Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6102/2024 29.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “nəqliyyat vasitəsinin qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə “nəqliyyat vasitəsinin qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 29 iyul 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı ölkə xaricindən Azərbaycan Respublikasına iki ədəd - “DAF FARX 105.460T YÜK” markalı OK751TR23 qeydiyyat nişanlı və “DAF XF YÜK” markalı, 0632CA nömrə nişanlı nəqliyyat vasitəsi gətirmişdir. İddiaçı hər iki nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə müraciət etmidir Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtina məktubunda bildirmişdir ki, “...qeyd olunan nəqliyyat vasitələrinin şassi nömrəsinin qeyri-zavod üsulu ilə vurulması səbəbindən xahişinizin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş X1 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnuzun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq Qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər”. İddia tələbi, iddianın əsaslandırılması, cavabdehin etirazı və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “DAF XF YÜK” markalı, sement daşıyan çən tipli, 0632CA nömrə nişanlı, XLRAS47MS0E793547 şassi nömrəli, mavi rəngli, 2007-ci il buraxılışlı və “DAF FARXF 105.460T YÜK” markalı OK751TR23 qeydiyyat nişanlı, sement daşıyan çən tipli, XLRAS47MS0E806491 şassi nömrəli, mavi rəngli, 2008-ci il buraxılışlı nəqliyyat vasitələrinin İddiaçı MMC-nin adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, avtomobillər “ALF TRANSPORT" MMC-nin əməkdaşları tərəfindən etibarnamə əsasında Almaniyadan alınmışdır. Avtomobillər xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasında gömrük qeydiyyatından keçmişdir. Bundan sonra sənədləşmə aparılması və dövlət nişanı verilməsi üçün avtomobil xx.xx.2023-cü il tarixdə BDYPİ-yə təqdim edilmişdir. Orada avtomobillərə baxış keçirilərək avtomobillərin şassi nömrəsinin qeyri-zavod üsulu ilə vurulması bildirilib qeydiyyat hərəkətləri aparılmamışdır. Avtomobillər bu vəziyyətdə bir neçə Avropa ölkəsinin ərazisindən keçmiş, hər bir ölkə ərazisində müvafiq yoxlamalara məruz qalmışdır. Avtomobillərin özündə və sənədlərində hər hansı bir qüsur olmadığı üçün hərəkətinə icazə verilmişdir. Avtomobillərin qeydiyyata alinması üçün bütün lazımlı sənədləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə təqdim edilmişdir. Cavabdehin mövqeyi qanunsuz və əsasızdır. Çünki əgər şassi nömrəsi həqiqətən qeyri-zavod üsulu ilə vurulduğu aşkarlansaydı, bir neçə Avropa ölkələrinin ərazisindən keçmiş olmazdı. Bundan əlavə cavabdeh orqan tərəfindən qeyd edilir ki, avtomobillərin şassi nömrəsi qeyri-zavod üsulla vurulmuşdur, lakin bu faktı sübut edən hər hansı bir fakt təqdim edilmir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaya münasibət məhkəməyə təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırkı mübahisə İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən avtomobil üzərində müvafiq qeydiyyat hərəkətlərinin aparılması ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçı ölkə xaricindən Azərbaycan Respublikasına iki ədəd avtonəqliyyat vasitəi gətirmiş və həmin avtombillərin qeydiyyata alınması üçün cavabdehə təqdim etmişdir. Cavabdeh avtonəqliyyat vasitələrinin şassi nömrəsinin qeyri-zavod üsulu ilə vurulmasını əsas gətirərək qeydiyyat hərəkətlərinin aparılmasından imtina etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən BYPİ-nin Qİİ-nin rəis müavini polis polkovnik-leytenantına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 26 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat Şöbəsinə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə müraciət edilərək ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı MMC-nin adma sənədləşdirilmiş «DAF FARXF 105.460T» yük markalı, sement daşıyan çən tipli, XLRAS47MS0E806491 şassi nömrəli, mavi rəngli, 2008-ci il buraxılışlı avtomobilin şassisi nömrəsinin qeyri-zavod üsulu ilə vurulması ilə bağlı olaraq araşdırma aparılması xahiş edilmişdir. Daxil olmuş material üzrə araşdırma mənə həvalə edilmiş və material üzrə tərəfimdən araşdırma aparılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən verilmiş 06 noyabr 2023-cü il tarixli 23/412 nömrəli tədqiqat haqqında arayışından görünür ki, «DAF FAR FX105.460T» yük markalı, üzərində nömrə nişanları olmayan avtomobilin şassi nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş şassi nömrəsində olan «*XLRAS47MS0E806491 *» hərf və rəqəmlər qeyri-zavod üsulu ilə həkk edilmiş hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin zavod lövhəsi (birka) üzərində avtomobilin şassi nömrəsini «XLRAS47MS0E806491» və mühərrik nömrəsini «M-62998» göstərən hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş «-M-49327-» hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Lakin avtomobilin zavod lövhəsi üzərində mühərrik nömrəsini göstərən «M- 62998» hərf və rəqəmləri, mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissədə isə «-M- 49327-» rəqəmləri həkk edilmişdir. Avtomobilə baxış zamanı avtomobilin şassi nömrəsinə müdaxilə edilməsi və qeyri-zavod üsulu ilə vurulması, həmçinin avtomobilin üzərində olan mühərrikin avtomobilin zavod lövhəciyi üzərində göstərilən mühərrik olmadığı müəyyən edilmişdir. Qəbul edilmiş standartlara əsasən avtomobilin növündən asılı olaraq ban və şassi nömrələri üzrə göstəricilər 17 simvol olmaqla hərf və ya rəqəm əsasında müəyyən edilir. Hansı ki, həmin 17 simvolun içərisində avtomobilin istehsalçı ölkəsi, avtomobilin istehsal edildiyi zavod, istehsal ili, mühərrikin variantı, avtomobilin növü, sükan çarxının yeri, ötürücünün növü barədə və istehsal üzrə digər məlumatlar hərf və ya rəqəm şəklində stasionar olaraq avtomobilin banı və ya şassisi üzərinə zavod üsulu ilə həkk edilməklə yerləşdirilir. Bu qəbul olunmuş 17 simvol üzrə göstəricilər və ya həmin göstəricilərdən hər hansı biri yerində olmadığı və ya dəyişdirildiyi halda qəbul olunmuş standartlar üzrə göstərici norması pozulmuş olur ki. bu halda avtomobilin əsas stasionar göstəricisi üzrə qeydi yəni ban və ya şassi nömrəsi üzrə göstəricilər qüsurlu olur. Hansı ki qeyd edilən 17 göstərici üzrə zavod göstəricisindən fərqli bir simvol daxil edilməsi həmin avtomobildə hər hansı bir qurğu və ya avadanlıq üzrə göstəricinin fərqli olmasına dəlalət edir. Nəqliyyat vasitəsinin qeydiyyata alınması, qeydiyyatdan çıxarılması və təkrar qeydiyyat hərəkətlərinin aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən həyata keçirilir. Avtomobildə ban və ya şassi nömrəsi stasionar olmaqla vurulur ki, bu da digər izlənilən detalların eyniləşdirilməsində, həmçinin qaçırılmış və ya oğurlanmış avtomobillərin aşkar edilməsində əsas rol oynayır. Odur ki, bu hal nəzərə alınmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin: İ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin , yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: 1.2-ci bəndinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət. qeydiyyatından keçirməlidirlər. 1.5-ci bəndinə əsasən, nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. 1.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin XİV hissəsinə əsasən, təqdim edilən sənədlərdə, dövlət qeydiyyat nişanlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır. Qeyd edilən normaların tələblərinin işin faktiki hallarına tətbiqi nəticəsində müəyyən olunur ki, cavabdeh orqan iddiaçının təqdim etdiyi avtomobilin qeydiyyata alınmasından imtinaya əsas kimi nəqliyyat vasitəsinin ban nömrəsinin qeyri-zavod üsulu olmasını əsas gətirmişdir. Cavabdehin imtinasının əsaslılığının yoxlanılması üçün məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-trasoloji ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 03 iyun 2024-cü il tarixli 3-16-16/2-3/741 nömrəli ekspert rəyində bildirilmişdir ki, təqdim edilmiş “DAF-XF Yük” markalı, sement daşıyan çən tipli, 0632CA qeydiyyat nişanlı avtomobilin “XLRAS47MS0E793547” şassi nömrəsini bildirən hərf və rəqəmlər zavod üsulu ilə həkk olunmuş birka isə zavod üsulu ilə bərkidilmişdir. Təqdim edilmiş “DAF-FARXF 105.460T Yük” markalı, OK751TR23 qeydiyyat nişanlı avtomobilin “XLRAS47MS0E806491” şassi nömrəsini bildirən hərf və rəqəmlər zavod üsulu ilə həkk olunmuş birka isə zavod üsulu ilə bərkidilmişdir. Təqdim edilmiş “DAF-XF Yük” markalı, sement daşıyan çən tipli, 0632CA qeydiyyat nişanlı və “DAF-FARXF 105.460T Yük” markalı, OK751TR23 qeydiyyat nişanlı avtomobillərin mühərrik nömrəsi olan sahədə hər hansı bir əlavə düzəlişlər aparılmamışdır. Ekespert rəyindən də göründüyü kiim, cavabdehin imtinasının əsası kimi istinad etdiyi hal, yəni nəqliyyat vasitələrinin şassi nömərlərinin qeyri zavod üsulu ilə vurulması halı ekspert rəyi ilə təkzib edilir. Rəy kifayət qədər əsaslandırılmış və rəyin mötəbərliliyinə şübhə doğuracaq hallar müəyyən edilməmişdir. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə görə, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göründüyü kimi, cavabdeh orqan tərəfindən iddiaçının adına qeydə alınmış nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılmasına əsassız olaraq məhdudiyyət qoyulmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. “DAF XF YÜK” markalı, sement daşıyan çən tipli, 0632CA nömrə nişanlı, XLRAS47MS0E793547 şassi nömrəli, mavi rəngli, 2007-ci il buraxılışlı və “DAF FARXF 105.460T YÜK” markalı OK751TR23 qeydiyyat nişanlı, sement daşıyan çən tipli, XLRAS47MS0E806491 şassi nömrəli, mavi rəngli, 2008-ci il buraxılışlı nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-6102/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6102/2024
29.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver