Məhkəmə qərarları › İş №2-1(112)-6139/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6139/2022

25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6139/2022 25.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X13 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı1 cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı qeydiyyata alınma tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı xx.xx.1988-ci il təvəllüdlü oğlu İddiaçı1 Füzuli rayonu, Aşağı Rəfədinli kəndindən pasport qeydiyyatından çıxarılıb, daimi yaşadığı ünvan 1 ünvanında yerləşən sahibliklərində və istifadələrində olan mənzilə pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 oğlu İddiaçı1 ilə birlikdə 1994-cü il tarixdən ünvan 1 ünvanında məskunlaşmışlar. Belə ki, İddiaçı2 əri vətən uğrunda gedən döyüşlərdə şəhid olduqdan sonra azyaşlı övladı, atası X4 və anası X7 ilə birlikdə İcra Hakimiyyəti başçısının köməkliyi ilə adıçəkilən ünvanda yerləşən birmərtəbəli, iki otaqdan ibarət mənzillə təmin edilmişlər. Həmin vaxtdan da, orada yaşayırlar. Atası 2018, anası isə 2020-ci iltarixdə vəfat etmişdir. Həmin mənzil tərəfindən abadlaşdırılmış, həyətyanı sahədə ağaclar əkilmiş, otaqların sayı artırılmışdır. Mənzilin bütün kommunal xərcləri oğlunun adınadır, tərəfindən ödənilir. Oğlu İddiaçı1 2-ci qrup əlildir. Füzuli rayonunun Aşağı Rəfədinli kəndində pasport qeydiyyatındadır. Əlilliyi ilə bağlı müalicə və müayinələri üçün məcbur olaraq hər dəfə uzaq yol qət etməli olurlar. Bu da, əlavə xərc və vaxt itkisinə başa gəlir. Bu günə qədər özü də, işləyirdi, cavan idi, hər işin öhdəsindən gəlirdi. Lakin, artıq səhhəti və işsizlik səbəbindən bu xərcləri qarşılaya bilmir. Hesab edir ki, oğlunun öz yaşayış yeri üzrə qeydiyyata alınması zəruridir. Bununla bağlı, cavabdehə dəfələrlə müraciət etsə də, müraciətinə cavab verilməmişdir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan iddiaçıların nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı2 iddiaçılar siyahısından çıxarılması, İddiaçı1 daimi yaşadığı ünvan 1 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktubla müraciət edərək, işə onların iştirakı olmadan baxılaraq, qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən müəyyən edilmişdir ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı1 yaşayış yeri üzrə Füzuli rayonu, Pirəhmədli ərazi dairəsi, Aşağı Rəfədinli kəndində qeydiyyatdadır. İşdə olan ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fonunun Qaradağ rayon Şöbəsi tərəfindən verilmiş 044929 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı1 2-ci qrup əlildir. İşdə olan xx.xx.2021-ci il tarixli poçt qəbzindən müəyyən edilir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən öncə cavabdeh inzibati orqana müraciət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Bakı şəhəri Qaradağ rayon Sektoru tərəfindən verilmiş 1434 nömrəli, xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı1 həqiqətən Füzuli rayonundan məcburi köçkündür və Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, ev 23, mənzil 1 ünvanında müvəqqəti məskunlaşmışdır. İşdə olan 150 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 1934 nömrəli, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, 1994-cü ildə 150 saylı MKİS-in xidməti ərazisində yerləşən Bünyadzadə küçəsi, ev 23-də olan mənzildə Füzuli rayonundan məcburi köçkün düşmüş X4 öz ailəsi ilə birlikdə məskunlaşmışdır. Özü –X8, həyat yoldaşı – X7, qızı – İddiaçı2, nəvəsi – İddiaçı1. 2018-ci il tarixində X4, 2020-ci il tarixində X7 vəfat etmişdir. Hal-hazırda göstərilən ünvanda İddiaçı1 öz ailəsi ilə birlikdə yaşayır. Bünyadzadə küçəsi, ev 23 istismara 1949-cu ildə verilmişdir. Ev taxta konstruksiyalıdır, qəzalı vəziyyətdə deyil, bir mətəbəlidir, iki otaqlıdır, yaşayış sahəsi 30.6 kv.m-dir. İşdə olan cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 069-2205M-3222 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçıların müraciəti ilə əlaqədar bildirilmişdir ki, şəxsin qeydiyyatına əsas olan hallar “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri ilə nəzərdə tutulmuşdur. Qanunvericiliyin tələblərinə əsasən İddiaçı1 Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, ev 23 ünvanına qeydiyyata alınması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan kommunal xidmətlərə dair qəbzlərin və müqavilələrin surətindən görünür ki, sözügedən evə dair kommunal xidmətlərə dair müqavilələr hər biri İddiaçı1 adınadır və kommunal xidmətlər onun tərəfindən ödənilir. İşdə olan məhkəmənin sorğusuna əsasən 150 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 30 nömrəli, 30 iyun 2022-ci il tarixli məktubun surətindən görünür ki, xidməti ərazidə yerləşən Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, ev 23 ünvanını 1993-cü ildən Füzuli rayon məcburi köçkünü X4 ailə birlikdə zəbt etmişdir. Qaradağ rayon Mənzil-X2 150 saylı MKİS-də X3 və ailə üzvlərindən heç kimin adına şəxsi hesab vərəqəsi açılmamışdır. İşdə olan məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********56 nömrəli məktubla təqdim edilmiş məlumatdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi 23 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana xx.xx.2021-ci il tarixdə müraciət etmiş, müraciətindən 35 gündən çox müddət keçməsinə baxmayaraq cavablandırılmadığından xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş, məhkəmə icraatının gedişatında cavabdeh tərəfindən 15 mart 2022-ci il tarixli, 069-2205M-3222 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, hazırki iş üzrə mübahisə predmeti olan evdə iddiaçı anası və babası ilə birlikdə 1994-cü ildən məcburi köçkün kimi məskunlaşmışlar. Hazırda sözügedən ünvanda iddiaçı öz ailə üzvləri birlikdə yaşayır, evə dair bütün kommunal xidmətlərlə bağlı müqavilələr onun adınadır və kommunal xidmətlər onun tərəfindən ödənilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalı olduğundan, eləcə də, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaq olduğundan, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımadığından və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bildiyindən, iddiaçının əlil olması da, nəzərə alınmaqla ünvan 4 ünvanına qeydiyyata alınmasından imtina edilməsi nəticəsində, onun yaşayış yeri üzrə qeydiyyata alınması, başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmasına dair hüquqları pozulmuşdur. Buna görə də, o, qeydiyyata alınmasından imtina edilməsindən məhkəməyə şikayət verməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X6 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı1 ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar