara alınmışdır. “Məhsul” Bağçılıq Yoldaşlığının 468 nömrəli üzvlük kitabçasına əsasən həmin yoldaşlığın üzvlüyünə qəbul olunmuş və ona Türkan ərazisindən 468 nömrəli, sahəsi 600 kv. metr olan bağ sahəsi ayrılmışdır. Qeyd etdiyi məlumatlar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 19.10.2007-ci il tarixli arayışla təsdiq edilmişdir. Həmin arayışda bağın şəxsi mülkiyyətə keçməsinə “Məhsul” Bağçılıq Yoldaşlığı tərəfindən etiraz edilmədiyi qeyd olunmuş və həmin sənəd Həmkarlar İttifaqı Komitəsinin və Bağçılıq Yoldaşlığının sədrləri tərəfindən imza edilmişdir. Vaxtilə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ona ayrılmış həmin bağ sahəsinin plan və ölçüsü tərtib edilmiş, dövlət torpaq kadastrı kitabında 07.12.2007-ci il tarixdə 4165 nömrə ilə uçota alınmışdır. Göstərilənlərə əsasən hesab edir ki, o, lazımi sənədləri cavabdeh orqana təqdim etmişdir və ona verilmiş imtina qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti məhkəmənin 03.05 2021-ci il tarixli sərəncamı ilə cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən təqdim olunmuş 31.05.2021-ci il tarixli **********38 saylı etirazda göstərilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Bununla bağlı İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 **********08 qeydiyyat nömrəli 19.03.2021 -ci il tarixli, **********05 qeydiyyat nömrəli 12.07.2019-cu il tarixli məktublar ünvanlanmışdır. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların valnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İPM-nin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı mübahisəli torpaq sahəsinin mərhum ərinə məxsus olması haqqında arayışın (çıxarış) verilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə mübahisəli torpaq sahəsinin mərhum ərinə məxsus olması haqqında arayışın (çıxarış) verilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1950-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi rəhbərliyinin və Həmkarlar Komitəsinin 22.10.1991-ci il tarixli 27 nömrəli protokolundan çıxarışın surətindən müəyyən olunur ki, iclasda qərara alınmışdır ki, əlavədə adları qeyd edilən işçilər “Məhsul” bağçılıq yoldaşlığının üzvlüyünə qəbul edilsinlər. M.Seyidova tapşırılsın ki, “Məhsul” bağçılıq yoldaşlığının üzvü qəbul edilən yoldaşlara boş olan torpaq sahələrinin ayrılmasını təmin etsin. Qərara əlavədə 1950-ci il təvəllüdlü İddiaçı adı qeyd olunmuşdur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 19.10.2007-ci il tarixli 333-B saylı arayışında qeyd olunmuşdur ki, İddiaçı həqiqətən “Məhsul” bağçılıq yaldaşlığının üzvüdür. Kənd Təsərrüfatı Nazirliyinin Tükan qəsəbəsində torpaq sahəsindən ona 27 nömrəli 22.10.1991-ci il tarixli 06 sotdan ibarət 468 nömrəli bağ sahəsi ayrılmışdır. Həmin bağın həbs olunması, girov qoyulması və ailə üzvləri tərəfindən heç bir münaqişəli sənəd daxil olmamışdır. Bağın şəxsi mülkiyyətə keçirilməsinə “Məhsul” bağçılıq yoldaşlığı etiraz etmir. Arayış Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim edilməsi üçün verilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 023951 №-li 07.12.2007-ci il tarixli torpaq sahəsinin plan ölçüsündən müəyyən olunur ki, “Məhsul” b/y-nın 22.10.1991-ci il tarixli 27 saylı protokolu ilə Əzizbəyov rayonu, Türkan qəsəbəsində 600 kv. metr torpaq sahəsi 468 saylı bağ evinin tikintisi üçün İddiaçı ayrılmışdır. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı nümayəndəsi X4 ünvanlanmış 12.07.2019-cu il tarixli **********05 saylı məktubda qeyd olunmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında müraciətçinin adı aşkar olunmamışdır. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, DƏDRX 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş **********08 №li 19 mart 2021-ci il tarixli məktubda göstərilmişdir ki, bağ sahəsinin qeydiyyata alınması ilə bağlı müraciətinə **********05 nömrəli 12.07.2019-ci il tarixli məktubla cavab verilmiş və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; - DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 03.09.2021-ci il tarixli **********60 saylı məktubda qeyd edilmişdir ki, İddiaçı adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Məhsul” bağçılıq-yoldaşlığının 22.10.1991-ci il tarixli 27 saylı protokolu ilə verilmiş Türkan qəsəbəsi, 600 kv. metr sahəsi olan 468 saylı bağ sahəsinə dair 07.12.2007-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi idarənin arxivində mövcuddur. Həmin plan ölçünün verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədi (22.10.1991-ci il tarixli 27 saylı protokol və üzvlük kitabçası) İdarənin arxivində aşkar edilməmişdir. Qeyd olunan məktuba eyni zamanda “Məhsul” bağçılıq-yoldaşlığının üzvlərinin siyahısı və 07.12.2007-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surəti əlavə olunmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 20.09.2021-ci il tarixli **********03 saylı məktubuna əlavə olunmuş aşağıdakı sənədlərdən: Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi və Həmkarlar Komitəsinin 22.10.1991-ci il tarixli protokola 27 nömrəli əlavədən müəyyən olunur ki, “Məhsul” bağçılıq yoldaşlığının üzvülüyünə qəbul olunmuş işçilər sırasında İddiaçı adı qeyd olunmuşdur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi və Həmkarlar Komitəsinin birgə iclasının 22 oktyabr 1991-ci il tarixdə keçirilmiş iclasa dair 27 nömrəli protokoldan çıxarışdan müəyyən olunur ki, “Məhsul” bağçılıq yoldaşlığının sədri M.Seyidov yoldaş məlumat verərək, qeyd etmişdir ki, üzvlərin çoxu üzvülük haqqı vemir, ayrılmış bağ sahəsini 4 ildir istifadəsiz saxlayır. Halbuki, nizamanaməyə əsasən iki ilin müddətində istifadə etməlidir. Üzvlərin çoxuna dövlət sudası da verilib, sahəyə yol, işıq, su çəkilib, radio qovşağı işə salınıb. Təklif edilib ki, torpağı uzun müddət istifadəsiz saxlayan üzvləri üzvülükdən azad edib, istifadə etmək istəyən Nazirliyin aparatında və təşkilatlarında işləyən fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. İclasda qərara alınmışdır: İ nömrəli əlavədə qeyd olunan Nazirliyin işçiləri “Məhsul” bağçılıq yoldaşlığının üzvlüyünə qəbul edilsinlər. Uzun müddət ayrılmış torpağı istifadəsiz saxlayan və üzvlük haqqını ödəməyən, 2 nömrəli əlavəyə qeyd edilən yoldaşlar “Məhsul” bağçılıq yoldaşlığının üzvlüyündən azad edilsinlər. “Məhsul” bağçılıq yoldaşlığının sədri M.Seyidova tapşırılsın ki, təzə üzvlüyə qəbul edilən işçilərə bağ sahəsi üzvlükdən azad edilənlərin boşalmış sahələrindən ayırsın. Qərara əlavə olunmuş siyahıda (“Məhsul” bağçılıq yoldaşlığının üzvlüyünə qəbul olunan işçilərin) İddiaçı adı qeyd olunmuş və sonuncunun adına Abşeron rayonu,Türkan üzümçülük sovxozunun ərazisində 59-cu sırada 600 kv. metrdən ibarət 468 №li bağ sahəsinin ayrılmasına dair üzvlük kitabçası verilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.5-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələrindəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.10.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat"ın 7.2-ci bəndində deyilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən və İddiaçı faktiki istifadəsində, sahəsi 600 kv. metr olan 468 saylı Bağ sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüququ Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmaqla, Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6101/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6101/2021
07.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver