Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6125/2020 18.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, X5 katibliyi, İddiaçı, üçüncü şəxs X2 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə (üçüncü şəxs X4) «üçüncü şəxsin iddiaçının mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılması»na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Bakı şəhəri Nərimanov RPİ-yə qarşı mülkiyyətində olan evdən X2 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia ərizəsində bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi, 10 ünvanındakı ev onun (iddiaçının) mülkiyyətindədir, lakin həmin evdə bəzi şəxslər qeydiyyatdadır. X1 onun razılığı ilə həmin evə qeydiyyata alınsa da, orada yaşamır. O, Rüstəm Səfiyevin iştirakı ilə sonuncunun həmin ünvandan qeydiyyatdan çıxarılması ilə bağlı hazırkı cavabdeh Bakı şəhəri Nərimanov RPİ-yə müraciət etmiş, lakin cavabdeh adıçəkilən şəxsin qeydiyyatdan çıxarılmasının mümkün olmadığını bildirərək məsələnin həllindən imtina etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına, İPM-in 2.2.3, 45, 47-ci maddələrinə əsaslanaraq, mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi, 10 saylı evdən X2 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Bakı şəhəri Nərimanov RPİ-nin iddia ilə bağlı məhkəməyə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar qeyd olunmuşdur: - İddiaçı ünvan 4 ünvanından üçüncü şəxslərin qeydiyyatdan şəxarılması barədə müraciəti xx xxxx 2020-ci il tarixdə RPİ-yə daxil olmuşdur. RPİ-nin xx xxxx 2020-ci il tarixli məktubu ilə ərizəçiyə (İddiaçı) bildirilmişdir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata alınması barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur, əks halda şəxsin qeydiyyatdan çıxarılması RPİ tərəfindən mümkün deyil, bu məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi məqsədədəmüvafiq hesab olunur. Məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və üçüncü şəxs gəlmişlər, cavabdeh tərəf gəlməmiş, lakin məhkəməyə məktub ünvanlayaraq, işə qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqədi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, X4 evə onun razılığı ilə qeydiyyata düşmüşdür, hər hansı hüququ mövcud deyil, evdən qeydiyyatdan çıxamağa da razıdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 iddiaçı ilə razı olduğunu bildirdi və iddianın təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçını və üçüncü şəxsiu dinləyib, iş materialları araaşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarında olan DƏDRX Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı ******* nömrəli “Hüquqqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayinu, Şahin Mustafayev küçəsində istifadədə olan 0,0129 ha torpaq sahəsində yerləşən 3 ədəd 1 mərtəbəli, 4 otaqlı, 60,6 kv.m yaşayış, 17,2 kv.m köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X3 və İddiaçı adlarına (müvafiq tikililərlə) daşınmaz əmlakın dövlət reyestrində 55 nömrəli reyestr kitabında 4912 nömrəli vərəqdə qeydiyyata alınmışdır. İş materiallarında olan AR DİN tərəfindən verilmiş ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışın surətindən görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan şəxslərin siyahısına X4 da daxildir. İş materiallarında olan Bakı şəhəri Nərimnaov RPİ-nin İddiaçı ünvanlanmış xx xxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata alınması barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur. Əks təqdirdə şəxsin qeydiyyatdan çıxarılması RPİ tərəfindən mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət edilməsi məqsədədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə görə yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə»də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxx 1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikasının x xxxxxx 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının (o cümlədən qeyd olunan Qanunun 2-ci və 5-ci maddələrinin) tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdur: yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda – mülkiyyət hüququnu təsdiq edən sənəd; yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda – icarə və ya kirayə müqaviləsi; yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda – bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin nəzərə alınmalıdır ki, “«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 5-ci maddəsində yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədirmişdir və bu ifadə yaşayış sahəsinə köçmək üçün Qanunun 2-ci maddəsində nəzərdə tutulan əsasın olmadığı halda, ancaq buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə bu təhlilin nəticəsi olaraq müəyyən edilir ki, yaşayış sahəsinə şəxsin qeydiyyatı iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. Məhkəmənin qənaətinə görə, hazırkı işin hallarına uyğun olaraq üçüncü şəxsin (Rüstəm Səfiyevin) yaşayış yeri üzrə qeydiyyatının sadalanmış iki qaydanın hansından irəli gələrək aparıldığı müəyyən edilməlidir. İlk növbədə hüquqi əsasların olub-olmaması yoxlanılarkən qəbul edilməlidir ki, üçüncü şəxs qeydiyyata alındığı yaşayış yerinin mülkiyyətçisi, icarəçisi və ya kirayəçisi olmadığından, bu əsaslardan irəli gələn hüquqa malik olmamışdır. İşin məhkəmə araşdırılması ilə üçüncü şəxsin müvafiq yaşayış sahəsindən istifadə hüququna malik olması ilə bağlı xüsusatların da mövcud olmadığı məlum olmuşdur. Beləliklə əldə edilən nəticə onunla bağlıdır ki, yaşayış sahəsinə qeydiyyata alınarkən üçüncü şəxsin həmin sahə ilə bağlı hər hansı bir hüququ mövcud olmamış, lakin o, evin mülkiyyətçisi kimi hazırkı iddiaçının iradə ifadəsi əsasında qeydiyyata alınmışdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, hazırkı iş üzrə hallarla bağlı mövcud qanunvericilikdə boşluq mövcuddur. Belə olan halda məhkəmənin qənaətinə görə qanunvericiliyin aşağıdakı tələbləri tətbiq olunmalıdır: «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.9-cu maddəsinə görə qanunvericilikdə boşluqlar – konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normasının mövcud olmaması mamasını ifadə edir. Həmin Qanunun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarını tapmaq mümkün olmadıqda hüququn analogiyasından istifadə edilir. Bu zaman Azərbaycan Respublikası Konstitusiyasında və qanunlarda təsbit edilmiş hüququn konkret sahələrinə aid prinsiplərdən və hüququn ümumi prinsiplərindən istifadə olunur. Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Həmin Qanunun 14-cü maddəsinə görə qanunvericilikdə boşluqlar aşkar edilərkən aşağıdakılar nəzərə alınmalıdır: (maddə 14.0.1) faktiki hal hüquqi tənzimləmə dairəsin aid olmalıdır, (maddə 14.0.2) konkret ictimai münasibıtləri tənzimləyən qanunvericilik normaları olmamalıdır, (maddə 14.0.3) faktiki hal qanunvericilikdə qismən tənzimlənməlidir (tam tənzimlənməməlidir). Sadalananların ümumiləşdirilmiş nəticəsinə görə qanunvericilikdə boşluğun mövcudluğu yalnız o zaman qəbul edilə bilər ki, müəyyən edilmiş faktiki hal konkret ictimai münasibətlərə aid olmaqla qanunvericiliklə tam tənzimlənməməlidir və onun nizama salınması müəyyən edilmiş hüquqi qaydaya əsasən həyata keçirilməlidir. Bu şərtlər müəyyən edildiyi əvvəlcə qanunun analogiyasından, bu mümkün olmadıqda isə hüququn analogiyasından istifadə olunmalıdır. Qeyd olunanların hazırkı işə münasibətdə tətbiqi belə nəticə verir ki, yaşayış sahəsinə qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquqa malik olmayan üçüncü şəxsin mülkiyyətçinin ərizəsi vasitəsilə bildirilmiş iradə ifadəsinə uyğun olaraq həmin yaşayış sahəsinə qeydiyyata alınmışdır. Belə olan halda, həmin qanunvericiliklə mülkiyyətçinin iradə ifadəsinə uyğun olaraq qeydiyyatı həyata keçirilmiş şəxsin qeydiyyatdan çıxarılması hüququnun reallaşdırılmasının şərtləri və qaydaları nəzərə alınmalı idi. Belə qaydanın müəyyən edilməməsi isə, mülkiyyətçinin yaşayış sahəsi ilə bağlı hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmənin qənaətinə görə bu hala münasibətdə “qanunun analogiyası”ndan istifadə edilməlidir. Yəni yaşayış sahəsinə şəxsin qeydiyyatının mülkiyyətçinin ərizəsi əsasında həyata keçirilməsi qaydası müəyyən olunmuşdursa, eyni qayda ilə həmin şəxsin qeydiyyatdan çıxarılması da müəyyən edilməlidir. Bu zaman, artıq qeyd edldiyi kimi, üçüncü şəxsin həmin yaşayış sahəsinə hər hansı hüququnun olmaması işin mübahisə olunmayan hallarına aiddir. Qeyd olunan məsələyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxxxx 2020-ci il tarixdə qərara almışdır ki: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; - «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Bununla da hazırkı inzibati mübahisə üzrə sübutları və dəlilləri araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçşi kimi hazırkı İddiaçı müraciəti əsasında onun mülkiyyətində (paylı) olan Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, 10 saylı evdən üçüncü şəxs X2 qeydiyyatdan çıxarılmasından cavabdeh Bakı şəhəri Nərimanov RPİ tərəfindən imtina olunması əsassızdır və iddiaçının hüquqlarının pozulması ilə nəticələnən haldır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda da, “qanunun analogiyası”ndan istfadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı mülkiyyətində (paylı) olan Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, 10 saylı evdən üçüncü şəxs X2 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2, 4.1, 23.1, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində (paylı) olan Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, 10 saylı evdən üçüncü şəxs X2 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-6125/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6125/2020
18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver