Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6116/2021 17.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 45 saylı Notariat Ofisinə qarşı “Mənzil üzərində payın müəyyən edilərək vərəsəlik şəhadətnaməsində göstərilməsi vəzifəsinin Bakı şəhəri 45 saylı notariat ofisinin üzərinə qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək X2 mənzil üzərində payın müəyyən edilərək vərəsəlik şəhadətnaməsində göstərilməsi vəzifəsinin Bakı şəhəri 45 saylı notariat ofisinin üzərinə qoyulması tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, o, Bakı şəhər 45 saylı notariat ofisinin 05.03.2021-ci il tarixli 58 nömrəli qərarını qanunsuz hesab edir. Belə ki, anası X4 ona məxsus olan mənzili oğluna bilmədən bağışlamışdır. X1 15 fevral 2018-ci ildə vəfat etmişdir. Belə ki, anası oğlunun ölümündən sonra həmin mənzildə yaşamışdır. Bakı şəhəri Qaradağ rayonu 45 saylı notariat ofisi öz qərarında bildirir ki, anası X4 oğlunun ölümündən sonra mirası qəbul etməsi barədə heç bir hərəkət ifadəsi göstərməmişdir. Belə ki, anası 26.12.2020-ci il tarixədək yəni ölən günədək həmin evdə yaşamışdır. Anasının X1nun ölümündən sonra həmin mənzildə yaşaması faktiki olaraq mirasa sahiblənməsini ifadə edir. Bağışlayan bağışlanandan sonra vəfat edirsə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 671-ci maddəsinə əsasən, hədiyyə verən hədiyyə alanın ondan qabaq ölməsi halı üçün bağışlanmış əşyanın restitusiyası hüququnu özündə saxlaya bilər. Belə olan halda notariusun qərarı qanunsuzdur. Birmənalı şəkildə anası həmin evdə mülkiyyətçi olmuşdur. Belə ki, həmin mənzil barədə vərəsəlik şəhadətnaməsi veriləndə anasının payı açıq saxlanmalı və bundan sonra anasının vərəsələri arasında bu məsələ öz həllini tapmalıdır.
3. Bakı şəhəri 45 saylı notariat ofisinin “notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə” 05.03.2021-ci il tarixli 58 nömrəli qərarına əsasən, İddiaçı qardaşı X3 mülkiyyətində olan mənzilə dair vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Ərizəçiyə izah edilmişdir ki, “Notariat haqqında” Azərbaycan Respublikaı Qanununun 41-ci maddəsinin tələblərinə görə notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə notariat ofisinin yerləşdiri yerin məhkəməsinə - Qaradağ rayon məhkəməsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.8-ci maddəsinə əsasən şikayət verilə bilər.
4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi. II. İddianın mümkünlüyü
5. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli № 05 qərarı; 1.3 və 1.4-cü bəndlər)
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
7. Notariat ofisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatına əsasən inzibati orqan deyil.
8. Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli (“Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər”) həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır (“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli № 04 qərarı; 8-ci bənd)
9. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).
10. Odur ki, iddiaçıya müvafiq tələblə ümumi məhkəməyə (Qaradağ rayon məhkəməsinə) müraciət etmək hüququ izah olunsun.
11. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
12. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva