Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6113/2024 16.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqların qeydə alınmaqla, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqların qeydə alınmaqla, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçmiş X4 və istismarı Birliyi tərəfindən 30 noyabr 2004-cü il tarixdə 33598 saylı müqavilə ilə istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5050b nömrəli bağ (torpaq) sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqları üzrə qeydiyyata alınaraq müvafiq çıxarış verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5050b nömrəli bağ sahəsi keçmiş X4 və İstismarı Birliyi tərəfindən 30 noyabr 2004-cü il tarixdə 33598 saylı müqavilə ilə onun istifadəsinə verilmişdir. Həmin vaxtdan fasiləsiz olaraq onun istifadəsindədir. Ona məxsus bağ sahəsini mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq qərarına gəlmişdir. Bunun üçün 04 dekabr 2023-cü il tarixində cavabdeh təşkilata ********* saylı ərizə ilə müraciət etmişdir. Ərizəsinin cavabı olaraq xx.xx.2024-cü il tarixli **********12 saylı “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə Bildiriş” verilmişdir. Bildirişdə hüquqların qeydiyyata alınmasından imtina edilməsinə iki səbəb əsas kimi göstərilmişdir. Birinci səbəb kimi, göstərilən hissədə bağların bölgüsünə dair sxematik xəritədə bağ nömrəsinin qeyd edilməməsi, ikinci səbəb kimi Bağ Tikinti Kooperativinin sxemində sözügedən bağ nömrəsinin aşkar edilməməsi bildirilmişdir. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi səbəbləri əsassızdır və onun hüquqlarını pozur. Belə ki, birinci dəfə göstərilən hissədə bağların bölgüsünə dair sxematik xəritədə bağ nömrəsinin qeyd edilməməsi kimi bir səbəb göstərilmişdi. Sxematik xəritənin tərtibatı, saxlanması, mötəbərliyi və s. kimi məsələləri adi vətəndaş olaraq onun səlahiyyətində olmadığından, həmin səbəblərlə bağlı hüquqlarının dövlət qeydiyyatından imtina edilməsi absurddur. Bəhs edilən ərazidə bağ sahələrinin çoxunun dövlət qeydiyyatına alınmış olması qənaətindədir. Yəni, ən azı həmin bağ sahələrinin qeydiyyata alınmasına nədənsə sxematik xəritənin göstəriciləri mane olmamışdır. Bəhs edilən bağ sahəsində hələ bağ sahəsi ayrılan zaman onun tərəfindən kiçik bir bağ evi də inşa edilmişdir və hal-hazırda da istifadəsindədir. Həmin ev müasir tələblərə cavab vermədiyindən onun qeydiyyatı ilə bağlı müraciəti olmamışdır. Bildirişdə ikinci imtina səbəbi kimi Bağ Tikinti Kooperativinin sxemində sözügedən bağ nömrəsinin aşkar edilməməsi göstərilmişdir ki, bu səbəbin ümumiyyətlə ona məxsus bağ sahəsinə aidiyyəti olmadığını düşünür. Ona məxsus olan bağ sahəsi bağ icarə müqaviləsi ilə istifadəsinə verilmişdir. Bağ-Tikinti Kooperativi tərəfindən verilən bağ sahələrinə dair hüquqmüəyyənedici sənəd orderdir. O, hər hansı Bağ Tikinti Kooperativinin üzvü deyil və bağ sahəsi də ona Kooperativ üzvü kimi verilməmişdir. Belə olan halda, cavabdeh təşkilatın ona məxsus bağ sahəsinin nömrəsinin Bağ Tikinti Kooperativinin sxemində aşkar edilməməsi məzmunlu imtina əsası ən azı başadüşülən deyil. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 02 fevral 2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: xx.xx.2024-cü il tarixdə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, iddiaçı müvafiq iddia tələbi ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********12 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, göstərilən hissədə bağların bölgüsünə dair sxematik xəritədə bağ nömrəsi qeyd edilməmiş, həmçinin Bağ Tikinti Kooperativinin sxemində sözügedən bağ nömrəsi aşkar edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə xx.xx.2023-cü il tarixdə yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi ümumi sahəsi 2044 kv. m. olan hasar daxilində yerləşir və 1227 kv. m. sahə mişar daşı ilə ayrılaraq, hasarlanmışdır. Elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Bilgəh-Kürdəxanı yolunun kənarında yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X11 etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: Məhkəmənin müvafiq sorğusuna əsasən DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********29 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş: - Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Nardaran bağlar sahəsindəki 205 №-li kooperativi tərəfindən verilmiş 133 №-li orderin surətindən müəyyən olunur ki, X3 Bakı şəhər İcra Hakimiyyətinin 29 mart 1993-cü il tarixli 531 №-li qərarına əsasən Nardaran bağlar sahəsində 205 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 5050a №-li bağ sahəsi ayrılmışdır. - Bakı şəhər İcraiyyə Komitəsinin X4 və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 241 №-li kooperativ tərəfindən verilmiş 133 №-li orderin surətindən müəyyən olunur ki, X3 Bakı şəhər İcraiyyə Komitəsinin 29 mart 1993-cü il tarixli 531 №-li qərarına əsasən ona Ləhiş bağlar sahəsində 241 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 5050 a №li bağ sahəsi ayrılmışdır. - İddiaçı tərəfindən Bakı şəhərinin X7 ünvanlanmış və həmin İdarənin xx.xx.2004-cü il tarixli daxil olma ştampı ilə qeydiyyata alınmış ərizədə Ləhiş ərazisində X2 adnda olan 5050b saylı bağ sahəsinin onun adına keçirilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. - Bakı şəhəri, Nardaran qəsəbəsi, A.Qarayev küç., 24-də yaşayan X6 (X12 və X9) tərəfindən Bakı şəhərinin X7 ünvanlanmış xx.xx.2004-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizələrdə X3 məxsus olan Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən 5050b saylı bağ sahəsinin İddiaçı adına sənədləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. - BTK-241 Ləhiş ərazisi üzrə bağ sahələrinin yerləşməsi üzrə bölgü sxemin surətindən müəyyən olunur ki, siyahıda 5050 №-li bağ qeyd olunmuşdur (Qeyd: təqdim olunan bölgü sxemində 5050 №-li bağın ikiqat ölçüdə, yəni 0,24 ha-dan ibarət olduğu müəyyən olunur). - Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X4 və istismarı Birliyinin Ləhiş ərazisindəki 5050b nömrəli bağın istifadəyə verilməsi haqqında 33598 №-li xx.xx.2004-cü il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Sabunçu rayonu, Ləhiş bağ massivində 0,12 ha torpaq sahəsi olan 5050b nömrəli bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə aktının surətindən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 5050 b saylı bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 1200,00 kv.m, faktiki sahəsi isə 1227,0 kv.m. təşki edir, göstərilən bağ sahəsinin ümumi sahəsinin 2044,0 kv. m. olan hasar daxilində yerləşdiyi, ümumi sahədən 5050 b saylı bağ sahəsi kimi 1227.0 kv. m. sahənin 5 daş hündürlüyündə mişar daşı ilə hasarlanaraq ayrıldığı, sahədə 1 mərətəbəli, mansardlı ev, köməkçi və həyət tikililəri olduğu, bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmadığı qeyd olunmuşdur. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********12 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5050b saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmışdır. Göstərilən hissədə bağların bölgüsünə dair sxematik xəritədə bağ nömrəsi qeyd edilməmiş, həmçinin Bağ Tikinti Kooperativinin sxemində bağ nömrəsi aşkar edilməmişdir. Tətbiq edilən hüquq. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. İddiaçının üzərində mülkiyyət hüququnu qeydiyyata alınmasını tələb etdiyi 0,12 hadan ibarət torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X4 və istismarı Birliyinin Ləhiş ərazisindəki 5050b nömrəli bağın istifadəyə verilməsi haqqında 33598 №-li xx.xx.2004-cü il tarixli müqaviləsi əsasında onun istifadəsinə verilmişdir. İddiaçıya torpaq (bağ) sahəsinin ayrılması barədə müvafiq müqavilə cavabdeh inzibati orqanın arxivində saxlanılmaqla və hal-hazırda qüvvədə olmaqla cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X4 və İstismarı Birliyinin 33598 №-li xx.xx.2004-cü il tarixli müqavilə əsasında iddiaçıya torpaq (bağ) sahəsinin ayrılması işin mübahisəsiz halıdır. İstinad olunan normaların hazırkı mübahisənin hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirilən bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmışdır və həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq çıxarış verilməlidir. Cavabdehin imtina cavabından göründüyü kimi mübahisəli torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını mümkünsüz hesab etməsinin əsasları kimi göstərilmişdir ki, göstərilən hissədə bağların bölgüsünə dair sxematik xəritədə bağ nömrəsi qeyd edilməmiş, həmçinin Bağ Tikinti Kooperativinin sxemində sözügedən bağ nömrəsi aşkar edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə xx.xx.2023-cü il tarixdə yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi ümumi sahəsi 2044 kv. m. olan hasar daxilində yerləşir və 1227 kv. m. sahə mişar daşı ilə ayrılaraq, hasarlanmışdır. Elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Bilgəh-Kürdəxanı yolunun kənarında yerləşir. Məhkəmə hesab edir ki, göstərilən hissədə bağların bölgüsünə dair sxematik xəritədə bağ nömrəsinin qeyd edilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır və bu hal iddiaçının təqsiri ilə bağlı olmayan məsələdir və onun hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Bundan əlavə mübahisəli bağ torpaq sahəsi ilə bağlı cavabdeh orqan tərəfindən təqdim olunmuş arxiv qovluğundakı sənədlərdən (orderlər, bağ torpaq sahəsinin addanada keçirilməsinə dair ərizələr, bağın istifadəyə verilməsinə dair müqavilə, bölgü sxemi) və müayinə aktından müəyyən olunur ki, mübahisəli bağ torpaq sahəsi (0,12 ha + 0,12 ha) 5050a nömrəsi ilə ilkin olaraq X3 ayrılmış, daha sonra onun (və ailə üzvlərinin ) razılığı ilə həmin torpaq sahələrindən 0,12 ha hissəsi qanunla müəyyən olunmuş qaydada 5050b nömrəsi altında İddiaçı istifadəsinə verilmişdir. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.0.20-ci maddəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Beləliklə, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Son olaraq məhkəmə qeyd edir ki, torpaq sahəsi ümumi sahəsi 2044 kv. m. olan hasar daxilində yerləşir və 1227 kv. m. sahə mişar daşı ilə ayrılaraq, hasarlanmışdır. Elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Bilgəh-Kürdəxanı yolunun kənarında yerləşməsi də iddiaçının hüquqlarının qeydə alınmasından imtina etmək üçün əsas ola bilməz. Belə ki, mübahisəli bağ torpaq sahəsi uzun müddətdir ki, mübahisəsiz iddiaçının faktiki istifadəsində olmaqla yanaşı, iddiaçı məhz sənəd üzrə ona məxsus olan 0.12 ha ölçüdə torpaq sahəsinə dair hüquqlarını qeydə alınmasını tələb edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın konkret əsasları göstərilmişdir. Məhkəmə nəzərə alır ki, hazırkı iş üzrə iddiaçının mübahisəli Bağ Torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmasından imtinaya səbəb ola biləcək həmin əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. Beləliklə məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Keçmiş X4 və istismarı Birliyi tərəfindən 30 noyabr 2004-cü il tarixdə 33598 saylı müqavilə ilə istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5050b nömrəli bağ sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmaqla, onun adına Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6113/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6113/2024
16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver