Məhkəmə qərarları › İş №2-1(112)-6108/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6108/2024

30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6108/2024 30.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 60 (altmış) yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun əmək kitabçasında göstərilən qeydlərə əsasən onun ümumi stajı 34 il 2 ay, xüsusi stajı isə 26 il 2 ay təşkil edir. O, yazılı surətdə 2 dəfə Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir və xahiş etmişdir ki, 60 yaşı tamam olan vaxtdan - xx.xx.2023-cü ildən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilsin. Hesab edir ki, bu, onun hüququdur, çünki onun ümumi stajı 25 ildən artıqdır və xüsusi stajı isə 12 il 6 aydan çoxdur. xx.xx.2007-ci ildən xx.xx.2017-ci ilə kimi Tibb Baş İdarəsində həkim-psixiator kimi işləmiş və yenə də cəzaçəkmə müəssisələrində məhbuslara tibbi xidmət göstərmişdir. Bu da 9 il 7 ay xüsusi staj təşkil edir. Cəzaçəkmə müəssisələrində ayrıca həkim olmadığı üçün Penitensiar sistemin tibb işçilərinin hamısı Tibb Baş İdarəsinə tabedir və o, da həmin idarənin həkimi olduğu üçün bütün vəzifə borclarını yerinə yetirmək üçün 10 il ərzində cəzaçəkmə müəssisələrindəki məhbuslara tibbi xidmət göstərmişdir. Beləliklə, onun ümumi stajı 34 il 2 ay, xüsusi stajı isə 26 il 2 ay təşkil edir. Belə ki, 1992-ci ildən Azərbaycan Respublikasının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin İİİ hissəsinin “g” bəndinə əsasən, ali, ortaixtisas texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisaslaşdırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxildir. Qanunvericiliyə əsasən çıxarılan hüquqi aktlar və qanunlar geriyə şamil edilə bilməz. Onun iddia ərizəsində göstərilən xx.xx.2022-ci il tarixdən (60 yaşı tamam olandan) Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 saylı Qərarı yox idi. Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli qərarı bu tarixdən sonrakı hallara aiddir, geriyə şamil oluna bilməz və vətəndaşın hüquqi vəziyyətini ağırlaşdıra bilməz. Beləliklə, onun 2022-ci il 23 mart tarixdə artıq güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ yaranmışdır və bu tarixdə o, cavabdehə müraciət etsəydi, ona güzəştli şərtlərlə pensiya təyin olunmalı idi. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının adından DSMF-nin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-103532/2024 saylı iddia tələbinə dair etirazda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinin tələblərinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. S.X2 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajı yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilmiş arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu təsdiqləməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalattexnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apelyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)-668/2024 nömrəli qərarında məhkəmə kollegiyasının güzəştli arayış olmadığı halda məhkəmələr tərəfindən güzəştli vəzifənin araşdırılması və Nazirlər Kabinetinin müvafiq gərarlarında göstərilən vəzifələrə uyğunlaşdırılmasına dair mövgeyi aşağıdakı kimi olmuşdur: Belə ki, iş materiallarında olan iddiaçının güzəştli iş stajı barədə məlumatları özündə əks edən arayışlarda onun xx.xx.1984-xx.xx.1992, xx.xx.1992-xx.xx.1995, xx.xx.1995-xx.xx.1996, xx.xx.1998xx.xx.1998-ci illərdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə işlədiyi qeyd edilmişdir. Məhkəmələr həmin müddətlərlə yanaşı xx.xx.1983-xx.xx.1984-cü illəri də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən dövrlərə aid etmişlər. Lakin məhkəmə kollegiyası məhkəmələrin bu qənaəti ilə razılaşmır. Belə ki, iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1983-cü ildə elektrik qaynaqçısı peşəsi üzrə şagird kontingentliyinə qəbul edildiyi, xx.xx.1984-cü ildə məktəbi qurtardığı üçün şagird kontingentliyindən çıxarıldığı qeyd edilmişdir. Bu dövr, iddiaçının texniki peşə məktəbində şagird kimi təhsil aldığı müddətdir. Həmin müddətin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən staja aid olması ilə əlaqədar məhkəmələr ətraflı araşdırma aparmamış, şagird kontingentliyinin (şagird kimi təhsil aldığı müddətin) güzəştli staja aid olub olmaması ilə bağlı heç bir normativ akta və ya arayışa istinad etmədən həmin müddəti güzəştli əmək stajı kimi qəbul etmişlər. Məhkəmə iddiaçının peşə məktəbində qaynaqçı peşəsi üzrə şagird kimi təhsil aldığı müddətin Siyahılarda olan hansı peşəyə uyğunluğunu əsaslandırmamışdır. Məhkəmələrin bu yanaşması formalaşmış məhkəmə təcrübəsinə ziddir. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən ganunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından iştirak edən DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X3 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1962-ci il təvəllüdlü İddiaçı Salayeviçin konstitsion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia ona cavab verməli olan orqana qarşı qaldırılmışdır. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: AA seriyalı 279639 №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır. İddiaçıya məxsus xx.xx.1978-ci il tarixdə doldurulmuş ЗТ-İ seriyalı ******* №-li əmək kitabçasında (notarial qaydada tərcümə - təsdiq olunmuş surəti) qeyd olunmuş məlumatlardan müəyyən olunur ki o, aşağıda qeyd olunan müəssisələrdə işləmişdir; “X5”ında (iş stajı: 07 ay, 07 gün) xx.xx.1978-ci il tarixdə mövsümi işçi kimi işə qəbul olunmuşdur; xx.xx.1979-cu il tarixdə tutduğu vəzifədən azad olunmuşdur; xx.xx.1979-cu il tarixdə mövsümi işçi kimi işə qəbul olunmuşdur; xx.xx.1979-cu il tarixdə tutduğu vəzifədən azad olunmuşdur; “2 saylı uşaq diş klinikası”nda (iş stajı:11 ay, 28 gün) xx.xx.1979-cu il tarixdə sanitar vəzifəsinə işə qəbul olunmuşdur; xx.xx.1980-cı il tarixdə tutduğu vəzifədən azad edilmişdir; “X5”ında (iş stajı:04 ay, 11 gün) xx.xx.1981-ci il tarixdə 5-ci dərəcəli iş kimi işə qəbul olunmuşdur; xx.xx.1981-ci il tarixdə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad olunmuşdur; Bakı şəhəri 14 saylı Texniki Peşə Məktəbi (06 ay) xx.xx.1981-ci il tarixdə “elektrik” ixtisası üzrə T61 qrupuna tələbə kimi qəbul edilmişdir; xx.xx.1982-ci il tarixdə sözü gedən ixtisası bitirdiyi üçün azad olunmuşdur; Tbilisi “Zarya” zavodunda (iş stajı: 01 il, 09 ay, 22 gün) xx.xx.1982-ci il tarixdə 1 saylı sexin 3-cü dərəcəli elektrik kimi işə qəbul olunmuşdur; xx.xx.1982-ci il tarixdə “Ekran” zavodunun adı “Rubin” Tbilisi televizor zavoduna dəyişdirilmişdir; xx.xx.1984-cü il tarixdə “Ekran” televizor adına dəyişdirilmişdir; xx.xx.1984-cü il tarixdə ali təhsil müəssisəsinə qəbul olduğu üçün işdən azad olunmuşdur; N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu (05 il, 10 ay) xx.xx.1984-cü il tarixdə müalicə-profilaktika ixtisası üzrə birinci kursuna qəbul olunmuşdur; xx.xx.1990-cu il tarixdə institutu bitirdiyi üçün azad olunmuşdur. Azərbaycan SSR Səhiyyə Nazirliyinin 1 saylı ruhi xəstəxanası (iş stajı:01 il, 17 gün ) xx.xx.1990-cı il tarixdə həkim-interna vəzifəsinə qəbul olunmuşdur; xx.xx.1991-ci il tarixdə tutduğu vəzifədən azad olunmuşdur; Bakı şəhəri Psixonevroloji Dispanser (iş stajı:06 il, 07 ay) xx.xx.1992-ci il tarixdə həkim-psixiator vəzifəsinə qəbul olunmuşdur; xx.xx.1998-ci il tarixdə tutduğu vəzifədən azad olunmuşdur; AR Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin tərkibində Penitensiar sistemin tibb xidmətləri İdarəsinin Nəzdində (iş stajı: 13 il, 03 ay, 11 gün) xx.xx.1994-cü il tarixdə həkim-psixiator vəzifəsinə qəbul olunmuşdur; xx.xx.2004-cü il tarixdə AR Ədliyyə Nazirliyi üzrə xx.xx.2004-cü il tarixli 18-T nömrəli əmrlə penitensiar sistemin tibb xidməti Məhkəmə Qərarlarının İcrasının Baş İdarəsinin tərkibindən çıxarılmış və onun bazasında Ədliyyə Nazirliyinin müstəqil Tibb İdarəsi yaradılmışdır; xx.xx.2007-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi (iş stajı: 10 il, 05 ay, 24 gün) xx.xx.2007-ci il tarixdə Tibb Baş İdarəsi Poliklinikasının həkim-psixiatrı vəzifəsi üzrə fəaliyyəti təmin etmək məqsədilə müvəqqəti olaraq həmin vəzifəyə təyin olunmuşdur; xx.xx.2017-ci il tarixdə AR ƏM 69-cu maddəsinə müvafiq olaraq öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. 30 iyun 1990-cı ildə verilmiş verilmiş UV –İ seriyalı 113143 №li diplomun surətindən görünür ki, İddiaçı 1984-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş və 1990-cı ildə həmin institutu bitirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-16-17-1/1/1-m-367-6/23 №-li məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə nazirinin xx.xx.2007-ci il tarixli 39-T №-li əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb baş idarəsi haqqında Əsasnamə”sinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb baş idarəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müstəqil struktur qurumudur. Əsasnamənin 6.2-ci bəndinə uyğun olaraq penitensiar müəssisələrində saxlanılan məhkumlara və təqsirləndirilən şəxslərə tibb xidmətinin göstərilməsini təmin etmək Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin fəaliyyət istiqamətlərindən biridir. Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin xx.xx.2024cü il tarixli, 40/8 №-li məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 34-cü hissəsində Penitesiar müəssisələrdə mülki işçilərin siyahısında “tibb işçiləri” qeyd olunmuşdur. “Ədliyyə Orqanlarında Qulluq Keçmə Haqqında” Azərbaycan Respublikasının Qanunun 39.1-ci maddəsinə əsasən Penitensiar xidmətdə qulluq etmiş əməkdaşların və onların ailə üzvlərinin, habelə penitensiar müəssisələrdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə işləyən mülki işçilərin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsində qeyd olunur ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin} müvafiq - icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-16-20/2-502/2024 №-li cavab məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.1994-cü il tarixdə Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Poliklinikasının həkim-psixiatrı vəzifəsinə (0,5 ştat vahidi üzrə mülki işçi qismində) təyin edilmişdir. Ədliyyə nazirinin 18-T saylı, xx.xx.2004-cü il tarixli əmri ilə 2005-ci ilin yanvar ayının 1-dən penitensiar sistemin tibb xidməti Məhkəmə Qərarlarının icrası Baş idarəsinin tərkibindən çıxarılaraq Nazirliyin müstəqil Tibb idarəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2006-cı il tarixli 446 saylı Fərmanı ilə Ədliyyə Nazirliyinin yeni strukturu təşkil edildikdə Tibb baş idarəsi də həmin struktura daxil olan ədliyyə orqanı kimi təsdiq olunmuşdur. Ədliyyə Nazirliyi üzrə 39-T saylı, xx.xx.2007-ci il tarixli əmrlə Tibb baş idarəsinin strukturu və ştat bölgüsü təsdiq olunduqda digər əməkdaşlar kimi İddiaçı da tutduğu vəzifədən azad edilərək 17 gün müddətində sərəncamda olmuş və xx.xx.2007- ci il tarixdə Tibb baş idarəsinin Poliklinikasına tam ştat vahidi üzrə eyni vəzifəyə (mülki işçi qismində) təyin edilmiş, xx.xx.2017-ci il tarixdə isə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. İddiaçı Poliklinikada işləyərkən 2005-ci ildən başlayaraq dövri olaraq cəzaçəkmə müəssisələrində aparılan kütləvi müayinələrdə iştirak etmiş, Müalicə müəssisəsinin tərkibində fəaliyyət göstərən Həkim-psixiatrik komissiyasının üzvü kimi (2010-2017-ci illər ərzində) psixiatrik müalicəyə ehtiyacı olan məhkumların müəyyən edilərək müalicəyə cəlb edilməsi və ağır ruhi xəstəliyə düçar olmuş məhkumların Tibb baş idarəsinin Xüsusi Həkim Ekspert Komissiyasına şəhadətləndirilməyə təqdim edilməsi üzrə işləri bir müddət icra etmişdir. Qeyd edilir ki, penitensiar müəssisələrdə saxlanılan məhkumlara və təqsirləndirilən şəxslərə tibbi xidmət göstərən əməkdaşların fəaliyyəti ilə Poliklinikada çalışan əməkdaşların fəaliyyəti və buranın iş rejimləri tam birbirindən fərqlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 34-cü bölməsindən müəyyən olunur ki, bu hüquq penitensiar müəssisələrdə mülki işlərdə işləmiş tibb işçilərinə şamil edilir. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-12430/2024 №li imtina məktubunda göstərilmişdir ki, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, birnövdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduöunuz oeşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən, sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Tətbiq edilən hüquq. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Əsas anlayışlar 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 13 may 2022-ci il tarixədək olan qüvvədə redaksiyada: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 13 may 2022-ci il tarixdən qüvvədə redaksiyada: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; .... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530- VİQD №li Qanunu: Maddə 2. Keçid müddəaları 2.1. Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir): Bölmə 34. “Penitensiar müəssisələrdə mülki işlər”. ... “Tibb işçiləri”. Məhkəmənin mövqeyi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Qanunvericiliyin (“Əmək Pensiyaları haqqında” Qanun) yuxarıda qeyd olunan tələblərinə görə (13 may 2022-ci il tarixədək qüvvədə olan redaksiyada) əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını dörd xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 06 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) işlərdə çalışması; 4) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Göründüyü kimi, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixədək 25 il ümumi, 12 il 6 ay güzəştli stajının tamam olması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verəcək həddə olması gərəkdir. Hazırki işdən göründüyü kimi, iddiaçının ümumi stajının onun 60 yaşının tamam olduğu tarixə tamamlanması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verəcək həddə olması işin mübahisələndirilməyən hallarındandır. Belə ki, iddiaçının xx.xx.2022-ci il tarixədək 25 il ümumi iş stajının olması onun əmək kitabçası və diplomu ilə təsdiq olunur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuş və buna əsas kimi sonuncunun ümumi güzəştli iş stajının olmaması qeyd edilmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün müvafiq güzəştli iş stajı ilə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlar (“Güzəştli arayış”) da qeyd olunmuş məlumatlar əsas götürülməlidir. İddiaçının işlədiyi peşələr işəgötürən tərəfindən verilmiş müvafiq arayışlarla təsdiq olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında da nəzərdə tutulmuşdur: “Penitensiar müəssisələrdə mülki işlər” adlanan 34-cü bölmədə “Tibb işçiləri”. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2022-ci il tarixədək, qanunla müəyyən olunmuş 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq, güzəştli şərtlərlə iş stajının və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verəcək həddə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Qeyd edilmiş hallar nəzərə alınaraq məhkəmə hesab edir ki, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı tələbi əsaslı olmuşdur İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1962-ci ildə doğulmuş İddiaçı 60 (altmış) yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar