Məhkəmə qərarları › İş №2-1(112)-611/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-611/2024

16.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-611/2024 16.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 1319 saylı Sərəncamı əsasında fərdi yaşayış evi tikmək üçün adına ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ünvanında 144 №-li sahədə yerləşən 600 kv.metr torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş fərdi evin dövlət reyestrində adına qeydiyyata alınmasının və bu barədə müvafiq Reyestrdən Çıxarışın verilməsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs qarşısında bir öhdəlik olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 1319 saylı sərəncamı əsasında fərdi yaşayış evi tikmək üçün adına Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ünvanında 144 №-li sahədə (hazırda faktiki yaşayış ünvanı) 600 kv.metr torpaq sahəsi ayrılıb və tərəfindən həmin torpaq sahəsində ev inşa edirilib. O, həmin torpaq sahəsinin və üzərindəki tikilinin dövlət reyestrində adıNa qeydiyyata alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə (bundan sonra cavabdeh) sənədləri İlə müraciət etmişdir. Cavabdeh tərəfidən müraciəti ilə əlaqədar ona ünvanlanmış 27 oktyabr 2022-ci il tarixli, **********10 №-li imtina məktubunda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsaslanmaqla, ona ayrılmış torpaq sahəsinin cizigisində göstərilən yeri ilə faktiki yerləşdiyi yerində fərqlilik olması səbəb göstərilməklə imtina edilib. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6038/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin yerləşmə cizgisindəki mövqeyi ilə faktiki sahənin mövqeyi tamamilə fərqlidir. Həmçinin göstərilən torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisi səlahiyyətli şəxsin möhürü ilə təsdiq edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı müəyyən olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 615 kv.m təşkil edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli, 935 nömrəli “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında fərmanının 24-cü maddəsinə əsasən sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Həmin fərmanın 25-ci maddəsinə əsasən sənədin bütün nüsxələri imzalanır. İmzanın tərkibinə sənədi imzalamış şəxsin vəzifəsinin adı, onun şəxsi imzası, adı və soyadı daxildir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 1319 saylı Sərəncamı ilə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ünvanında, 144 nömrəli sahədə yerləşən 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, Ə-159-061 nömrəli iddiaçıya ünvanlanmış məktubunda bildirilmişdir ki, Qaraçuxur qəsəbəsinin şərq hissəsində, 144 nömrəli sahədə yerləşən 600,0 kv.m torpaq sahəsinə dair cizgi aktının verilməsinə köməklik göstərilməsi haqqında müraciətinizə Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. Bildirilir ki, RİH-ə surətini təqdim etdiyiniz sənədlərə əsasən müəyyən edilmişdir ki, Qaraçuxur qəsəbəsinin şərq hissəsində, 144 nömrəli sahədə fərdi yaşayış evinin tikintisi üçün sizə ayrılmış 600,0 kv.m torpaq sahəsi haqqında Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 1319 saylı sərəncamı əsasında xx.xx.1998-ci il tarixdə sözügedən torpaq sahəsinə dair akt tərtib olunaraq Sizə verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli 3-48-2F/2-02119/2023 saylı məktubu ilə göndərilmiş Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 05 avqust 1998-ci il tarixli, 1319 nömrəli sərəncamına əsasən vət. X3 fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsinin şərq hissəsində, 144№li sahədə 600 kv.m. torpaq sahəsi ayrılması, vət. X3 ayrılmış sahədə İ85-000-İİİC nömrəli birtipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilməsi, kürsülüyün 2 m müəyyən edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 05 avqust 1998-ci il tarixli Akt ilə Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 05 avqust 1998-ci il tarixli, 13189 saylı sərəncam əsasında Qaraçuxur qəsəbəsinin şərq hissəsində, 144№li sahədə 600 kv.m. torpaq sahəsinin ölçülərinin naturada ifadəsi ilə pay bölgüsü aparılmış və daimi nişanlar qoyulmuşdur. Torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün X3 verilmişdir. Torpaq bölgüsünü apardılar: RİHB-nın müavini, baş memar əvəzi R.Pənahov, S.Məmmədzadə, Qaraçuxur qəsəbəsindəki İHB-nın nümayəndəsi F.Süleymanov, akt Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı H.Abutalıbov tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Əlavə edilmiş sxemdə 144 nömrəli ətrafında bölgüsü aparılmış torpaq sahələrinin nömrəsləri, eləcə də 144 nömrəli torpaq sahəsinin qonşuluğunda Təhsil nazirliyinin qarajı, 145, 150, 151 nömrəli torpaq sahələrinin olduğu göstərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********98 nömrəli məktubu ilə təqdim edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 144 saylı torpaq sahəsinin xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 600 kv.m., faktiki 615.0 m.kv artıqdır. Torpaq sahəsi dörd tərəfdən mişar daşı ilə hasarlanıb. Torpaq sahəsində iki mərtəbəli yaşayış evi var. Torpaq sahəsinin cizgisində ölçülər və istinadlar göstərilməyib. Torpaq sahəsinin koordinatları əlavə olundu. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********95 nömrəli məktubunda bildirilmişdir ki, sahənin qeydiyyatı barədə elektron bazada məlumat aşkar olunmamışdır. Təqdim edilmiş yerləşmə cizgisində istinadlar, istinad məsafələri, perimetrik ölçülər qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********08 nömrəli məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş cizgidə istinad məsafələri, perimetrik ölçülər qeyd edilməmişdir. Həmçinin konfiqurasiyada ciddi fərq mövcuddur. Bu səbəblərdən sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Bundan əlavə cizgidə sahənin şimal qonşuluğunda “Təhsil nazirliyinin qarajı” qeyd edilsə də, sahənin 3 tərəfi qonşu sahələr bir tərəfi yoldur. Cizginin göstərilən sahəyə aidiyyəti yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********85 nömrəli məktubu ilə göndərilmiş ortofotodan görünür ki, mübahisələndirilən torpaq sahəsinin ətrafında **********51, **********52, **********61, **********65, **********78, **********45, **********98, **********92, **********78, **********76, **********28, **********09, **********07, **********59, **********89, **********74, **********71, **********14, **********29 reyestr nömrəli qeydiyyatdan keçmiş daşınmaz əmlakların yerləşdiyi əks olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********86 nömrəli məktubu ilə təqdim edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 144 saylı torpaq sahəsinin xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 600 kv.m., faktiki 615.0 m.kv artıqdır. Torpaq sahəsi dörd tərəfdən mişar daşla hasarlanıb Torpaq sahəsində iki mərtəbəli yaşayış evi var. Torpaq sahəsi ilə bağlı **********, **********, ********** və ********** nömrəli ərizələr ilə müraciət olunub. Torpaq sahəsinin cizgisində ölçülər və istinadlar göstərilməyib. Torpaq sahəsinin koordinatları əlavə olundu. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********73 nömrəli məktubu ilə təqdim edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 144 nömrəli sahədə yerləşən 600 kv.m torpaq sahəsinin ətrafında qeydiyyata alınmış torpaq sahələrinə dair müvafiq sənədlərin təsdiq edilmiş surətlərindən görünür ki: -Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 26 avqust 1998-ci il tarixli, 724 nömrəli Hövsan qəsəbəsi, ev 14, mənzil 94-də yaşayan vət. X1 fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması haqqında Sərəncamı ilə vət. X1 yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsinin şərq hissəsində, göstərilmiş cizgi əsasında 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Həmin sərəncama əlavə edilmiş aktda 152 nömrəli torpaq sahəsinin X1 təhvil verildiyi, əlavə edilmiş sxemdə 152 nömrəli torpaq sahəsinin qonşuluğunda Təhsil nazirliyinin qarajı, 153, 151, 144 nömrəli torpaq sahələrinin olduğu göstərilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 9-cu döngədə yerləşən 9 nömrəli fərdi yaşayış evi 0.0582 ha ölçüdə torpaq sahəsi ilə X2 adına xx.xx.2009-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********10 nömrəli məktubunda bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin yerləşmə cizgisindəki mövqeyi ilə faktiki sahənin mövqeyi tamamilə fərqlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üyün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu məktub daşınmaz əklakın dövlət reyestrində qeydiyyata alınmasından imtina sayılmır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 05 avqust 1998-ci il tarixli, 1319 nömrəli sərəncamına əsasən Qaraçuxur qəsəbəsinin şərq hissəsində fərdi yaşayış evi tikmək üçün ayrılmış 144№li sahədə 600 kv.m. torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan iddia olunan torpaq sahəsinin faktiki vəziyyəti ilə təqdim edilmiş yerləşmə cizgisindəki mövqeyi ilə fərqli olduğunu əsas gətirərək müraciəti təmin etməmişdir. Hazırkı tələbində iddiaçı cavabdehin imtinasının əsasızlığını iddia edərək sözügedən torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtina dəlillərini əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə sərəncamları torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə məhkəmə icraatında tədqiq olunmuş materiallardan görünür ki, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 05 avqust 1998-ci il tarixli, 1319 nömrəli sərəncamı ilə X3 fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsinin şərq hissəsində, 144№li sahədə 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamla ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi rayon icra hakimiyyətinin baş memar, Qaraçuxur qəsəbəsindəki icra nümayəndəliyi tərəfindən tərtib edilmiş, torpaq sahəsi 144 nömrə altında pay bölgüsü aprılaraq və müvafiq nişanlar qoyularaq iddiaçıya təhvil verilmiş, torpaq sahəsinin təhverilmə aktı (təhkim aktı) rayon icra hakimiyyəti başçısının imza və möhürü ilə təsdiq edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, hazırkı Suraxanı Rayon İcra Hakimiyyəti xx.xx.2022-ci il tarixli iddiaçıya ünvanladığı məktubu ilə qeyd edilən Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 1319 saylı sərəncamı əsasında ayrılmış torpaq sahəsinə dair akt tərtib edildiyini və iddiaçıya həmin aktın təhvil verildiyini bildirməklə hazırda da həmin cizginin etibarlılığını, qüvvədə olduğunu bilavasitə təsdiq etmişdir. Cavabdehin mütəxəsissləri tərəfindən yerində baxış edilərək torpaq sahəsinin faktiki ölçüləri, yerləşmə koordinatları müəyyən edilmiş, göstərilən sahənin “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətində olduğu, torpaq sahəsinin xüsusi mülkiyyət kimi qeydiyyata alınmadığı, ərazinin yüksək gərginlikli elektrik xəttinin və qaz kəmərinin mühafizə zolağında yerləşmədiyi bildirilmişdir. Cavabdehin imtina əsası ondan ibarətdir ki, torpaq sahəsinin yerləşmə cizgisindəki mövqeyi ilə faktiki sahənin mövqeyi fərqlidir. Məhkəmə icraatı gedişində verilmiş sorğulara cavab olaraq cavabdeh təqdim edilmiş yerləşmə cizgisində istinadlar, istinad məsafələri, perimetrik ölçülər qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirməyin mümkün olmadığını, cizgidə sahənin şimal qonşuluğunda “Təhsil nazirliyinin qarajı” qeyd edilsə də, sahənin 3 tərəfi qonşu sahələr bir tərəfi yol olduğu, cizginin göstərilən sahəyə aidiyyəti olmadığını bildirmişdir. Məhkəmə cavabdehin bu mövqeyi ilə o əsasla razılaşmır ki, təqdim edilən akt (yerləşmə cizgisi) sərəncamla torpağın ayrıldığı vaxtda xx.xx.1998-ci ildə tərtib edilmiş və həmin yerləşmə cigisində iddiaçıya ayrılmış torpaq sahəsi 144 nömrəsi ilə işarələnmişdir. 1998-ci ildə tərtib edilmiş cizgidə iddiaçının şimal qonşuluğunda “Təhsil nazirliyinin qarajı”nın keçən zaman kəsiyində yerinin dəyişdirilməsi, hazırda faktiki vəziyyətdə həmin qarajın mövcud olmaması mümkündür və bu hal cizginin göstərilən birmənalı sahəyə aidiyyəti olmadığı qənaətinə gəlməyə əsas vermir. Məhkəmə bu nəticəyə gələrkən xüsusən o halı da nəzərə alır ki, iddiaçının qonşuluğunda yerləşən və torpaq sahələrinə dair reyestr məlumatlarından məlum olur ki, iddiaçının təqdim etdiyi yerləşmə cizgisində 152 nömrə ilə qeyd edilmiş torpaq sahəsi X4 Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 26 avqust 1998-ci il tarixli, 724 nömrəli sərəncamı ilə ayrılmış, həmin torpaq sahəsinin L.Səfərova təhvil verilməsi ilə bağlı iddiaçıyla eyni formada, eyni məzmunda, eyni səlahiyyətli şəxslər tərəfindən akt tərtib edilmiş və həmin akta yenə də iddiaçıya veirlmiş yerləşmə cizgisi ilə eyni formada cizgi tərtib edilmiş və həmin cizgidə də 152 nömrəli torpaq sahəsinin qonşuluğunda 144 nömrəli torpaq sahəsinin eyni vəziyyətdə yerləşdiyi, “Təhsil nazirliyinin qarajı” olan hissənin əks olunduğu müəyyən olunur. Göründüyü kimi iddiaçı ilə qonşu olan torpaq sahəsi də yerli icra hakimiyyətinin sərəncamı ilə ayrılmış, həmin torpaq sahəsinin də yerləşmə cizgisi yerli icra hakimiyyəti tərəfindən tərtib edilmiş və cavabdeh orqan həmin qonşu torpaq sahəsinin yerləşmə cizgisi ilə uyğun gəlmədiyi ilə bağlı dəlil irəli sürmədən təqidm olunan yerli icra hakimiyyətinin sənədlərinə əsasən torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatını aparmışdır. Belə olan halda cavabdehin hazırkı iddiaçıya münasibətdə hüququ qeydiyyata almaqdan imtina əsası öz təsdiqini tapmır və bu hal ən azı iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsi ilə nəzərdə tutulmuş (İİQ-nun 12.2-ci maddəsi: İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.) bərabərlik prinsipini pozduğunu deməyə əsas verir. Beləliklə, iddiaçının təqdim etdiyi torpaqayırma sənədləri (sərəncam və yerləşmə cizgisi) qüvvədə olmaqla həmin sənədlərin məhkəmə icraatında mötbərliliyini istisna edəcək hər hansı hala rast gəlinməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının daşınmaz əmlak üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 1319 saylı Sərəncamı ilə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində 144 nömrəli sahədə yerləşən 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə ediıməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 1319 saylı Sərəncamı ilə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində 144 nömrəli sahədə yerləşən 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar