Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6141/2025 27.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiyanın pensiyanın yenidən hesablanmasında nəzərə alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiyanın pensiyanın yenidən hesablanmasında nəzərə alınması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən işlədiyi dövrlərdə istifadə etmədiyi 291 gün üçün ödənilmiş 16268,61 manat kompensasiyanı nəzərə alıb pensiyanı yenidən hesablayıb xx.xx.2018-ci il tarixdən əskik ödənilmiş məbləğin ödənilməsini cavabdehə həvalə olunmasını xahiş etmişdir. Sonradan iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.5-ci maddəsinin normalarınının tələblərinə uyğun olaraq cavabdehin bu barədə qəbul etdiyi qanunsuz əlverişli inzibati aktın ləğv edilməsi və pensiya məbləğinin yenidən hesablanaraq müəyyən edilməsi, eyni zamanda yaranmış fərq məbləğinin əmək pensiyasının üzərinə əlavə edilərək ödənilməsi öhdəliyinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 19 iyul 2019- cu ildə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı xx.xx.2018ci il tarixdən əmək pensiyasının yenidən hesablanıb, ödənilməsinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqisad Məhkəməsinə müraciət etmişdir. Məhkəmə xx.xx.2019- cu il tarixli 2-1(82)-3028/2019 saylı Qərarı ilə iddianı təmin etmişdir. Həmin dövrlərdə Fondda yaranan struktur dəyişikləri ilə əlaqədar Qərarın icrası gecikdirildi. Yeni yaradılmış struktur, indiki cavabdeh Qərarı icra etmədiyinə görə mütamadi olaraq cavabdehə müraciət etdi. Müraciətlərinə eyni məzmunda cavab verərək “nəzərə almağı” bildirirdilər. xx.xx.2024- cü il tarixli ərizədə əvvəllər verdikləri cavab məktublarında heç bir Qanuna əsaslanmadıqları üçün tələbinin əsaslarını təsdiq edən Qanunları göstərərək pensiyasının yenidən hesablamasını xahiş etmişdir. Əvvəlki cavab məktublarını nömrə və tarixini dəyişərək əvvəlki cavabları vermişlər. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə (bundan sonra Baş idarə) xx.xx.2022-ci il tarixli **********494000 nömrəli məktubula 1992-2018- ci illər üzrə hesablanmış əmək haqqı mükafat və digər əlavələr barədə sorğu məktubuna xx.xx.2022ci il tarixli 22190215 95700 900 saylı cavab məktubuna əlavə edilmiş cədvəldə 2018- ci ilin oktyabr ayında 1992,1993, 1996- 2005 və 2006 - 2018-ci illər üzrə istifadə edilməyən məzuniyyətə görə ******* manat kompensasiya ödənildiyi göstərilmişdir. Baş İdarə tərəfindən ona ödənilməli olan 16268,61 manat məbləğdən 11992,31 manat ödənildiyi üçün əskik ödənilmiş 4276,30 manatın ödənilməsini təmin etmək üçün məhkəmələrə müraciət etdi. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli “İstifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın düzgün hesablanması, hesablanmış ödənişlərdən gəlir vergisinin tutulması və məlumat vərəqəsinin göndərilməsinə” dair Qərarına əsasən əskik hesablanmış 4276,30 manatın ödənilməsini təmin edildi. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra Vergi xidməti) ünvanladıqları xx.xx.2024cü il tarixli 3-17-1/2-207621/2024 nömrəli sorğu məktubuna Vergi xidməti tərəfindən verilən xx.xx.2024- cü il tarixli 3-21-2-1/2-2970/2024 nömrəli cavab məktubuna əlavə edilmiş arayış- cədvəldə son haqq- hesab, kompensasiya bölməsində 16268,61 manat ödənildiyi göstərilib. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/2-53797/2025 saylı ddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim olunmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazları): Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 523,75 manat, qulluq illərinə görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 157,13 manat, rütbəyə görə əlavəsi 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 2301,34 manat, son haqq-hesaba və ya istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul vəsaitinə görə əlavə 94,19 manat (müvafiq arayışda qeyd olunan son haqq-hesab və ya istifadə edilməmiş məzuniyyət ilə əlaqədar kompensasiya üçün ödənilmiş 16268,61 manat vəsaitin orta aylıq əmək haqqının müəyyən edilməsi üçün nəzərə alınan qulluğunun son 24 ayı üzrə ödənilmiş 2260,30 manatın 24-ə olan nisbəti) olmaqla orta aylıq əməkhaqqı 3115,41 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxıl edilir. Qanunun 20-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslərin pensiyası iki hissədən ibarət olur: sığorta hissə və qulluq stajına görə əlavə. Qanunun 10.2-ci, 13.3-cü və 18.2-ci maddələrinə əsasən, bütün növ əmək pensiyalarının sığorta hissəsinin müəyyən edilməsi metodologiyalar əsasında həyata keçirilir. Belə ki. əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən məbləğlərə münasibətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqları vətəndaşın (o cümlədən qulluq stajına görə əlavə alan şəxslərin) əmək pensiyasının sığorta hissəsinin müəyyən edilməsi zamanı nəzərə alınır. Qanunun 20.30-cu maddəsinə əsasən, yalnız qulluq stajına görə əlavənin məbləğinin müəyyən edilməsi zamanı onların büdcədənkənar vəsaitlər hesabına aldıqları əlavələr orta aylıq əməkhaqqının, dövlət məvacibinin və ya təminat xərcliyinin tərkibində nəzərə alınmır. Eyni zamanda Qanunun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyinin tərkibində də büdcədənkənar vəsaitlər hesabına ödənilən əlavələr və digər ödənişlər nəzərə alınmır. Qanunun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-cı il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Qanunun 37.3.4-cü maddəsinə əsasən əmək pensiyasına həmin Qanunun 20.1.7-ci maddəsinə əsasən qulluq stajına görə əlavələr təyin edilmiş şəxs vergi orqanlarında fəaliyyətini davam etdirdikdə onun pensiyasına qulluq stajına görə əmək pensiyasına əlavə ödənilmir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı vergi orqanlarından azad olunduğu 16 oktyabr 2018-ci il tarixdən əvvəkli dövr üçün vergi orqanlarının sabiq əməkdaşı kimi əlilliyə görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Həmçinin bildiririk ki, iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 523,75 manat, qulluq illərinə görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 157,13 manat, rütbəyə görə əlavə 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 2301.34 manat, son haqq-hesaba və ya istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul vəsaitinə görə əlavə 94.19 manat (müvafiq arayışda qeyd olunan son haqqhesab və ya istifadə edilməmiş məzuniyyət ilə əlaqədar kompensasiya üçün ödənilmiş 16268,61 manat vəsaitin orta aylıq əməkhaqqının müəyyən edilməsi üçün nəzərə alınan qulluğun son 24 ayı üzrə ödənilmiş 2260,30 manatın 24-ə olan nisbəti) olmaqla orta aylıq əməkhaqqı 3115,41 manat təşkil etmişdir. Bununla əlaqədar İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında" Qanunun 20 11 2-ci maddəsinə əsasən, 30 il 8 ay qulluq illərinə uyğun olaraq orta aylıq əməkhaqqının (3115,41 manat) 80 faizi-2492,33 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və illər üzrə indeksləşdirilmələr nəzərə alınaraq əmək pensiyası 3279,37 manat olmaqla iddiaçının müvafiq kart hesabına köçürülür. Analoji iş üzrə Ali Məhkəmənin 07 aprel 2023-cü il tarixli 2-1(102)-659/2023 nömrəli qərarında qeyd olunmuşdur: Azərbaycan Respublikası Baş Prokurorluğunun 22 aprel 2020-ci il tarixli əmri ilə iddiaçının “Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə 22 aprel 2020-ci il tarixdən tutduğu vəzifədən azad olunub prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmiş və iddiaçıya pensiya hesablanması üçün Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən 21 may 2020-ci il tarixli “Pensiyanın hesablanması uçun əmək haqqı barədə arayış" verilmişdir. Həmin arayışda iddiaçının son 24 ay ərzində aldığı məbləğlər qeyd edilməklə yanaşı, onun istifadə etmədiyi məzuniyyətlərə görə 10.414 manat 22 qəpik məbləğində pul kompensasiyası hesablanaraq ödənildiyi və həmin vəsaitdən Dövlət Sosial Müdafiə Fonduna müvafiq ayırmalar edildiyi qeyd edilmişdir. Cavabdeh tərəfindən pensiya hesablanarkən isə istifadə edilməyən məzuniyyətlərə görə verilən 10 414 manat 22 qəpik nəzərə alınmamışdır. Təkrar apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən müəyyən edilmişdir ki, iddiaçıya işdən azad edilərkən ödənilmiş 10414,22 manat vəsait 1984/1985, 1992/1993, 1993/1994. 1995/1996, 1996/1997. 1998/1999, 2000/2001, 2001/2002-ci illər üçün ödənilməmiş əmək məzuniyyətinə görə kompensasiyadır. Göründüyü kimi, iddiaçının istinad etdiyi kompensasiya məbləği 2002-ci ilədək olan dövrə aiddir, qulluqun son 24 ayının əməkhaqqına və digər əlavələrə aid deyil Qanunvericilik isə prokurorluq orqanlarında qulluqun son 24 ayı ərzində alınan bütün əmək haqqının, kompensasiyanın və digər əlavələrin orta aylıq məbləğindən deyil, son 24 aydakı əmək fəaliyyəti ilə bağlı alınan əmək haqqının orta aylıq məbləğindən pensiyanın hesablanmasını nəzərdə tutmuşdur. Bu səbəbdən də ödənilməmiş əmək məzuniyyətinə görə iddiaçıya ödənilmiş kompensasiya onun son 24 aydakı əmək fəaliyyəti ilə bağlı olmadığından son 24 ayı əhatə edən əmək haggı məbləğinə daxil edilə bilməz. Həmin məbləği iddiaçının hansı ildə alması, həmçinin həmin məbləğdən məcburi sığorta haggı tutulması da vəziyyəti onun xeyrinə dəyişmir. Belə ki, istənilən halda, həmin məbləğ iddiaçının pensiya təyin edilməsi üçün cavabdehə təqdim etdiyi 2018-2020-cü illəri əhatə edən əmək hagqının tərkibinə daxil deyil və “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinin məzmunundan da göründüyü kimi, əmək pensiyasına əlavələr qulluğun məhz son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən hesablanır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş edi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR: İş materiallarında olan: Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2017-ci il tarixli, 1618 №-li qərarından müəyyən olunur ki, İddiaçı xx.xx.2017-ci il tarixdən İİ qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-15231/2024 №-li Qərarın surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2018-ci il tarixdən təyin olunmuş əmək pensiyası yenidən hesablanmışdır. Vəzifə maaşı: 523.75 manat; İxtisas dərəcəsinə görə əlavə: 39; Qulluq stajına görə əlavə: 30% -157.13 manat; Mükafat: 10542.74% -2301.34 manat; Son haqq- hesab: 94.18 manat. Pensiya faizi: 80%; Yenidən hesablanmış pensiya məbləği: 2492 manat, 33 qəpik. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-2170/2025 №-li Qərarın surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2018-ci il tarixdə təyin olunmuş əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə (toplanmış kapitala görə) əsasən yenidən hesablanmışdır. Vəzifə maaşı: 523.75 manat; İxtisas dərəcəsinə görə əlavə: 39; Qulluq stajına görə əlavə: 30% -157.13 manat; Mükafat: 10542.74% - 2301.34 manat; Son haqq- hesab:94.18. Dövlət məvacibinin cəmi -3115 manat 41 qəpik; Hazırki pensiya məbləği: 3279 manat, 37 qəpik. Yenidən hesablanmış pensiya məbləği: 2492 manat, 33 qəpik. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3- 17-1/2-M-301825/2024 №-li imtina məktubunda qeyd olunmuşdur ki, “.... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş 13 may 2022-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.5.8-ci bəndinə əsasən “Qanunun 20-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavələr, Qanunun həmin maddəsi ilə müəyyən edilən vəzifələrdə işləmədikləri halda, onların yaşa görə və İ dərəcə əlilliyə görə aldıqları pensiyanın üzərinə hesablanır”. Qanunun 37.3.4-cü maddəsinə əsasən əmək pensiyasına həmin Qanunun 20.1.7-ci maddəsinə əsasən qulluq stajına görə əlavələr təyin edilmiş şəxs vergi orqanlarında fəaliyyətini davam etdirdikdə onun pensiyasına qulluq stajına görə əmək pensiyasına əlavə ödənilmir”. TƏTBİQ EDİLƏN HÜQUQ. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 22. Dövlət məvacibi 22.1. Dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, vəzifədə qulluq stajından asılıdır. 22.2. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. ... Maddə 23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. ... Maddə 24. Dövlət qulluqçularının mükafatlandırılması 24.1. Dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”:
1. Bu Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir.
2. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun pensiya təyinatı tarixinədək sonuncu artımlar nəzərə alınmaqla, müvafiq vəzifədə aldığı vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır.
3. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır.
4. əmək pensiyası üçün müraciət edən dövlət qulluqçusunun arzusuna əsasən dövlət qulluğuna işə qəbul edildiyi və işdən azad edildiyi natamam aylar, uşağa qulluğa görə qismən ödənişli məzuniyyət dövrü, əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr həmin aylardan çıxılır. Bu halda çıxılmış aylar göstərilmiş 24 və ya 60 aylıq müddətdən əvvəl və ya sonra gələn aylarla əvəz edilir.
5. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi müxtəlif vəzifə təsnifatlarına əsasən hesablandıqda, nəzərə alınan qulluq aylarının sayına müvafiq olaraq dövlət məvacibi hər bir vəzifə üzrə ayrılıqda hesablanır və sonradan toplanmaqla nəzərə alınan ayların (24 ay və yaxud 60 ay) sayına bölünür.
6. əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. ...
12. Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; ... Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. ... 20.30-cu maddəsinə əsasən bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır (xx.xx.2018-ci il tarixli, 1362-VQD nömrəli Qanunla əlavə edilmiş və 01 yanvar 2019-cu il tarixdə qüvvəyə minmişdir).
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”
1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. 1.2. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. ...
2. İndeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanma ... 2.3. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əməkhaqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə – orta aylıq əməkhaqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur.
Azərbaycan Respublikası Əmək Məcəlləsi ... Maddə 154. əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. ... Maddə 177. Orta əmək haqqı və onun hesablanması qaydası
1. Orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir.
2. Əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.
3. 2 aydan az işləmiş işçilər üçün orta aylıq əmək haqqı aşağıdakı qaydada hesablanır: işçinin faktiki işlənmiş günlər ərzində qazandığı əmək haqqını həmin günlərə bölməklə bir günlük əmək haqqı müəyyən edilir, alınan məbləğ əmək haqqı saxlanılan iş günlərin sayına vurulur.
4. Orta əmək haqqı müəyyən edilərkən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödənclər hesaba alınır
5. Orta əmək haqqının hesablanması qaydası bu Məcəllənin 60, 77, 123, 170, 172, 179, 181, 198, 224, 230, 232, 236, 243, 244, 245 və 293-cü maddələrində nəzərdə tutulmuş hallarda tətbiq edilir.
6. Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahı” ... istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödəncdir.
MƏHKƏMƏNİN MÖVQEYİ.
Məhkəmə ilkin olaraq iddia tələbinin hüquqi əsası ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” 948 saylı xx.xx.2003-cü il tarixli Fərmanına əsasən 2003-cü il 1 yanvar tarixindən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir. Azərbaycan Respublikası Prezidentinin 194 saylı xx.xx.2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın 2-ci bəndinə əsasən, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə, dövlət qulluqçusunun əmək pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq, bu Qaydaların 3-10-cu bəndlərində nəzərdə tutulduğu kimi yenidən hesablanır. Fəaliyyətdə olan dövlət qulluqçusunun vəzifə maaşı artırıldıqda, ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqq və s.) yenidən hesablanır və ümumi dövlət məvacibində cəmləşdirilir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 2-ci bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Həmin Qaydaların 3-cü bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı istifadə edilməmiş məzuniyyətə görə ödənilmiş kompensasiyanın orta əmək haqqının hesablanması zamanı nəzərə alınmasına yönəlmişdir. Cavabdehin imtinasının əsas dəlili - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinin tələblərinə görə iddiaçıya sabiq vergi orqanarının əməkdaşı kimi əmək pensiyasına əlavələrin qulluğun son 24 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edildiyindən, iddiaçıya büdcədən son haqq-hesab kimi ödənilmiş (istifadə edilməmiş məzuniyyətə görə kompensasiya) 16268,61 manat məbləğinin son 24 ayın əmək məzuniyyəti dövrünə aid olmadığından pensiyanın təyinatı zamanı nəzərə alınmaması, həmin Qanunun 20.30-cu maddəsinə uyğun olaraq vergi orqanları əməkdaşlarının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin nəzərə alınmaması olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarının preambulasına görə, həmin qərar Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999- cu il 15 aprel tarixli, 122 nömrəli və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarının və sərəncamlarının qüvvədən düşmüş hesab edilməsi və onlara dəyişiklik edilməsi barədə" 2000-ci il 6 mart tarixli, 292 nömrəli fərmanlarının icrasını təmin etmək məqsədi ilə qəbul edilmişdir. Həmin Qərarla təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”na əsasən, “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödənclərə aid edilmişdir. Bununla yanaşı, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə, əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Göründüyü kimi, iddiaçının istinad etdiyi kompensasiya məbləği qulluğun son 24 ayının əmək haqqına və digər əlavələrə aid deyil. Qanunvericilik isə vergi orqanlarında qulluğun son 24 ayı ərzində alınan bütün əmək haqqının, kompensasiyanın və digər əlavələrin orta aylıq məbləğindən deyil, son 24 aydakı əmək fəaliyyəti ilə bağlı alınan əmək haqqının orta aylıq məbləğindən pensiyanın hesablanmasını nəzərdə tutmuşdur. Bu səbəbdən də ödənilməmiş əmək məzuniyyətinə görə iddiaçıya ödənilmiş kompensasiya onun son 24 aydakı əmək fəaliyyəti ilə bağlı olmadığından son 24 ayı əhatə edən əmək haqqı məbləğinə daxil edilə bilməz. Həmin məbləği iddiaçının hansı ildə alması, həmçinin həmin məbləğdən məcburi sığorta haqqı tutulması da vəziyyəti onun xeyrinə dəyişmir. Belə ki, istənilən halda, həmin məbləğ iddiaçının pensiya təyin edilməsi üçün cavabdehə təqdim etdiyi qulluğun son 24 aydakı dövrü əhatə edən əmək haqqının tərkibinə daxil deyil və “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinin məzmunundan da göründüyü kimi, əmək pensiyasına əlavələr qulluğun məhz son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən hesablanır. Məhkəmə əlavə olaraq onu qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin nəzərə alınmalı olmadığını qanunverici imperativ olaraq müəyyən etmiş, qanunda bundan istisnalar nəzərdə tutmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə aid edilən iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyasının xx.xx.2018-ci il tarixdən sonra təyin edildiyi nəzərə alındıqda, “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinin tələbi iddiaçıya da aiddir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiyanın pensiyanın yenidən hesablanmasında nəzərə alınması”na dair iddia tələbi təmin olunmasın. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev