Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6131/2020 19.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 (aparıcı məsləhətçi, ünvan 1 d-3 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı ərazi şöbəsinə qarşı təqaüdün bərpa olunaraq ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı ərazi şöbəsi tərəfindən təyin olunan təqaüdün bərpa olunmasının cavabdehə həvalə edilməsi və ona birdəfəlik ödəmə şəklində 1040 manat məbləğidə pulun ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Böyük X2. O Böyük Vətən Müharibəsi iştirakçısıdır. 14 yaşında 1942-ci ilin iyun ayından o gəmi təmiri və gəmi inşaatı “Vano Strua” adlı zavoda könüllü olaraq işləməyə getmiş, iş zamanı gəmiləri inşa və təmir edib, nahar fasiləsi, eləcədə iş saatından sonra isə Böyük Vətən Müharibəsi ərəfəsində xüsusi hərbi əmr yerinə yetirib. 1945-ci ildə X7 Heyətinin Fərmanı ilə ona 1941-1945-ci illər ərzində Böyük Vətən Müharibəsində arxa cəbhədə cəsarətli əməyə görə medal ilə təltif olunmuşdur. Qeyd edir ki, müharibə vaxtı onlara maaş verilmirdi. Lakin o ölkənin əminəmanlıgı uğrunda və gələcək nəsilin bu günki AZAD Azərbaycan Republikasında yaşaması uğrunda həyatının 5 ilini Müharibə və ondan sonra isə 4 ilini Hərbi Xidmətə vermişdir. Ümumilikdə 9 il hərbi xidmətdə olmuş, Baş leytenant vəzifəsini almışdır. Azərbaycan Respublikasının Prezidentinin 80 (səksən manat) məbləğində "Müharibə Veteranlarına Azərbaycan Respublikasının Prezidentinin Təqaüdü"nün təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin" Fərmanına əsasən ona təqaüd təyin edilmişdir. O təqaüdü almaqdan ötrü xx xxxxxx 2020-ci il tarixində "Dost" mərkəzinə müraciət edib ərizə və ona əlavə olan bütün sənədləri təqdim etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail Rayon İdarəsindən Arayışı, Veteran kitabçası "Asan Xidmətdə" tərcümə etdirib tərcüməyə 15 (on beş manat) ödəyərək bütün bu sənədləri təhvil vermişdir. xx xxxxxx 2020 -ci il tarixində Prezidentin təyin etdiyi təqaüd Sosial Müdafiə Fondu tərəfindən təqaüdün təyin olunması haqqında qərar qəbul edilməklə ona Kapital Bankın kartı verilmişdir. xx xxxxxx 2020 -ci il tarixində həmən karta yalnız 160 məbləğində pul oturdulmuşdur. Qeyd edir ki, xx xxxxx 2019-cu ildən bu Fərman qanuni qüvvəsini almışdır. Həmən tarixdən bu günə qədər Sosial Müdafiə Fondu ona 12 ay tamam olduğuna görə, 960 məbləğində Təqaüd borcludur. Bununla əlaqədar olaraq o Sosial Müdafiə Fonduna şikayət ərizəsi ilə müraciət etmiş, onun hesabına 960 məbləğinin bütünlüklə ödənilməsini xahiş etmişdir. Lakin Sosial Müdafiə Fondu nəinki şikayətə baxmamış, bunun əvəzində ona təqaüdün verilməsini dayandırılması haqqında qərar qəbul edib məktub göndərmişdir. Belə ki, onun artıq 92 yaşı var və bu təqaüdün bir il ərzində ona ödənilməsi heç bir məntiqə sığan hal olmadığı qənaətindədir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunaraq Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı ərazi Şöbəsi tərəfindən təyin olunan təqaüdün bərpa olunmasının təmin olunmasını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı ərazi Şöbəsinə həvalə edilməsini və birdəfəlik ödəmə şəklində 1040 (bir min qırx manat) məbləğində pulun ödənilməsinnin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 257 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslər” sosial müavinət alan şəxslərin siyahısına daxil edilmişlər. Fərmandan görünür ki, müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Prezidenti “müharibə veteranı adı almış şəxslər”ə olan güzəştləri müavinətlə əvəz etmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununda “müharibə veteranları” anlayışı açıqlanmış, onun əhatə etdiyi şəxslərin dairəsi verilmişdir. Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; 1944-cü il yanvarın 1-dən 1951 -ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri; 1941-1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular; İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon idarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışa əsasən iddiaçı “ Böyük Vətən Müharibəsi illərində arxa cəbhədə iştirakçı” olmuşdur. Həmçinin iddiaçı qeyd etdiyi kimi arxa cəbhədə cəsarətli əməyə görə medal ilə təltif olunmuşdur. Bu kateqoriya şəxslər həmin normanın əhatə dairəsinə daxil edilməmişdir. Həmin qanunda iddiaçının statusuna münasibətdə ikinci dünya müharibəsi illərində arxa cəbhədə fədəkar əməyinə görə fərqlənmiş şəxslərə güzəştlər adlı maddəyə əsasən 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslər bu Qanunun 12-ci maddəsinin birinci hissəsində, 12-1 -ci və 13-18-ci maddələrində veteranlar üçün nəzərdə tutulan bütün güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər. Lakin həmin maddə xx xxxxxx 2001-ci il tarixli 214-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Qanundan çıxarılmışdır. Lakin qanunvericilikdə məsələ öz həllini Prezidentin müvafiq fərman və sərəncamları ilə həllini tapmışdır. Belə ki, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının, müharibə illərində arxa cəbhədə çalışmış, fədakar əməyinə görə orden və medallarla təltif edilmiş vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması haqqında x xxx 1995-ci il tarixli Prezident Fərmanına əsasən Müharibə iştirakçılarına, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, müharibə illərində arxa cəbhədə çalışmış, fədakar əməyinə görə orden və medallarla təltif edilmiş vətəndaşlara aşağıdakı qaydada birdəfəlik maddi yardım edilsin: müharibə illərində arxa cəbhədə çalışmış, fədakar əməyinə görə orden və medallarla təltif edilmiş vətəndaşlara minimum əmək haqqının 4 misli həcmində. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə pensiya alan müharibə iştirakçılarının, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının, müharibə illərində arxa cəbhədə çalışmış, fədakar əməyinə görə orden və medallarla təltif edilmiş vətəndaşların aldıqları pensiyaların üzərinə aşağıdakı qaydada əlavə aylıq müavinət müəyyən edilsin: müharibə illərində arxa cəbhədə çalışmış, fədakar əməyinə görə orden və medallarla təltif edilmiş vətəndaşlara-minimum əmək haqqının 1 misli həcmində. Hazırda həmin məsələ hər il müvafiq olaraq Prezident tərəfindən imzalanan Sərəncam ilə tənzimlənir və iddiaçıya münasibətdə 24 aprel, 2020-ci il tarixli“ 1941-1945-ci illərdə X3 iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Prezident Sərəncamı qüvvədədir. Həmin sərəncama əsasən bu kateqoriyadan olan şəxslərə 750 manat məbləğində birdəfəlik yardım verilməsi qeyd olunmuşdur. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 2019-cu il aprel tarixli Prezident Fərmanına əsasən aylıq 80 manat təqaüd təsis edilmişdir. Təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən İ qrup əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız biri - ən yüksəyi verilir. Fərmandan göründüyü kimi arxa cəbhədə çalışmış, fədakar əməyinə görə orden və medallarla təltif edilmiş vətəndaşlar Fərmanın əhatə dairəsinə aid edilməmiş və aylıq yox, birdəfəlik ödəmələr nəzərdə tutulmuşdur. Hazırlıq icraatı mərhələsində iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx xxxx 2020-ci il tarixli, **********9 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, iddiaçının təqdim etdiyi müharibə veteranı vəsiqəsinin tərcüməsinin səhv olduğu, Böyük Vətən müharibəsində arxa cəbhədə iştirak etdiyi üçün onun müharibə veteranlarına təsis edilən Prezident təqaüdü hüququnun olmadığı, onun təqaüdünün dayandırıldığı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən müvafiq arayış təqdim etdiyi təqdirdə təqaüd işinin bərpa ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, - Səbail rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1928-ci ildə Lənkəran şəhərində anadan olmuş, ünvan 2 ünvanda pasport qeydiyyatındadır. -023036 seriyalı vəsiqənin Azərbaycan dilinə tərcümə edilmiş nüsxəsinin surətindən görünür ki, vəsiqənin təqdim edidiyi şəxs SSSR İttifaqının qanunvericiliyi ilə Vətən Müharibəsi əlilləri üçün nəzərdə tutulmuş güzəşt və imtiyaz hüququna malikdir. -Azərbaycan Respublikası Səfərbərlik və Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 35 saylı Arayışdan görünür ki, İddiaçı “Böyük Vətən Müharibəsi” illərində arxa cəbhə iştirakçısı olmuşdur. İşin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı hazırkı iddia tələbi ilə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 2019-cu il aprel tarixli Prezident Fərmanına istinadən ona aylıq 80 manat təqaüd təsis edildiyini, 2020-ci ilini yanvar və fevral ayları nəzərə alınmaqla 160 manat məbləğində təqüdün onun adına ayrılmış bank kartına köçürüldüyünü, lakin sonradan həmin təqüdün əsassız olaraq dayandırıldığı, bu səbəbdən 12 ay ərzinə ödənilməli olan, lakin ödənilməyən təqüdün ödənilməsini tələb edir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin normalarına əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən aşağıdakilar müharibə veteranları sayılırlar: ikinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri; 1941- 1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular; İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət qarşısında xüsusi xidmətləri olan və ya fəxri adlara layiq görülmüş, yaxud ordenlərlə təltif edilmiş uzun illər ictimai əməklə məşğul olmuş və qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya almaq hüququnu qazanmış şəxslər əmək veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adı verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Məhkəmə araşdırması zamanı X5 şəxsi işi sorğu əsasında cavabdehdən tələb edilmişdir. Qeyd olunan şəxsi iş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli sosial müavinətin dəyişdirilməsi haqqında Sərəncamdan görünür ki, ərizə düzgün daxil edilmədiyi səbəbilə iddiaçıya təyin olunan müavinət dayandırılmışdır. Məhkəmə araşdırması zamanı X6 “müharibə veteranı” adı və vəsiqəsinin verilibverilməməsi sorğu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tələb edilmiş, sorğuya cavab məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq olunmuş “müharibə veteranları, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 4-cü bəndinə əsasən, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən ikinci Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddəsinin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlər müavinətlərlə əvəz olunmuş və həmin Fərmana xx.xx.2005-ci il tarixli, 257 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müəyyən məbləğdə müavinət təyin edilmişdir. Daha sonra “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2019-cu il tarixli, 641 saylı Fərmanının 1-ci maddəsinə əsasən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilərək, onun aylıq məbləği 80 manat müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmənin işçisi olduğunu sübuta yetirilə bilinməmiş, əksinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon idarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışa əsasən iddiaçının “Böyük Vətən Müharibəsi” illərində arxa cəbhə iştirakçı olduğu müəyyən edilmişdir. Həmçinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2019-cu il tarixli, 641 saylı Fərmanının başlığından və məzmunundan görünür ki, bu Fərman məhz “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində müəyyən edilən, yəni müharibə veteranları sayılan şəxslərə tətbiq edilməlidir. İddiaçı isə nə döyüşən cəbhələrin arxa hüdudları, nə də ki, döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmənin işçisi olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, qeyd edilən Qanunun normasının tələbi baxımından iddiaçıya əsaslı olaraq arxa cəbhə iştirakçısı olaraq həmin normanın müddəaları tətbiq edilməmişdir. Yuxarıda qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-6131/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6131/2020
19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver