Məhkəmə qərarları › İş №2-1(112)-6102/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6102/2023

19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6102/2023 19.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, iddiaçının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi, Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və doğum haqqında şəhadətnaməsi əsasında onun (xx.xx.1978-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuş, doğum faktı Bakı şəhəri Lenin rayonu (indiki Sabunçu rayonu) Nardaran soveti tərəfindən xx.xx.1978-ci il tarixdə 245 nömrəli akt qeydi əsasında qeydə alınmış və xx.xx.1978-ci il tarixdə Xİ11-JQ (TKT) seriyalı, 284832 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmiş İddiaçı) doğumu haqqında akt qeydinin soyadı: Babayev, adını: Rauf, ata adı: Rasim oğlu, doğum tarixi: xx.xx.1978, doğum yeri: Azərbaycan Respublikasının Bakı şəhəri; atanın tam adı: X5, atanın milliyyəti: azərbaycanlı; ananın tam adı: X4, ananın milliyyəti: azərbaycanlı qeyd edilməklə bərpa edilməsi vəzifəsinin və ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ondan şəxsiyyət vəsiqəsi tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında xx.xx.1978-ci il tarixdə Bakı səhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən 464 nömrə ilə qeydə alınmış doğum haqqında akt qeydinə əsasən iddiaçıya - xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı - doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Tələbin dəqiqləşdirilməsinə dair ərizə belə əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi, Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və doğum haqqında şəhadətnaməsi əsasında doğumu haqqında akt qeydinin bərpa edilməsi və ona doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin inzibati iş hazırda məhkəmənin icraatındadır. Bildirilir ki, məhkəmənin iddiaçının şəxsi işində olan sənədlərin surətlərinin əldə edilməsi məqsədilə “Sağlamlıq imkanları məhdud valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbi”nə verdiyi sorğuya cavab olaraq internat məktəbi tərəfindən təqdim olunmuş doğum haqqında şəhadətnamənin surəti ilə tanış olduqda iddiaçıya məlum olmuşdur ki, həmin sənəd hazırda onda olan doğum haqqında şəhadətnamənin surəti deyil. Belə ki, hazırda iddiaçıda olan doğum haqqında şəhadətnamədən fərqli olaraq məhkəmənin sorğusuna cavab olaraq internat məktəbi tərəfindən təqdim olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, doğumu Bakı şəhəri Lenin rayon (indiki Sabunçu rayonu) VVAQ şöbəsi tərəfindən xx.xx.1978-ci il tarixdə 464 nömrəli aktla qeydə alınmışdır və buna müvafiq olaraq o, VOKT (JO) seriyalı, 423857 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Bundan başqa, həmin doğum haqqında şəhadətnamədə iddiaçının doğum tarixi “xx.xx.1978” deyil, “xx.xx.1978” kimi, anasının soyadı “Məmmədova” deyil, “Mahmədova” kimi qeyd edilmişdir. İddiaçı qeyd edir ki, məhkəmənin sorğusu əsasında internat məktəbi tərəfindən məhkəməyə surəti təqdim olunmuş V-/K1 (JQ) seriyalı, 423857 nömrəli doğum haqqında şəhadətnamənin əslinin hansı şəraitdə yoxa çıxması barədə məlumatı yoxdur. Hətta bu vaxta qədər o belə bir sənədin mövcudluğundan xəbərsiz olmuşdur. Doğumunun qeydiyyatı barədə yeni məlumatlar aşkar edildiyindən iddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdehnə ərizə ilə müraciət edərək ondan şəxsiyyət vəsiqəsi tələb edilmədən BMT QAK tərəfindən verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında xx.xx.1978-ci il tarixdə Bakı səhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən 464 nömrə ilə qeydə alınmış doğumu haqqında akt qeydinə əsasən onu doğum haqqında təkrar şəhadətnamə ilə təmin etmələrini xahiş etmişdir. Şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15-883/2023 saylı cavab məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh öz cavabında qeyd edib ki, şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən şəxsiyyətinin müəyyən olunması və doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin Sabunçu rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra iddiaçını müvafiq şəhadətnamə ilə təmin edəcəklər. Onun doğumunun qeydiyyatı barədə Cavabdehndə xx.xx.1978-ci il tarixli 464 nömrəli akt qeydi saxlanıldığından hazırkı iddia əhəmiyyətini itirmiş olur, bu səbəbdən də iddia tələbinin dəyişdirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni müdafiə etdi və onun məzmununa uyğun izahat verərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlıdır. İddiaçı qeyd olunan tələbi ilə bağlı qeydiyyat şöbəsinə müraciət etmiş, sonuncu tərəfindən arzuladığı faktiki xarakterli hərəkətlər həyata keçirilmədikdən sonra, seçdiyi yer üzrə Cavabdehnə qarşı iddia qaldırmışdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sabunçu rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı müraciətinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 9.7 bəndinə əsasən, “Yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığı götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə, təkrar şəhadətnamələr verilə bilər”. İddiaçının yetkinlik yaşına çatması səbəbindən və şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün deyildir. -Bakı şəhəri Lenin rayon VVAQ şöbəsi tərəfindən verilmiş iddiaçıya məxsus xx.xx.1978-ci il tarixli, 423857 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə Bakı şəhəri, Lenin rayonunda doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1978-ci il tarixdə, 464 nömrə ilə qeyd aparılmışdır. -Cavabdeh tərəfindən İddiaçı xx.xx.1978-ci il tarixli, 464 №-li doğum akt qeydinin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Həmin akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə Bakı şəhəri, Lenin rayonunda doğulmuşdur. X1, anası X2r. -Sağlamlıq imkanları məhdud valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbi tərəfinən xx.xx.2023-cü il tarixdə verilmiş sorğuya cavab məktubundan görünür ki, iddiaçı xx.xx.1988-ci il tarixli 1 nömrəli əmrlə 1 nömrəli Yardımçı internat məktəbin 2-ci sinfinə daxil olmuş, xx.xx.1993-cü il tarixli 123 nömrəli əmrlə valideyn himayəsində olduğu və uzun müddət dərsdən yayındığı üçün 7ci sinifdə məktəbdən xaric edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, iddiaçı barəsində Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində məlumat yoxdur. İddiaçı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməmişdir. -Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. -Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 9xx-xx-00130 nömrəli Himayə Sənədininin surətindən görünür ki, sənəd xx.xx.1978-ci il tarixdə anadan olmuş İddiaçı verilmişdir. Bu sənədi daşıyan şəxs BMT QAK-ın mandatı altında olan şəxsdir. Sənəd xx.xx.2024-cü il tarixədək etibarlıdır. Himayə sənədində “mühüm qeyd” kimi 3 məsələ göstərilmişdir: -BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi hökümət orqanlarından adı çəkilən şəxsin Azərbaycan Respublikası ərazisində qalmasına şərait yaradılmasını və məcburi geri qaytarılmasının qarşısının alınmasını xahiş edir. -Bu sənəd səfər üçün istifadə oluna bilməz -Bu sənədin surəti Daxili İşlər Nazirliyinə, Xarici İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə göndərilir. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək ünvan 1 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. İşin faktiki hallarından görünür ki, xx.xx.1978-ci il təvəllüdlü iddiaçının doğum haqqında akt qeydi mövcuddur. İddiaçı hazıradək şəxsiyyət vəsiqəsi ilə təmin edilməmişdir. İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı müvafiq ərizə ilə Sabunçu rayon Qeydiyat Şöbəsinə müraciət etmiş, sonuncu 13 iyun 2023-cü il tarixli məktubla iddiaçının yetkinlik yaşına çatması səbəbindən və şəxsiyyəti təsdiq edən sənəd olmadığı əsası ilə ərizənin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Belə ki, hazırkı tələbin hüquqi əsasını «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununu və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları" təşkil edir. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin ərizəsi, doğum şəhadətnaməsi, 16 yaşına çatmış vətəndaşın fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında, yaşadığı yerin müvafiq dövlət orqanları tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci 10 gün keçənədək verilir. İstinad olunan Qaydaların: - 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. 9.2. Təkrar şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər tərəfindən seçdiyi qeydiyyat şöbəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə və ya akt qeydinin olduğu konsulluq idarəsinə müraciət olunur. 9.3-cü bəndinə əsasən təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. -9.7-ci bəndinə əsasən, (...) 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. -9.8-ci bəndinə əsasən qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Təkrar şəhadətnamələrin göndərilməsi barədə vətəndaşların sorğuları 7 gün müddətində icra olunur. Başqa şəhərlərdən tələb edilən təkrar şəhadətnamələr ərizəçinin yaşadığı yerin qeydiyyat şöbəsinə və konsulluq idarəsinə göndərilir. Məhkəmə qeyd edir ki, cavabdehin istinad etdiyi norma qeyd edilən Qaydanın 9.7-ci bəndində göstərilənlərlə bağlı olsa da, həmin normada 16 yaşına çatmış şəxslərə aid doğum haqqında təkrar şəhadətnamələrinin həmin şəhadətnamənin aid olduğu şəxsə verilməsi qadağan edilməmişdir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan - Cavabdeh iddiaçının “şəxsiyyət vəsiqəsi”nin təqdim olunmamasını əsas gətirsə də, doğum haqqında şəhadətnamə olmadan şəxsiyyət vəsiqəsinin verilməsinin mümkün olmadığını nəzərə almamışdır. Belə olan halda, bir tərəfdən şəxsiyyət vəqəsinin verilməsi üçün doğum şəhadətnaməsinin təqdim edilməli, digər tərəfdən doğum haqqında şəhadətnamə alınması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir, başqa bir tərəfdən də hər hansı şəxsin iddiaçını təmsil etmələri üçün (onun 18 yaşı tamam olmuşdur) etibarnamə də şəxsiyyət vəsiqəsi əsasında alınır. Məhkəmə həmçinin qeyd edir ki, oxşar mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin sərgilədiyi hüquqi mövqeyə görə, “şəxsiyyətini təsdiq edən sənədlər” yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirilməsinə imkan verən hər hansı digər rəsmi sənədi ehtiva edir. Bu mənada BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən şəxsə verilmiş himayə sənədi onun şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edilə bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının doğumu barədə 464 nömrəli akt qeydi mövcuddur və Cavabdeh həmin akt qeydinin surətini məhkəməyə müvafiq sorğu əsasında təqdim etmişdir. Yəni doğum akt qeydinin olması işin mübahisəli hallarına aid deyil. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Məhkəmə bu mövqedən çıxış edərək hesab edir ki, hazırkı iddia təmin edilməli və iddiaçıya 23 may 1978-ci il tarixdə Sabunçu rayon Qeydiyyat Şöbəsində aparılmış 464 №li doğum akt qeydi əsasında təkrar doğum haqqında şəhadətnamə verilməsi öhdəliyi Cavabdehnə həvalə edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 23 may 1978-ci il tarixdə Sabunçu rayon Qeydiyyat Şöbəsində aparılmış 464 №-li doğum akt qeydi əsasında təkrar doğum haqqında şəhadətnamə verilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar