Məhkəmə qərarları › İş №2-1(112)-6138/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6138/2023

21.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6138/2023 21.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağları ünvanında yerləşən 1533 nömrəli 0.12 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun xx.xx.2018-ci il tarixdə vəfat etmiş X5 məxsus olması haqqında arayışın onun vərəsəsi İddiaçı verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1990cı il tarixli 4/143 nömrəli qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağları ünvanında yerləşən 1533 nömrəli 0.12 ha torpaq sahəsi X5 ayrılmışdır. Bununla bağlı ona Bakı şəhəri İcraiyyə Komitəsinin X8 və İstismarı Birliyi 191 nömrəli BTK tərəfindən xx.xx.1990-cı il tarixli 14 nömrəli order verilmişdir. Həmçinin ona 1533 nömrəli bağ sahəsinin öz əksini tapdığı 191 nömrəli BTK-nın bağ sahələrinin yerləşmə planı da təqdim olunmuşdur. Qeyd olunmalıdır ki, X1 torpaq sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmadan xx.xx.2018-ci il tarixində vəfat etmişdir. Bundan sonra arvadı İddiaçı ərizəsi əsasında Bakı şəhəri 19 saylı Notariat Ofisində vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Notariat ofisinin xx.xx.2021-ci il tarixli 1033 nömrəli məktubundan görünür ki, İddiaçı vəfat etmiş Haqverdi Cəfərovun vərəsəsidir. Vərəsə İddiaçı yuxarıda qeyd olunan torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı müvafiq hüquqmüəyyənedici sənədlərlə birlikdə cavabdehə müraciət etmişdir. Ərazi İdarəsi isə xx.xx.2022-ci il tarixli **********24 nömrəli məktubu ilə bundan imtina etmiş və bildirmişdir ki, guya torpaq sahəsi digər torpaq sahələri ilə ümumi hasar daxilində yerləşir. Həmçinin torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. İdarənin imtinası qanunsuz və əsassızdır. Belə ki, torpaq sahəsi iddiaçı tərəfindən hasara alınmışdır və 30 ilə yaxındır ki, mübahisəsiz istifadəsindədir. İmtina məktubunda qeyd olunan torpaq sahəsinin digər torpaq sahələri ilə ümumi hasar daxilində yerləşməsi məlumatı həqiqəti əks etdirmir. Hasar daxilində hüquqmüəyyənedici sənədlərdə göstərilən torpaq sahəsinin ölçüsündən daha çox torpaq sahəsinin olduğu fərz edilsə belə, bu da imtina üçün əsas ola bilməz. İddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada İdarəyə müraciət etmiş və müvafiq hüquqmüəyyənedici sənədləri təqdim etmişdir. Bağ sahələri üzərində hüquqlarının qeydiyyatının aparılması üçün əsas olan sənədlər “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində konkret göstərilmişdir. Həmin maddədə göstərilmişdir ki, 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən orderlər həmin bağ sahələri üzərində hüquqların qeydiyyatının aparılması üçün əsasdır. İdarəyə təqdim edilmiş orderdə göstərilən ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılmalı idi. Torpaq sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməməsinə gəldikdə isə yuxarıda qeyd edildiyi kimi, qanunvericilik hüquqların qeydiyyatı üçün əsas olan sənədləri açıq göstərmişdir. Həmin sənədlərdən biri olan bağ sahəsinə dair müvafiq, order iddiaçı tərəfindən Ərazi İdarəsinə təqdim edilmiş, lakin Ərazi idarəsi mülkiyyət hüququnun qeydiyyatından əsassız və qanunsuz imtina etmişdir. Bağların bölgüsünə dair sxematik xəritədə müvafiq bağın nömrəsinin qeyd edilməməsi texniki məsələdir və bağ sahəsinə dair iddiaçının mövcud olan hüququnun qeydiyyatından imtinaya əsas kimi qəbul edilə bilməz. Ümumiyyətlə, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun imtina əsaslarını tənzimləyən 15-ci maddəsində belə bir hal nəzərdə tutulmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçı 30 ilə yaxındır ki, həmin bağ sahəsindən mübahisəsiz istifadə edir. Digər tərəfdən, Ərazi İdarəsinin torpaq sahəsinin nömrəsi ilə bağlı imtina səbəbinin əsaslı olduğu fərz edilsə belə, bu hal iddiaçının səhvi və ya günahı ucbatından meydana gəlmədiyindən onun nəticələrini iddiaçının üstünə yıxmaq qanunsuz və ən azından ədalətsizlikdir. Belə ki, iddiaçı istifadəsində olan bağ sahəsi qanunvericiliyə uyğun olaraq sənədləşdirilmiş və ona bununla bağlı order verilmişdir. İmtina məktubunda göstərilən həmin halı araşdırmaq isə iddiaçının vəzifəsi deyil və ona həvalə edilə bilməz. Qeyd olunmalıdır ki, Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə bağ sahəsinin konkret sərhədlərini, onun ölçüsünü bağ sahəsinin nömrəsi göstərilməklə yerləşməsini əks etdirən “torpaq sahəsinin planı” sənədi tərtib edilmişdir. Həmin dövrlərdə iddiaçıya bağın nömrəsi ilə bağlı hər hansı irad bildirilməmişdir. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı torpaq sahəsi ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, X8 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin digər torpaq sahələri ilə ümumi hasar daxilində yerləşdiyi aşkar olunmuşdur. Bundan əlavə, torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********24 saylı cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinə əsasən torpaq sahəsində hasarlanma və mərzçəkmə işləri aparılmamışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Cavabdeh tərəfindən iddiaçının etibarnamə üzrə nümayəndəsi X10 ünvanlanmış **********24 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin digər torpaq sahələri ilə ümumi hasar daxilində yerləşdiyi aşkar olunmuşdur. Əlavə olaraq, torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasinı (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina sayılmır. Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin X8 və istismarı birliyi Göradil bağlar sahəsindəki 191 saylı kooperativ tərəfindən təqdim edilmiş 14 saylı xx.xx.1990-cı il tarixli orderə əsasən Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli 4/143 saylı qərarına əsasən X5 Görədil bağlar sahəsində 191 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1533 saylı bağ ayrılmışdır. AZ-İİ seriyalı 037618 saylı xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 1033 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 19 saylı notariat ofisinə arvadı. İddiaçı tərəfindən müraciət daxil olmuşdur. X3 vəfat etməsi ilə əlaqədar vərəsənin ərizəsi əsasında xx.xx.2018-ci il tarixdə tərəfindən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq sənədləşdirmə aparılması üçün mərhum X3 adına Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 4/143 saylı qərarına əsasən ayrılmış Bakı şəhəri Binəqədi rayonu Goradil bağlar sahəsində 191 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 1533 nömrəli bağ sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi xahiş edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Binəqədi rayonu Göradil qəsəbəsində yerləşən 1533 saylı bağa dair tərtib edilmiş xx.xx.2008-ci il tarixli torpaq sahəsinin planından görünür ki, bağın sənəd üzrə sahəsi 1200,0 kv.m-dir, mövcud məhdudiyyət yoxdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-48-2F/2- 01837/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli, 4/143 saylı qərarının birinci, sonuncu və 191 saylı Görodil bağ-tikinti kooperativi üzvlərinin siyahısının təsdiq edilmiş ksero surətləri 4 (dörd) vərəqdən ibarət olmaqla təqdim edilmişdir. Vətəndaşlara bağ sahələrinə dair verilmiş orderlər fərdi qaydada Dövlət Arxivinin Bakı filialında saxlanılmır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli, 4/143 saylı qərarına 12 nömrəli əlavəyə əsasən 191 saylı Görodil bağ-tikinti kooperativi üzvlərinin siyahısında X3 adı 14-cü sıradadır. Cavabdeh tərəfindən məhkəmənin Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 1533 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlərin, sxematik xəritədən çıxarışın, müayinə aktının təsdiq edilmiş surətlərinin, eləcə də həmin bağ sahəsi ilə bağlı digər şəxslərin müraciətinin olub-olmaması və qeydiyyata alınıbalınmaması barədə məlumatın təqdim edilməsi ilə bağlı sorğusuna cavab olaraq 3-21-3- 30/2-11351/2023 **********51 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivi, 1533 bağ nömrə ilə torpaq (bağ) sahəsinin qeydiyyata alınmasına dair, həmçinin müayinə aktina əlavə edilmiş koordinatlara əsasən elektron baza məlumatlarında digər şəxslərin müraciəti barədə məlumat aşkar olunmamışdır. Binəqədi rayonu, Göradil bağlar sahəsində 191 saylı BTK nəzdində ayrılmış 1533 saylı bağ sahəsinə dair X3 adına 13 06.1990-cı il tarixli 14 nömrəli orderin arxiv nüsxəsi aşkar olunmamışdır. İdarənin arxivində 142 saylı BTK nəzdində 1533 saylı bağ sahəsinə dair X12 adına b/s nömrəli order mövcuddur. Həmin orderin ləğv edilməsi barədə Sabunçu Rayon Məhkəməsinin 2-197/07 nömrəli xx.xx.2007-ci il tarixli qətnaməsi mövcuddur. Sorğunun icrası ilə əlaqədar olaraq İdarənin arxivində saxlanılan 120 saylı BTK nəzmində Göradil bağ massivi, 1533 saylı bağ sahəsinə dair X6 adına xx.xx.1990-cı il tarixli b/s nömrəli orderin (həmin bağ sahəsi protokol əsasında X7 adına keçirilmiş, lakin onun adına orderin nüsxəsi arxivdə aşkar olunmamışdır), müayinə aktının təsdiq edilmiş surətləri və sxematik xəritədən çıxarış təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktından görünür ki, Goradil bağ massivində yerləşən 1533 saylı bağın hüquqmüəyyənedici sənəd üzrə sahəsi 1200,0 kv.m, faktiki olaraq 1200,0 kv.m (2086,0 kv.m (ümumi sahəsi)) müəyyən edilmişdir. 1533 saylı bağ kimi göstərilən sahə ümumi hasar daxilindədir, ümumi sahə 2086.0 kv.m təşkil edir. Həmin sahədən 1200.00 kv.m 1533 saylı bağ sahəsi kimi metal torla ayrılmışdır. Ümumi sahədə 1 mərtəbəli ev və köməkçi tikili var. Ümumi sahənin və ayrılmış 1200,0 kv.m sahənin koordinatları əlavə olunmuşdur. Goradil bağ massivində yerləşən 1533 saylı bağın ümumi (2086,0 kv.m) sahəsinin koordinaları:

1. Х= 403957.5443 У= 4490541.6719 Z= 0.0000

2. Х= 403984.5928 У= 4490540.8822 Z= 0.0000

3. Х= 403991.3371 У= 4490466.4777 Z= 0.0000

4. Х= 403962.6994 У= 4490465.3926 Z= 0.0000

5. Х= 403960.5917 У= 4490496.5806 Z= 0.0000

6. Х= 403960.7179 У= 4490505.6128 Z= 0.0000

7. Х= 403958.2174 У= 4490531.1603 Z= 0.0000 Goradil bağ massivində yerləşən 1533 saylı bağın ümumi (1200.0 kv.m) sahəsinin koordinaları:

1. Х= 403960.4839 У= 4490508.0038 Z= 0.0000

2. Х= 403987.4540 У= 4490509.3170 Z= 0.0000

3. Х= 403991.3371 У= 4490466.4777 Z= 0.0000

4. Х= 403962.6994 У= 4490465.3926 Z= 0.0000

5. Х= 403960.5917 У= 4490496.5806 Z= 0.0000

6. Х= 403960.7179 У= 4490505.6128 Z= 0.0000 Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəasi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. X17 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). X17 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının onun mərhum ərinə verilmiş bağ sahəsinə mülkiyyət hüququnun tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var. Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. Cavabdeh tərəfindən bildirilən dəlillər (sxematik xəritə ilə uyğunsuzluq, ümumi hasar daxilində yerləşmə, orderin arxiv nüsxəsinin olmaması) torpaq sahəsinin mülkiyyət hüquqlarının iddiaçının mərhum əri X5 məxsusluğu barədə arayışın verilməsindən imtina üçün əsas ola bilməz. Belə ki, qeyd edilən işlər inzibati orqan tərəfindən bilavasitə torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparılması işləri çərçivəsində aparılaraq müəyyən edilməlidir. Belə ki, orderin həqiqiliyi və iddiaçının torpaq sahəsi üzərində sahibliyinin həyata keçirilməsi ilə bağlı mübahisə yoxdur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının hüquqi marağına uyğun olaraq “Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağları ünvanında yerləşən 1533 nömrəli 0.12 ha bağ sahəsinə dair mülkiyyət hüququnun xx.xx.2018-ci il tarixdə vəfat etmiş X5 məxsus olması haqqında arayışın onun vərəsəsi İddiaçı verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağları ünvanında yerləşən 1533 nömrəli 0.12 ha bağ sahəsinə dair mülkiyyət hüququnun X5 məxsus olması haqqında arayışın onun vərəsəsi İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar