Məhkəmə qərarları › İş №2-1(112)-6104/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6104/2025

06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6104/2025 06.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 06 mart 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1960-cı il təvəllüdlüdür. İddiaçı xx.xx.1978-xx.xx.1980-ci illərdə Sovet ordusu sıralarında xidmət etmişdir (2 il, 9 ay, 6 gün). xx.xx.1977-xx.xx.1982-ci illərdə Bakı Politexnik Texnikumunda topoqrafiya ixtisası üzrə peşə təhsili almışdır (4 il 6 ay 4 gün); ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1981-xx.xx.1982-ci illərdə V.İ.Lenin adına maşın zavodunda 1 saylı zavodda revolver-tornaçı işləmişdir (5 ay 21 gün); xx.xx.1982-xx.xx.1986-cı illərdə 321 saylı OKE-də texnik-topoqraf kimi sahə işində işləmişdir (3 il, 10 ay, 16 gün); xx.xx.1986-xx.xx.1988-ci illərdə p/i “Bakı kommunal proyekti” 7 saylı PO-da baş mühəndis vəzifəsində işləmişdir (1 il 4 ay, 7 gün); xx.xx.1988-xx.xx.1988-ci illərdə Dorremstoy QPRSU DRSU-5 köçürüldüyü üçün işdən azad edilmişdir (4 ay 11 gün); xx.xx.1988-xx.xx.1990-cı illərdə DEU-27-dən köçürülməklə tikinti ustası vəzifəsində işləmişdir (1 il 6 ay 6 gün); xx.xx.1990-xx.xx.1993-cü illərdə iş icraçısı vəzifəsində işləmişdir (3 il 6 ay 24 gün); xx.xx.1993-xx.xx.1993-cü illərdə Sənaye Tikinti Kompleksi Azərbaycan Dövlət Sənaye Tikinti Kompleksində istehsalat bazasının tikinti sexinin rəis v.i.e vəzifəsində işləmişdir (4 gün); xx.xx.1993-xx.xx.1994-cü illərdə Az. DSTK STK istehsalat bazası kompleks aparatından çıxardığı üçün dülgər sexində rəis işləmişdir (8 ay 27 gün); xx.xx.1994-xx.xx.1997-ci illərdə Bakı İstehsalat müəssisəsində iş icraçısı vəzifəsində işləmişdir (3 il 4 gün); xx.xx.1997-xx.xx.2011-ci illərdə Azərbaycan Respublikası Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinin “Aerogeodeziya və Kadastr” İstehsalat Birliyində (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) mühəndis işləmişdir (xx.xx.2006-cı il tarixədək 8 il 4 ay 19 gün) xx.xx.2011-xx.xx.2018-ci illərdə Geodeziya şöbəsində mühəndis vəzifəsində işləmişdir. xx.xx.2018-xx.xx.2023-cü illərdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Geodeziya şöbəsində çöl işləri üzrə mühəndis vəzifəsində işləmişdir. xx.xx.2023-cü il tarixdən hal-hazıradək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Geodeziya və topoqrafiya şöbəsinə mütəxəssis-topogeodeziya üzrə vəzifəsində işləyir. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “...sizə xx.xx.2021-ci il tarixində Mərkəzi Filial tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnuzun yarandığı xx.xx.2020-ci il tarixindən hesablanmışdır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajınız 12 il 6 aydan az (12 il 3 ay 2 gün (xx.xx.1982-xx.xx.1986-cı il, xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ərizənizdə göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. İddia tələbi, iddiaçının əsaslandırması və cavabdehin etirazları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı, 57 yaşının tamam olduğu – 10 avqust 2017-ci il tarixdən təyin edilməsi və xx.xx.2017-ci il tarixdən məhkəmə qərarı icra olunan vaxtadaək ödənilməli olan əmək pensiyasının məbləğ fərqinin hesablanıb birdəfəlik ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun 1983-2020-ci illər ərzində işəldiyi çöl günləri cədvəllərlə göstərilmiş, həmin çöl günləri cəmi 5036 gün - 165 ay 20 gün - 13 il 9 ay 20 gün hesablanmışdır. Qeyd etdiyi xx.xx.2020-ci il tarixli güzəştli arayış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilməsi üçün verilib. Əmək kitabçasından və güzəştli arayışdan da görünür ki, hələ xx.xx.2006-cı ildədək olan müddətdə onun 13 il 5 ay güzəştli, 25 ildən artıq ümumi iş stajı mövcuddur ki, ona 57 yaşının tamam olduğu 10 avqust 2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməli idi. Lakin ona yanlış olaraq, 60 yaşı tamam olandan sonra 2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin olunub. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 57 yaşının tamam olması səbəbıylə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir Qeyd edilən normaların məzmunundan görünür ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçun aşağıdakı 3 şərt ödənilməlidir: İddiaçının 01 07.2017-ci ilə qədər 57 yaşının tamam olması; İddiaçının xx.xx.2017-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; İddiaçının 01 07.2017-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 13 il 8 ay 27 gün (xx.xx.1978xx.xx.1980-cı il, xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1986-cı il, xx.xx.1986xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1994-cü il, xx.xx.1994xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) güzəştli iş stajı isə 12 il 6 aydan az (12 il 3 ay 2 gün (xx.xx.1982-xx.xx.1986-cı il, xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göründüyü kimi iddiaçının 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə tələb olunan güzəştli və ümumi iş stajı mövcud olmadığından cavabdehin imtinası əsaslı və qanuni olmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh sonuncu dəfə iddiaçının müraciətini təmin etməkdən xx.xx.2024-cü il tarixli məktubla imtina etmiş, lakin iş materiallarından həmin məktubun iddiaçıya hansı vaxtda təqdim edilməsi barədə məlumat yoxdur. Ona görə də, iddia tələbi qanunla müəyyən edilmiş müddətdə verilmiş hesab edilir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçının cavabdehə müraciət etdiyi vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi stajı 25 ildən; - güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı barədə İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçı xx.xx.1960-cı ildə doğulmuş, onun 57 yaşı xx.xx.2017-ci il tarixdə tamam olmuşdur. İddiaçının hərbi xidmət dövrü və təhsil illəri də nəzərə alınmaqla ümumi iş stajı 25 ildən çoxdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən iddiaçının xx.xx.1982-xx.xx.1986-cı il, xx.xx.1997-xx.xx.2005-ci il tarixlərdə işlədiyi dövləri arxiv arayışına əsasən yalnız çöl işlərində işlədiyi günləri nəzərə almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1.3-cü yarımbəndində (Geologiya kəşfiyyat işləri (yerüstü)), ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin son abzasında, Geologiya kəşfiyyat işləri (yerüstü) - ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər güzəştli siyahıda təsbit edilmişdir. Göründüyü kimi iddiaçının həmin işlərdə işləməsi onun əmək kitabçasına və arxiv arayışlarına əsasən müəyyən edilir. Qeyd edilən işlərin güzəştli olması isə, Nazirlər Kabinetinin qərarlarında təsbit edilmişdir. Burada məhkəmə xüsusi olaraq qeyd edir ki, adıçəkilən qərarda sözügedən məsələ ilə bağlı “gün” anlayışının tətbiq edilməsi ümumiyyətlə nəzərdə tutulmamışdır. Qanunverici güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısını təsdiq etməklə kifayətlənmiş və işçinin həmin fəaliyyət sahəsi üzrə məşğul olan şəxs kimi çalışdığı ümumi dövrü nəzərə alır. Həmin dövr də xx.xx.1982-xx.xx.1986-cı il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrü əhatə etməklə 13 il təşkil edir. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-204/2025 nömrəli iş üzrə, xx.xx.2025-ci il tarixli qərardadına məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-499/2023 nömrəli; 2-1(102)-1461/2024 nömrəli qərarları; 2-1(102)-2357/2024 nömrəli qərardadı) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 1.3-cü “Geologiya kəşfiyyat işləri (yerüstü)” bəndində “ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər” güzəştli şərtlərlə pensiya hüququ verən peşələr kimi göstərilsə də, həmin işlərin saatlarla ölçülməsinə dair hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Sözügedən Siyahıda yalnız çöl geoloji kəşfiyyatda çalışma tələbi mövcuddur, bu işin konkret olaraq hansı gün ərzində icra edilməsinə dair şərt göstərilməmişdir (Siyahıda bəzi işlər üzrə tam iş günü və ya müəyyən saat çalışmaq tələbi mövcud olsa da, həmin işə münasibətdə nəzərdə tutulmamışdır). Belə olan halda iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 6 ayını əmək şəraiti zərərli və ağır olan işlər) və yaş (57 yaş). Buna görə də məhkəmə hesab edir ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla və 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. Beləliklə, məhkəmə işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli) iş stajı mövcuddur. Deməli, iddiaçı qanunvericiliklə tələb olunan bütün tələbləri ödəyir. Məhkəmə pensiyanın təyin edilmə və ödənilmə tarixi ilə bağlı qeyd edir ki, Əmək Pensiyaları haqqında Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə iddia tələbinin pensiya məbləğinin birdəfəlik ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən yaranıb. Lakin iddiaçı ona əmək pensiyasının 57 yaşdan təyin edilməsi ilə bağlı cavabdehə müraciəti xx.xx.2024-cü il tarixdə olmuşdur. Ona görə də, Qanunun 32.1-1-ci maddəsinin tələbinə əsasən iddiaçıya cavabdeh orqana müraciət etdiyi tarixdən əvvəlki üç il nəzərə alınmaqla xx.xx.2021-ci il tarixdən pensiya ödənilməli, iddia tələbi pensiya məbləğinin birdəfəlik ödənilməsi hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya fərqinin xx.xx.2024-ci il tarixdən hesablanıb aylıq pensiya ödənişlərinə əlavə edilməklə ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia 57 yaşdan təyin edilmiş pensiyanın xx.xx.2017-ci il tarixdən və birdəfəlik ödənilməsi hissələrində rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar