Məhkəmə qərarları › İş №2-1(112)-6122/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6122/2023

11.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6122/2023 11.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçı xxxxnın nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi – X1 iştirakları ilə, iddiaçı xxxxnın cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı Azərbaycan Respublikası Respublika Xammal və X9 Mərkəzi "xxxx" məhdud məsuliyyətli cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “sadələşdirilmiş vergi qismində ödənilmiş məbləğin qaytarılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xxxx (bundan sonra mətndə ASC "xxxx" Bankı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra mətndə DVX) qarşı Azərbaycan Respublikası Respublika Xammal və X9 Mərkəzi "xxxx" məhdud məsuliyyətli cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC) inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “sadələşdirilmiş vergi qismində ödənilmiş məbləğin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, 276/1 saylı hesab-faktura və xx.xx.2019-cu il tarixdə 29034 saylı ödəniş tapşırığı əsasında ASC "xxxx" Bankı” tərəfindən hərrac təşkilatçısı "xxxx" MMC-nin hesabına ödənilmiş və sonuncu tərəfindən də öz növbəsində xx.xx.2019-cu il tarixli, müvafiq olaraq 175, 176, 177 nömrəli və xx.xx.2020-ci il tarixli 01 №li ödəniş tapşırıqları əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi və bundan sonra mətndə Milli Gəlirlər Baş İdarəsi) hesabına sadələşdirilmiş vergi qismində ödənilmiş 655720,65 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması və 10 manat dövlət rüsumunun çəkilmiş xərc kimi iddiaçıya ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli 2-2(103)-6/2019 №-li qanuni qüvvəsini almış qətnaməsi ilə “Mars-M” firmasına məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına tutma yönəldilməsi və “Mars-M” firmasından Kredit xətti müqaviləsi üzrə 17000000 ABŞ dolları məbləğində əsas borcun, 2388957,46 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, xx.xx.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 11161,62 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 19400119,08 ABŞ dollar məbləğində pul vəsaitinin və məhkəmə xərclərinin ipoteka predmetinin dəyərindən ASC "xxxx" Bankının xeyrinə tutulması qət edilmişdir. İcra icraatı qaydasında "xxxx" MMC tərəfindən keçirilmiş hərraclarda həmin qeyri-yaşayış sahəsi satılmadığından o, əldə edilməsi üçün iddiaçıya təklif edilmişdir. Bank tərəfindən həmin təklif qəbul edilərək, əmlakın satın alınması üçün dəyərinin 0.25% miqdarında xidmət haqqı və həmin məbləğ üzrə hesablanmış əlavə dəyər vergisi hərrac təşkilatçısına köçürmə yolu ilə xx.xx.2019-cu il tarixdə ödənilmişdir. Lakin hərrac təşkilatçısı Vergi Məcəlləsinə xx.xx.2018-ci il tarixli 1356-VQD nömrəli qanunla edilmiş dəyişikliyi əsas gətirərək, 655720,65 manat məbləğində sadələşdirilmiş vergi məbləğinin ödənilməsini də Bankdan tələb etmişdir. İpotekaya xitam verilmə təhlükəsi yarandığından Bank tərəfindən hesab-fakturada nəzərdə tutulan məbləğ xx.xx.2019-cu il tarixdə "Külək'’ MMC-nin hesabına ödənilmişdir. Hərrac təşkilatçısı tərəfindən də qeyd edilən məbləğ öz növbəsində xx.xx.2019-cu il tarixli müvafiq olaraq 175, 176, 177 və xx.xx.2020-ci il tarixli 01 №-li ödəniş tapşırıqları əsasında Milli Gəlirlər Baş İdarəsinin hesabına ödənilmişdir. Bundan sonra hərracın yekunları barədə 67/01 nömrəli protokol, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakın alqı-satqısı barədə müqaviləyə müvafiq olaraq qeyri-yaşayış sahəsinin son satış qiyməti 24607500 manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində Bank tərəfindən əldə edilməsinə baxmayaraq, Borc alanın kredit xətti müqaviləsi üzrə qətnamə ilə əmlak hesabına ödənilməsi qət edilən borcunun təxminən 4 925 119,08 ABŞ dolları məbləğində hissəsi ödənilməmiş qalmışdır. Hərrac təşkilatçısı tərəfindən Bankın həmin əmlakın əldə edilməsinin sadələşdirilmiş verginin ödənilməsi ilə şərtləndirilməsinin hüquqi əsasları ilə bağlı nəzərə alınmalıdır ki, sadələşdirilmiş vergi ödəyicilərinin mütləq dairəsini müəyyən edən Vergi Məcəlləsinin 218.4-cü maddəsinin tərkib hissəsi olan 218.4.3-cü maddəsinə görə mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Bu halda isə hərracdan satılan əmlak iddiaçıya deyil, borc alan qismində çıxış edən “Mars-M” firmasına mülkiyyət hüququ ilə məxsus olduğu üçün sadələşdirilmiş vergini də Vergi Məcəlləsinin normalarına əsasən “Mars-M” firması ödəməlidir. Digər tərəfdən, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.5-ci maddəsi ilə sadələşdirilmiş vergi ödəyicisi kimi çıxış etmək hüququ olmayan şəxslərin siyahısı müəyyən edilmişdir ki. həmin maddənin 218.5.2-ci maddəsinə əsasən kredit təşkilatları sadələşdirilmiş vergi ödəyicisi kimi çıxış edə bilməzlər. Hazırkı halda isə faktiki olaraq Bank başqa bir vergi ödəyicisinin əvəzinə yuxarıda qeyd edilən sadələşdirilmiş vergi məbləğini ödəməklə əslində vergi yükünü öz üzərinə götürmüşdür. Bankın həmin əməliyyat üzrə sadələşdirilmiş vergiyə cəlb olunmasını mülki qanunvericilik baxımından da düzgün hesab edilmir...» Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş və cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Sonradan iddiaçı ASC "xxxx" Bankı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsində cavabdeh qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (bundan sonra mətndə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3379/2020 №li xx.xx.2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. İddiaçı ASC "xxxx" Bankının apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-992/2021 №li xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3379/2020 №li xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsi, hazırki inzibati işin müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-992/2021 №li xx.xx.2021-ci il tarixli qərardadından Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1528/2021 №li xx.xx.2021-ci il tarixli qərardadı ilə mümkün sayılmayaraq, kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-200/2022 №li xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. İddiaçı ASC "xxxx" Bankı”nın apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-819/2023 №li xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-200/2022 №li xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi, hazırki inzibati işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-819/2023 №li xx.xx.2023-cü il tarixli qərardadında göstərilmişdir ki: Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə, iddianın mümkünsüzlüyü qənaətinə gələrkən qeyd etmişdir ki, nə iddiaçı, nə də cavabdeh tərəfindən məhkəməyə qədər iddiaçının cavabdehə vergi orqanına 655720,65 manat sadələşdirilmiş vergi məbləğinin qaytarılması barədə müraciət etməsi barədə sübut məhkəməyə təqdim edilməmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçının iddia ərizəsindən görünür ki, artıq ödənilmiş 655720,65 manat məbləğində sadələşdirilmiş vergi məbləğinin hərrac təşkilatçısı tərəfindən Milli Gəlirlər Departamentinin (hazırk Milli Gəlirlər Baş İdarəsinin) hesabına ödənildiyini bildirsə də, həmin pul vəsaitinin qaytarılması barədə iddia tələbini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı deyil, həmin xidmətin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı irəli sürmüşdür. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin iş materiallarının 169-cu vərəqində olan məhkəməyə ünvanladığı 03 mart 2022-ci il tarixli məktubunda da məhz bildirmişdir ki, "xxxx" ASC-nin (VÖEN: **********) vergi uçotu Milli Gəlirlər Baş İdarəsidir. Lakin işə baxan birinci instansiya məhkəməsi iddia tələbinə cavab verməli olan şəxsin kimliyə ilə bağlı tərəflərin iştirakı ilə araşdırma aparmamış, iddia tələbinin dəqiqləşdirilməsində iddiaçıya müvafiq yardım göstərməmişdir. Digər tərəfdən, iddiaçının dəlillərinə əsasən müəyyən olunur ki, hərrac təşkilatçısına (üçüncü şəxs "xxxx" MMC-yə) Milli Gəlirlər Baş İdarəsinin hesabına sadələşdirilmiş verginin ödənilməsinə etirazını ehtiva edən yazılı müraciət ünvanlamışdır. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 7.10-cu maddəsinin tələbinə görə müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti üç iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir. Həmin Qanunun 7.11-ci maddəsinə əsasən yuxarı dövlət orqanı vətəndaşların müraciətlərini baxılmaq üçün aidiyyəti dövlət və bələdiyyə orqanlarına və ya digər müraciətə baxan subyektə göndərdikdə həmin müraciətə baxılmanın nəticəsi barədə yuxarı dövlət orqanının tələbi ilə müraciətə baxan subyektin rəhbəri tərəfindən ona məlumat verilməlidir. İş materiallarından görünür ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən hərrac təşkilatçısı "xxxx" MMC (nümayəndəsi) məhkəməyə dəvət olunmaqla, mübahisələndirilən vergi məbləğinin qaytarılması ilə bağlı iddiaçının hansı müraciətlərinin MMC-yə daxil olması, olmuşdursa, bu barədə iddiaçının aid olduğu vergi orqanına məlumat verib-vermədiyi və ya müraciətin aidiyyəti üzrə səlahiyyətli vergi orqanıa göndərib-göndərmədiyinin müəyyən edilməsi istiqamətində heç bir araşdırma aparmamışdır. Bundan əlavə, məhkəmə, prosessual qanunvericiliklə müəyyən olunan səlahiyyətlərindən istifadə edərək, mübahisələndirilən müraciətlə bağlı yaranmış bu bürokratik əngəlliyin aradan qaldırılması üçün, aralıq qərardadı qəbul etməklə, vergi orqanına müddət təyin etməklə, ona iddiaçının müvafiq müraciətinə baxılması üçün tərəflərə prosessual şərait yaratmaq imkanından da istifadə etməmişdir. Birincisi, İPM-in 12.1-ci maddəsinin tələbinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Digər tərəfdən 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır. Avropa İnsan Hüquqları Məhkəməsinin praktikası üzrə “Vinterverp Niderlanda qarşı” (A33(1979)) işdə Məhkəmə bildirmişdir ki, “Hüquqi müəyyənlik prinsipi lazımi qaydada əlçatan olan və kifayət qədər dəqiq ifadə edilən, yəni “qanun” anlayışının tələblərinə cavab verən dövlətdaxili normativ aktların mövcud olmasını və onlara riayət edilməsini nəzərdə tutur. İPM-nin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İşə yenidən birinci instansiya məhkəməsində baxılarkən iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, əsl olmayan cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əsl cavabdeh Milli Gəlirlər Baş İdarəsi ilə əvəz olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) ərizə təqdim edərək, xx.xx.2019-cu il tarixli 276/1 saylı hesab-faktura və xx.xx.2019-cu il tarixdə 29034 №li ödəniş tapşırığı əsasında ASC "xxxx" Bankı tərəfindən "xxxx" MMC-nin (Hərrac təşkilatçısı) hesabına ödənilmiş, Hərrac təşkilatçısı tərəfindən də öz növbəsində xx.xx.2019-cu tarixli müvafiq olaraq 175, 176, 177 №-li və xx.xx.2020-ci il tarixli 01 №-li ödəniş tapşırıqları əsasında AR Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin hesabına sadələşdirilmiş vergi qismində ödənilmiş 655720,65 (altı yüz əlli beş min yeddi yüz iyirmi manat 65 qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı ASC "xxxx" Bankına qaytarılmasının təmin edilməsi öhdəliyinin cavabdeh Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadları ilə iş üzrə əsl olmayan cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əsl cavabdeh Milli Gəlirlər Baş İdarəsi ilə əvəz olunması və iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizənin icraata qəbul edilməsi; iddiaçı ASC "xxxx" Bankının cavabdeh Milli Gəlirlər Baş İdarəsinə qarşı "xxxx" MMC inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla 655720,65 (altı yüz əlli beş min yeddi yüz iyirmi manat 65 qəpik) manat məbləğində pul vəsaitinin (sadələşdirilmiş vergi məbləğinin) qaytarılması ilə bağlı iddiası üzrə ASC "xxxx" Bankı tərəfindən Milli Gəlirlər Baş İdarəsinə edilmiş müraciəti üzrə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İPMnin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Milli Gəlirlər Baş İdarəsinə 45 (qırx beş) gün müddət təyin edilməsi qərara alınmışdır. Milli Gəlirlər Baş İdarəsi tərəfindən qərardadın icrası ilə bağlı məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-6122/2023 nömrəli qərardadın icrası ilə bağlı bildirilir ki, iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırılmışdır. Belə ki, vergi orqanı tərəfindən hər hansı məbləğin ödənilməsi iddiaçıdan tələb edilməmişdir. Vergi ödəyicilərinə hesablanmış vergilər, vergi ödəyiciləri tərəfindən ödənilmiş vergilər onların şəxsi hesab vərəqələrində əks olunur. Lakin iddiaçı tərəfindən ödənilmiş 655 720,65 manat vergi məbləği iddiaçının şəxsi hesab vərəqəsində əks olunmamışdır. Bu onu göstərir ki, vergi orqanı tərəfindən hər hansı vergi hesablaması aparılmamış və onun ödənilməsi üçün hər hansı tədbirlər görülməmişdir. Belə olan halda ödənilmiş vergi məbləğinin cavabdeh kimi vergi orqanından istənilməsi tam əsassızdır. İddiaçının qeyd etdiyi sadələşdirilmiş vergi məbləği Hərrac təşkilatçısı tərəfindən tələb edilmiş və vergilər hərrac təşkilatçısının hesabına ödənilmişdir. Görünüyü kimi hərrac təşkilatçısı ilə bank arasında yaranan münasibətlərdə vergi orqanı hər hansı bir formada iştirak etmədiyi üçün belə bir iddianın vergi orqanına qarşı qaldırılması tamamilə əsassızdır. İddiaçı bank tərəfindən artıq ödənilmiş 655 720,65 manat vergi məbləği hərrac təşkilatçısının hesabına ödənildiyi üçün həmin məbləğin qaytarılması üçün hərrac təşkilatçısına qarşı bank tərəfindən iddia qaldırılmalı idi. Eyni zamanda ödənilmiş vergi məbləği hərrac təşkilatçısı tərəfindən vergi orqanına ödənildiyi üçün həmin ödənilmiş vergi məbləğinin geri qaytarılması üçün hərrac təşkilatçısı tərəfindən vergi orqanına qanunvericiliklə müəyyən edilmiş qaydada ərizə ilə müraciət edilməli idi. Göründüyü kimi iddiaçı tərəfindən həm düzgün olmayaraq cavabdeh qismində vergi orqanı işə cəlb edilmiş, eyni zamanda artıq ödənilmiş vergi məbləğlərinin qaytarılması barədə qanunvericiliklə müəyyən edilmiş prosedur normaya düzgün əməl edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının 3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə ilə vergi orqanına, sığortaedən isə artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə vergi orqanına müraciət etməlidir. Həmin Qaydaların 4.1.3-cü bəndinə əsasən büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. Qaydaların da tələbindən göründüyü kimi büdcəyə ödəniş edən vergi ödəyicisi tərəfindən müvafiq ərizə ilə vergi orqanına müraciət edilməli, müvafiq rəy verildikdən sonra isə ödənilmiş vergilər vergi ödəyicisinə qaytarılmalıdır. Qeyd edilən iş üzrə isə iddiaçı bank tərəfindən birbaşa büdcəyə hər hansı ödəniş edilmədiyindən, ödənişin hərrac təşkilatı tərəfindən həyata keçirildiyindən iddiaçı tərəfindən belə bir ərizə ilə vergi orqanına müraciət etmək hüququ da yoxdur. Həmçinin ödənilmiş vergilərin geri qaytarılması barədə rəyin verilməsindən imtinaya da dair hər hansı sübut yoxdur. 1 yanvar 2016-cı il tarixdən vergi qanunvericiliyinə edilən yeni dəyişikliklərlə əlaqədar qüvvəyə minən 218.4.3-cü maddəsinə əsasən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin bu Məcəllənin 102.1,3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicilərinə aid edimişdir. Vergi Məcəlləsinin 219.3-1 -ci maddəsinə əsasən bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən satın alınmış yaşayış və qeyri-yaşayış sahələri vergitutma obyektidir. Həmin Məcəllənin 150.1.9-ci maddəsinə görə torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16- cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilmə, həmçinin bu Məcəllənin 221.5-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergi hesablanmış tikinti sahələrinin həmin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi halları istisna olmaqla) üzrə müqavilələri təsdiq edən notarius ödəmə mənbəyində vergini tutmağa borcludur. Həmin Məcəllənin 150.3-1-ci maddəsinə əsasən notarius və ixtisaslaşdırılmış hərrac təşkilatları bu Məcəllənin 220.8-ci və 220.8-1ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur. Qanunvericiliyinin sadalanan normalarından göründüyü kimi, yalnız mülkiyyətində olan yaşayış və ya qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyicisi hesab olunur və təqdim edilməsi ilə bağlı müqaviləni təsdiq edən notarius bu vergini yaşayış və ya qeyri-yaşayış sahəsinin mülkiyyətçisindən tutaraq dövlət büdcəsinə ödəyir və bununla bağlı müvafiq hesabatı vergi orqanına təqdim edir. Başqa sözlə, yaşayış və ya qeyri-yaşayış sahəsinin təqdim edilməsi zamanı həmin sahənin mülkiyyətçisi ilə alıcı arasında bağlanmış alqı-satqı müqaviləsini təsdiq edən notarius mülkiyyətçinin əldə etdiyi gəlirindən vergi qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sadələşdirilmiş vergini hesablayaraq ödəmə mənbəyində tutur və dövlət büdcəsinə həmin vergini ödəyərək bu barədə müvafiq hesabatı qanunvericiliklə müəyyən edilmiş vaxtda vergi orqanına təqdim edir. Yəni, yaşayış və qeyri-yaşayış sahəsinin təqdim edilməsi əməliyyatında qeyd olunan sahəni təqdim edən (satan) mülkiyyətçi və həmin sahəni alan şəxs çıxış edir və təqdim olunma zamanı notarius tərəfindən sadələşdirilmiş vergi məhz mülkiyyətçinin əldə etdiyi gəlirindən ödəmə mənbəyində tutulur. Qeyd olunanlardan fərqli olaraq 1 yanvar 2019-cu il tarixindən qüvvəyə minən vergi məcəlləsinə əlavə edilən 150.1.13-cü maddəsində qanunvericilikdə nəzərdə tutulmuş istisnalar nəzərə alınmaqla yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi zamanı sadələşdirilmiş verginin hesablayaraq tutulması öhdəliyi hərracın nəticələrini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsində müəyyən olunmuş protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatların üzərinə qoyulmuşdur. Qeyd olunan normada və yaxud vergi qanunvericiliyinin digər normalarında ixtisaslaşdırılmış təşkilatlar tərəfindən sadələşdirilmiş verginin məhz yaşayış və ya qeyri yaşayış sahəsinin mülkiyyətçisindən tutulması göstərilməmişdir. Belə ki, “İpoteka haqqında” Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Həmin Qanunun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir), bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin, sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin və bu Qanunun 47.2.1 - 47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə bölüşdürülür. Eyni zamanda, “İpoteka haqqında” Qanunun 47.4-cü maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Sadalanan normaların təhlilindən göründüyü kimi, borcun ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəmə qərarının icrası məqəsədilə icra məmuru ipoteka predmetinin satılması üçün hərrac təşkilatlarına sifariş verir və hərrac təşkilatları tərəfindən hərrac baş tutmadıqda ipoteka predmeti qanunvericilikdə müəyyən edilmiş müddət ərzində ipoteka saxlayan olan banka təklif edilir. Bank isə ipotekaya xitam verilməməsi üçün həmin ipoteka predmetini borc əvəzində əldə etməyə məcbur qalır. Başqa sözlə desək, ipoteka predmetinin təqdim edilməsi əməliyyatında bank ipoteka predmetini əldə edən, hərrac təşkiladı isə ipoteka predmetini satan (mülkiyyətçisi) deyil, məhz hərracın keçirilməsinə cavabdeh olan şəxs kimi çıxış edir. Yəni, qeyd olunan təqdim etmə əməliyyatı zamanı ipoteka predmetinin satıcısı faktiki mövcud olmur. Yuxarıda qeyd olunan müddəalardan həmçinin görünür ki, hətta hərrac baş tutsaydı və ipoteka predmeti digər şəxsə satılsaydı belə, bu halda da yalnız ipoteka predmetini əldə edən şəxs mövcud olacaq idi. Yəni, ipoteka predmetinin (daşınmaz əmlakın) hərrac vasitəsilə təqdim edilməsi, notarius vasitəsilə yaşayış və ya qeyri-yaşayış sahələrinin təqdim edilməsindən ondan fərqlənir ki, qeyd olunan əməliyyatda yalnız ipoteka predmetinin alıcısı iştirak edir, satıcı qismində bu əməliyyatda heç bir subyekt çıxış etmir. Bu səbəbdən də qanunvericilik tərəfindən 1 yanvar 2019-cu il tarixindən Vergi Məcəlləsinə əlavə edilmiş 150.1.13-cü maddəsində və digər əlaqəli normalarda yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi zamanı sadələşdirilmiş verginin ödəmə mənbəyində məhz sahənin mülkiyyətçisindən alınması birbaşa olaraq nəzərdə tutulmamışdır. Ona görə ki, ipoteka predmeti olan sahənin təqdim edilməsi zamanı ipoteka predmetinin satıcısı (mülkiyyətçisi) qismində heç kim çıxış etmir. Digər tərəfdən, yuxarıda qeyd olunan normalardan aydın olur ki, hərrac vasitəsilə ipoteka predmetinin satışından əldə olunan vəsaitlərdən əsas borc, faiz, dəbbə pulu və digər bütün xərclər (o cümlədən, vergilər) çıxıldıqdan sonra qalan vəsait ipoteka qoyana qaytarılır. Yəni, ipoteka predmetinin satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılır. Göstərilənlərə əsasən, ipoteka predmetinin hərrac vasitəsilə təqdim edilməsi zamanı hərracın nəticələrini protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilat tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergini hesablayaraq ipoteka predmetini əldə edən bankdan tutması, ipoteka predmetinin dəyəri bankın tələbindən artıq olduğu halda sadələşdirilmiş vergiyə görə ödənilən vəsaiti çıxaraq qalan vəsaitin ipoteka qoyana qaytarılması, az olduğu halda isə qalan borcun üzərinə gəlməsi qanuvericiliyinin tələblərinə tam uyğundur. Təsadüfi deyil ki, vergi qanunvericiliyi daşınmaz əmlakın təqdim edilməsi zamanı sadələşdirilmiş verginin “bilavasitə mənbədən” tutulma formasını müəyyən etmişdir. Bu baxımdan, sadələşdirilmiş verginin ödəyicisi daşınmaz əmlakı təqdim edən şəxs olsa da, vergi məbləği məhz əmlakı əldə edənin həyata keçirdiyi ödənişdən tutulur. Başqa sözlə, vergi məbləği əmlakı əldə edən şəxsin apardığı ödənişdən tutulsa da, bu məbləğ əmlakı təqdim edənin hesabına aid edilir. Qeyd etmək lazımdır ki, “bilavasitə mənbədən” formasında vergitutmanın məqsədləri üçün ödəniş dedikdə yalnız pul vəsaiti nəzərdə tutulmur. Bu zaman ödəniş əməliyyatı barter, borcun əvəzləşdirilməsi və ya digər formada reallaşa bilir və hər bir halda əmlakı əldə edən şəxs tərəfindən əmlakı təqdim edən şəxsin xeyrinə edilən müəyyən hərəkətləri ehtiva edir. Hazırkı halda, bank ipoteka predmetini öz mülkiyyətinə qəbul etməklə borcu şəxsin borcunu əvəzləşdirir. Başqa sözlə, əmlakın mülkiyyətçisinin gəlirini onun bank qarşısında olan borc öhdəliyinin əvəzləşdirilməsi təşkil edir və bu gəlir bank tərəfindən ona verilmiş sayılır. Göründüyü kimi, ipoteka qoyan hər bir halda ödəmə mənbəyində gəlir (borcun əvəzləşdirilməsi formasında) əldə edir və bu gəlir ona məhz bank tərəfindən verilir. Bu halları nəzərə alan vergi qanunvericiliyi sadələşdirilmiş verginin məhz ödəmə mənbəyində, yəni gəliri ödəyən (ödənişin formasından və üsulundan asılı olmayaraq) şəxsdən (bankdan) tutulmasını, lakin bu vergi məbləğinin gəliri əldə edən, yəni əmlakı təqdim edən şəxsin hesabına aid edilməsini müəyyən edir. Qeyd olunanları hazırkı mübahisəyə tətbiq etdikdə, belə nəticəyə gəlmək mümkündür ki, bank tərəfindən sadələşdirilmiş verginin ödənişi təmin edilməli, bu vergi məbləği borclunun, yəni ipoteka qoyanın bank qarşısında olan borc öhdəliyinin məbləğinə əlavə edilməli və yalnız bundan sonra hərrac təşkilatı hərracın yekunlarına dair protokolu təsdiq edə bilər. Başqa sözlə, ipoteka qoyanın borc öhdəliyinin əvəzləşdirməsi formasında əldə etdiyi gəlirindən bu gəlirin dolayı yolla ödənilmə mənbəyindən, yəni bankdan sadələşdirilmiş vergi tutulmalı və tutulmuş həmin məbiəğ ipoteka qoyanın bank qarşısında olan borc öhdəliyinə daxil edilməlidir. Bundan sonra iş üzrə icraat 11 iyul 2023-cü il tarixə təyin olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş üçüncü şəxs "xxxx" MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı ASC "xxxx" Bankının nümayəndəsi X4 izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi – X3 iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi – X5 məhkəmə iclasında verdiyi izahatında iddianın təmin olunmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş: - ASC "xxxx" Bankı tərəfindən Milli Gəlirlər Baş İdarəsinə ünvanlanmış BO-XO- 16.1.2023-002 №li xx.xx.2023-cü il tarixli ərizədə göstərilmişdir ki, Bankın müştərisi “MARS-M” firmasının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0.2704 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilən ümumi sahəsi 16100.5 kv. m., əsas sahəsi 16043.1 kv. m. olan 5 mərtəbəli və zirzəmisi olan qeyri-yaşayış binası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli məhkəmə qətnaməsinin icrası qaydasında ödənilməmiş borc müqabilində "xxxx" MMC tərəfindən (bundan sonra “Hərrac təşkilatçısı” adlandırılacaq) keçirilmiş hərraclarda alıcı olmadığından alınması üçün Banka təklif edilmiş, Bank tərəfindən həmin təklif qəbul edilərək əmlakın satın alınması üçün dəyərinin 0,25% miqdarında xidmət haqqı və həmin məbləğə hesablanmış əlavə dəyər vergisi Hərrac təşkilatçısına köçürmə yolu ilə xx.xx.2019-cu il tarixdə ödənilmişdir. Lakin Hərrac təşkilatçısı tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə xx.xx.2018 il tarixli 1356-VQD nömrəli qanunla edilmiş dəyişiklik əsas gətirilərək, 655720.65 manat məbləğində sadələşdirilmiş vergi məbləğinin ödənilməsi üçün 276/1 saylı, xx.xx.2019-cu il tarixli Hesab-faktura da Banka təqdim edilmişdir. Bank tərəfindən isə Hərrac təşkilatçısına ünvanlanmış xx.xx.2019-cu il tarixli 2784 №-li məktubla qeyd olunan sadələşdirilmiş verginin bank tərəfindən ödənilməsinin tələb edilməsinin əsassız olduğu bildirilmişdir. Buna cavab olaraq Hərrac təşkilatçısı tərəfindən qeyd olunan vergi məbləği ödənilmədiyi təqdirdə ASC "xxxx" Bankına həmin daşınmaz əmlaka mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməyəcəyi bildirilmişdir. Hərrac təşkilatçısının bu tələbi nəticəsində Bank tutma yönəldilmiş əmlak üzərində ipoteka hüquqlarına xitam verilməsi riski ilə üzləşməmək üçün həmin hesab-fakturada nəzərdə tutulmuş məbləği (655 720,65 manat) xx.xx.2019-cu il tarixdə 29034 №-li ödəniş tapşırığı əsasında "xxxx" MMC-nin hesabına ödəmişdir. Hərrac təşkilatçısı tərəfindən də qeyd edilən məbləğ öz növbəsində vergi agenti qismində xx.xx.2019-cu il tarixli müvafiq olaraq 175, 176, 177 №-li və xx.xx.2020-ci il tarixli 01 №-li ödəniş tapşırıqları əsasında Milli Gəlirlər Departamentinin hesabına ödənilmişdir. Vergi Məcəlləsinin 01 yanvar 2020-ci ilə qədər qüvvədə olan redaksiyasına müvafiq olaraq həmin Məcəllənin 218.4-cü maddəsinin tərkib hissəsi olan 218.4.3-cü maddəsinə görə mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləri sayılırdı. Hazırki halda isə hərracdan satılan əmlak ASC "xxxx" Bankına deyil, müvafiq kredit müqaviləsi üzrə borc alan qismində çıxış edən “Mars-M” firmasına mülkiyyət hüququ ilə məxsus olduğu üçün sadələşdirilmiş vergini də Vergi Məcəlləsinin yuxanda qeyd edilmiş maddələrinə əsasən “Mars-M” firması ödəməli idi. Digər tərəfdən, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.5-ci maddəsi ilə sadələşdirilmiş vergi ödəyicisi kimi çıxış etmək hüququ olmayan şəxslərin siyahısı müəyyən edilmişdir ki, həmin maddənin 218.5.2-ci maddəsinə əsasən kredit təşkilatları sadələşdirilmiş vergi ödəyicisi kimi çıxış edə bilməzlər. Hazırki halda isə faktiki olaraq Bankı başqa bir vergi ödəyicisinin əvəzinə yuxarıda qeyd edilən sadələşdirilmiş vergi məbləğini ödəməyə məcbur etməklə əslində vergi yükünün əsassız və qanunsuz olaraq Bankın üzərinə qoyulması baş vermişdir. AR Vergi Məcəlləsinin 78-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir və digər şəxsin ilzərinə qoyula bilməz. Qeyd olunanları nəzərə alaraq xx.xx.2019-cu il tarixli, 276/1 saylı hesab-faktura və xx.xx.2019-cu il tarixdə 29034 №-li ödəniş tapşırığı əsasında ASC "xxxx" Bankı tərəfindən "xxxx" MMC-nin (Hərrac təşkilatçısı) hesabına ödənilmiş, Hərrac təşkilatçısı tərəfindən isə öz növbəsində xx.xx.2019-cu il tarixli müvafiq olaraq 175, 176, 177 №-li və xx.xx.2020-ci il tarixli 01 №-li Ödəniş tapşırıqları əsasında AR Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin hesabına sadələşdirilmiş vergi qismində əsasız olaraq ödənilmiş 655720,65 (altı yüz əlli beş min yeddi yüz iyirmi manat 65 qəpik) manat məbləğində pul vəsaitinin dövlət büdcəsindən ASC "xxxx" Bankına geri qaytarılması Milli Gəlirlər Baş İdarəsindən xahiş olunmuşdur. - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ASC "xxxx" Bankına ünvanlanmış xx.xx.2023-cü il tarixli **********352400 №li məktubda göstərilmişdir ki, dövlət büdcəsinə ödənilmiş vergi məbləğinin qaytarılması barədə müraciətə (16.1.2023-002 №li xx.xx.2023cü il tarixli) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Müraciətdə qeyd olunan vəsaitlər "xxxx" MMC (VÖEN: **********) tərəfindən dövlət büdcəsinə köçürülmüş və aidiyyəti üzrə vergi ödəyicisinin şəxsi hesab vərəqəsində nəzərə alınmışdır. Büdcəyə artıq ödənilmiş vergi məbləğinin qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları" ilə tənzimlənir. Belə ki, artıq ödənilmiş vergi məbləğinin qaytarılması üçün vergi ödəyicisi tərəfindən Qaydalarla təsdiq olunmuş ərizə forması ilə müraciət edilməlidir. 3-cü şəxsin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" MMC tərəfindən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 2(103)-6/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş Nərimanov rayon İcra və probasiya şöbəsinin 13691/135226/19-15-10 saylı xx.xx.2019-cu il tarixli sifarişinə əsasən tələbkar ASC "Xalq” Bankı mülkiyyətçi "Mars-M" firmasına məxsus ünvan 7 ünvanında yerləşən qeyri - yaşayış binasının “İpoteka haqqında” Qanunun tələbi olaraq 2019-cu il tarixdə tələbkarı olan ASC "Xalq” Banka təklif olunmuş və tələbbkarı tərəfindən əldə olunmuşdur. Protokol tərtib olunduğu zaman "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinə xx.xx.2018-ci il tarixli 1356-VQD nömrəli Qanunla müəyyən edilmiş dəyişikliklərlə üzərlərinə qoyulmuş öhdəliyi əsas götürərək 655720,65 manat məbləğində hesablanmış 276/1 saylı xx.xx.2019-cu il tarixli hesab faktura ilə sadələşdirilmiş vergi tələb edilmişdir. Öz növbəsində ASC "xxxx" Bankı "xxxx" MMC-nin ona təqdim etdiyi xx.xx.2019-cu il tarixli 29034 ödəniş tapşırığı əsasında mövcud qanunvericiliyin tələbi olaraq ödənilmişdir. Qeyd olunan məbləğ 1 (bir) bank günü ərzində "xxxx" MMC tərəfindən Milli Gəlirlər Departamentinin hesabına ödənilmişdir. xx.xx.2019-cu il tarixli 1356-VQD nömnrəli Qanununun dəyişikliyin tətbiqi ilə bağlı hissələrdə mübahisə predmetləri yaranmışdır. Sözü gedən qanun lahiyəsi ali qanunvericilik orqanı tərəfindən yenidən müzakirəyə çıxarılmış və xx.xx.2021-ci ildə yeni qanun lahiyəsinə dəyişiklik olunmuşdur. Qeyd olunan dəyişiklikdə ipoteka müqaviləsində cavabdeh öncədən hüquqi şəxs kimi gösdərilərsə əmlak tələbkar tərəfindən əldə olunduğu zaman sadələşdirilmiş vergi tələbkardan deyil cavabdehdən tutulur. Sözü gedən dəyişikliyi ASC "Xalq” Bankı əsas gətirərək xx.xx.2019-cu il tarixli ödəniş tapşırıği əsasında Milli Gəlirlər Departamentinin hesabına köçürülmüş vəsaitin "xxxx"MMC-dən geri tələb edir. Qeyd olunanlarla bağlı münasibət bildirilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 15.1 və 15.1.4-cü maddələrinə əsasən, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. - 24.0 və 24.0.10-cu maddələrinə əsasən, vergi orqanları vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludurlar. - 87.1-ci maddəsinə əsasən, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir (maddə 87.1.1) və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir (maddə 87.1.2). 87.3-cü maddəsinə əsasən, bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. - 87.4-cü maddəsinə əsasən, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli, 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nın 1.1-ci və 1.2-ci bəndlərinə əsasən bu Qaydalar vergi ödəyicisindən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin (bundan sonra — büdcəyə artıq ödəmələr) qaytarılması qaydalarını müəyyən edir. Bu Qaydalarda “vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar” dedikdə, verginin tam və vaxtında büdcəyə ödənilməsinə nəzarəti həyata keçirən orqanlar nəzərdə tutulur. Həmin Qaydaların 2-ci bəndinə görə vergi ödəyicisi düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Qaydaların 3.1 və 3.2-ci bəndlərinə müvafiq olaraq vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin qeydiyyatda olduğu vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Həmin Qaydaların 5.1, 5.1.3 və 5.1.4-cü bəndlərinə əsasən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar büdcəyə artıq ödəmələrin qalan hissəsinin vergi ödəyicisinə qaytarılması üçün bu Qaydaların müddəalarına uyğun tədbirlər görürlər; Vergi Məcəlləsində başqa hallar müəyyən edilməmişdirsə, büdcəyə artıq ödəmələrin qalan məbləğlərini vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarırlar. Həmin Qaydaların 6.1-cı bəndinə görə vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından görünür ki, "artıq ödənilmiş vergilər geri qaytarılması” dedikdə vergi ödəyici tərəfindən hər hansı səbəbə görə artıq tutulmuş vergi məbləğlərinin geri qaytarılması başa düşülür. Geriqaytarmanı tələb etmək isə vergi ödəyicisinin hüququ, onu müəyyən edilmiş qaydada təmin etmək isə vergi orqanının vəzifəsidir. Bu vəzifənin icrası və hüququn həyata keçirilməsi VM-nin və "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydalarının müddəaları ilə tənzimlənir. VM bu cür məbləğlərin digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi və ya vergi ödəyicisinin razılığı ilə sonraki öhdəliklər üzrə borcların ödəmələrin hesabına aid edilməsini mümkün sayır. İddiaçı tərəfindən hazırda artıq ödənilmiş məbləğin qaytarılması barədə tələb irəli sürülmüşdür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır”. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı artıq ödənilmiş məbləğin qaytarılması barədə tələblə məhkəməyə müraciət etməyə subyektiv hüquqa malik olmuş olsa da belə, hazırda həmin həmin tələbi düzgün cavabdehə qarşı irəli sürməmişdir. Belə ki, işin araşdırılan hallarından da göründüyü kimi, Hərrac təşkilatçısı tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə xx.xx.2018 il tarixli 1356-VQD nömrəli qanunla edilmiş dəyişiklik əsas gətirilərək, 655720.65 manat məbləğində sadələşdirilmiş vergi məbləğinin ödənilməsi üçün 276/1 saylı, xx.xx.2019-cu il tarixli Hesab-faktura da Banka təqdim edilmiş, bank tərəfindən isə Hərrac təşkilatçısına ünvanlanmış xx.xx.2019-cu il tarixli 2784 №-li məktubla qeyd olunan sadələşdirilmiş verginin bank tərəfindən ödənilməsinin tələb edilməsinin əsassız olduğu bildirilmişdir. Buna cavab olaraq Hərrac təşkilatçısı tərəfindən qeyd olunan vergi məbləği ödənilmədiyi təqdirdə ASC "xxxx" Bankına həmin daşınmaz əmlaka mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməyəcəyi bildirilmişdir. Hərrac təşkilatçısının bu tələbi nəticəsində Bank tutma yönəldilmiş əmlak üzərində ipoteka hüquqlarına xitam verilməsi riski ilə üzləşməmək üçün həmin hesab-fakturada nəzərdə tutulmuş məbləği (655 720,65 manat) xx.xx.2019-cu il tarixdə 29034 №-li ödəniş tapşırığı əsasında "xxxx" MMC-nin hesabına ödəmişdir. Hərrac təşkilatçısı tərəfindən də qeyd edilən məbləğ öz növbəsində vergi agenti qismində xx.xx.2019-cu il tarixli müvafiq olaraq 175, 176, 177 №-li və xx.xx.2020-ci il tarixli 01 №-li ödəniş tapşırıqları əsasında Milli Gəlirlər Departamentinin hesabına ödənilmişdir. İşin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə mülki hüquq münasibətlərindən irəli gələn mübahisə qaydasında Hərrac təşkilatçısı olan "xxxx" MMC-yə qarşı tələb irəli sürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Qərarın 17-ci bəndində qeyd edilir ki, mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı xxxxnın cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı Azərbaycan Respublikası Respublika Xammal və X9 Mərkəzi "xxxx" məhdud məsuliyyətli cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “sadələşdirilmiş vergi qismində ödənilmiş məbləğin qaytarılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar