Məhkəmə qərarları › İş №2-1(112)-614/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-614/2023

20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-614/2023 20.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, üçüncü şəxs “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X4, X12, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsi və X5 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla “bağ torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının qeydə alınmaqla, çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 461 №-li sərəncamına əsasən ona, 128 saylı Ləhiş BTK bağlar sahəsində ayrılmış 6138 a №-li, 0,12 ha torpaq sahəsi üzərində hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 461 №-li sərəncamına əsasən ona 128 saylı Ləhiş ВТК bağlar sahəsində 6138 a №li, 0,12 ha torpaq sahəsi ayrılmış və bu barədə ona Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş istehsalat idarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 116 №li order təqdim edilmişdir. Bununla əlaqədar olaraq, ona məxsus torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi məqsədi ilə, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və həmin İdarənin 03 dekabr 2021-ci il tarixli, **********28 saylı bildiriş məktubu ilə, onun hüquqlarınının dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsindən imtina edilmişdir. İmtina məktubunda bildrilmişdir ki, "6138a" nömrəsi qonşu bağların nömrə ardıcıllığı ilə uyğunsuzluq təşkil edir və həmçinin torpaq sahəsinin böyük bir hissəsi avtomobil yolunun mühafizə zonasında yerləşir. Belə ki, ona məxsus "6138a" saylı bağ sahəsinin nömrəsinin qonşu bağların nömrə ardıcıllığı ilə uyğunsuzluq təşkil etməsində onun heç bir təqsiri yoxdur və ola da bilməzdi. Ona görə də hesab edir ki, iddia ərizəsi üzrə tələbi təmin edilməli və ona məxsus torpaq sahəsi üzərində hüquqların Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulması barədə müvafiq məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 21 yanvar 2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, məhkəmənin 2-1(112)- 4977/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X4, X12, və “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X5 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, tərəflər və üçüncü şəxslər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2022-ci il tarixdə cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmuş, üçüncü şəxslərin iddia ilə bağlı yazılı etirazları məhkəməyə təqdim olunmamışdır. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli, **********19 №li iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının xx.xx.2021-ci il tarixli müraciəti zamanı “6138a” bağ sahəsi kimi kənardan göstərilən bağ sahəsi qonşu bağların nömrə ardıcıllığı ilə uyğunsuzluq təşkil edir. Həmçinin torpaq sahəsinin 621 kv. metr hissəsi avtomobil yolunun mühafizə zonasında yerləşir. Bundan əlavə, göstərilən əraziyə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “6125C” saylı bağ sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı digər fiziki şəxs (X4) tərəfindən idarəyə müraciət daxil olmuşdur. Qeyd olunanlarla yanaşı texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə tam şərait yaradılmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış iddiaçıya **********28 saylı, xx.xx.2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə bildiriş ünvanlanmışdır. İddiaçının xx.xx.2021-ci il tarixdə idarəyə müraciəti zamanı göstərdiyi bağ sahəsi elektron kadastr baza məlumatlarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 6150 saylı bağ evi kimi digər fiziki şəxsin (X12) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh və üçüncü şəxslər X4, X12, və X5 müvafiq olaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və məhkəmə iclasında iştirak etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında, F.M.Qələndərovun mülkiyyətində olan bağ torpaq sahəsinin qanuni əsaslarla onlara ayrıldığını və həmin torpaq sahəsinin iddiaçıya heç bir aidiyyətının olmadığını bildirmiş və qeyd olunanların nəzərə alınmaqla, məhkəmədən iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş üçüncü şəxs X5 məhkəmə iclasında verdiyi izahatında, mülkiyyətlərində olan bağ torpaq sahəsinin qanuni əsaslarla ona ayrıldığını və həmin torpaq sahəsinin iddiaçıya heç bir aidiyyətının olmadığını bildirmiş və qeyd olunanların nəzərə alınmaqla, məhkəmədən iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək, göstərmişdir ki, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Avtomobil yollarının qorunma (mühafizə) zolaqları avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla, avtomobil yolunun mühafizəsi, perspektiv inkişafı, təmiri, yenidən qurulması, saxlanılması üçün nəzərdə tutulmuş, habelə yolkənarı xidmət obyektlərinin yerləşdiyi ərazini əhatə edir. Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri avtomobil yollarının təsnifat göstəriciləri, perspektiv inkişafı və konkret şərait nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bələdiyyə və özəl avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla həmin yolların mülkiyyətçiləri tərəfindən müəyyən edilir. Qorunma (mühafizə) zolaqlarının hüdudları avtomobil yollarının sahibləri tərəfindən işarələnməlidir. Ümumi istifadədə olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarında avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması və yol hərəkətinin təhlükəsizliyi, sərnişin və yük daşımaları sahəsində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) fəaliyyəti ilə əlaqədar olan tikililər və qurğular, habelə yolkənarı xidmət obyektləri istisna edilməklə, digər tikililərin və qurğuların yerləşdirilməsi qadağandır. Ümumi istifadədə olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarında yerləşən yolkənarı xidmət obyektlərinin alğı-satqısı zamanı onun yeni sahibkarı torpaqdan istifadə şərtləri ilə tanış edilməlidir. Qanunvericiliyin qeyd olunan tələblərinə əsasən bağlar massivində, qəsəbə daxilində olan yollar ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolağına düşmədiyi üçün mübahisənin məhkəmənin mülahizəsinə əsasən həll olunmasını xahiş etdi. İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İPM-nin 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı eyni tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu onun müraciətindən imtina etdiyi üçün, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları İş materiallarında olan; Bakı-Nəsimi RPİ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE seriyalı, ********* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1961-ci ildə Tovuz şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 461 nömrəli sərəncamından çıxarışdan müəyyən olunur ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il tarixli 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li Qətnaməsinə əsasən İddiaçı Ləhiş qəsəbəsində, 128 №li BTK ərazisində № 6138a №li bağ torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Ləhiş bağlar sahəsindəki 128 №-li BTK tərəfindən verilmiş 116 №-li Orderinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 1 aprel 1994-cü il tarixli 461 №-li qərarına əsasən İddiaçı Ləhiş bağlar sahəsində 128 №-li BTK nəzdində 0,12 hektar sahəsinda olan 6138 ”a” №-li bağ sahəsi ayrılmışdır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq verilmiş DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********18 №-li xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, X2 nümayəndəsi X8 tərəfindən sözügedən əraziyə (İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 6138 “A” bağ sahəsinə) dair (6125 ”c” saylı bağa dair X9 ilə bağlanmış xx.xx.2005-ci il tarixli, 36923 saylı müqavilə arxivdə mövcuddur) hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün ********** qeydiyat nömrəli,12 noyabr 2021-ci il tarixli müraciət ərizəsi idarəyə daxil olmuşdur. X6 müraciəti qanunamüvafiq qaydada araşdırılmış **********10 qeydiyyat nömrəli, 07 dekabr 2021-ci il tarixində imtina bildiriş məktubu ilə cavablandırılmışdır. İddiaçı 128 BTK nəzdində Ləhiş bağ massivi 6138 “A” saylı bağ sahəsinin ayrılmasına dair order arxivdə aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/1768 №li ekspert rəyində ekspert belə nəticəyə gəlmişdir ki; DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-330/2-6621/2023- **********21 saylı mütəxəssis rəyinə əsasən, sözügedən ərazidə hasarlanma işləri plan üzrə (bölgü sxeminə uyğun) aparılmadığından Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Ləhiş bağlar sahəsindəki 128 №-li BTK tərəfindən verilmiş 116 №-li Orderlə Bakı şəhəri İcra Hakimiyyətinin 1 aprel 1994-cü il tarixli 461 № li qərarına əsasən İddiaçı Ləhiş bağlar sahəsində 128 №-li BTK nəzdində 0,12 hektar sahəsində ayrılmış 6138 “a” №li bağ sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmamışdır. İddiaçı tərəfindən kənardan təqdim olunan bağ sahəsinin iki hissədən ibarət olmaqla mişar daş hasar daxilində olduğu, hər iki hissənin ayrıca giriş-çıxış qapısının (darvaza) mövcud olduğu və torpaq sahəsinin üzərində köməkçi həyət tikilisinin mövcud olduğu müəyyən edilmişdir. İddia edilən bağ sahəsi yeni çəkilmiş yolun kənarında yerləşir. Şərti olaraq təqdim olunan torpaq sahəsinin bölgü sxeminə əsasən 6138 a saylı bağn yerinə uyğun gəlmədiyi müəyyən edilmişdir. İddia olunan torpaq sahəsinin yanından keçən avtomobil yolu barədə məlumatlar (yolunun dərəcəsi, hərəkət zolağının sayı, tökmənin hündürlüyü və qazmanın dərinliyi, yan ehtiyatı, torpaq yatağının yamacının maililiyi və s.) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təqdim olunduqdan sonra həmin yolun mühafizə zolağına düşüb-düşməməsini müəyyən etmək olar. İddiaçının torpaq sahəsi üzərində hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması ilə bağlı etdiyi müraciətə cavab olaraq, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********28 №li xx.xx.2021-ci il tarixli məktubla (bildirişlə) bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 6138 “A” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli təkrar ərizəsinə tərəflərindən baxılmışdır. 6138 “A” nömrəsi qonşu bağların nömrə ardıcıllığı ilə uyğunsuzluq təşkil edir. Həmçinin torpağ sahəsinin böyük bir hissəsi avtomobil yolunun mühafizə zonasında yerləşir. Göstərdiyi əraziyə digər fiziki şəxs tərəfindən müraciət daxıl olmuşdur. Qeyd olunanlarla yanaşı texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə tam şərait yaradılmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 8.0.5-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1 -ci maddələri). Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.11, 3.0.23 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Qanunvericiliyin tələbindən də göründüyü kimi, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur ki, iş materiallarında mübahisəli bağ torpaq sahəsinə dair İddiaçı adına belə bir aktın (Bakı şəhər İcra Hakimiyyətinin 1 aprel 1994-cü il tarixli 461 №-li qərarına əsasən verilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Ləhiş bağlar sahəsindəki 128 №-li BTK tərəfindən verilmiş Order) mövcudluğu işin mübahisələndirilməyən hallarındandır. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mübahisəli bağ torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcuddur. Belə ki, məhkəmə araşdırması zamanı mübahisəli bağ torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olmadığı, iş üzrə verilmiş ekspert rəyinə əsasən şərti olaraq təqdim olunan torpaq sahəsinin bölgü sxeminə əsasən 6138 a saylı bağn yerinə uyğun gəlmədiyi müəyyən edilmişdir. Bundan əlavə mübahisəli torpaq sahəsinin yerləşməsi iddia olunan ərazidə hasarlanma işləri plan üzrə (bölgü sxeminə uyğun) aparılmadığından Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Ləhiş bağlar sahəsindəki 128 №-li BTK tərəfindən verilmiş 116 №-li Orderlə Bakı şəhəri İcra Hakimiyyətinin 1 aprel 1994-cü il tarixli 461 № li qərarına əsasən İddiaçı Ləhiş bağlar sahəsində 128 №-li BTK nəzdində 0,12 hektar sahəsində ayrılmış 6138 “a” №li bağ sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmamışdır. İddiaçı tərəfindən kənardan təqdim olunan bağ sahəsinin iki hissədən ibarət olmaqla mişar daş hasar daxilində olduğu, hər iki hissənin ayrıca giriş-çıxış qapısının (darvaza) mövcud olduğu və torpaq sahəsinin üzərində köməkçi həyət tikilisinin mövcud olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar