Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6105/2024 02.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinin yerləşmə sxeminin və arxiv arayışının verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddianın həcminin artırılması barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, Əzizbəyov rayon (hazırda Xəzər) Qala Bələdiyyəsinin 22 dekabr 2005-ci il tarixli, 130 nömrəli Sərəncamı ilə ona Qala qəsəbəsində ev tikmək üçün 400 kv.metr torpaq sahəsinə dair yerləşmə sxeminin (cizginin, xəritədən çıxarışın) və arxiv arayışının verilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Əzizbəyov rayon (hazırda Xəzər) Qala Bələdiyyəsinin 22 dekabr 2005-ci il tarixli, 130 nömrəli Sərəncamı ilə ona Qala qəsəbəsində ev tikmək üçün 400 kv.metr torpaq sahəsi ayrılmışdır. Elə həmin tarixdə də onunla Qala Bələdiyyəsi arasında “Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsi” bağlanmış və həmin tarixdə də onun tərəfindən beş milyon iki yüz səksən min manat Qala Bələdiyyəsinin hesabına pul keçirilmişdir. Torpaq sahəsi ayrılandan onun və ailəsinin daimi istifadəsindədir. Sərəncam verilərkən torpağın yerləşmə sxemi təqdim edilmədiyindən hazırda torpaq sahəsinin dövlət qeydiyyatına alınmasına çətinlik yaranmışdır. Bununla əlaqədar olaraq cavabdehə rəsmi müraciət etmiş, lakin cavabdeh 11 yanvar 2024-cü il tarixli imtina məktubunda bildirmişdir ki, torpaq sahəsinin ayrılmasına dair qeydiyyat kitabına baxış keçirildi və onun adına hər hansı bir ölçüdə, hər hansı məqsədlə torpaq sahəsinin ayrılmasına dair qeyd aşkar olunmamışdır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı münasibətdə göstərilmişdir ki, Qala bələdiyyəsi üzrə vətəndaşlara torpaq sahəsinin ayrılmasına dair qeydiyyat kitabına baxış keçirilmiş və iddiaçıya Qala qəsəbəsində hər hansı bir ölçüdə və hər hansı bir məqsədlə torpaq sahəsinin ayrılmasına dair qeyd aşkar olunmamışdır. Bundan əlavə vətəndaşlara torpaq sahəsinin ayrılmasına dair sənədlərin arxivinə də baxış keçirilmiş lakin iddiaçının adına Əzizbəyov( Xəzər) rayon Qala bələdiyyə sədrinin 130 saylı 22 dekabr 2005-ci il tarixli sərəncamının arxiv sənədləri aşkar olunmamışdır. Bu barədə iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən ona məlumat verilmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1964-cü ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı tərəfindən surəti iddia ərizəsinə əlavə edilmiş Əzizbəyov rayonu Qala Bələdiyyəsinin sədrinin 130 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamında iddiaçıya Qala qəsəbəsində ev tikmək üçün 400 kv.metr torpaq sahəsinin ayrılması qərara alınmışdır. İddiaçı tərəfindən surəti təqdim edilmiş bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsində iddiaçıya Qala qəsəbəsində ev tikmək üçün 400 kv.metr torpaq sahəsinin satılması göstərilmişdir. Surəti məhkəməyə təqdim edilmiş kassa mədaxil ordrinə əsasən iddiaçı cavabdehin hesabına 5 280 000 manat ödəniş etmişdir. Məhkəmə sorğusuna əsasən cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda Qala Bələdiyyəsi üzrə vətəndaşlara torpaq sahəsinin ayrılması haqqında qeydiyyat kitabında, həmçinin vətəndaşlara torpaq sahəsinin ayrılmasına dair sənədlərin arxivinə baxış keçirilən zaman iddiaçıya torpaq sahəsi ayrılması barədə Əzizbəyov (Xəzər) rayon Qala Bələdiyyəsinin sədrinin 130 saylı, xx.xx.2005-ci il tarixli sərəncamının arxiv sənədinin aşkar olunmadığı bildirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Qala Bələdiyyəsinin 130 saylı, xx.xx.2005-ci il tarixli sərəncamı X1 qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Əzizbəyov rayonu Qala Bələdiyyəsinin arxiv sənədləri, o cümlədən 130 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncam Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri Əzizbəyov rayonu Qala Bələdiyyəsinin sədrinin 130 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçının istifadəsinə ayrılmış Bakı şəhəri Əzizbəyov rayonu Qala qəsəbəsində yerləşən torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aiddir. İddia olunan torpaq sahəsi dövlət mülkiyyətinə aiddir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi mişar daşla hasarlanmış ümumi ərazinin bir hissəsi olmaqla faktiki olaraq 400 kv.metr təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Torpaq sahəsinə dair sənəd təqdim edilməyib. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddia edilən 400 kv.metr torpaq sahəsi **********03 reyestr nömrəsi ilə X2 xüsusi mülkiyyətində olan 265A saylı bağ sahəsinin daxilində yerləşir (üst-üstə düşmə halı mövcuddur). Göstərilən sahə Xaşa-Xuna bağ massivində yerləşir. Həmçinin sahə tamamilə qaz xəttinin mühafizəsindədir. Cavabdeh tərəfindən ididaçıya verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, iddiaçıya torpaq sahəsi ayrılması ilə bağlı qeyd aşkar edilmədiyi üçün ona xəritədən çıxarış və arxiv arayışı verilməsi mümkün deyildir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində istifadəsində olan torpaq sahəsinə dair yerləşmə sxeminin və arxiv arayışının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək bələdiyyələrin səalhiyyətlərinə aiddir (4.0.1). Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur (6.2). İddiaçı ona Əzizbəyov rayonu Qala Bələdiyyəsinin sədrinin 130 nömrəli, xx.xx.2005ci il tarixli sərəncamı ilə yaşayış evi inşa etmək üçün Qala qəsəbəsində 400 kvşmetr torpaq sahəsinin ayrılmasına əsaslanaraq, həmin torpaq sahəsinə dair yerləşmə sxemi verilməsini tələb edir. Qeyd edilən tələbin əsaslılığını müəyyən etmək üçün öncə həmin torpaq sahəsinin həqiqətən və qanuni əsaslarla iddiaçıya ayrılması müəyyən edilməlidir. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərin qanuniliyinin yoxlanması məqsədilə məhkəmə tərəfindən verilmiş sorğularaq əsasən cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda Qala Bələdiyyəsi üzrə vətəndaşlara torpaq sahəsinin ayrılması haqqında qeydiyyat kitabında, həmçinin vətəndaşlara torpaq sahəsinin ayrılmasına dair sənədlərin arxivinə baxış keçirilən zaman iddiaçıya torpaq sahəsi ayrılması sərəncamının arxiv sənədinin aşkar olunmadığı, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubunda Qala Bələdiyyəsinin 130 saylı, xx.xx.2005-ci il tarixli sərəncamının X1 qeydiyyatdan keçmədiyi, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli məktubunda Əzizbəyov rayonu Qala Bələdiyyəsinin arxiv sənədlərinin, o cümlədən 130 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamın Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyi bildirilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı iddiaçının əsaslandığı sənədlərin arxiv nüsxələri aşkar edilməmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29 iyun 2001-ci il tarixli Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 28 oktyabr 2008-ci ilədək qüvvədə olmuş redaksiyasında göstərilmişdir ki, Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Qanuna həmin tarixdə edilmiş dəyişikliyə əsasən 9.1-ci maddə aşağıdakı redaksiyada verilmişdir “Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər”. Göründüyü kimi, iddiaçının yerləşmə sxeminin verilməsini tələb etdiyi torpaq sahəsinin həqiqətən Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu Qala Bələdiyyəsi tərəfindən iddiaçıya qanuni əsaslarla ayrılması iş üzrə tədqiq edilmiş sübutlarla öz təsdqini tapmır. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə cavabdehin imtinası iddiaçının hüquqlarını pozmadığından iddiaçının tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinin yerləşmə sxeminin və arxiv arayışının verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-6105/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6105/2024
02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver