Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6122/2020 23.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “yoxlamanın aparılması və həkim Siruz Qoçxaninin fəaliyyətinin qadağan edilməsi”nə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı 3-cü şəxs qismində X8 (X4-Bakı MMC) göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 (X4- Bakı MMC)-də müvafiq yoxlamanın aparılması və həkim Siruz Qoçxaninin fəaliyyətinin qadağan olunması haqqında cavabdeh Səhiyyə Nazirliyinin üzərinə məcburi öhdəliyini qoyulması haqqında qərar, habelə həkim Siruz Qoçxaninin əməllərində cinayət tərkibini olması ilə bağlı xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə məhkəmə hazırlıq icraatının iclası 23 sentyabr 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya “hüquqi yardım” məktubu göndərərək, iddia tələbi üzrə iddiaçının subyektiv hüququnun olması aydın göstərilmədiyi, həmçinin iş materiallarına əlavə edilmiş etibarnamənin Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq verilmədiyi və məhkəmə iclasında iddia tələbinin mümkünlük məsələsinə baxılacağı bildirmişdir. İş üzrə məhkəmə hazırlıq icraatının iclası 23 sentyabr 2020-ci il tarixə təyin edilmiş, cavabdeh inzibati orqana və 3-cü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh və 3-cü şəxs səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və 3-cü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 23 sentyabr 2020-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq icraatının iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, o, həkim Siruz Qoçxaninin plastik əməliyyat keçirdiyi və həmin əməliyyat zamanı vəfat etmiş şəxslərin ailə üzvlərini təmsil edən şəxsdir. İddiaçı bildirmişdir, o, qanunvericiliyin tələbləri baxımından nümayəndə kimi səlahiyyətə malikdir. İddiaçı, nümayəndə kimi səlahiyyətinin olmasını isə, ona verilmiş etibarnamələr ilə əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi 4 apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir.Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür.Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir.Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır.Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə həkim Siruz Qoçxaninin fəaliyyətinin dayandırılmasını tələb edir və bu halı, onun pasientləri olan L.M.Orucovnanın, S.Ə.Gürgünün və T.T.Musazadənin plastik əməliyyatları zamanı baş vermiş ölümü ilə əsaslandırır. İddiaçı sübut olaraq isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 06 mart 2020-ci il tarixli və X8 Mərkəzinin 03 avqust 2020-ci il tarixli məktublarına istinad edir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İddiaçı ünvanladığı 06 mart 2020ci il tarixli, 5-59/Z-3426 saylı məktubundan görünür ki, tibb kadrların vahid registrindən əldə olunan məlumata görə İran İslam Respublikasının Behişti adına Tibbi Elmləri, Sanitar və Müalicə Xidmətləri Universitetinin məzuni X1 praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyasından keçməmişdir. X8 Mərkəzinin İddiaçı ünvanlanmış 03 avqust 2020-ci il tarixli məktubunun surətindən görünür ki, Siruz Qoçxani barəsində Xətai rayon Prokurorluğunda müvafiq araşdırma aparılmaqdadır. İş materiallarında olan sənədlərdən məlum olur ki, Sirouse Ghuchkhani Azərbaycan praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyasından keçməmişdir. Həmin şəxsin qanunvericiliyin tələbləri baxımından, müvafiq sertifikatlaşdırmadan keçməməsi və ya ona şəhadətnamə verilmədən həmin sahədə fəaliyyət göstərməsi ilə bağlı məsələnin araşdırılması və buna dair nəzarət, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifələrinə aid edilir. Lakin, həmin həkimin fəaliyyətinin dayandırılması ilə bağlı iddia irəli sürmək hüququ hazırki iddia tələbi üzrə İddiaçı məxsus deyil. Belə ki, Sirus Qoçxani tərəfindən keçirilən plastik əməliyyatları zamanı vəfat olmuş şəxslərin İddiaçı ilə bir başa əlaqəsi olmamışdır. Yəni, həmin şəxslər ümumiyyətlə iddiaçının ailə üzvləri və ya yaxın qohumları deyildirlər. Məhkəmə iclasında iddiaçı bununla bağlı bildirib ki, o, vəfat etmiş X2 və X3 ailə üzvlərinin etibarnamə üzrə səalhiyyətli nümayəndəsidir. Məhkəmə bununla münasibətdə, həm İnzibati Prosessual Məcəlləsinin, həm də Mülki Prosessual Məcəlləsinin normalarına istinad edir. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 31.1-ci və 31.2-ci maddələrinə əsasən, İnzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər.Prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Mülki Prosessual Məcəlləsinin 69-1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 74.1-ci və 74.2-ci maddələrinə görə, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir Şərh olunan maddələrin normalarına görə, məhkəmədə nümayəndəlik vətəndaşların məhkəmə müdafiə hüququnun həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Fiziki şəxslərin hüquqları məhkəmədə, vəkil və ya etibarnamə üzrə səlahiyyətli nümayəndə tərəfindən qorunur. Nümayəndə iddiaçının hüquqlarını təmsil etmək üçün etibarnamədən əlavə, onun iddiaçının yaxın qohum olması halı mövcüd olmalıdır. Həmçinin, iddia qaldırmaq hüququ iddiaçının özünü məxsus olmalı, məhkəmə iclaslarında təmsil etmək hüququ isə etibarnamə üzrə səlahiyyətli nümayəndəyə aid olmalıdır. Məhkəmə iddiaçının nümayəndə olması ilə bağlı münasibətdə bildirir ki, İddiaçı hazırki iddia tələbi üzrə subyektiv hüququ olmamasından savayi, o, ümumiyyətlə vəfat edən S.Ə.Gürgünün və T.T.Musazadənin valideyinlərini təmsil etmək hüququna malik deyildir. Belə ki, məhkəmə iclaslarında iddiaçı tərəfindən verilmiş izahatdan məlum olmuşdur ki, iddiaçı ümumiyyətlə vəfat etmiş şəxslərin valideyinlərinin yaxın qohumu deyildir. Həmçinin, o, qanunvericiliyin tələbləri baxımından, vəkillik fəaliyyəti ilə məşğul olan vəkil deyildir. Beləliklə, Məhkəmə qanunvericiliyinin müddəalarını, eləcə də işin hallarını nəzərə alaraq hesab edir ki, hazırki mübahisə üzrə İddiaçı hər hansı bir subyektiv hüququ yaranmamışdır. Həmçinin, iddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndə kimi, vəfat etmiş şəxslərin valideynlərinin adından iddia qaldırmaq və ya onları təmsil etmək hüququna malik deyildir. Göstərilənlərə əsasən Məhkəmə belə nəticəyə gəlir ki, iddia buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığına görə iddia mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “yoxlamanın aparılması və həkim Siruz Qoçxaninin fəaliyyətinin qadağan edilməsi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim : Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-6122/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6122/2020
23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver