Məhkəmə qərarları › İş №2-1(112)-6120/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6120/2021

09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6120/2021 09.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə (müstəntiq R.V.Allazov) qarşı “Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəlləsinin tələblərinin müstəntiq tərəfindən kobud şəkildə pozulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsinin İsitintaq və Təhqiqat İdarəsinə qarşı “Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəlləsinin tələblərinin müstəntiq tərəfindən kobud şəkildə pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, barəsində şikayət olunması və bununla bağlı başlanmış istintaq sənədlərində 2016-cı il tarixi qeyd edilməsinə baxmayaraq, bununla bağlı istintaqa Xətai rayon Polis İdarəsinin müstəntiqi tərəfindən 2017-ci il tarixdə dəvət edilmişdir. Xətai rayon Prokurorluğunda işə xitam verilməsi qərarı verilməklə məsələ sonlanmış, bu zaman məhz cinayətin törədilməsi iddisının əsasını təkil edən sübutların mötəbər olmaması əsas götürülmüşdür. Lakin Bakı şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat İdarəsi Ağır Cinayətlərin İstintaqı Şöbəsinin müstəntiqi Rüfət Allazovun icraatına qəbul etdiyi 2018-ci il tarixli cinayət işinin araşdırılması zamanı verdiyi ifadə və şikayətçiyə qarşı törətdiyi əməlin, yəni sübut hesab edilən məqalələrin Cinayət Məcəlləsinin əməlin cinayət olmasını aradan qaldıran hallar fəslinin 36-cı maddəsinin zəruri müdafiə hüququnun təmin edilməməsi qərəzli yanaşma hesab edilməlidir. X3 CPMnin 21-ci maddəsinin 3-cü bəndi - təqsirsizlik prezumpsiyasını pozması azadlıqdan məhrum edilməsinə səbəb olmuş və bununla hakimin səhv qərar, prokurorun isə düzgünlüyünü yoxlamadan əsassız ittihamı müdafiə etməsinə gətirib çıxarmışdır. Müstəntiqin maddi sübütlar toplusu olaraq təqdim etdiyi ona məxsus olduğu iddia edilən məqalələrin müasir texnologiyanın köməyi ilə daxili mətnlər dəyişdirilməklə barəsində irəli sürülmüş cinayət işinə əlavə edilmişdir. Xətai rayonundan başlanmış bu cinayətin tam olaraq qərəzli şəxsi maraqları çərçivəsində qisas məqsədi daşıdığını yazılı və şifahi bildirməsinə baxmayaraq, Azərbaaycan Respublikasının qanunları kobud şəkildə pozulmuşdur. Şikayətçinin iddiasına görə o, guya ondan 3 ay müddət olmaqla hər ay 400 manat tələb etmiş və bundan sonra 9000 manat olmaqla növbəti aylar üçün hədə-qorxu yolu ilə tələbinin olmasını şikayətində qeyd etmişdir. Müstəntiqin şikayətçi ilə öncə əlbir olması qanunları deyil, boş sahid ifadəsi ilə yanaşı təkzib edilən sübutları əsas götürməklə şəxsi ədalətin, qisasın alınmasına zəmin yaradaraq onun 5 il azadlıqdan məhrum edilməsinə səbəb olmasıdır. Dəfələrlə izahatlarında bildirmişdir ki, 2015-ci il tarixində Mehman Həsənov (Antalya Mehman ləqəbi ilə tanınan), Şirin Abdullayev (Mehmanın icarəçisi) barəsində Dövlət Təhlükəsizlik Xidmətinə yazılı şikayət ərizəsinin icraata götürülməsi və həmin adları çəkilən şəxslər barəsində müstəntiq Mətləb Mehdiyev tərəfindən istintaq hərəkətinə başlanılmışdır. Həbs edilməmişdən öncə və sonradan DTXya müraciətlərinə verilmiş cavablarda Mehman Həsənov barəsində yazdığı yazıların hədəqorxu olmadığı şəxsin CM-nin 243, 244-cü maddələri ilə Nəsimi Rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli qərarında məhz maddi sübüt hesab edilir. Cinayət törətmiş şəxsi ifşa etdiyi üçün şər-böhtana məruz qalmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsi X3 apardığı istintaqda qeyd edilən 9000 manat tələbin sübuta yetirilmədiyi qənayətinə gəlmiş və ittihamın həmin hissəsinin çıxarılması qərarını qəbul etmişdir. Müstəntiqdən tələb olunan anten dairənin çıxarılması və qeyd olunan iaşə obyektinin kamera görüntüləri və ya həmin obyekti görən şəhər müşahidə kamera görüntülərinin əldə edilməsi tələbinin əsassız rədd edilməsi və bunun hətta məhkəmə zamanı davam etməsi hüquqlarının və söz azadlığının zorla pozulması kimi dəyərləndirilməlidir. X4 CM-nin 290-cı maddəsini özündə ehtiva edən əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş, həmçinin CM-nin 294-cü maddəsinin müvafiq bəndində qeyd edilən əməli törətmişdir. R.Allazovun şikayətçi tərəfin yalan ifadələrini əsas götürməsi, müdafiə olaraq onun qeyd edilən tarixdə adları çəkilən şəxslərlə orada olmadığını sübut edəcək şahidlərini dindirməkdən səbəb gətirmədən imtina etməsi müstəntiqin apardığı istintaqın obyektivliyinə və şəffaflığına əsaslı şübhələr yaratmışdır. Onun qanunlara riayət etməməsi bütün məhkəmə instansiyalarında hüquqlarının bərpa edilməsində ciddi maneələr yaratmışdır. Müstəntiq barəsində verilmiş şikayətçinin işçiləri kimi təqdim etdiyi şəxslərin rəsmi sənədlərlə təsdiq edilmiş işçi olmasını sübuta yetirməmişdir. Sübuta yetirilməmiş məsələləri cinayət əməlinin törədilməsi kimi göstərməklə Azərbaycan Respublikasının qanunları ilə tanınmış vətəndaş və insan haqlarının əlindən alınmasına səbəb olan hərəkətin baş verməsinə şərait yaratmışdır. R.Allazovun icraatında olmuş cinayət materialları ilkin olaraq Xətai RPİ-nin müstəntiqi Elnur Əsədov tərəfindən araşdırılmışdır. Araşdırma zamanı müstəntiq E.Əsədovun qarşısında şahid qismində tanınmış X2 şikayətçi X1 yaxın qohumu olmasını bildirmişdir. Daha sonra qohumunun ona çörək verdiyini və M.Həsənovun dediyi ifadəni verməli olduğunu qeyd etmişdir. Məhz bu halların ortaya çıxması şahidlərin yalan ifadə verdiyiini müəyyən etdiyindən müstəntiq E.Əsədov və prokurorluq əməkdaşları tərəfindən cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Bakı şəhər BPİ-nin müstəntiqi R.Allazovun icraatına qəbul etdiyi cinayət işinin araşdırılmasında subyektiv və obyektiv səbələrdən hərəkət və ya hərəkətsizliyindən 2016-cı ildə tərtib edilmiş ittihamı əsaslı sayaraq azadlıq hüququnun tanınmamasına səbəb olmuşdur. Şikayətçinin fəaliyyətinə şər-böhtan atdığı iddia edilirsə, o zaman CM-nin 147.1-ci maddəsinin tövsif edilməsi daha düz olar. Lakin bu maddənin də tövsif edilməsini də mümkünsüz edən sübut Nəsimi rayon Məhkəməsinin M.Həsənov ilə bağlı qəbul edilmiş qərarında şəxsin CM-nin 243-244-cü maddələrinin müvafiq bəndləri ilə barəsində hökm verməsidir. R.Allazovun maddi sübüt kimi təqdim etdiyi məqalələrdə də məhz M.Həsənovun CM-nin 243-244-cü maddələri ilə qadağan edilmiş, yəni cinayət əməli hesab edilən fəaliyyətlə məşğul olduğu qeyd edilmişdir. Məqalələrin ona aid olmaması hətta həmin məqalələrin onun rəhbəri olduğu xəbər portalında mövcud olmaması müstəntiq üçün sübüt hesab edilməmişdir. Müstəntiqin məsələdə qərəzli yanaşması CPM-nin 21-ci maddəsinin tələblərinə riayət etməməsi məsələnin onun xeyrinə həll edilməli olduğu qənaətindədir. 2015-ci ildə barəsində şikayət vermiş şəxs və onun əlbir olduğu şəxslər barəsində DTX-ya müraciətin nəticəsində saxta şikayətçi olan M.Həsənovla düşmənçilikləri yaranmışdır. Həmin şəxs qisas məqsədi ilə DİN-nin 102 qaynar xəttinə zəng edərək onun cəzalandırmaq niyyəti güdmüşdür. İlkin istintaq və məhkəmə istintaqı zamanı izahatında bunları qeyd etməsinə baxmayaraq, R.Allazov CM-nin 190.1-ci maddəsinin tələbinin yaranması ilə 48 saat barəsində qəti imkan tədbiri seçmişdir. Bu azmış kimi ifadəsini araşdırmayan müstəntiq CM-nin 290.2-ci maddəsi ilə onu ağır cinayət məsuliyyətinə cəlb etmiş və nəticəsi 5 il azadlıqdan məhrum etmə ilə yekunlaşmışdır. Azərbaycan Respublikası qanunları ilə media orqanlarında dərc edilmiş materiallar cinayət əməli törətmiş şəxsə qarşı cinayət işinin başlanmasına və araşdırılmasına kifayət qədər zəmin yaradır. Müstəntiq M.Həsənovu cinayət məsuliyyətinə cəlb etmək əvəzinə onu cinayət məsuliyyətindən azad etmişdir. Müstəntiq R.Allazov CMnin 308, 313 və 314-cü maddələrində göstərilən əməlləri törətməklə cinayət məsuliyyəti daşıyır. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəisinə (məhkum İddiaçı təqdim edilməsi üçün) ünvanlanmış 23.11.2020-ci il tarixli məktubda qeyd olunur: Vətəndaş İddiaçı barəsində araşdırmanın obyektiv aparılmamasına dair Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanlanmış müraciətinə baxılmışdır. Müəyyən olmuşdur ki, Mehman Həsənovun pullunun ələ keçirilməsi faktına görə başlanmış cinayət işi üzrə Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində istintaq aparılaraq İddiaçı Azərbaycan Respublikası CM-in 182.2.1. və 182.2.4. (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan olunmaqla barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, 20 sentyabr 2018-ci ildə istintaq tamamlanaraq iş ittiham aktı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Şikayəti ilə bağlı İddiaçı məhkəməyə müraciət etmək hüququ vardır. Müraciət cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İddia tələbindən görünür ki, iddiaçının tələbi müstəntiqin cinayət prosessual fəaliyyəti ilə bağlıdır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisədən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir; 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur; 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 7.0.24-ci maddəsinə əsasən müstəntiq - öz səlahiyyətləri daxilində bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət işi üzrə ibtidai istintaqı aparan şəxsdir; 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); 449.1.2. tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin; 449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; 449.1.4. müstəntiqin; 449.1.5. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun; 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər; 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; 449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; 449.3.4-

3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. İddia tələbi inzibati mübahisəni (publik hüquq sahəsini) təşkil edən mübahisə deyildir, cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətlə bağlıdır. Hazırki iddia tələbi inzibati icraat qaydasında baxılması mümkün olan iddia növünə aid olmadığından inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın hərəkətlərindən şikayətlərə məhkəmə nəzarətini həyata keçirən ümumi məhkəmələr tərəfindən baxılması nəzərdə tutulur. Bu baxımdan hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Beləliklə, bu qəbildən olan işlərə məhz cinayət prosesi icraatı qaydasında baxılması müəyyən olunmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə şamil olunmur. Həmçinin İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Göründüyü kimi cinayət prosesini həyata keçirən orqanların qərarları və hərəkətlərinə dair şikayətlərə baxılmasının qanunla başqa aidiyyət qaydası müəyyən edilmişdir. Həmçinin iddia ərizəsindən görünür ki, qeyd olunan iş üzrə istintaq tamamlanaraq iş ittiham aktı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir və iş üzrə məhkəmə hökmü çıxarılmışdır. Məhkəmə qeyd edir ki, qeyd olunan iş üzrə iddiaçının müvafiq məhkəmə hökmündən yuxarı məhkəmə instansiyalarına şikayət etmək hüququ vardır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 15.3-cü bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır (11-ci bənd); Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17-ci bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar