Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6124/2021 09.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 18.12.1993- 01.02.1995-ci illər ərzində “X10” mərkəzi zavodda gözətçi vəzifəsində işlədiyi əmək stajının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının əmək stajına daxil edilərək hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 01.04.2021-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşdan, yəni 04.04.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin isə 02.11.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 11.06.2021-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı 04.04.2017-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, 1982-ci il tarixdən etibarən müxtəlif vəzifələrdə işlədiyi illər, həmçinin, təhsil müddəti nəzərə alındıqda, onun 04.04.2017-cı il tarixədək ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. İddiaçı güzəştli şərtlərlə yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin ümumi iş stajının 25 ildən az olması səbəbi ilə pensiyanın təyin olunmasından imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh hesab edir ki, iddiaçının təhsil aldığı müddətinin sosial sığorta stajına daxil edilməməsi ilə bağlı müraciətindən imtina edilməsi zamanı hər hansı bir prosessual pozuntuya yol verilməmişdir. Belə ki, iddiaçının əmək kitabçasında 18.12.1993-01.02.1995 tarixləri arasındaki dövr ərzində Tovuz "xxxx"nda işlədiyi qeyd olunmuşdur. Qeyd olunan məlumatların və adıçəkilən müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqqlarının ödənilib-ödənilməməsini dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu verilmiş, müvafiq sorğuya cavab məktubunda Tovuz "xxxx"nın arxiv sənədlərinin dövlət arxivinə təhvil verilmədiyi və həmin müəssisənin mövcud olmasını təsdiq edən hər hansı faktın aşkar edilmədiyi bildirilmişdir. Buna görə də 18.12.1993-01.02.1995 tarixləri arasındaki dövrü əmək stajına daxil etmək mümkün olmadığından iddiaçının ümumi iş stajı 25 ildən (24 il 08 ay 22 gün) təşkil edir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: -29.11.1982-ci il tarixdə 10 saylı təmir-mexaniki sexinə usta kimi qəbul olunmuş, 02.01.1984-cü il tarixdə həmin sexin sahə rəisi vəzifəsinə keçirilmiş və 05.08.1987-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuş; 12.11.1987-ci il tarixdə Tovuz SSİ-də qazıcı mühəndis vəzifəsinə qəbul edilmiş və 29.07.1991-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; 14.08.1991-ci ildə X15 fəhlə kimi qəbul olunmuş və 21.01.1993-cü il tarixdə öz xahişi ilə işdən azad edilmiş; 18.12.1993-cü il tarixdə X13 üzrə Mərkəzi Zavoda gözətçi kimi qəbul edilmiş və 01.02.1995-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; 09.12.2004cü il tarixdə BTC/CQ boru kəməri layihəsi CCİC Şirkətinə fəhlə vəzifəsinə qəbul edilmiş və 19.01.2006-cı il tarixdə əmək müqaviləsinə xitam verilmiş; 22.11.2006-cı il tarixdə “Mədəngeofizika” İdarəsinin “Sənqəçal” X1 digər xidmət sahələrinə 4-cü dərəcəli karotajçı vəzifəsinə işə qəbul edilmiş və 07.01.2014-cü il tarixdə öz xahişi ilə işdən azad edilmiş; 08.01.2014-cü il tarixdən hal-hazıra kimi ARDNŞ Geofizika və geologiya İdarənin Mədən geofizika istehsalat bölümü “Səngəçal” X5 32 saylı kompleks mədən geofiziki dəstənin 5-ci dərəcəli karotajçı peşəsində işləyir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün üç halı əsas götürmüşdür:
1. iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajının toplamaması; 2.18.12.1993-01.02.1995-ci il tarixləri arasındaki dövr ərzində iddiaçının fəaliyyət göstərdiyi Tovuz "xxxx" müəssisənin mövcud olmasını təsdiq edən faktın aşkar edilməməsi;
3. Müəssisə tərəfindən məcburi sosial sığorta haqqlarının ödənilib-ödənilməməsinin müəyyən edilməsinin mümkün olmaması. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1960-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin onun ümumi iş stajının az olması səbəbi ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə imtinanın əsaslı olub-olmamasına qiymət verməzdən əvvəl, ümumiyyətlə vətəndaşlara 57 yaşdan güzəşti şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün hansı şərtlərin olmasını müəyyən etməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh olunan hər iki qanunvericiliyin müddəalarının müqayisəli təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanunu, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 25 il, güzəştli iş stajının 12 il 06 ay olmasını şərtləndirmişdir. Burada yeganə fərq odur ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunundan fərqli olaraq, ƏMQ-nın tələbinə görə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri iş stajı 01.07.2017-ci il tarixədək toplanmalıdır . İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin (01.07.2017-ci il tarixədək olan redaksiyası) əsasında güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç şərtin ödənilməsi tələb olunur. 1) 57 yaşının 01.07.2017-ci il tarixədək tamam olması; 2) 25 il ümumi iş stajının olması; 3) bu müddətin azı 12 il 6 ayının güzəştli iş stajı olması Məhkəmə bildirir ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü olduğundan, onun 57 yaşı 04.04.2017-ci ildə tarixində tamam olur. Bu da onu göstərir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin (01.07.2017-ci il tarixədək olan redaksiyası) tələbləri əsasında iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün nəzərdə tutulmuş birinci şərt ödənilmişdir. Cavabdehin imtinasının birinci və ikinci hissəsinə münasibət bildirməzdən əvvəl, məhkəmə ilk öncə qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun təhsil və hərbi xidmət illərinə münasibət bildirilməlidir. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı 1977-ci ilin sentyabr ayında “Maşınqayırma texnologiyası metalkəsən dəzgah və alətlər” ixtisası üzrə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 16.08.1982-ci ildə həmin ixtisas üzrə tam kursu bitirmişdir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının təhsil müddəti ümumi iş stajına daxil edilərkən təhsilin başladığı müddət 01.09.1977-cı il tarixdən nəzərə alınır. Belə ki, sözügedən diplomda təhsil müddətinin başlamasının 1977cı ildən olduğu göstərilmiş, lakin gün və ay tarixi qeyd olunmamışdır. Ümumməlum arqument odur ki, SSR dövrdə, həmçinin Azərbaycan Respublikasının bilik günün “15 sentyabr” olması qeyd edilməzdən əvvəl, təhsil müəssisələrində tədris fəaliyyəti 01 sentyabr tarixdən başlayırdı. Bu səbəbdən, Məhkəmə iddiaçının təhsil müddətinin 01.09.1977-16.08.1982 dövrü (04 il 11 ay 16 gün) əhatə etdiyi qənaətinə gəlir. Məhkəmə “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) və “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinin tələblərini rəhbər tutaraq, belə qənaətə gəlir ki, iddiaçının 04 il 11 ay 16 gün təşkil edən təhsil müddəti ümumi staja daxil edilməlidir. İddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. İddiaçı tərəfindən təqdim olunmuş hərbi biletin surətindən görünür ki, iddiaçı 24.12.1982-ci il tarixdən 27.01.1986-ci il tarixədək hərbi xidmətdən keçmişdir. Belə ki, iş materiallarında olan əmək kitabçasının və hərbi biletin müqayisəli təhlilindən görünür ki, iddiaçı 24.12.1982-27.01.1986-ci illəri əhatə edən dövrdə üzrə əməliyyatçı vəzifəsində işləmişdir. Əmək fəaliyyəti ilə hərbi müddətinin üst-üstə düşməsi təkzib olunmaz hal olduğundan, məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsini rəhbər tutur. Həmin maddənin müddəalarına görə sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır ki, hazırki iddia üzrə iddiaçı məhkəmə icraatı zamanı əmək fəaliyyətini əhatə edən dövrün nəzərə alınmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə iddiaçının seçimi əsasında hərbi müddəti nəzərə almır. Cavabdeh tərəfindən mübahisələndirilən dövrün iddiaçının sığorta stajına daxil edilməməsinin yeganə əsası odur ki, Tovuz "xxxx"nın arxiv sənədləri Dövlət Arxivinə təhvil verilməmiş və həmin müəssisənin mövcudluğunu təsdiq edən hər hansı fakt aşkar edilməmişdir. Məhkəmə cavabdehin irəli sürdüyü bu mövqeyə münasibətdə bildirir ki, sığortaolunanın 01.01.2006-cı il tarixədək iş stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. Göründüyü kimi, 01.01.2006-cı il tarixədək sığortaolunan sığorta stajı əmək kitabçası əsasında yoxlanılsa belə, Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq cavabdehin irəli sürdüyü mülahizələr ilə bağlı zəruri araşdırma aparmış, iddiaçının mübahisələndirilən dövrdə işləyib-işləməsini, Tovuz “Çörək Kombinatının” 1993-1995-ci illərdə fəaliyyət göstərən müəssisə olub-olmamasını yoxlamış, bununla bağlı müvafiq dövlət qurumlarına - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Dövlət Statistika Komitəsinə, Milli Arxiv İdarəsinə, Ədliyyə Nazirliyinə sorğular ünvanlamışdır. Həmin sorğulara cavab məktublarından məlum olmuşdur ki, Tovuz "xxxx" (hazırda Tovuz çörək və ərzaq məhsulları istehsalı kombinatı” Dövlət Statistika Komitəsində 1996-cı ildə yaradılmış, Azərbaycan Respublikasının statistik vahidlərinin Dövlət reyestrində 29 iyun 1996-cı il tarixində qeydiyyat keçmiş, balansında əmlak kompleksi olmuş, lakin müəssisənin vergi ödəyicisi kimi Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmadığı müəyyən olunmuşdur. Məhkəmə bildirir ki ki, mübahisə üzrə yaranmış mühim məsələ müəssisənin ümumiyyətlə 1996-cı ilə qədər fəaliyyətdə olub-olmaması, fəaliyyətdə olduğu halda həmin müəssisədə digər şəxslərin əmək fəaliyyətinin həyata keçirilib-keçirilmədiyini müəyyən etməkdədir. Bununla bağlı qeyd olunmalıdır ki, mübahisələndirlən dövrdə İddiaçı başqa Tovuz "xxxx"nda digər fiziki şəxslər (X6, X2, X7, S.V.Qurbanova və X9) əmək fəaliyyəti ilə məşğul olmuşdurlar ki, bu hal iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçalarında öz əksini tapmışdır. (əmək kitabçasının əsillərinə baxış keçirilmişdir). Hətta xüsusi olaraq qeyd edilməlidir ki, X4 məxsus əmək kitabçasında iddiaçının Tovuz “Çörək Kombinatı vəzifəyə qəbulunun qeyd edilməsindən başqa onun vəzifədən azad edilməsi barədə əmri qəbul edən qurum kimi Statistika Komitəsinin sorğuya cavab məktubunda adıçəkilən Tovuz çörək və ərzaq məhsulları istehsalı kombinatı” olduğu da göstərilmiş, həmin müəssisənin möhürü ilə əmək kitabçası təsdiq edilmişdir. Həmin əmək kitabçasından da göründüyü kimi iddiaçı da daxil olmaqla əmək kitabçalarının surəti əlavə edilmiş şəxsləri təxminən eyni vaxtlarda işəgötürən Tovuz "xxxx" (əmək kitabçasını həmin müəssisənin əməkdaşı Hüseynov soyadlı şəxs imzalamışdır) olmuşdur. X3 əmək kitabçasından isə müəyyən edilir ki, həmin müəssisəyə daxil olan şəxsi işdən azad edən Tovuz çörək və ərzaq məhsulları istehsalı kombinatı olmuşdur. Beləliklə, hər nə qədər 1996-cı il tarixdən Statistika Komitəsində bununla bağlı məlumat olsa da, Tovuz "xxxx" (hazırda Tovuz çörək və ərzaq məhsulları istehsalı kombinatı”nın həmin tarixdən əvvəl də mövcud olması məhkəmədə şübhə doğurmur. X4 məxsus əmək kitabçasında həmin şəxsin Tovuz "xxxx" tərəfindən işə götürülüb, daha sonra Statistika Komitəsində adı qeyd edilən müəssisə tərəfindən işdən azad edilməsi, həmin şəxsin kombinatda fasiləsiz işləməsi, 1993-2002-ci il tarixlər arasında işdən azad edilmə barədə başqa sənədləşmə materialının olmaması, onu təsdiq edir ki, həmin kombinatlar eyni olmuş, iddiaçı dolayısı ilə əslində 1996-cı ildən əvvəl də mövcud olmuş olan kombinatda işləmişdir. AR İPM-nin 68.1-ci maddəsinin tələbini də rəhbər tutaraq məhkəmə hesab edir ki, mövcud sübutlarda nəzərə alınmaqla daxili inam əsasında iddianın təmininə yönələn qərarın qəbulunu istisna edən heç bir hal mövcud deyil. Maddənin tələbindən də göründüyü kimi məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Kombinatın mütləq qaydada VÖEN-ə malik olması və ya digər hər hansı qaydada qeydiyyatda olmalı olması, mütləq qaydada iddiaçının işlədiyi illərdə fəaliyyətdə olması barədə Dövlət Vergi Xidməti, Milli Arxiv İdarəsi tərəfindən sənədlərin olması mütləq deyil. Mövcud əmək kitabçalarında olan qeydlər, Statistika Komitəsinin sorğuya cavabının təhlili müəyyən etməyə imkan verir ki, iddiaçı Kombinatda əmək fəaliyyəti ilə məşğul olmuşdur. Hətta iddiaçının vaxtı ilə işləmiş olduğu Kombinatın hansı əsasdan fəaliyyətini dayandırması da müəyyən edilmişdir ki, X4 məxsus əmək kitabçasında 2003-cü il üçün 20 noyabr 2002-ci il tarixdə Müdafiə Nazirliyinin keçirdiyi tenderdə qalib ola bilməmə ilə əlaqədar Kombinatın istehsalının dayandırıldığı qeyd edilmişdir ki, toplanılan bu məlumatların sübut qismində istifadəsinə mane olan heç bir hal mövcud deyil. Əlavə sənədin tələb edilməsi, tələb edilmədiyi təqdirdə isə iddianın Kombinatda işləməmə əsası ilə rədd edilməsini məhkəmə formal yanaşma hesab edir. Göründüyü kimi, Tovuz "xxxx"nın 29 iyun 1996-cı il tarixə kimi fəaliyyət göstərilməsini təsdiq edən sənədlər inzibati orqanlarının arxivlərində aşkar edilməsə də, müəssisənin fəaliyyət göstərməsini təsdiq edən digər əsaslar mövcuddur. Hətta, məhkəmə bir məsələni də xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, həmin dövrlərdə Tovuz "xxxx"nın mövcud olmaması ağlabatan deyildir. Belə ki, adıçəkilən müəssisənin adından göründüyü kimi, həmin müəssisə ərazidə yaşayan vətəndaşların ehtiyac meyarlarını qarşılanması, onların çörək ilə təmin edilməsi funksiyasını daşımışdır ki, həmin ərazidə belə fəaliyyəti həyata keçirən müəssisənin olmaması inandırırı səslənmir. İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 100-cu maddəsinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə öz daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, təqdim olunmuş əmək kitabçalarının işdə olan digər sənədlərlər ilə birgə təhlili ona əsas verir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, əksinə mübahisələndirilən dövr üzrə iddiaçının işlədiyi Tovuz "xxxx"nın fəaliyyətdə olması öz əksini tapdığından, əmək kitabçasında olan qeydlər mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Qeyd olunan iş stajı, təhsil illəri cəmləndikdə, iddiaçının 04.04.2017-cı il tarixədək 27 il 05 ay 01 gün (01.09.1977-16.08.1982; 29.11.1982-05.08.1987; 12.11.1987- 29.07.1991; 14.08.1991-21.01.1993; 18.12.1993-01.02.1995; 09.12.2004-19.01.2006; 22.11.2006-07.01.2014; 08.01.2014-04.04.2017) ümumi iş stajı mövcuddur. Məhkəmə əlavə olaraq onu da bildirir ki, iddiaçı 04.04.2017-ci il tarixədək zəruri olan iş stajını (13 il 11 ay) toplamışdır ki, onun işlədiyi həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 2130100a—17531 kod altında katrojçılar vəzifəsi zərəli iş kimi nəzərdə tutulmuşdur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün katrojçılar kimi işlədiyi peşə həm əmək kitabçasında, həmçinin, də SOCAR tərəfindən verilmiş arxiv arayışında öz əksini tapmışdır Cavabdehin imtina məktubunda iddiaçının 18.12.1993-01.02.1995-ci illərdəki əmək fəaliyyətindən məcburi sosial sığorta haqları üzrə ayırmaların olub-olmamasını müəyyən edilməsinin mümkün olmamasına dair mövqe ilə əlaqədar olaraq isə aşağıdakılar nəzərə alınmalıdır. Alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə məhkəmə bidirir ki, iddiaçının 1993-1995-ci illərdəki həmin dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsi həll edilərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. İddiaçı tələbində həmçinin, pensiya hüququ yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə 02.11.2020-ci il tarixdə (imtina məktubunda göstərilən tarix) Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il, yəni 02.11.2017-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni 04.04.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin 02.11.2017-ci il tarixdən hesablanaraq ödənilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov