Məhkəmə qərarları › İş №2-1(112)-6107/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6107/2023

31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6107/2023 31.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC cavabdeh BakıBaş Gömrük İdarəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC cavabdeh BakıBaş Gömrük İdarəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddianın mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı MMC cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin hərəkətləri qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikasına Rusiya Federasiyasından 29084035, 29084167, 29082565, 29083177 nömrəli vaqonlar eyni invoysda və 29084233 nömrəli vaqon isə ayrıca invoys sənədinə əsasən toxumluq mallar daxil edilmişdir. Tərəfimizdən hər bir vaqon barədə invoys məlumatları təqdim edilmiş və həmin vaqonların hər birində toxumluq kartof idxal edilmişdir. Həmin göstərilən vaqonlar Azərbaycan Respublikasına daxil olarkən Dövlət Gömrük Komitəsində yoxlanışa cəlb edilmiş və kartofun toxumluq olub- olmamasının müəyyən edilməsi üçün X2 İdarəsinə göndərilmişdir. X2 tərəfindən verilmiş rəyə əsasən 29082565 saylı və digər invoysda lək vaqon kimi qeyd edilmiş 29084233 nömrəli vaqonda idxal edilmiş kartof yükünün guya toxumluq kartofa uyğun olmadığı və ərzaqlıq olduğu qeyd edilmişdir. Belə ki, gömrük orqanı tərəfindən həmin göstərilən vaqonlarda gələn kartofların ərzaqlıq olduğu bildirildiyi üçün mənə əlavə gömrük rüsumu hesablanmışdır. Gömrük orqanına tərəfimdən toplamda 2 invoysa yəni 5 ədəd vaqon üçün 1200 manat ödəniş etməli olduğum halda tərəfimdən vəsait qanunsuz olaraq ödənilmişdir. Tərəfimizdən həmin malların xarab olmaması üçün həmin vəsaitin ödənilməsi təmin edilmişdir. Həmin vəsait ödənilənədək bizim vaqonlarımız gömrükdə qalmış və orada gündəlik dayanması səbəbilə vaqonların hərəsi üçün tərəfimizdən vəsait ödənilmişdir. Tərəfimizdən dəfələrlə gömrük orqanına edilən hərəkətlərin qanunsuz olması barədə şikayətlər edilmişdir. Həmin göstərilən iki vaqon gömrük orqanının X2 İdarəsi tərəfindən tədqiq edilmiş və həmin kartofların ərzaqlıq olması barədə xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ekspert rəyləri tərtib edilmişdir. Həmin rəylərə nəzər yetirdikdə müəyyən etmək mümkün olur ki, 29082565 saylı və digər invoysda tək vaqon kimi qeyd edilmiş 29084233 nömrəli vaqonda idxal edilmiş kartof yükünün ərzaqlıq olduğu müəyyən edilmişdir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli hüquqi yardim məktubu poçt vasitəsilə iddiaçıya təqdim edilərək, bildirilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək qanunvericiliyin müvafiq tələbləri izah edilərək bildirilmişdir ki, iddia ərizəsində qeyd edilən tələb İPM-nin 2-ci maddəsində nəzərdə tutulan inzibati məhkəmə icraatı qaydasında baxılan heç bir iddia növünə aid deyildir. (SS844592516AZ) xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinə məhkəmə tərəfindən şifahi qaydada hüquqi yardım edilərək, tələbində dəqiqləşdirilmə aparılması təklif edilməsinə baxmayaraq iddiaşının nümayəndəsi təklifdən imtina edərək bildirmişdir ki, tələbinə iddia ərizəsində göstərdiyi kimi baxılıb qiymət verilsin. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə şifahi məhkəmə iclası xx.xx.2023cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etmədiyinin üzürlü səbəbləri barədə məhkəyə məlumat verilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş üzrə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır:

1. mümkünlük;

2. əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Hər bir inzibati iddianın mümkün sayılması üçün:

1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;

2. iddia bilavasitə tələbə cavab verməli olan subyektə yönəldilməli;

3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2, 35.1). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikasinin İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya edilən hüquqi yardıma və bununla bağlı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçıyla edilmiş müzakirəyə baxmayaraq iddia tələbini inzibati məhkəmə icraatı qaydasında baxılan İPM-in 2.2-ci maddəsində göstərilən iddia növünə uyğun dəqiqləşdirməsi (nail olmaq istədiyi hüquqi marağa uyğun olaraq konkretləşdirməsi) üçün iddiaçı tərəfə kifayət qədər şərait yaradılsa da, iddia tələbi inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növünə uyğunlaşdırmamış və dəqiqləşdirilmiş iddia ərizəsini məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı tələbində “cavabdeh inzibati orqan olan Bakı Baş Gömrük İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsini” göstərmişdir. İddiaçı iddia ərizəsində cavabdeh inzibati orqanın hansı hərəkətlərinin qanunsuz sayılmasını və bundan sonra cavabdeh inzibati orqanın hansı hərəkətləri etməli olub-olmadığını və ya bununla bağlı hər hansı qərarının ləğv edilib-edilməməsini, həmçinin cavabdehin üzərinə hansı hərəkətin edilməsi öhdəliyinin qoyulması barədə hər hansı tələb irəli sürməmişdir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12 aprel 2017-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli, hüquqi müəyyənlik və mütənasiblik prinsiplərinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. İddaçının nail olmaq istədiyi hüquqi marağa uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmiş və bununla bağlı ona kifayət qədər şərait yaradılaraq vaxt verilməsinə baxmayaraq, o iddia tələbini dəqiqləşdirməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia tələbi İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində qeyd edilən heç bir idda növünə uyğun olmamaqla yanaşı, onun nail olmaq istədiyi hüquqi marağa uyğun konkret və dəqiq deyil. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi dəqiq və konkret olmadığından, həmçinin inzibati orqanın hansı hərəkətlərinin qanunsuz hesab edilməsi dəqiq göstərilmədiyindən, tələbi hüquqi marağına uyğun dəqiqləşdirilmədiyindən və tələbi İPM-in 2.2-ci maddəsində göstərilən hər hansı iddia növünə uyğun olmadığından iddia mümkün sayıla bilməz. İddiaçıya izah olunur ki, iddianın qeyri mümkün sayılması mümkünlük şərtlərinə əməl etməklə yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı MMC-nin iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar