Məhkəmə qərarları › İş №2-1(112)-6102/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6102/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6102/2022 29.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirir ki, Bakı ŞİH tərəfindən iddiaçının mərhum anası X4 adına verilmiş 30 oktyabr 1972-ci il tarixli 026208 nömrəli mənzil dəyişmə orderi əsasında ünvan 1 ünvanında yerləşən mənzil adıçəkilən şəxsin mülkiyyətinə keçmişdir. Həmin 30 oktyabr 1972-ci il tarixli 026208 nömrəli evdəyişmə orderinin surətini ərizəyə əlavə edilir. X6 26 dekabr 2009-cu il tarixdə vəfat etmişdir. Bu faktı təsdiq edən AZ-İ 397620 nömrəli ölüm haqqında şəhadətnamə var. İddiaçı mərhum anasının vərəsəsi və ondan qalan miras əmlaka dair vərəsə kimi tanınmışdır. Qeyd olunan fakt Bakı şəhəri 14 nömrəli notariat ofisinin cavabdehə ünvanlanmış 7 yanvar 2021-ci il tarixli məktubu ilə təsdiq olunur. İddiaçı 30 oktyabr 1972-ci il tarixli 026208 nömrəli mənzil dəyişmə orderi əsasında X4 mülkiyyətinə keçmiş həmin mənzildə 1972-ci il tarixindən etibarən yaşayır. Qeyd olunan mənzil barəsində mülkiyyət hüquqlarını, o cümlədən, sərəncamvermə hüququnu həyata keçirməsi üçün mənzilə dair dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın ona verilməsi böyük əhəmiyyət daşıyır. Odur ki, iddiaçı həmin daşınmaz əmlakla bağlı reyestrdən çıxarışı əldə etmək üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Müraciətə cavab məktubunda daşınmaz əmlakın dövlət reyestrinə alınmasının mümkünsüzlüyü ifadə edilmişdir. İddiaçı hesab edir ki, bu imtina hüquqa ziddir. Belə ki, onun həmin əmlak üzərində hüquqlarını təsdiqləyən kifayət qədər sübut və sənədlər vardır. Bu imtina ilə bağlı olaraq hazırda o, hüquqlarının bərpa edilməsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətindədir Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 9, 14-cü maddələrinə, İPM-in 12-ci maddəsinə, «İnzibati icraat haqqında» Qanunun 19, 24-cü maddələrinə əsaslanaraq, məhkəmədən 30 oktyabr 1972-ci il tarixli. 026208 nömrəli mənzildəyişmə orderi əsasında X5 verilmiş ünvan 3 ünvanında yerləşən mənzilə dair X4 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təsdiq edən reyestrdən çıxarışın və texniki pasportun iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə ünvanlanmış 26 aprel 2022-ci il tarixli məktubunda iddia ilə bağlı aşağıdakıları bildirir: - İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə bağlı 26 noyabr 2021-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, mərhumun vərəsələrindən birinin qeyd olunan mənzilə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə uyğun hüquq müəyyənedici sənədlərin əsilləri ilə “ASAN Xidmət” Mərkəzlərinə müraciət edilməsi məqsədəuyğundur. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və vətəndaşa **********31 saylı 14 dekabr 2021-ci il tarixli məktub ünvanlanmışdır. Müvafiq daşınmaz əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, mənzilin faktiki ölçüsü 46,13 kv.m-dir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. ««Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. «Mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2019-cu il tarixli, 479 nömrəli Fərmanının 5-ci bəndində Bakı şəhərində, habelə “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycan Respublikasının digər inzibati ərazi vahidlərində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi xidmətləri yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirilməlidir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göstərilənlərə və İPM-in 35.1, 48.2-ci maddələrinə əsaslanaraq, məhkəmədən iddianın mümkün sayılmaması xahiş edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» 17 yanvar 2019-cu il tarixli 479 nömrəli Fərmanının 5-ci hissəsi ilə qərara alınmışdır ki, Bakı şəhərində, habelə “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycan Respublikasının digər inzibati ərazi vahidlərində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətləri (“DOST” mərkəzlərində əmək pensiyalarının təyin edilməsi istisna olmaqla) yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirilsin. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında» 706 nömrəli 5 sentyabr 2012-ci il tarixli Fərmanının 5-ci hissəsi ilə “ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən aşağıdakı xidmətlərin həyata keçirilməsi təmin edilsin: (5.7) daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı: (5.7.1) mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, (5.7.2) daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, (5.7.3) fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, (5.7.4) torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2019-cu il tarixli 479 nömrəli Fərmanı qəbul edildikdən sonra, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi ilə bağlı xidmətlərin yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi nəzərdə tutulur. Lakin nəzərə alınmalıdır ki, iddia ərizəsindən və iş materiallarından iddiaçının məhkəmədə hazırkı iddianı qaldırmamışdan əvvəl müvafiq ərazi üzrə “ASAN Xidmət” mərkəzinə müraciət etdiyi müəyyən olunmur. Məhkəmə belə nəticəyə gəlir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi (hazırkı cavabdeh həmin qurumun bazasında yaradılmışdır) vətəndaşların mənzil üzərində hüquqlarının qeydiyyatı ilə bağlı müraciətlərini birbaşa qəbul etməklə onlara baxılmasında səlahiyyətli olmadığından, tərəflər arasında mübahisə mövcud sayılmır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanlanmış 14 dekabr 2021-ci il tarixli məktubu imtina qismində qəbul edilə bilməz. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə və İPM-in 23, 35-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar