Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-611/2023 21.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı «artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması barədə qərarın ləğv edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının dayandırılması barədə qərarın ləğv edilməsi, əmək pensiyasının bərpa olunması və dövlət qulluqçusu kimi ödənilməmiş əmək stajı üzrə əlavənin hesablanmış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində tələb olunla əsaslandırılır ki, iddiaçı (İddiaçı) “Azərkəndtəsərrüfattexnikası” 2 nömrəli Mərkəzi Baza İdarəsinə çeşidləyici vəzifəsinə işə qəbul olunmuş, 20 aprel 1989-cu il tarixdə 493/k saylı əmrlə Azərbaycan SSR X5 Komitəsi 2 nömrəli Mərkəzi Respublika Bazasına köçürülmə yolu ilə işə qəbul olunması ilə əlaqədar işdən azad olunmuşdur. Bundan sonra Azərbaycan SSR X5 Komitəsi 2 nömrəli Mərkəzi Respublika Baza Azərbaycan SSR X5 Komitəsindən köçürülmə yolu ilə Operativ şöbənin mühəndisi kimi işə qəbul olunmuş, 4 iyun 1992-ci il tarixdə 32 saylı əmrlə Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinə köçürülməsi ilə əlaqədar işdən azad olunmuşdur. Yuxarıda qeyd olunan illərə görə iddiaçıya 21 sentyabr 2007-ci il tarixdən etibarən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş və ödənilmişdir. Lakin 25 avqust 2021-ci il tarixli **********1 saylı “artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qərara əsasən cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 1 dekabr 2013-cü il tarixdən 28 fevral 2021-ci il tarixədək ödənilmiş 28.919,68 manat məbləğində pul vəsaitinin geri qaytarılması iddiaçıdan tələb olunmuşdur. Bundan sonra, cavabdeh tərəfindən **********5 saylı məktubla iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyasının dayandırılmasını onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş «2017-ci ilin iyulun 1dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası»nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətənin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Məhz bu səbəbdən iddiaçıya təyin olunmuş pensiya məbləği azaldılmış, nəticədə ona hesablanmış əlavə pensiya məbləği dayandırılaraq 328,43 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, iddiaçıya 1 dekabr 2013-cü il tarixdən 28 fevral 2021-ci il tarixədək ödənilmiş 28.919,68 manat məbləğində əlavələrin də ödənilməsi tələb olunmuşdur. İddiaçı 2007-ci ildə yaşa görə əmək pensiyasına çıxmışdır. Həmin zaman 2005-ci ilin yanvarın 1-dən qüvvədə olan «Dövlət qulluqçularının pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 1 ildən 5 ilədək qulluq stajı olan şəxslər 5%, 5 ildən 10 ilədək qulluq stajı olan şəxslər 10%, 10 ildən 15 ilədək qulluq stajı olan şəxslər 20%, 15 ildən yuxarı qulluq stajı olan şəxslər 30% aylıq vəzifə maaşına əlavə haqq müəyyənləşdirilmişdir. İddiaçı həmin qanunvericiliyə uyğun olaraq əmək pensiyasına əlavələr hesablanmaqla pensiya almış, lakin ona yaşa görə əmək pensiyası təyin olunduqdan sonra qüvvəyə minmiş və artıq uzun müddətdir ki qüvvədə olan bir qanunvericiliyin tələblərinin ona 2007-ci ildə təyin olunmuş yaşa görə əmək pensiyası ilə əlaqələndirilməsi, qanunun qüvvəyə minməsindən əvvəl təyin olunmuş pensiya məbləğinə təsir etməsi absurddur və qanunla yolverilməzdir. Göstərilənlərə və İPM-nin 47 və 48.2-ci maddələrinə əsaslanaraq, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinay üzrə Mərkəzi Filialının 25 avqust 2021-ci il tarixli **********7 saylı qərarının ləğv edilməsi, 1 dekabr 2013cü il tarixindən iddiaçıya təyin olunmuş, lakin 28 fevral 2021-ci il tarixdən cavabdeh tərəfindən dayandırılmış yaşa görə əmək pensiyasının bərpa olunması və məhkəmə qərarının qüvvəyə mindiyi tarixədək ona dövlət qulluqçusu kimi ödənilməmiş əmək stajı üzrə əlavə hesablanmış pensiya məbləğinin ödənilməsi öhdəliyinin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. DSMF Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filailının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 8 iyun 2022-ci il tarixli yazılı etirazında qeyd olunur ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı 3 mart 2021-ci il tarixdə ərizə ilə Mərkəzi Filiala müraciət edərək, onun əmək pensiyasının yenidən baxılmasını və hesablama qaydasını yazılı şəkildə ona göndərilməsini xahiş etmişdir. Həmin müraciətə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Aparılmış inzibati icraat tədbirləri nəticəsində bildirilir ki, DSMF Xətai rayon şöbəsi tərəfindən iddiaçıya 21 sentyabr 2007-ci il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. X4 Departamenti tərəfindən aparılmış audit araşdırmaları zamanı məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixdə vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 340 manat və qulluq stajına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 51 manat olmaqla orta aylıq əmək haqqı 391 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 11 il 21 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının 351 manat) 60 faizi – 234,60 manat məbləğində müəyyən edilmişdir. Lakin 1 dekabr 2013-cü il tarixdən 28 fevral 2018-ci il tarixədək olan dövr ərzində iddiaçıya hər ay 540,80 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də, həmin dövr müddətində ona 15.616,20 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20ci maddəsində nəzərdə tutulmuş səxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş «2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası»nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 11 il 21 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanılması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 36,67 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi /əzifələr üzrə ümumilikdə vəzifə maaşı 375,00 manat və qulluq stajına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 56,25 manat olmaqla ümumilikdə orta aylıq əmək haqqı 431,25 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında oəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqı (391 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (431,25 manat) arasındakı fərq məbləğinin (40,25 manat) 36,67 faizi – 14,76 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (234,60 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 249,36 manat müəyyən edilmişdir. Lakin 1 mart 2018-ci il tarixdən 31 avqust 2019-cu il tarixədək olan dövr ərzində iddiaçıya hər ay 582,36 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də, həmin dövr müddətində ona 5.994,00 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixdən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 562,50 manat və qulluq stajına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 84,38 manat olmaqla orta aylıq əmək haqqı 646,88 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqı (431,25 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı orta aylıq əmək haqqı (646,88 manat) arasındakı fərq məbləğinin (215,63 manat) 36,67 faizi – 79,07 manat 1 sentyabr 2019-cu il tarixədək hesablanmış pensiyasının (249,36 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 328,43 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya 1 sentyabr 2019-cu il tarixdən 28 fevral 2021-ci il tarixədək olan dövr ərzində ümumilikdə 5.911,74 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 13.221,22 manat ödənilmişdir. Bu səbəbdən də, iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində 7.309,48 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya 1 dekabr 2013-cü il tarixdən 28 fevral 2021-ci il tarixədək olan dövr ərzində ümumilikdə 28.919,68 manat artıq pul vəsaitinin ödənildiyi DSMF Daxili Nəzarət Departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş 28.919,68 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün iddiaçının yazılı razılığı qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Lakin iddiaçının razılığı Mərkəzi Filiala təqdim edilmədiyindən, 25 avqust 2021-ci il tarixli **********7 nömrəli “artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qərar qəbul olunaraq, «İnzibati İcraat haqqında» Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinin və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olaraq icra olunması üçün 20 sentyabr 2021-ci il tarixli **********9 nömrəli “Pul tələbinin icraya yönəldilməsi haqqında” qərarla icraya göndərilmişdir. İddiaçı iddia tələbində əmək pensiyanın dayandırıldığını və ona dair qərarın ləğv edilməsini bildirsə də, iddiaçının əmək pensiyasının DSMF tərəfindən ödənilməsi dayandırılmamışdır. Mərkəzi Filial tərəfindən 25 iyun 2021-ci il tarixdən etibarən iddiaçının əmək pensiyası yenidən hesablanaraq, 463,84 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Göstərilənlərə əsaslanaraq, İPM-in 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmədən İddiaçı iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İş materialları Bakı İnzibati Məhkəməsinə iddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «cavabdehin 25 avqust 2021-ci il tarixli **********7 saylı artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasına dair qərarın ləğv edilməsi, 1 dekabr 2013-cü il tarixindən iddiaçıya təyin olunmuş, lakin 28 fevral 2021-ci il tarixdən cavabdeh tərəfindən dayandırılmış yaşa görə əmək pensiyasının bərpa olunması və məhkəmə qərarının qüvvəyə mindiyi tarixədək ona dövlət qulluqçusu kimi ödənilməmiş əmək stajı üzrə əlavə hesablanmış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Sonradan iddiaçı məhkəməyə növbəti ərizə ilə müraciət etmiş və iddianın dəyişdirilərək «cavabdehin 25 avqust 2021-ci il tarixli **********7 saylı artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasına dair qərarının ləğv edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Göründüyü kimi, İddiaçı iddiasında cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması barədə” 25 avqust 2021-ci il tarixli **********7 nömrəli qərarını mübahisələndirir və həmin qərarın ləğv edilməsini tələb edir. İlk növbədə məhkəmə qeyd edir ki, qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Hazırkı işin halları ilə bağlı isə yuxarıda sadalanan xüsusatların mövcud olmaması ilə yanaşı DSMF orqanının iddiaçıya pensiya təyinatı barədə ilkin qərarı – inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), «İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsinin tələblərinə görə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Lakin məhkəmə icraatında müəyyən edilir ki, hazırkı iş üzrə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qərar ləğv edilmədən ona ödənilmiş pensiya məbləğindən “artıq ödəmə” qismində hissənin tutulması barədə ayrıca qərar, yəni hazırda mübahisə predmetini təşkil edən 25 avqust 2021-ci il tarixli **********7 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, iddiaçı ona münasibətdə qanunla qorunan etimad hüququna malik olduğundan, hazırda mübahisələndirilən 25 avqust 2021-ci il tarixli **********7 nömrəli qərarın qəbulu «İnzibati icraat haqqında» Qanununun 67.5-ci maddəsinə görə yolverilən deyil. «İnzibati icraat haqqında» Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının 25 avqust 2021-ci il tarixli **********7 nömrəli “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması” barədə qərarı ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının 25 avqust 2021-ci il tarixli **********7 nömrəli “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması” barədə qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim:Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-611/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-611/2023
21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver