Məhkəmə qərarları › İş №2-1(112)-6111/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6111/2021

22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6111/2021 22.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinə qarşı sayğacın quraşdırılması tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinə (bundan sonra mətndə "xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların yəni İddiaçı1 - mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin İİ mərtəbəsi, ümumi sahəsi 154.7 kv. m.-dan ibarət hissəsinə və İddiaçı2- mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin İİİ mərtəbəsinə, ümumi sahəsi 155.7 kv m.-dan ibarət hissəsinə elektrik şəbəkəsinə qoşularaq, uçot sayğacı quraşdırılmasının cavabdeh "Azərişıq” ASC-nin öhdəsinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdırlar ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin İİ mərtəbə , ümumi sahəsi 154.7 kv m.-dan ibarət hissəsi onun (İddiaçı1) adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq 23 noyabr 2020-ci il tarixdə qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir (daşınmaz əmlakın reyestr nömrəsi **********49-10302). Həmçinin müvafiq olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Bakı Ərazi İdarəsi tərəfindən fərdi yaşayış evinin texniki pasportu işlənib hazırlanmışdır. ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin İİİ mərtəbəsi, ümumi sahəsi 155.7 kv m.-dan ibarət hissəsi onun (İddiaçı2) adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq 23 noyabr 2020-ci il tarixdə qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir (daşınmaz əmlakın reyestr nömrəsi **********49- 10302). Həmçinin müvafiq olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Bakı Ərazi İdarəsi tərəfindən fərdi yaşayış evinin texniki pasportu işlənib hazırlanmışdır. Bu fərdi yaşayış evinin birinci mərtəbəsi X1 adına qeydiyyatdan keçmişdir . Bu fərdi yaşayış evinə bir elektrik uçot sayğacı X1 adına olmaqla quraşdırılmışdır. Qeyd olunmalıdır ki, onlar işıq xəttinin ayrılaraq istifadələrində olan sahəyə elektrik sayğacı quraşdırılması və sərbəst istifadə edilməsi üçün "ASAN xidmət" mərkəzinə müraciət etmişdirlər, lakin bu barədə "xxxx" ASC-yə müraciət etməkləri tövsiyə edilmişdir. Onlar "xxxx" ASC-yə ərizə ilə müraciət edərək, mülkiyyətlərində olan hissənin ikinci uçot sayğacı ilə təchiz edilməsini, sayğacın quraşdırılmasını xahiş etmişlər, 02.04.2021-ci il tarixdə verilmiş cavabda daşınmaz əmlakın hissələrlə özgəninkiləşdirilməsinə dair bölgü sxemi təqdim edilməsi göstərilməklə imtina edilmişdir. Bu tamamilə əsassızdır, belə ki, təqdim edilən sənədlərdən də görünür ki, bu fərdi yaşayış evi mərtəbələr olmaqla paylar müəyyən edilmiş və ayrılmışdır və hər birinin şəxsi mülkiyyətindədir, sayğac quraşdırılmasına heç bir məhdudiyyət yoxdur. Halbuki onların ərizələri təmin edilməli və sayğac quraşdırılması üçün tədbirlər görülməli idi. Mülkiyyətlərində olan hissəyə sayğac quraşdırılması zəruridir. Bununla da onların bir istehlakçı kimi hüquqları kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra–İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh "xxxx" ASC tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçılar məhkəmə iclasına gəlmədiklərindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə (hazırlıq) iclasında iştirak etmiş İddiaçı1 və İddiaçı2 nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X4 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, təmsil etdiyi cəmiyyətin müvafiq qurumları tərəfindən iddiaçılara məxsus ünvana (yaşayış sahəsi) baxış keçirilən zaman, sözügedən yaşayış sahəsinin enerji təchizatı şəbəkəsinə qoşulduğu müəyyən olunmuş və iddiaçıların müvafiq müraciətinə cavab olaraq, sonunculara özlərinə məxsus daşınmaz əmlaka dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib olunmuş daşınmaz əmlakın hissələrlə özgəninkiləşdirilməsinə bölgü sxemi təqdim olunacağı təqdirdə, qoşulma haqqı ödənilməsi şərti ilə müraciətlərinin təmin olunmasının mümkün olacağı bildirilmişdir. Cavabdehin nümayəndəsi qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Beləliklə öhdəliyin icrası haqqında iddia onunla xarakterizə olunur ki, iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İPM-nin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçılar hazırki tələblə cavabdehə müraciət edərək, özlərinə xüsusi (paylı) mülkiyyət hüququ ilə məxsus olan yaşayış sahəsinin ayrı-ayrı uçot sayğacları ilə təchiz edilməsini xahiş etmişlər, cavabdeh isə ərizənin təmin edilməsindən imtina etmişdir. Odur ki, iddiaçılar inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə tələblərinin təmin olunması barədə öhdəliyin qoyulmasını xahiş etmişlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. İddianın mahiyyəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən müvafiq olaraq İddiaçı1, İddiaçı2 və X1 adlarına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi İ mərtəbə ü/s-153.1 kv. m. və torpaq sahəsi X1 adına (qeydiyyat tarixli 23.11.2020-ci il, ********** qeydiyyat nömrəsi); İİ mərtəbəsi ü/s-154,7 kv. m. hissəsi İddiaçı1 adına (qeydiyyat tarixi 23.11.2020ci il, qeydiyyat nömrəsi **********); İİİ mərtəbə ü/s-155,7 kv. m. (qeydiyyat tarixi 23.11.2020ci il; qeydiyyat nömrəsi **********) İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 481 nömrəli reyestr kitabının 45118 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi idarəsi tərəfindən müvafiq olaraq İddiaçı1, İddiaçı2 və X1 adlarına 20.11.2020-ci il tarixdə tərtib olunmuş 04/6243 inventar nömrəli (reyestr nömrəsi **********49-10302); 04/6244 inventar nömrəli (reyestr nömrəsi **********49-10302) və 04/6245 inventar nömrəli (reyestr nömrəsi **********49-10302) fərdi yaşayış evinə dair texniki pasportların surətlərindən müəyyən olunur ki, İddiaçı1 və başqalarının, İddiaçı2 və başqalarının, X3 və başqalarının mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi 2019-cu il tarixdə tikilmiş, ümumi sahəsi 463,5 kv. m., yaşayış sahəsi 329,5 kv. m., köməkçi saahəsi 134 kv. m., açıq eyvanı,178, 6 kv. m. tikintialtı, həcmi 1768 kv. m. olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli və ******* saylı arayışlardan müəyyən olunur ki, İddiaçı1 və İddiaçı2 ünvan 4 ünvanında qeydiyyatdadırlar. Hazırkı tələblə bağlı iddiaçılar İddiaçı2 və İddiaçı1 müraciətlərinə "xxxx" ASC tərəfindən verilmiş müvafiq olaraq 02.04.2021-ci il tarixli 0199/H-180/2502 və 0199/S- 112/2507 saylı cavab məktublarında qeyd edilmişdir ki, “Asan Kommunal" mərkəzinə 25.12.2020-ci il tarixi müraciətləri əsasında cəmiyyətin əməkdaşları tərəfindən ünvanınlarına baxış keçirilmiş, sözügedən yaşayış sahəsinin enerji təchizatı şəbəkəsinə qoşulu olduğu məlum olmuşdur. Yaşayış sahəsinin ikinci uçot sayğacı ilə təchiz edilməsi üçün Azərbaycar Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarələri tərəfindən tərtib edilmiş və notarial qaydada təsdiq edilmiş “daşınmaz əmlakın hissələrlə özgəninkiləşdirliməsinə dair bölgü sxemi”ni “ASAN Kommunal” mərkəzinə təqdim etməlidirlər. Müvafiq sənədlər təqdim edildikdən, həmçinin tələb olunan gücə görə qoşulma haqqı məbləği "xxxx" ASC-nin bank hesabına ödənildikdən sonra layihə sənədləri hazırlanaraq tikinti-quraşdırma işləri yerinə yetiriləcək və yaşayış sahənizə ikinci uçot sayğacının quraşdırılması təmin ediləcəkdir. Bundan sonra iddiaçılar hazırki ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.1-ci bəndində göstərilmişdir ki, Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Qaydaların 7.2-ci bəndində göstərilmişdir ki, Dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.3-cü bəndində göstərilmişdir ki, hesablaşma uçot cihazları, o cümlədən aktiv və reaktiv enerji, aktiv və reaktiv güc elektrik sayğacları, həmçinin cəmləşdirici qurğular və avtomatlaşdırılmış uçot sistemləri “Elektrik qurğularının quraşdırılması qaydaları”na uyğun quraşdırılmalı və standartların tələblərinə cavab verməlidir. Qaydaların 7.6-cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qaydaların 7.9-cu bəndində göstərilmişdir ki, məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi üçün, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən hər birinin mülkiyyətində olan və ayrı-ayrılıqda elektrik şəbəkəsinə qoşularaq, uçot sayğacı quraşdırılmasının cavabdehə həvalə olunmasını tələb etdikləri yaşayış sahəsi Daşınmaz əmlakın Dövlət reyestrində paylı mülkiyyət kimi qeydə alınmaqla, naturada bölünməsi həyata keçirilməmişdir. Həmin yaşayış sahəsi vahid ünvanda yerləşməklə və qeyd olunan yaşayış sahəsi enerji təchizatı şəbəkəsinə qoşulmaqla, orada üçüncü mülkiyyətçinin (X3) adına elektrik enerjisinin sərfiyyatını qeydə alan vahid uçot sayğacı cavabdeh orqan tərəfindən quraşdırılmışdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə cavabdehin nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar