Məhkəmə qərarları › İş №2-1(112)-6129/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6129/2020

16.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6129/2020 16.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon Şöbəsi olmaqla döyüş əməliyyatlarında iştirak etməsi faktının müəyyən olunması tələbinə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon Şöbəsi olmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1992-ci ildən 1993-cü ilədək özünümüdafiə batalyonunun N saylı hərbi hissənin 4-cü taborunun tərkibində döyüş əməliyyatlarında iştirak etməsi faktının müəyyən edilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1993cü il tarixədək Cəbrayıl rayonuna məzuniyyətə göndərilmişdir. N saylı hərbi hissənin 4-cü taborunda N il müddətinə döyüşmüşdür. Bu barədə yanında olan döyüşən komandiri də şahiddir. Ona görə də hesab edir ki, bu fakt məhkəmə qaydasında təsdiq olunmalıdır. İddianın mümkünlüyünə dair məhkəmə iclası 16 oktyabr 2020-ci il tarixə təyin olunmuş, İddiaçı məhkəmə iclasına gəlmiş, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon Şöbəsinin iştirakı olmadan iddianın mümkünlüyü məsələsinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, hazırkı iddia tələbi üzrə iddiaçı hesab edir ki, döyüş bölgəsinə ezam olunaraq, hərbi hissənin tərkibində döyüşlərdə iştirak etdiyindən, onun döyüş əməliyyatlarında iştirak etməsi hüquqi əhəmiyyəti olan fakt kimi məhkəmə qərarı ilə inzibati icraat qaydasında müəyyən olunmalıdır. İddiaçı tərəfindən iddia ərizəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə istinad olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 593 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında» Əsasnamənin 3.0.44-cü bəndinə görə hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış vətəndaşlara və digər şəxslərə onların və ya onların ailə üzvlərinin Azərbaycan Respublikasında və digər dövlətlərin ərazilərində döyüş əməliyyatlarında iştirakını təsdiq edən, eləcə də yaralanmalarının, travma və kontuziya almalarının, xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyən olunması zamanı arxiv materiallarının axtarılmasında kömək etmək Xidmətin bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri sırasına aid olsa da, lakin iddiaçının hazırki tələbi döyüş əməliyyatlarında iştirakını təsdiq edən arxiv materiallarının axtarılmasında kömək edilməsi ilə bağlı deyil, döyüş əməliyyatlarında iştirak etməsinin fakt kimi müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulan iddiaların 8 növü müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1. maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi inzibati hüquq münasibəti ilə əlaqədar olmadığından inzibati icraat qaydasında baxıla bilməz. Çünki inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 14-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə ərizələrə ümumi məhkəmələrdə baxılsa da, lakin iddiaçının döyüş əməliyyatlarında iştirak etməsinin hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan tərəflər təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verə bilərlər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar