Məhkəmə qərarları › İş №2-1(112)-6139/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6139/2023

16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6139/2023 16.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, İslamov Tamerlan Cəlil oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 16 iyun 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1957-ci il təvəllüdlüdür. İddiaçı 7.05.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək həqiqi hərbi xidmətdə olmuşdur (2 il, 0 ay, 19 gün). İddiaçıya məxsus əmək kitabçasına əsasən o: xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək 2 nömrəli Mexaniki Çörəkxanada təhvil-təslimçi vəzifəsində işləmişdir (5 ay, 4 gün). xx.xx.1978-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Azxlebprom-un 2 nömrəli Mexaniki Çörəkxanasında, maşinist-doldurucu və hazır məhsulların anbardarı vəzifələrində işləmişdir (13 il, 4 ay, 1 gün). xx.xx.1991-ci il tarixdə 26 Bakı Komissarları adına rayonun Yataqxanasında fəhlə iaşə kombinatının pavilion filialına maddi cavabdehliklə 3-cü dərəcəli bufetçi vəzifəsinə qəbul edilmişdir. xx.xx.1992-ci il tarixdə həmin kombinatın filialı olan çayxanaya çayçı işinə qəbul edilmişdir. xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikasının ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin ç) bəndinə əsasən (mülkiyyətçisi dəyişdiyi üçün) işdən azad edilmişdir (21 il, 11 ay, 4 gün). İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla) 15 il 9 ay təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya altsisteminə əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2013-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından xx.xx.1991-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək olan dövrlərin sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək faktiki olaraq işlədiyi iş stajının sosial sığorta stajına daxil edilərək, ona yaşa görə əmək pensyiası təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci ildə 65 yaşı tamam olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən ona 28 dekabr 2022-ci il tarixli **********1 nömrəli imtina məktubu ilə cavab verilmişdir. İmtina məktubunda əsas olaraq isə göstərilmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü ilədək olan dövr sığorta stajına daxil edilməmişdir. Lakin sözügedən dövrlərdə onun əmək kitabçasından da göründüyü kimi faktiki olaraq əmək fəaliyyəti ilə məşğul olmuş və həmin dövrlər də onun sığorta stajına daxil edilməlidir. Eyni zamanda X1 və Koordinasiya Mərkəzi publik hüquqi şəxsi tərəfindən ona verilən xx.xx.2022-ci il tarixli arxiv arayışından da göründüyü kimi, sözügedən dövrlərdə o, əmək fəaliyyəti ilə məşğul olub. Ona görə də, hesab edir ki, cavabdehin imtinası əsassızdır. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən xx.xx.2022-ci il tarixli məktubla imtina etmiş, iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək iddia müddətinə riayət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına görə, iddiaçı 65 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq görə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana müraciət edərək əmək stajına dair sənədləri cavabdehə təqdim etmiş, cavabdeh iddiaçının xx.xx.1991-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək sığorta stajını mübahisələndirərək, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci ilədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmamasını göstərərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Hazırda iddiaçı ona adıçəkilən qanunun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1- dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar“ "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. İddiaçının cavabdeh tərəfindən mübahisə edilməyən, əmək kitabçasında qeyd olunan iş stajı (hərbi xidmət daxil olmaqla) 15 il 9 aydır. Cavabdeh iddiaçının xx.xx.1991-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək işlədiyi dövrləri sosial sığorta stajına daxil etməkdən imtina edərkən o hala istinad edir ki, həmin dövrlər üzrə fərdi hesanın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə aşağıda göstərilənlərə əsasən cavabdehin istinad etdiyi dəlili əsassız hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 29 mart 2023-cü il tarixli məktubla iddiaçının xx.xx.1991-ci il tarixdə işə qəbul edilməsini təsdiq edən xx.xx.1991-ci il tarixli 475-k nömrəli, xx.xx.2013-cü il tarixdə işdən azad olunmasını təsdiq edən xx.xx.2013-cü il tarixli 334 nömrəli əmrlərin surətləri məhkəməyə təqdim edilmişdir. Məhkəmə cavabdehin imtinası və etirazının əsası kimi istinad etdiyi bu halı əsaslı saymaraq qeyd edir ki, iddiaçı xx.xx.1975-ci il tarixdən bir sıra müəsisələrdə işləyərək əmək fəaliyyəti ilə məşğul olmuş, əmək kitabçasında işə qəbul və işdən azad edilmə tarixləri və əmrləri göstərilmişdir. Əmək kitabçasından iddiaçının xx.xx.1991-ci il tarixli 475k №-li əmrlə 26 Bakı Komissarları adına rayonun X2 Birliyinin fəhlə iaşə kombinatının pavilion filialına maddi cavabdehliklə 3-cü dərəcəli bufetçi vəzifəsinə qəbul edilmişdir. Eyni zamanda əmək kitabçasındakı qeydlərə əsasən o, xx.xx.2013-cü ildə işdən azad edilmişdir. Beləliklə, iddiaçının həmin müəssisədə xx.xx.2006-cı il tarixədək işlədiyi müddət nəzərə alınmaqla, iş stajı və hərbi xidmət dövrü də daxil edilməklə ümumilikdə 29 il, 11 ay, 7 gün iş stajı vardır. Şərh olunanlara əsasən, məhkəmə qeyd edir ki, qanunvericiliklə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 65 yaşı tamamdır və ümumilikdə 25 ildən artıq sığorta stajına malikdir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququn yarandığı tarixdən, yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar