Məhkəmə qərarları › İş №2-1(112)-6106/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6106/2023

08.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6106/2023 08.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 Gülmalı qızı və İddiaçı2 qızının cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası üzrə inzibati işə 8 may 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 124 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci i tarixli, 245 №-li arayışına əsasən İddiaçı2 Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi 1 saylı yataqxananın 50 saylı mənzilində qeydiyyatsız yaşayır. Nəsibov X1 Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, Müşfiqabad qəsəbəsi 1 saylı yataqxana, mənzil 50 ünvanında qeydiyyatsız yaşayır. Həmin evin heç bir sənədi yoxdur. Qaradağ Rayon Polis İdarəsinin ünvanı üzrə qeydiyyata alınmağına köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh müraciətin təmin etməkdən xx.xx.2023-cü il tarixli məktubla imtina etmiş və bildirmişdir ki, “Sizin Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, 1 saylı yataqxana, mənzil 50-də qeydiyyatsız yaşamağınız müəyyən edilmişdir. Odur ki, Sizin Azərbaycan Resppublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 55s nömrəli Sərəncamına müvafiq qaydada yaşayış yeri olmayan şəxs kimi sənədləşdirilərək Qaradağ RPİ-nin yerləşdiyi ünvan üzrə (Lökbatan qəsəbəsi, Mədən küçəsi 1) qeydiyyata alınmağınız məqsədəmüvafiq hesab edilməmişdir. Qəbul zamanı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri ilə nəzərdə tutulmuş şxsin qeydiyyata alınmasına əsas olan hallar Sizə izah edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən, Siz qeydiyyatsız yaşadığınız Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, 1 saylı yataqxana, mənzil 50 ünvanına qeydiyyata alınmaq üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərsiniz.” İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İnzibati Binasına qeydiyyata alınmaları barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar adlarında heç bir əmlak olmadığı üçün Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsininj inzibati binası ünvanında 2022-ci ilin avqust ayına qədər qeydiyyatda olmuşlar. Lakin müəyyən müddət keçdikdən sonra onlara məlum olmuşdur ki, Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinin İnzibati binasından heç bir əsas göstərilmədən qeydiyyatdan çıxarılmışlar. Bununla bağlı caabdehə müraciət etdikdə ərizələrinin təmin edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Yaşayış yeri üzrə qeydiyyata alına bilmədiklərindən bir çox hüquqları pozulur, tibbi müayinədən keçə bilmirlər, İddiaçı2 yaşadığı şəhərdə sürücülük vəsiqəsi almaq üçün imtahan verə bilmir və digər sənəd məsələlərində əziyyət çəkirlər. İddiaçı2 adına həqiqi hərbi xidmətə çağırış vəsiqəsi gəlsə də, şəxsiyyət vəsiqəsi olmadığı üçün hərbi xidmət keçə bilmir. Şəxsiyyət vəsiqəsi almaq üçün qeydiyyat ünvanının olmağı vacib olduğu üçün hələ də şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Cavabdehin etirazları: Cavabdeh 2.03.2023-cü il tarixli məktubla iddia ərizəsinə münasibət bildirmiş, həmin məktubda qeyd etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 istifadəsində olan, lakin hüquqi sənədi olmayan Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, 1 saylı Yataqxananın 50-ci mənzilində faktiki yaşayırlar və bu səbəbdən də onların yaşayış yeri olmayan şəxs kimi sənədləşdirilməsi mümkünsüzdür. Tərəflərin iştirakı və izahatları: Cavabdehin nümayəndəsi məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddia tələbinə etiraz edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edillməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmənin sonuncu iclasında nümayəndəsinin iştirakının təmin etməmiş, iddiaçılar isə məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçıların prosessual fəaliyyət qabiliyyətinə malik olmaları, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçılar iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçılar əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmənin sorğusuna cavab olaraq məhkəməyə təqdim edilmiş İddiaçı1 məxsus fərdi uçot kartoçkasının surtindən görünür ki, ona xx.xx.2013-cü il tarixdə şəxsiyyət vəsiqəsi verilərkən yaşayış yeri Lökbatan qəsəbəsi, S.Orucov küçəsi 1 ünvanı olmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda ünvan 4 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. AZEMİS – elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən İddiaçı2 şəxsiyyət vəsiqəsi deaktiv edilmişdir Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İş üzrə iddia ərizəsinin məzmunundan müəyyən edilir ki, iddiaçılar əvvəllər polis idarəsinin inzibati binasında qeydiyyatda olmuş, sonradan qeydiyyatdan çıxarılaraq şəxsiyyət vəsiqələri deaktiv olmuşdur. Həmçinin iddiaçıların hazırda yaşadıqları ünvan 4 ünvanının heç bir hüquqmüəyənedici sənədi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Sadalanmış maddələrin təhlili nəticəsində müəyyən olunur ki, qanunvericilik şəxsin qeydiyyatının aparılmasını konkret olaraq şərtləndirmişdir ki, bu zaman dəyərləndirmə məhz yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olması və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olması istiqamətində aparılır. Hazırki işin araşdırılmış hallarından məlum olur ki, iddiaçıların qeydiyyatsız yaşadığı ünvanda yerləşən mənzil üzərində onların hər hansı bir hüququ, yəni mülkiyyət, icarə və ya istifadə hüquqları əmələ gəlməmişdir. Bununla da, iddiaçıların “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində nəzərədə tutulmuş “yaşayış sahəsinə köçmək üçün sənəd” əsasında qeydiyyata alınması ilə bağlı şərt aradan qalxmışdır. Göstərilən bütün bu halları nəzərə alaraq iddiaçılar da haqlı olaraq çıxış yolu kimi, aidiyyəti polis orqanının inzibati binasının olduğu ünvan üzrə qeydiyyata alınma ilə bağlı müraciət etmiş, cavabdeh isə əsassız olaraq həmin müraciətin təminindən imtina etmişdir. İşdən göründüyü kimi, cavabdeh iddiaçıların müraciətini təmin etməkdən imtina edərkən iddiaçıların faktiki yaşadıqları ünvanın mövcud olduğunu bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müdəalarının şərh olunması barədə” 31 yanvar 2003-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun, o cümlədən də onun 5-ci maddəsinin mətni, habelə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”ndə vətəndaş haqqında məlumatların sırasında “yaşayış yeri” bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas ola bilməz”. Qeyd olunan Qərarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi hər bir şəxsin öz vətəndaşlıq hüquqlarını həyata keçirilməsi üçün ən zəruri sənəddir. Təsədüfi deyil ki, vətəndaşlığı təsdiq edən digər sənədlərdən fərqli olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi onun sahibi haqqında daha ətraflı məlumatları özündə əks etdirir. Bu məlumatların sənəddə göstərilməsi şəxsiyyət vəsiqəsi sahibinin eyniləşdirilməsinə və digər vətəndaşlardan dəqiq ayrılmasına xidmət edir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini qanunla müəyyən olunmuş qaydada almaq hər bir vətəndaşın hüququ kimi, bu sənədin qanunsuz verilməməsi isə vətəndaşlıq hüququnun və ondan irəli gələn digər konstitusiya hüquqlarının məhdudlaşdırılması kimi qəbul olunmalıdır. Lakin nəzərə alınmalıdır ki, yaşadığı yer üzrə müvafiq dövlət orqanına şəxsiyyət vəsiqəsinin alınması üçün müraciət etmək eyni zamanda vətəndaşın vəzifəsidir. Qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Azərbaycan Respublikasında yaşayan bütün şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrininin icra edilməsi barədə Qanunun tələbi mütləq yerinə yetirilməlidir. Yaşayış yeri olmayan vətəndaşların qeydiyyatını isə Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları təşkil etməlidirlər. Digər ölkələrin təcrübəsini nəzərə alaraq bu orqanlar belə vətəndaşları xüsusi yerlər üzrə qeydiyyatdan keçirməklə onlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsini təmin edə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55s №-li, xx.xx.2003-cü il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə” 2003-cü il 31 yanvar tarixli qərarının 3-cü bəndinin icrasının təmin edilməsi məqsədilə yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. Eyni zamanda, qeyd olunur ki, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarında da qeyd edilmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Göründüyü kimi həmin qərarla da yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmış və ya yaşadığı yer üzrə qeydiyyata alına bilməyən şəxslərin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alınması imkanının mövcudluğu xüsusilə vurğulanmış, şəxsin qeydiyyatsız qalmaması ilə əlaqədar dövlət tərəfindən təminatın verilməsi ilə bağlı siyasətin davamlılığı öz əksini tapmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cümaddəsinin İX-cu hissəsinə görə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Məhkəmə qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyata alına bilməməsi səbəbindən şəxsiyyət vəsiqəsinin aktiv olmaması vətəndaşlara ən mühüm hüquqlarını (əmək haqqı almaq, bank əməliyyatlarını həyata keçirmək, təhsil müəssislərinə müraciət edərək imtahanlarda iştirak etmək, səhiyyə müəssisələrinə, idarə müəssisə və təşkilatlara müraciət etmək və s. bunun kimi konstitusion hüquqları) həyata keçirmək imkanının məhdudlaşdırılmasına səbəb olur. Bu hal isə vətəndaşlar üçün arzuolunmaz və bərpaolunmaz nəticələrin yaranmasına gətirib çıxara bilər. Ona görə də, cavabdehin heç bir əsas göstərmədən iddiaçıların ən mühüm konstitusion hüquqlarını məhdudlaşdmasına səbəb olan imtinası qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 71-ci maddəsinin İ-ci hissəsinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 71-ci maddəsinin İİ-ci hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Məhkəmə hesab edir ki, iddiaçıların hal-hazırda faktiki yaşadığı Bakı şəhəri ünvanında yerləşən mənzilə münasibətdə hüquqları yaranmadığından, iddiaçıların cavabdeh inzibati orqanın ünvanı üzrə qeydiyyata alınmasından imtina edilməsi onların qanunvericiliklə qorunan hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İnzibati Binasına qeydiyyata alınmaları öhdəliyi cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar