Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6121/2021 03.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və pensiya fərqinin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək əmək kitabçasında qeyd edilən iş illərini və 08.08.1978-05.04.1979 -cu il və 09.06.1982-10.09.1992-ci il tarixləri arasındakı dövr ərzində İxtisaslaşmış Tikinti İdarəsində, 18.09.1992-14.07.1997-ci il tarixləri arasındakı dövr ərzində “Azneftyağ” İВ-də qaz -qaynaqçısı peşəsində çalışdığı iş illərini, hərbi xidmət dövrünü, təhsil illərini sığorta stajına daxil etməklə, əvvəllər qüvvədə olmuş (01.01.2006-cı il tarixinədək) qanunvericiliyə uyğun surətdə 57 yaşı tamam olduğu gündən, yəni 27.08.2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərqin birdəfəyə ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilməsi təyin olunması tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1960-cı il tarixində anadan olub. Uzun illər zərərli sahədə müxtəlif vəzifələrdə işləyib. Hazırda da sürücü vəzifəsində çalışır. Pensiya hüququ 57 yaşında, 27.08.2017-ci il tarixində yaranmışdır. Güzəştli şərtlərlə əmək pensyasının təyin olunması üçün cavabdehə 1-ci dəfə müraciət etmişdi. Müraciətinə 19 iyul 2019-cu il tarixində **********8 saylı məktubla cavab olaraq bildirilmişdir ki, 01.01.2006-cı il tarixinədək ümumi stajı az olduğundan ona güzəştli şərtlərlə əmək pensyasının təyin olunması mümkün deyildir. 2-ci dəfə cavabdehə müraciətinə 2 aydan sonra 27 yanvar 2021-ci il tarixində cavab verilmişdir. Cavabdeh qeyd edir ki, işlədiyi müəssisə sənədləri tam şəkildə arxivə təhvil verməyib. Qeyd edir ki, bu onun təqsiri deyil. Qanunvericiliyə görə iş stajı əmək kitabçasına uyğun surətdə müəyyən edilir. Bu cavab onu qane etmədiyi üçün o cavabdehə 3-cü dəfə 18.03.2021-ci il tarixində təkrar müraciət edərək xahiş etmişdir ki, əmək kitabçasında qeyd edilən iş illəni və hərbi xidmət dövrünü, təhsil illərini sığorta stajına daxil etməklə, əvvəllər qüvvədə olmuş qanunvericiliyə uyğun surətdə 57 yaşı tamam olduğu gündən, yəni 27.08.2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərqin birdəfəyə ödənilməsində köməklik göstərilsin. Müraciətindən 35 gündən artıq vaxt keçməsinə baxmayaraq cavabdeh onun ərizəsinə cavab vermir və qanunvericiliyə uyğun surətdə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması istiqamətində heç bir tədbir görmür. Məcburiyyət qarşısında qalaraq məhkəməyə iddia ərizəsi ilə müraciət edir. Bildirir ki, 08.08.1978-05.04.1979-cu il və 09.06.1982- 10.09.1992-ci il tarixləri arasındakı dövr ərzində İxtisaslaşmış Tikinti İdarəsində, 18.09.1992-14.07.1997-ci il tarixləri arasındakı dövr ərzində “Azneftyağ” İB-də qaz qaynaqçısı peşəsində çalışıb. İşlədiyi sahələr yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ yaradır. 01.01.2006-cı il tarixinə qədər hərbi xidmət dövrünü nəzərə almaqla ümumi iş stajı 26 ilə yaxın, güzəştli iş stajı isə 15 ildən çoxdur. Bu iş stajı imkan verir ki, o, əvvəllər qüvvədə olmuş qanunvericiliyə uyğun surətdə pensiyaya çıxsın.
3. İddiaçının cavabdeh quruma ilk müraciəti 21.06.2019-cu il tarixdədir. Güzəştli şərtlərlə pensiya təyinatından imtina (19.07.2019-cu il tarixli məktuba əsasən) 01.01.2006-cı il tarixədək ümumi əmək stajı 25 ildən az təşkil edir.
4. İddiaçının cavabdeh quruma növbəti müraciəti 02.11.2020-ci il tarixdədir. Güzəştli şərtlələ yaşa görə pensiya təyinindən 27.01.2021-ci il tarixdə imtinada bildirilmişdir ki, 08 avqust 1978-ci il tarixli əmək kitabçasında 08.08.1978-05.04.1979-cu il və 09.06.1982-10.09.1992-ci il tarixləri arasındakı dövr ərzində “İxtisaslaşdırılmış Tikinti İdarəsi”ndə, 18.09.1992-14.07.1997-ci il tarixləri arasındakı dövr ərzində isə “Azərnefyağ” İB-də qaz-qaynaqçısı peşəsində işlədiyi qeyd eidlmişdir. Dövlət Arxivinin Bakı filialının ona dair 08 oktyabr 2018-ci il tarixli 2862 nömrəli arayışında BBTİ 25 saylı Tikinti İdarəsinin 1983-cü il və 1992-ci ilə dair əmr kitabları, 1983-cü il, 1984-cü il və 1988-1992-ci illərə dair əmək haqqı cədvəlləri arxivə təhvil verilmədiyi qeyd olunmuşdur. BBTİ-nin 25 saylı Tikinti İdarəsinin Dövlət Arxivinin Bakı filialında saxlanılan arxiv sənədlərində 1985-1986-cı illərə dair əmək haqqı cədvəlində onun həmin illər üzrə əmək haqqı almadığı barədə hər hansı məlumat mövcud deyil. Buna görə də sözügedən X4 təhvil verilməyən illər üzrə müvafiq sənədlərdə onun adının olub-olmadığına əsaslı şübhələr yaranmışdır. Bu səbəbdən güzəştli iş stajı 12 il 6 aydan az (6 il 7 ay 11 gün) təşkil edir. Bu səbəbdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
5. İddiaçının cavabdeh quruma növbəti müraciəti 04.02.2021-ci il tarixdədir. Güzəştli şərtlələ yaşa görə pensiya təyinindən 27.01.2021-ci il tarixli imtinanın məzmununa uyğun olaraq yenidən 07.04.2021-ci il tarixdə imtina verilmişdir.
6. Cavabdeh qurumun məhkəməyə ünvanladığı 10.06.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 31.08.2020-ci il tarixli müraciəti 02.09.2020-ci il tarixində Mərkəzi Filiala daxil olmuş və 21.09.2020-ci il tarixli **********7 nömrəli məktubla cavablandırılmışdır. Adıçəkilən şəxsin 28.10.2020-ci il tarixli növbəti müraciəti 02.11.2020-ci il tarixində Mərkəzi Filiala daxil olmuş və 27.01.2021-ci il tarixli **********7 nömrəli məktubla cavablandırılmışdır. İddiaçı daha növbəti 01.02.2021-ci il və 16.03.2021-ci il tarixli müraciətləri müvafiq olaraq 04.02.2021-ci il və 30.03.2021-ci il tarixlərində Mərkəzi Filiala daxil olmuş və 07.04.2021 -ci il tarixli **********5 nömrəli məktubla cavablandırılmışdır.
7. Cavabdeh qurumun məhkəməyə ünvanladığı iddiaya yazılı etiraz imtinanın məzmununa uyğun əsaslandırılaraq bildirilmişdir ki, İddiaçı 04 fevral 2021-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 8 avqust 1978-ci il tarixli ******* nömrəli əmək kitabçasında 08.08.1978-05.04.1979-cu il və 09.06.1982-10.09.1992-ci il tarixləri arasındakı dövr ərzində “İxtisaslaşdırılmış Tikinti ldarəsi”ndə, 18.09.1992- 14.07.1997-ci il tarixləri arasındakı dövr ərzində isə “Azərneftyağ" İB-də qaz-qaynaqçısı peşəsində işlədiyi qeyd edilmişdir. Dövlət arxivinin Bakı filialının ona dair 8 oktyabr 2018-i il tarixli 2862 nömrəli arayışında BBTİ 25 saylı Tikinti İdarəsinin 1983-cü il və 1992-ci ilə dair əmr kitabları, 1983-cü il, 1984-cü il və 1988-1992-ci illərə dair əmək haqqı cədvəlləri arxivə təhvil verilmədiyi qeyd olunmuşdur. BBTİ-nin 2 saylı Tikinti İdarəsinin Dövlət Arxivinin Bakı filialında saxlanılan arxiv sənədlərində 1985-1986-cı illərə dair əmək haqqı cədvəlində onun həmin illər üzrə əmək haqqı almağı barədə hər hansı məlumat mövcud deyil. Buna görə də sözügedən X5 təhvil verilməyən illər üzrə müvafiq sənədlərdə onun adının olub-olmadığına əsaslı şübhələr yaranmışdır. Bu səbəbdən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (6 il 7 ay 11 gün) təşkil edir. Bildirilmişdir ki, istər 1 yanvar 2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 67-ci maddəsində iş stajına daxil edilən dövrlər, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsində sosial sığorta stajına daxil edilən dövrlər nəzərdə tutulmuşdur. Hər iki müddəada işçinin mütləq sosial sığorta haqlarının ödənildiyi dövrlərin müvafiq olaraq iş və sığorta stajına daxil edildiyi göstərilmişdir. İddia tələbində qeyd olunan pensiya fərqinin birdəfəlik ödənilməsi məsələsi haqqında bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il Qərardadında qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və bildirdi ki, iddiaçı pensiya təyinatı üçün cavabdeh quruma ilk müraciəti 03 noyabr 2020-ci il tarixdə müraciət edib, odur ki, pensiya 09 iyul 2017-ci il tarixdən təyin edilməli, lakin müraciət etdiyi 03 noyabr 2020-ci tarixdən əvvəlki 3 (üç) il üçün pensiya fərqi birdəfəlik ödənilməlidir. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) isə iddiaçının nümayəndəsi və vəkili bildirdi ki, pensiya fərqi ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi kimi iddianın dəyişdirilməsi qəbil edilməlidir.
9. Məhkəmənin hazırlıq icraatı üzrə iclası zamanı iddia tələbi İddiaçı 57 yaşı (27.08.2017ci il) tamam olduğu güzəştli şərtlər yaşa görə pensiya təyin edilməsi və yaranacaq fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi dəqiqləşdirilmişdir. Şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) zamanı iddiaçı iddia tələbini müdafiə etdi.
10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verdi. Şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) zamanı iddia tələbinin rədd edilməsini etdi.
11. İddiaçı əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı BBTİ 11 saylı tikinti idarəsində və BBTİ 25 saylı tikinti idarəsində müxtəlif dərəcəli elektrikqazqaynaqçısı vəzifələrində işləmişdir: - 01.09.1977-ci ildən 25.02.1978-ci ilədək Bakı şəhəri 5 nömrəli orta texniki peşə məktəbində elektrik qynaqçısı peşəsi üzrə təhsil almışdır və ona üçüncü dərəcəli elekrik qaynaqçısı ixtisası verilmişdir (diplomun notariat qaydasında təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmişdir); - 08.08.1978-ci ildə 3-cü dərəcəli qaz çilingəri işinə qəbul olunmuşdur, 05.04.1979-cu ildə sovet ordusunda xidmətə getdiyi üçün işdən azad edilmişdir; - 06.04.1979-cu ildən 10.05.1982-ci ilədək sovet ordusu sıralarında xidmət etmişdir (hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmişdir); - 09.06.1982-ci ildən 3-cü dərəcəli qaz çilingəri işinə qəbul olunmuşdur, 10.09.1992-ci ildə öz xahişi ilə işdən azad edilmişdir; - 18.09.1992-ci ildə “Azərneftyağ” BNZ-də qaz qaynaqçısı vəzifəsinə qəbul olunmuşdur, 14.07.1997-ci ildə öz xahişi ilə işdən azad edilmişdir; - 14.07.1997-ci ildə “Real Petrol” BM-də sürücü vəzifəsinə işə qəbul olmuş, 16.12.2003cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir; - 17.12.2003-cü ildə "xxxx" MMC-də sürücü vəzifəsinə qəbul edilmiş, 01.08.2005-ci ildə öz xahişi ilə işdən azad edilmişdir; - 01.08.2005-ci ildə "xxxx" MMC-yə sürücü vəzifəsinə işə qəbul edilmiş, 20.10.2008-ci idə öz xahişi ilə işdən azad edilmişdir; - İddiaçı əmək fəaliyyətini sonrakı dövrdə də davam etdirmişdir.
12. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş arayışdan görünür ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan BBTİ 11 saylı Tikinti İdarəsinin natamam arxiv sənədlərinin əmr kitablarında vət. İddiaçı 15.08.1978-ci il tarixli, 68-S saylı əmrlə 08.08.1978-ci il tarixdən 3-cü dərəcəli elektrikqazqaynaqçısı vəzifəsinə işə qəbul olunması, 06.04.1979-cu il tarixli, 29-S saylı əmrlə hərbi xidmətə çağırışla əlaqədar olaraq 05.04.1979-cu il tarixdən işdən azad olması, 11.06.1982-ci il tarixli, 29-S saylı əmrlə 09.06.1982-ci il tarixdən 3-cü dərəcəli elektrikqazqaynaqçısı vəzifəsinə işə qəbul olunması,12.04.1983cü il tarixli, 31-S saylı əmrlə iş yerinin 25 saylı Tikinti İdarəsinə dəyişdirilməsi ilə əlaqədar olaraq 01.04.1983-cü il tarixdən işdən azad olunması, BBTİ 11 saylı Tikinti İdarəsinin 1978,1979,1982-ci illərə və BBTİ 25 saylı Tikinti İdarəsinin 1987-ci ilə dair əmək haqq cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. Mövcud dövrlər üçün tərtib olunmuş arxiv arayışı əmək haqqı cədvəli təqdim olunmuşdur. Dövlət Arxivinin Bakı filialında saxlanılan BBTİ 25 saylı Tikinti İdarəsinin natamam arxiv sənədlərinin 1985,1986-cı illərə dair əmək haqqı cədvəllərində vət.İddiaçı əmək haqqı hesablanması barədə heç bir məlumat aşkar olunmadı. BBTİ 11 saylı Tikinti İdarəsinin 1983-cü ilə dair əmək haqqı cədvəlləri , 25 saylı Tikinti İdarəsinin 1983, 1992-ci illərə dair əmr kitabları, 1983, 1984, 1988, 1989, 1990, 1991, 1992-ci illərə dair əmək haqı cədvəlləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
13. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Heydər Əliyev adına X9 tərəfindən verilmiş 16.10.2020-ci il tarixli arxiv arayışında qeyd edilir: - 03.10.1991.-ci il tarixli 755 saylı əmrdən çıxarış: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.09.1991-ci il tarixli 318 saylı Qərarına əsasən X6 Partiyasının XXİİ qurultay adına Bakı X9nun adı “Azərneftyağ” Bakı X9 adı ilə əvəzləndirilmişdir. - 22.02.1994-cü il tarixli 106 saylı əmrdən çıxarış: Azərbaycan Respublikası Prezidentinin 10.01.1994-cü il tarixli 50 saylı Sərəncamına və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 28.01.1994-cü il tarixli 13 saylı əmrinə əsasən respublika neft sənayesinin rasional idarəedilməsinin təkmilləşdirilməsi və Dövlət Neft Şirkətinin yeni idarə etmə strukturunun təsis edilməsi məqsədi ilə Neft Emalı Baş İdarəsi ləğv edilərək “Azərneftyağ” BNZ-in adı “Azərneftyağ” İstehsalat Birliyi adı ilə əvəzləndirilmişdir. - 23.07.2003-cü il tarixli 122 saylı əmrdən çıxarış: Azərbaycan Respublikası Prezidentinin 24.01.2003-cü il tarixli 844 saylı Sərəncamına və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və 31.03.2003-cü il tarixli 25 saylı əmrinə əsasən “Azərneftyağ” İstehsalat Birliyi adı “Azərneftyağ” X9 adı ilə əvəzləndirilmişdir. - “Azərneftyağ” X9nun fəaliyyətinə xitam verilməsi haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 24.12.2014-cü il tarixli ARDNŞ/14-1000/01/SM-04-000135 saylı əmrinə əsasən “Azərneftyağ” X9 01.01.2015-ci il tarixindən qüvvədə olan qanunvericiliyə uyğun olaraq Heydər Əliyev adına Bakı X9na qoşulmaqla fəaliyyətinə xitam verilmişdir. Əmrə əsasən “Azərneftyağ” NEZ -in hüquq və vəzifələri, o cümlədən işəgötürənin öhdəlikləri 29.01.2015-ci il tarixli Təhvil aktına uyğun olaraq hüquqi varis kimi Heydər Əliyev adına Bakı X9na (bundan sonra Zavod) ötürülmüşdür. - Qeydiyyatdan keçərək yeni redaksiyada verilmiş Nizamnaməyə əsasən Heydər Əliyev adına Bakı X9, Heydər Əliyev adına X9 adlandırılmışdır. - 1) 18.09.1992- ci ildən (işə qəbul əmri 194/şh. 18.09.1992-ci il) 14.07.1997-ci ilədək “Azərneftyağ” adına Bakı X9nun 5 saylı texnoloji sexində qaz-qaynaqçısı peşəsində işləmişdir. - 2) 14.07.1997-ci ildə (işdən çıxma əmri 145/şh. 14.07.1997-ci il) FƏM-si haqqında Azərbaycan Respublikası qanunun 27.1 maddəsinə əsasən öz xahişi ilə işdən azad edilib. Qaz qaynaqçışı, elektrik qaz qaynaqçısı peşələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı'nın 35-ci bölməsinə “Ümumi peşələr" əsasən, güzəştli şərtlərlə yaşa görə təqaüd hüququ verir.
14. Məhkəmə sorğusuna cavab olaraq “X2 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş 07.05.2021-ci il tarixli arayışa əsasən bildirilmişdir ki, filialın Avtomobil nəqliyyatı sexinin sürücüsü İddiaçı 08.08.1978-ci il tarixindən 05.04.1979-cu il tarixinədək, 09.06.1982-ci il tarixindən 01.04.1983-cü il tarixinədək Bakı Baş Tikinti İdarəsinin 11 saylı Tİ-sində qaz qaynaqçışı, 01.04.1983-cü il tarixindən 10.09.1992-ci il tarixinədək Bakı Baş Tikinti İdarəsinin 25 saylı Tİ-sində elektrik qaz qaynaqçısı, 18.09.1992-ci il tarixindən 14.07.1997-ci il tarixinədək isə “Azərncftyağ" BNZ-də qaz qaynaqçısı peşələrində işləyib. Qaz qaynaqçışı, elektrik qaz qaynaqçısı peşələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bölməsinə “Ümumi peşələr" əsasən, güzəştli şərtlərlə yaşa görə təqaüd hüququ verir.
II. İddianın növü və mümkünlüyü
15. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
16. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
17. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
18. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
20. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
21. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.
22. İddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 09.02.2021ci il tarixdə imtina edilmişdir.
23. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutlan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qullluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.
24. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
25. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
26. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
27. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
28. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
29. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir.
30. Məhkəmənin qeyd edilən qənəati həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. - Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) -Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).
31. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrinvə göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.
32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir).
33. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı 01.01.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), 01.01.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır).
01.01.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; 01.08.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); 01.01.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); 10.03.2017-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.
34. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur.
35. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. IV. Qeyd edilənlərin hazırki işə tətbiqi
36. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur.
37. 01.09.1977-ci il tarixdən 01.01.2006-cı il tarixə (təhsil və hərbi xidmət dövrü nəzərə alınmaqla) iddiaçının ümumilikdə 27 il 09 ay 16 gün sığorta stajı (bax 11-12-ci bəndlər) mövcuddur, 08.08.1978-05.04.1979; 09.06.1982-10.09.1992; 18.09.1992- 14.07.1992- ilədək işlədiyi dövr 15 il 08 ay 27 gün əmək şəraiti zərərli və ağır olan işlərdə (əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi üzrə (kod 23200000- 19906 uyğundur) işləmişdir (bax 13-14-cü bəndlər), yəni tam əmək stajı həmin tarixədək mövcuddur.
38. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı həqiqətən qeyd edilən dövrdə BBTİ 11 saylı tikinti idarəsində və BBTİ 25 saylı tikinti idarəsində müxtəlif dərəcəli elektrikqazqaynaqçısı vəzifələrində işləmiş, lakin Dövlət Arxivinin Bakı filialında saxlanılan BBTİ 11 saylı Tikinti İdarəsinin natamam arxiv sənədlərinin əmr kitabları və BBTİ 25 saylı tikinti idarəsinin müəyyən illərə dair əmək haqqı cədvəlləri Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyindən işlədiyi bütün dövrlər üzrə tam məlumat təqdim etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, qeyd edilən idarələrin mövcudluğu və iddiaçının həmin idarələrdə müəyyən müddətdə işləməsi faktı əmək kitabçası və arxiv arayışı ilə təsdiq edildiyindən əmək kitabçasında aparılmış qeydlərin arxiv məlumatları natamam olması və ya sənədlərin tam təhvil verilməməsi səbəbindən şübhə yaratması əsaslı hesab edilə bilməz.
39. Məhkəmə qeyd edir ki, əmək kitabçasından görünür ki, qeyd edilən müddətdə iddiaçı eyni peşə üzrə əmək fəaliyyəti ilə məşğul olmuşdur.
40. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 6 ayını əmək şəraiti zərərli və ağır olan işlər) və yaş (57 yaş).
41. İddiaçı xx.xx.1960-cı ildə anadan olub və 57 yaşının tamam olduğu 27.08.2017-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İddiaçı qeyd edilən tələblə inzibati orqana ilk dəfə müraciəti 21.06.2019-cu il tarixdə müraciət etmişdir.
42. Nəzərə alınmalıdır ki, iddiaçının pensiya hüququ 27.08.2017-ci il tarixdən yaranmasına baxmayaraq, 21.06.2019-cu il tarixə qədər pensiya təyinatı üçün müraciət etməmişdir. Qanunvericilikdə pensiya fərqinin birdəfəlik ödənilməsi hüququ nəzərdə tutulmamışdır.
43. Belə ki, 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” qanuna yeni məzmunda 32.1-1-ci maddə əlavə edilmiş, 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir.
44. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
45. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 nömrəli qərardadında ifadə edilən hüquqi mövqeyə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
46. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
47. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti iddiaçıya münasibətdə tətbiq edilməməlidir və buna əsasən, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
48. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
49. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
50. Odur ki, iddia qismən təmin edilməli, 57 yaşının tamam olduğu 27 avqust 2017-ci il tarixdən iddiaçıya güzəştli pensiya təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, pensiya hüququ 27 avqust 2017-ci il tarixdən yarandığından pensiya təyinatı üçün müraciət etdiyi 21 iyun 2019-cu il tarixdən əvvəlki dövr 3 (üç) ildən az olduğu üçün hüququ yarandığı 27 avqust 2017-ci il tarixdən yaranmış pensiya fərqi iddiaçıya ödənilməli, pensiya məbləğinin ödənilməsi həmin vaxtdan təmin edilməlidir. İddiaçının pensiya fərqinin birdəfəlik ödənməsi hüququ qanunda nəzərdə tutulmadığından, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.
51. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia qismən təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu 27 avqust 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddiaçı pensiya hüququnun yarandığı 27 avqust 2017-ci il tarixdən olan dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva