Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6107/2021 04.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “şəxsi hesab vərəqəsində kameral yoxlamalı məbləğ kimi göstərilmiş pulun silinməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində kameral yoxlamalı məbləğ kimi göstərilmiş 29.109,73 (iyirmi doqquz min yüz doqquz manat yetmiş üç qəpik) manat pulun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN: **********) 2018-ci il tarixdə qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçdikdən sonra vergi ödəyicisi kimi qeydiyyata duraraq fəaliyyət göstərir. Müəssisənin fəaliyyəti tikinti fəaliyyətidir. Vergi orqanı tərəfindən 2020-ci ilin fevral ayında kameral yoxlamalı məbləğ kimi 29.109,73 manat vergi borcu hesablanaraq bank hesablarına 01.04.2021-ci il tarixdə sərəncam qoyulmuşdur. Tərəflərindən Bakı İnzibati Məhkəməsinə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********3A saylı 01.03.2021-ci il tarixli sərəncamının icrası, yəni İddiaçı MMC-nin "xxxx" ASC-nin Nəqliyyat filialında olan hesablaşma hesabına qoyulan məbləğin 105 faizi həcmində pul vəsaitinin milli valyuta məxaric əməliyyatları üzrə dondurulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə tərəfindən qərardad qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin MXMT(112)-72/2021 saylı, 02.04.2021-ci il tarixli qərardadı ilə ərizəçi İddiaçı MMC-nin "xxxx" ASC-nin Nəqliyyat filialında olan AZ73İBAZ******************** saylı hesablaşma hesabına qoyulmuş **********3A saylı, 01.03.2021-ci il tarixli sərəncamın icrası, həmin sərəncamda qeyd olunmuş məbləğin 105 faizi həcmində pul vəsaitinin milli valyuta məxaric əməliyyatları üzrə dondurulması istisna olmaqla, mübahisəli vergi məbləği ilə bağlı İddiaçı MMC-nin "xxxx" ASC-nin Nəqliyyat filialında olan hesablaşma hesabında olan pul vəsaitlərinin alınmasına dair sərəncamların qoyulması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qadağan edilməsi qərara alınmışdır. Daha sonra vergi orqanı tərəfindən həmin sərəncamlar geri qaytarılmış və yenidən Cəmiyyətin "xxxx" ASC-də olan AZ73İBAZ********************7 saylı hesablaşma hesabına **********2D, **********3А, **********5A saylı 20.04.2021-ci il tarixli sərəncamlar qoyulmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Orel-Shipping" MMC-nin şəxsi hesab vərəqəsində kameral yoxlamalı məbləğ kimi 29.109,73 (iyirmi doqquz min yüz doqquz manat yetmiş üç qəpik) manat pulun göstərilməsi əsassızdır. Göründüyü kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Orel-Shipping" MMC-nin şəxsi hesab vərəqəsində kameral yoxlamalı məbləğ kimi göstərilmiş 29.109,73 (iyirmi doqquz min yüz doqquz manat yetmiş üç qəpik) manat pul əsassız hesab olunaraq silinməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı “OREL SHİPPİNG’’ MMC (VÖEN **********) cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsnə qarşı iddiaçının şəxsi hesab vərəqəsində kameral yoxlamalı məbləğ kimi göstərilmiş 29.109,73 manat pulun silinməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Vergi ödəyicisinin fəaliyyəti “Axtarış&Hesabat” informasiya sisteminin və AVİS-in müvafiq alt sistemlərinin mövcud imkanlarından istifadə edilməklə Baş İdarə tərəfindən araşdırılmış, aparılan təhlillər nəticəsində müəssisənin riskli maliyyə əməliyyatları həyata keçirdiyi müəyyən olunmuş və 14.01.2019-cu il tarixdə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. 22.12.2018-ci il tarixdə “OREL SHİPPİNG’’ MMC-nin ƏDV sub-uçot hesabına "xxxx" MMC (VÖEN: **********) tərəfindən 8,3 min manat (əsas məbləğ: 46,1 min manat), "xxxx" MMC (VÖEN **********) tərəfindən 26,6 min manat (əsas məbləğ: 147,7 min manat) vəsait daxil olmuş, elektron vergi hesab-fakturası təqdim edilməmişdir. 24.12.2018-ci il tarixdə "xxxx" MMC tərəfindən 34,8 min manat ƏDV məbləği Bakı Baş Gömrük İdarəsinə köçürülmüşdür. Müəssisənin idxalında “tül parçalar, boyanmış parçalar, polyester işlemeli kumaş, tərkibində 85 kütlə % və ya daha çox teksturasiya edilmiş poliefir saplar olan digər parçalar” müəyyən olunmuşdur. "xxxx" MMC-nin satış üzrə elektron vergi-hesab fakturalarında “kabel, rubilnik, lampa, tökmə işləri, mexaniki yığım, elektrik ana modul, mərkəzi kondisioner" və s. mallar, "xxxx" MMC-də isə “su qızdırıcı qazanlar, kamera kojuxda, keramzit, qırmadaş” və s. mallar müəyyən edilmişdir. Qeyd olunanlardan aydın olur ki, iddiaçının iddia tələbi tamamilə əsassızdır və vergi orqanı tərəfindən haqlı olaraq vergi ödəyicisi barədə müvafiq qərar qəbul edilmişdir. Yuxanda göstərilənləri nəzərə alaraq, məhkəmədən iddiaçı "xxxx" MMC-nin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddiaçının şəxsi hesab vərəqəsində kameral yoxlamalı məbləğ kimi göstərilmiş 29.109,73 manat pulun silinməsi tələbinin rədd edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi və izahatında bildirdi ki, cəmiyyətin şəxsi vərəqəsində 37.705,86 (otuz yeddi min yeddi yüz beş manat səksən altı qəpik) manat artıq ödəməsi mövcudur. Cavabdeh orqanın qeyd etdiyi təsdiqlənməmiş azalma isə 29.109,73 manat təşkil edir. Həmin yoxlamadan sonra 29.109,73 manat cəmiyyətin borcu kimi təsdiqini tapdığı halda, Vergi Məcəlləsinin tələblərinə əsasən həmin məbləğ birinci növbədə vergi ödəyicisinin şəxsi vərəqəsində mövcud olan artıq ödəmə hesabına bağlanmalıdır. Lakin təəssüflər olsun ki, bu baş verməmişdir. Cəmiyyətin şəxsi hesab vərəqəsində 37.705,86 manat artıq ödəmə olduğu halda, müəssisənin şəxsi hesab vərəqəsində təsdiqlənməmiş azalma adı ilə 29.109,73 manat pulun vergi orqanı tərəfindən bu günədək yoxlanılması başa çatdırılmamışdır. Müəssisənin şəxsi hesab vərəqəsində kameral araşdırılmalı məbləğ adı ilə göstərilən 29.109,73 manat məbləğin müəssisənin şəxsi hesab vərəqəsində suni borc yaradılması məqsədi ilə saxlanıldığı və müəssisənin normal fəaliyyət göstərməsinə qərəzli müdaxiləni bir daha sübut edir. Tərəflərindən dəfələrlə vergi orqanlarına müvafiq izahatlar verilməsinə baxmayaraq, həmin izahatlarda göstərilən mötəbər məlumatlar və irəli sürdüyü dəlillərin təkzib edilməsi və həmin məlumatlara və dəlillərə düzgün hüquqi qiymət verilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməmişdir. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Nümayəndə izahatında bildirdi ki, 29.109.73 manat kameral qaydada yoxlanılmalı məbləğdir, yəni vergi ödəyicisi dəqiqləşmiş bəyannamə təqdim etmiş, lakin həmin bəyannamə üzrə azalma vergi orqanı tərəfindən hələ təsdiq edilməmişdir. Hazırkı halda vergi orqanı tərəfindən ərizəçiyə kameral vergi yoxlaması ilə vergi borcu hesablanmamış, bu barədə vergi orqanı müvafiq qərar qəbul etməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 12.09.2018-ci il tarixli **********283300 nömrəli çıxarışında göstərilmişdir ki, qurumun adı: İddiaçı, qeydiyyata alındığı tarix: 12.09.2018, dövlət qeydiyyatı № (VÖEN): **********, təşkilatihüquqi forması: Məhdud məsuliyyətli cəmiyyət, maliyyə ili: 1 yanvar-31 dekabr, hüquqi ünvanı: AZ1022, ünvan 1 X3r. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin (VÖEN **********) 17.03.2021-ci il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, MMC tərəfindən mənfəət vergisi üzrə dəqiqləşmiş bəyannamə 08.02.2021-ci il tarixdə verilmişdir. 17.03.2021-ci il tarixə kameral yoxlanılmalı məbləğ: 29.109,73 manat, saldo: 37.705,86 manat, cəmi ödənilməli borc: 0.00 manat, vaxtı ötmüş borc: 0,00 manat olmuşdur. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin (VÖEN **********) 24.04.2021-ci il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, MMC tərəfindən mənfəət vergisi üzrə dəqiqləşmiş bəyannamə 08.02.2021-ci il tarixdə verilmişdir. 17.03.2021-ci il tarixə hesablanılmışdır: 260.330,30 manat, ödənilmişdir: 22,00 manat, azaldılmışdır: 298.438,24 manat, təsdiqlənməmiş azalmalar: 29.109,73 manat, saldo: 37.705,86 manat, cəmi ödənilməli borc: 0.00 manat, vaxtı ötmüş borc: 0,00 manat olmuşdur. İş materiallarında olan İddiaçı MMC-nin (VÖEN **********) 04.08.2021-ci il tarixə çap olunmuş şəxsi hesab vərəqəsinə əsasən 04.08.2021-ci il tarixə hesablanılmışdır: 260.330,30 manat, ödənilmişdir: 22,00 manat, azaldılmışdır: 298.438,24 manat, təsdiqlənməmiş azalmalar: 29.109,73 manat, saldo: 37.705,86 manat, cəmi ödənilməli borc: 0.00, vaxtı ötmüş borc: 0,00 manat olmuşdur. İş materiallarında olan "xxxx" MMC-yə ünvanlanmış arayışın təqdim edilməsi haqqında məktubda göstərilmişdir ki, arayış təqdim edilməsi haqqında müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Bildirilir ki, şəxsi hesab vərəqəsinə əsasən 28.04.2021-ci il tarixinə (bundan sonra cari tarixə) borc məbləğləri aşağıdakı kimidir: vergilər üzrə dövlət büdcəsinə - borc yoxdur; muzdla işləyənləri işə götürən sığortaedənlər (MDSS) üzrə - borc yoxdur; muzdla işləyənləri işə götürən sığortaedənlər (İşsizlik) üzrə - borc yoxdur. Əlavə olaraq vergi ödəyicisinin aşağıdakı göstəriciləri qeyd edilir: Cari tarixə işçi sayı - 1 nəfər; cari tarixə orta aylıq əmək haqqı - 350 manat; işçi sayının fəaliyyət sahəsinə uyğunluğu - uyğun gəlmir; minimum aylıq əmək haqqı məbləğindən (250 manat) aşağı əmək haqqısı olan işçi sayı - yoxdur. Dövriyyəsi (01.04.2020-31.03.2021 dövrü üzrə) təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən - yoxdur; təqdim edilməmiş bəyannamələri - 5 bəyannamə təqdim edilməyib; aktiv fəaliyyət göstərən obyektlərin sayı - yoxdur. Risklərlə bağlı göstəriciləri: riskli vergi ödəyicisi qrupuna - daxil edilmişdir; Təsisçi və direktorun digər riskli vergi ödəyicisində təsisçi və direktor kimi fəaliyyəti - vardır; son bir il üzrə riskli vergi ödəyiciləri ilə (digər şəxslər üçün idxal əməliyyatları aparan və ya əmtəəsiz sənəd satışı həyata keçirən) qarşılıqlı əməliyyatları - yoxdur; cinayət işinin mövcudluğu barədə yoxdur. Fəaliyyətlə bağlı öhdəliklərin və vəzifələrin yerinə yetirilməsi: 1) Cəmiyyətin fəaliyyətində vergi öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı risklər aşkar edilməmişdir; 2) Cəmiyyətin son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi halları mövcuddur. Səbəblər: işçi sayı fəaliyyət sahəsinə uyğun gəlmədiyinə görə, təqdim edilməmiş bəyannaməsinin olduğuna görə, riskli vergi ödəyicisi qrupuna daxil olmasına görə, təsisçi və direktorun digər riskli vergi ödəyicisində təsisçi və direktor kimi fəaliyyət göstərməsinə görə. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Hazırkı iş üzrə iddiaçı vergi orqanının 29.109,73 manat vergi məbləğinin şəxsi hesab vərəqəsinə yazılması ilə bağlı hərəkətlərini mübahisələndirir. Beləliklə, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.5. qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqları, 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək; vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanının vəzifəsidir. -32.4-cü maddəsinə görə vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, əlaqəli məlumatları təhlil etməklə, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmin obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. -36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. -36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. -37.1-ci maddəsinə görə kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. -37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. -37.4-cü maddəsinə görə kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. -65.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Qanunvericiliyin sadalanan normalarından müəyyən olunur ki, kameral vergi yoxlaması vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannaməsi əsasında, həmin bəyannamənin verildiyi gündən 30 iş günü müddətində keçirilir. Vergi orqanı vergi ödəyicisinin hesabladığı və bəyannamədə göstərdiyi vergi məbləği ilə razılaşmadığı halda vergilərin hesablanmasına dair qərar qəbul edir, vergi ödəyicisinə hesablanmış vergi borcunun ödənilməsini tələb edən bildiriş göndərir. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçının şəxsi hesab vərəqəsində kameral yoxlanılmalı məbləğ (təsdiqlənməmiş azalma) kimi 29.109,73 manat göstərilmiş, lakin qeyd edilən məbləğin hansı vergi yoxlaması nəticəsində müəyyən edildiyi və bu barədə vergi orqanının müvafiq qərarının qəbul edildiyi müəyyən olunmur. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarına görə hazırkı halda vergi ödəyicisinə müvafiq yoxlama dövrü üzrə hesablanmış vergi borcu yoxdur, şəxsi hesab vərəqəsində ödənilməli borc qrafası 0.00 manatdır. İş üzrə yekunlaşmış kameral vergi yoxlaması və yoxlamanın nəticəsi kimi vergi borcunun hesablanması barədə inzibati orqan inzibati akt qəbul etməmişdir. Cavabdehin istinad etdiyi iddiaçının riskli vergi ödəyicisi siyahısına daxil edildiyindən şəxsi hesab vərəqəsində qeyd edilən 29.109,73 manat təsdiqlənməmiş azalmanın göstərilməsinin əsaslı olması ilə bağlı dəlili ilə məhkəmə razılaşmır. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Qeyd edilməlidir ki, vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda Vergi Məcəlləsində vergi orqanına növbədənkənar vergi yoxlaması keçirmək (VM maddə 38.3.8- 1); operativ vergi nəzarəti keçirmək (VM maddə 50.2.5); vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq (VM maddə 83.7); vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb etmək (VM maddə 89.3) kimi səlahiyyətlər nəzərdə tutulmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə vergi orqanının vergi ödəyicisinin şəxsi hesab vərəqəsində kameral yoxlanılmalı məbləğ adı altında 29.109,73 manat məbləği göstərməsi vergi orqanının riskli vergi ödəyicisinə münasibətdə tətbiq edə biləcəyi qanunla nəzərdə tutulmuş səlahiyyətlərinə uyğun deyildir. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsində kameral araşdırılmalı məbləğ adı ilə və yaxud təsdiqlənməmiş azalma kimi qeyd edilən məbləğin göstərilməsi iddiaçıda vergi öhdəliyi barədə qeyri-müəyyənlik yaradır. Halbuki, vergi ödəyicisinin vergi məbləğini hesablamaq, ödəmək vəzifəsi olduğu kimi nə qədər və hansı əsasla vergi borcunun olubolmamasını müəyyən etmək və ona uyğun fəaliyyətini təşkil etmək kimi hüququ da vardır. Həmçinin qeyd edilməlidir ki, şəxsi hesab vərəqəsində 29.109,73 manat məbləğin təsdiqlənməmiş azalma kimi göstərilməsi iddiaçının normal fəaliyyətinə də maneə təşkil edə bilir. Belə bir maneənin nəticəsidir ki, vergi orqanı tərəfindən İddiaçı MMC-nin "xxxx" ASC-nin Nəqliyyat filialında olan **********3A saylı 20.04.2021-ci il tarixli sərəncamla AZ53İBAZ******************** saylı hesablaşma hesabına 29.109,73 manat məbləğində alınma barədə, **********5A saylı 20.04.2021-ci il tarixli sərəncamla AZ83İBAZ******************** saylı hesabına 29.109,73 manat məbləğində alınma barədə və **********2D saylı 20.04.2021-ci il tarixli sərəncamla AZ73İBAZ******************** saylı hesablaşma hesabına 30.565,22 manat məbləğində dondurma barədə sərəncam qoyulmuşdur. İddiaçı tərəfin verdiyi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə əsasında Bakı İnzibati Məhkəməsinin MXMT(112)-100/2021 saylı, 27 aprel 2021-ci il tarixli qərardadı ilə vergi orqanı tərəfindən qəbul edilmiş 20.04.2021-ci il tarixli **********3A saylı və **********5A saylı sərəncamların icrasının dayandırılması, İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində kameral yoxlanılmalı məbləğ kimi göstərilmiş (təsdiqlənməmiş azalma) məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulması istisna olmaqla mübahisələndirilən vergi məbləği ilə bağlı İddiaçı MMC-nin mövcud bank hesablarında olan pul vəsaitlərinin tutulması və ya alınması ilə bağlı sərəncamların qoyulmasının vergi orqanına qadağan edilməsi və qoyulduğu təqdirdə icra edilməməsi qərara alınmışdır. Vergi Məcəlləsinin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 3.8-ci maddəsinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.9-cu maddəsinə görə vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Eyni Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində təsdiqlənməmiş azalma (kameral yoxlamalı məbləğ) kimi göstərilmiş 29.109,73 manat məbləğin silinməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində təsdiqlənməmiş azalma (kameral yoxlamalı məbləğ) kimi göstərilmiş 29.109,73 manat məbləğin silinməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-6107/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6107/2021
04.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver