Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6129/2022 14.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 43.492,51 manat əsas, 15.874,85 manat faiz, 300,00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 59.667,36 manat vergi, faiz və maliyyə sanksiyasına dair “tələbin icraya yönəldilməsi haqqında” 01.06.2021-ci il tarixli, **********511600 №-li qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fiziki şəxs kimi qanunla müəyyən edilmiş qaydada Vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyatdan keçməklə (VÖEN **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada və müddətdə vergi orqanlarına müvafiq hesabatlarını vermişdir. İddiaçı 05 iyul 2021-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə dəvət edilərkən ona məlum olmuşdur ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Samir Seyidəhmədlinin “tələbin icraya yönəldilməsi haqqında’' 01.06.2021-ci il tarixli, **********11600 №-li qərarına əsasən ona 43.492,51 manat əsas, 15.874,85 manat faiz, 300,00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 59.667,36 manat vergi, faiz və maliyyə sanksiyası tətbiq edilmiş, həmin sanksiyanın qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyi əsas kimi göstərilərək cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 01.06.2021-ci il tarixli, **********511600 №-li tarixdən icraya yönəldilmiş və həmin tarixdən qüvvəyə minmişdir. Vergi orqanlarının əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq iddiaçının vergi hesabatları qəbul edilməmiş, bunun da nəticəsində faktiki olaraq ölkəyə idxal etdiyi malın dəyəri süni surətdə şişirdilərək vergi borcu kimi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikirləri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, hazırkı iddiaya daha əvvəl baxıldığını, iddianın mümkün sayılmadığını, həmin qərardadın apellyasiya instansiyasında dəyişdirilmədən saxlanıldığını bildirərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən verilmiş iddia tələbində formal xəta olmamış, tələb aydın surətdə ifadə olmuş və müvafiq iddia növü kimi verilmişdir. Odur ki, irəli sürülmüş tələb mümkünlük şərtləri üzrə qiymətləndirilməlidir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarında olan: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8639/2021 nömrəli 17 sentyabr 2021-ci il tarixli qərardadı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır; Bakı Apellyasiya Məhkəməsinin İnzibati kolleiyasının 02 dekabr 2021-ci il tarixli qərardadı ilə, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8639/2021 nömrəli 17 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır; Bakı Apellyasiya Məhkəməsinin Aparatının 03 mart 2022-ci il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kolleiyasının 02 dekabr 2021-ci il tarixli qərardadından kassasiya şikayəti verilməmiş, qərardad qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, hazırkı iddianın predmetini təşkil edən, “tələbin icraya yönəldilməsi haqqında” 01.06.2021-ci il tarixli, **********511600 №-li qərarın ləğv edilməsi barədə iddiaçının daha əvvəl iddiası olmuş və iddia mümkün sayılmamışdır. Hazırda iddiaçı hərfbəhərf eyni iddia ilə yenidən məhkəməyə müraciət etmiş və daha əvvəlki iddianın mümkün sayılmamasına səbəb olan halların aradan qaldırılmamışdır. Məhkəmə bir hala da diqqəti cəlb edir ki, əvvəlki məhkəmə icraatında da, məhkəmənin iddiaçının arzuladığı məqsədə çatması üçün düzgün hüquqi müdafiə vasitələrindən istifadə etməsi barədə (vergi borcunun yaranmasına əsas olan qərarların mübahisələndirilməsi) təklifi iddiaçı tərəfindən qəbul edilməmiş və iddia ərizəsinə olduğu kimi baxılması xahiş edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiası ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərardadı olduğundan, hər hansı dəyişiklik olmadan, təkrar iddiaya baxılması prosessual cəhətdən mümkün deyil. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən Qərarında həmçinin göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.(6.1-ci bənd) İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.(6.2-ci bənd) İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. (15.5-ci bənd) Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. (15.6-cı bənd) İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Bununla belə, məhkəmə bir daha izah edir ki, iddiaçının mübahisələndirdiyi “tələbin icraya yönəldilməsi haqqında” 01.06.2021-ci il tarixli, **********511600 nömrəli qərar müstəqil olaraq hüquqi nəticə yaratmadığından, yəni iddiaçı tərəfindən mübahisələndirilən vergi borcunun yaranmasının əsası kimi çıxış etmədiyindən onun inzibati akt kimi inzibati məhkəmə icraatında mübahisələndirilməsi yolverilməzdir. Nəzərə alınmalıdır ki, “tələbin icraya yönəldilməsi haqqında” 01.06.2021-ci il tarixli, **********511600 nömrəli qərar iddiaçı tərəfindən mübahisələndirilən vergi borcunun yaranmasının əsası olan qərarların icraya yönəlilməsi barədə olduğundan, nəticə etibarilə “tələbin icraya yönəldilməsi haqqında” akt ləğv edilsə belə iddiaçının vergi borcu onun yaranmasına əsas olan qərarlar mübahisələndirilmədiyindən mövcud olmaqda davam edəcəkdir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-6129/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6129/2022
14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver