Məhkəmə qərarları › İş №2-1(112)-6143/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6143/2021

12.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6143/2021 12.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin imtinasının əsassız hesab edilərək 18.09.1978-14.07.1981-ci il illər (26 gün 7 ay 2 il) 80 saylı PTM-də və 01.10.1984-28.05.1985-ci illər (28 gün 7 ay) 190 saylı TPM-də peşə təhsili aldığı illərin iş stajına daxil edilərək iddiaçıya 06.08.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏƏSMN-in tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1963-cü ildə anadan olmuşdur. Hal-hazırda o, öz ailəsi ilə birlikdə qeydiyyatda olduğu Bakı şəhəri, Binəqədi rayonu, Xocasən ərazi dairəsi, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, ev 312/2-də yaşayır. İddiaçı 18.09.1978-14.07.1981-ci il illər (26 gün 7 ay 2 il) 80 saylı PTM-də peşə təhsili almış, 11.01.1982-13.04.1982-ci illər (2 gün 3 ay) 5 saylı atelyeyə paltar tikişi üzrə 4cü dərəcəli usta-dərzi vəzifəsinə qəbul olmuş, 20.10.1982-04.07.1984-cü illər (14 gün 9 ay 1 il) Sovet ordusunda xidmətdə olmuş, 03.07.1984-17.09.1984-cü illər (15 gün 2 ay) 3 saylı Məişət evinə y/k paltarın tikilişi üzrə 4-cü dərəcəli dərzi vəzifəsində işləmiş, 01.10.1984-28.05.1985-ci illər (28 gün 7 ay) 190 saylı TPM-də peşə təhsili almış, 04.06.1985-01.04.1991-ci illər (26 gün 10 ay 5 il) Gənc mütəxəssis kimi yük qaldırma sexinə maşinist, kran maşinisti vəzifəsində, 01.04.1991-01.11.1991-ci illər (7 ay) BDAZ-da qaynaqçı, 01.11.1991-06.02.1992-ci illər (6 gün 3 ay) “Neftqazenerqomontaj” İstehsal İdarəsində qaynaqçı, 25.02.1992-19.03.1992-ci illər (22 gün) D.Bünyadzadə adına “Kaspmorsudoremont” İB-də qaynaqçı, 14.04.1992-01.08.1995-ci illər (17 gün 3 ay 3 il) QAPTS-da qaynaqçı, 09.08.1995-07.03.1996-cı illər (28 gün 6 ay) “Bulla” Qazma İşlər İdarəsində elektrik qaynaqçı, 14.03.1996-01.09.2006-cı illər (17 gün 6 ay 10 il) “Bulla dəniz” NQÇİ-də qaynaqçı, çilingər təmirçi, qazqaynaqçısı, 01.09.2006-hal-hazıra kimi (14 il 4 ay) N.Nərimanov adına NQÇİ-də qaz qaynaqçısı vəzifəsində işləyir. Belə olan halda iddiaçının ümumi stajı peşə məktəbində aldığı təhsillərlə birlikdə 40 il 11 ay 4 gün, 01.01.2006-cı il tarixə isə 27 il 3 ay 7 gün edir. Bu səbəbdən də o, 57 yaşı tamam olan zaman güzəştli şərtlərlə əmək pensiyası almağı üçün cavabdeh olan Azərbaycan Respublikası ƏƏSMN-in tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh iş stajının təqdim edilən əmək kitabçasına əsasən yoxlanılması zamanı az hesablayaraq 01 yanvar 2006-cı il tarixinə ümumi olaraq 22 il 11 ay 17 gün hesablamış və bu səbəbdən də güzəştli əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirərək iddiaçıya məhkəməyə müraciət etməyini məsləhət görmüşlər. Bu isə iddiaçının hüquqlarının pozulması deməkdir. İddiaçının iş stajını az hesablamışlar və onun 18.09.1978-14.07.1981-ci il illər 80 saylı PTM-də peşə təhsili və 01.10.1984-28.05.1985-ci illər 190 saylı TPM-də aldığı peşə təhsili müddətini ümumiyyətlə hesablamamışlar. Halbuki, 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdirlər. Eyni zamanda hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq cavabdehin imtinası əsassız hesab edilməli və iddiaçının 18.09.1978-14.07.1981-ci il illər 80 saylı PTM-də peşə təhsili və 01.10.1984-28.05.1985-ci illər 190 saylı TPM-də aldığı peşə təhsili müddəti ümumi iş stajına daxil edilərək 06.08.2020-ci il tarixindən güzəştli əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının nümayəndəsi və vəkili Vəkil 12.11.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı 57 yaşdan, yəni 06.08.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 14 yanvar 1982-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (22 il 05 ay 25 gün) təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Qeyd edilir ki, İddiaçı iddia ərizəsində 18.09.1978-14.07.1981-ci illər 80 nömrəli PTM-də peşə təhsili müddətinin (26 gün 07 ay 2 il) və 01.10.1984-28.05.1985-ci illər (28 gün 7 ay) 190 saylı TPM-də peşə təhsili aldığı illərin iş stajına daxil edilərək əmək pensiyasının təyin olunmasını tələb etmişdir. Lakin iddiaçı tərəfindən 18.09.1978-14.07.1981-ci illər 80 nömrəli PTM-də peşə təhsili müddətinin (26 gün 07 ay 2 il) təsdiqləyən diplom Mərkəzi Filiala təqdim olunmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Elektron informasiya sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 28.04.1982-ci ildən 27.06.1984-cü ilədək hərbi xidmət keçmişdir. İş materiallarına əlavə edilmiş 751933 nömrəli diplomun surətinə əsasən İddiaçı 01.10.1984-cü ildən Bakı şəhəri 190 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 23.05.1985-ci ildə körpülü və kozlovoy kran maşinisti peşəsi üzrə təhsilini bitirmişdir. İş materiallarına əlavə edilmiş B 815318 nömrəli diplomun surətinə əsasən İddiaçı 01.09.1978-ci ildə Bakı şəhəri 80 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 14.07.1981-ci ildə dərzi peşəsi üzrə təhsilini bitirmişdir. İş materiallarına əlavə edilmiş Б 477771 nömrəli diplomun surətinə əsasən İddiaçı 01.11.1987-ci ildə Bakı şəhəri 190 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 01.06.1988-ci ildə əl ilə elektrik qaynaqçısı peşəsi üzrə tam kursu bitirmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus 14.01.1982-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı 11.01.1982-ci ildə 5 saylı atelyeyə y./k. paltarın tikilişi üzrə 4-cü dərəcəli usta-dərzi qəbul olunmuş, 13.04.1982-ci ildə işdən azad edilmişdir. 23.07.1984-cü ildə 1 saylı fərdi tikiş və paltar təmiri fabrikasında 3 saylı Məişət evinə y./k. paltarın tikilişi üzrə 4-cü dərəcəli dərzi qəbul olunmuş, 17.09.1984-cü ildə işdən azad edilmişdir. 04.06.1985-ci ildə gənc mütəxəssis kimi yük qaldırma sexinə körpü kranının 3-cü dərəcəli maşinist qəbul olunmuş, 01.08.1985-ci ildə 7 saylı sahəyə 3-cü dərəcəli körpü kranının kran maşinisti vəzifəsinə keçirilmiş, 19.10.1987-ci ildə körpü kranının kran maşinisti kimi 3 saylı sexə keçirilmiş, 04.11.1988-ci ildə 4-cü dərəcə qaynaqçı dərəcəsi verilmiş, 07.02.1991-ci ildə 5-ci dərəcə verilmiş, 01.04.1991-ci ildə işdən azad edilmişdir. 01.04.1991-ci ildə BDAZ-dan köçürmə qaydasında 5-ci dərəcəli qaynaqçı vəzifəsinə qəbul edilmiş, 01.11.1991-ci ildə işdən azad edilmişdir. 01.01.1991-ci ildə “Neftqazenerqomontaj” İstehsalat İdarəsində 5-ci dərəcəli qaynaqçı qismində işə qəbul edilmiş (Əmr 29/k, 05.10.1991-ci il), 06.02.1992-ci ildə işdən azad edilmişdir. 25.02.1992-ci ildə D.Bünyadzadə adına “Kaspmorsudoremont” İstehsalat Birliyində 5-ci dərəcəli qaynaqçı qismində işə qəbul edilmiş, 09.03.1992-ci ildə işdən azad edilmişdir. 14.04.1992ci ildə “Sahil” Qazma İşləri İdarəsində QAPTS-nə 4-cü dərəcəli əl qaynaqçısı kimi qəbul olunmuş, 01.09.1992-ci ildə 5-ci dərəcəli əl qaynaqçısı vəzifəsinə keçirilmiş, 01.08.1995-ci ildə işdən azad edilmişdir. 09.08.1995-ci ildə “Bulla” Qazma İşləri İdarəsində “Sahil” Qazma İşləri İdarəsindən keçirilmə qaydasında DVS sexinə 5-ci dərəcəli qazelektrik qaynaqçısı kimi qəbul edilmiş, 07.03.1996-cı ildə işdən azad edilmişdir. 14.03.1996-cı ildə “Bulla-dəniz” NQÇİ-də EAS yanında 5-ci dərəcəli qazelektrik qaynaqçısı “Bulla” DQİ-dən keçirilmə qaydasında qəbul edilmiş, 02.09.1996-cı ildə EAS yanında spetskirjima texnoloji xətlərin 5-ci dərəcəli çilingər-təmirçisi qəbul edilmiş, 01.06.1998-ci ildə EAS yanında “Bulladəniz” sahəsinə texnoloji xətlərin 5-ci dərəcəli çilingər-təmirçisi qəbul edilmiş, 02.02.2000ci ildə NMAİS-nə 5-ci dərəcəli qazqaynaqçısı keçirilmiş, 01.09.2006-cı ildə işdən işdən azad edilmişdir. 01.09.2006-cı ildə Dəniz neft mədən qurğularının istismar təmir sexinin 5ci dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Kompleks qazma işləri” trestinin 19.10.2020-ci il tarixli, SOCAR**********80020115X00118 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, verilir xx.xx.1963-cü il təvəllüdlü İddiaçı Mehdeli oğluna, ondan ötrü ki, o, həqiqətən 14.04.1992-ci il tarixdən (Əmr № 47/k, 14.04.1992-ci il) 09.08.1995-ci il tarixinə kimi (Əmr № 51/k, 01.08.1995-ci il) “Xəzərqazmaneftqazsenaye” İstehsalat Birliyinin “Primorsk” X3 İdarəsində, 09.08.1995-ci il tarixdən (Əmr № 48/k, 09.08.1995-ci il) 01.03.1996-cı il tarixinə kimi (Əmr № 20/k, 02.03.1996-cı il) “Bulla” X3 İdarəsində işləmişdir. Dənizdə Neft və X1 30 iyun 1995-ci il tarixli 139 saylı əmrinə əsasən idarə ləğv olunması ilə əlaqədar olaraq “Primorsk” X3 İdarəsi “Bulla” X3 İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın 09 noyabr 2006-cı il tarixli 408 saylı əmrinə əsasən struktur təkmilləşdirilməsi ilə əlaqədar olaraq “Bulla” DKQİ qazma sexi kimi “Bayıl Limanı” X3 İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın 12.03.2007-ci il tarixli, 51 saylı və 14.03.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “Kompleks qazma işləri” tresti yaradılmışdır və “Bayıl Limanı” X3 İdarəsi trestin tabeliyinə verilmişdir. SOCAR-ın 06.06.2012-ci il tarixli 65 saylı əmri ilə “Bayıl Limanı” X3 İdarəsinin adı dəyişdirilərək “Xəzər” X4 İdarəsi adlandırılmışdır. 08.08.2012-ci il tarixdən SOCAR-ın 101 saylı və “Kompleks qazma işləri” trestinin strukturunun təkminlləşdirilməsi haqqında 18.08.2012-ci il tarixli 82 saylı əmrinə əsasən “Xəzər” X3 İdarəsi ləğv edilib və onun arxivi “Sahil” Qazma İşləri İdarəsinə verilib. SOCARın 27.12.2013-cü il tarixli, SOCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Sahil” Qazma İşləri İdarəsi ləğv edilmiş və “Bulla, 8 Mart, Ümid” İstehsalat bölümü kimi fəaliyyət göstərir. Bu müddətdə ümumi iş stajı: “Primorsk” DKQİ-də 14.04.1992-ci ildən 01.09.1992ci ilədək Qazma avadanlıqlarının təmiri sexinə 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə qəbul edilib (Əmr № 47/k, 14.04.1992-ci il), 01.09.1992-ci ildən 09.08.1995-ci ilədək Qazma avadanlıqlarının təmiri sexinə 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilib (Əmr № 74/ş, 09.09.1992-ci il), 09.08.1995-ci ildə işdən azad edilib (Əmr № 51/k, 01.08.1995-ci il), “Bulla” DKQİ-də 09.08.1995-ci ildən 01.03.1996-cı ilədək Daxili yanma mühərriklərin təmiri sexinə 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə qəbul edilib (Əmr № 48/k, 09.08.1995-ci il), 01.03.1996-cı ildə işdən azad edilib (Əmr № 20/k, 02.03.1996-cı il). Bu müddətdə ümumi iş stajı: 03 il 10 ay 17 gün. Yuxarıda göstərilənləri nəzərə alaraq, həmçinin AR Prezidentinin 31 avqust 2002-ci il tarixli, 781 nömrəli Fərmanı ilə təsdiq edilmiş AR DSMF-nin Əsasnaməsinin 1-ci bəndinə əsasən AR DSMF Azərbaycan Respublikasında məcburi dövlət sosial sığorta və emək pensiyaları sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olduğundan güzəştli şərtlə pensiyaya çıxmaqla əlaqədar həmin icra hakimiyyəti orqanına müraciət etməyiniz məqsədə uyğun hesab edilir. İş materiallarına əlavə olunmuş SOCAR “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və qazçıxarma idarəsinin 14 avqust 2020-ci il tarixli, 10 nömrəli güzəştli arayışında qeyd edilmişdir ki, verilir İddiaçı ondan ötəri ki, o, həqiqətən 14.03.1996-cı il tarixindən 31.08.2006-cı il tarixinədək “Bulla-dəniz” Neft və Qazçıxarma idarəsində İstismar avadanlıqlarının kirayə və təmir sexində elektrik qaz qaynaqçısı peşəsində işləmişdir (Əmr № 59/K, 14.03.1996-cı il). Həmiş iş Azərbaycan Respublikası NK-nin 23.01.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş bu ixtisas 35 bənd Ümumi peşələr siyahısına əsasən güzəştli sayılır. Güzəştli staj ixtisasa əsasən 10 il 05 ay 10 gün. 01.09.2006-cı il tarixindən hal-hazırkı dövrə qədər “N.Nərimanov adına Neft və qazçıxarma idarəsində Dəniz neft-mədən qurğuları sahəsində elektrik qazqaynaqçısı peşəsində işləyir (Əmr № 631/k, 05.09.1991-ci il). Azərbaycan Respublikası NK-nin 23.01.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş bu ixtisas 35 bənd Ümumi peşələr siyahısına əsasən güzəştli sayılır. Güzəştli staj ixtisasa əsasən 13 il 11 ay 13 gün. Arayışa əsasən güzəştli əmək stajı 14.08.2020-ci il tarixinə 24 il 04 ay 23 gün. Yuxarıda qeyd olunmuş bütün ixtisas dəniz şəraitində neft və qazçıxarma stasionar özül obyektləri ilə əlaqədardır. Azərbaycan Respublikası NK-nin 23/l-2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş bu ixtisas 35-ci bənd Ümumi peşələr siyahısına əsasən güzəştli sayılır. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR “Kompleks qazma işləri” trestinin 20.05.2021-ci il tarixli, SOCAR**********30020123X00028 nömrəli məktubuna əlavə edilmiş 20.05.2021-ci il tarixli, SOCAR**********80020115X00115 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, verilir xx.xx.1963-cü il təvəllüdlü İddiaçı, ondan ötrü ki, o, həqiqətən 14.04.1992-ci il tarixdən (Əmr № 47/k, 14.04.1992-ci il) 09.08.1995-ci il tarixinə kimi (Əmr № 51/k, 01.08.1995-ci il) “Xəzərqazmaneftqazsenaye” İstehsalat Birliyinin “Primorsk” X3 İdarəsində, 09.08.1995-ci il tarixdən (Əmr № 48/k, 09.08.1995-ci il) 01.03.1996-cı il tarixinə kimi (Əmr № 20/k, 02.03.1996-cı il) “Bulla” X3 İdarəsində işləmişdir. Dənizdə Neft və X1 30 iyun 1995-ci il tarixli 139 saylı əmrinə əsasən idarə ləğv olunması ilə əlaqədar olaraq “Primorsk” X3 İdarəsi “Bulla” X3 İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın 09 noyabr 2006-cı il tarixli 408 saylı əmrinə əsasən struktur təkmilləşdirilməsi ilə əlaqədar olaraq “Bulla” DKQİ qazma sexi kimi “Bayıl Limanı” X3 İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın 12.03.2007-ci il tarixli, 51 saylı və 14.03.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “Kompleks qazma işləri” tresti yaradılmışdır və “Bayıl Limanı” X3 İdarəsi trestin tabeliyinə verilmişdir. SOCAR-ın 06.06.2012-ci il tarixli 65 saylı əmri ilə “Bayıl Limanı” X3 İdarəsinin adı dəyişdirilərək “Xəzər” X3 İdarəsi adlandırılmışdır. 08.08.2012-ci il tarixdən SOCAR-ın 101 saylı və “Kompleks qazma işləri” trestinin strukturunun təkminlləşdirilməsi haqqında 18.08.2012-ci il tarixli 82 saylı əmrinə əsasən “Xəzər” X3 İdarəsi ləğv edilib və onun arxivi “Sahil” Qazma İşləri İdarəsinə verilib. SOCAR-ın 27.12.2013-cü il tarixli, SOCAR/13- 1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Sahil” Qazma İşləri İdarəsi ləğv edilmiş və “Bulla, 8 Mart, Ümid” İstehsalat bölümü kimi fəaliyyət göstərmişdir. “Primorsk” DKQİ-də 14.04.1992-ci ildən 01.09.1992-ci ilədək Qazma avadanlıqlarının təmiri sexinə 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə qəbul edilib (Əmr № 47/k, 14.04.1992-ci il), 01.09.1992-ci ildən 09.08.1995-ci ilədək Qazma avadanlıqlarının təmiri sexinə 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilib (Əmr № 74/ş, 09.09.1992-ci il), 09.08.1995-ci ildə işdən azad edilib (Əmr № 51/k, 01.08.1995-ci il), “Bulla” DKQİ-də 09.08.1995-ci ildən 01.03.1996-cı ilədək Daxili yanma mühərriklərin təmiri sexinə 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə qəbul edilib (Əmr № 48/k, 09.08.1995-ci il), 01.03.1996-cı ildə işdən azad edilib (Əmr № 20/k, 02.03.1996-cı il). Bu müddətdə ümumi iş stajı: 03 il 10 ay 17 gün. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 11000000 X.Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı və 21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı təsdiq edilmiş qərarda Neft sahəsinə aid olan hissəsində elektrik qaynaqçısı peşəsinə aid kod aşkar olunmadığına görə güzəştli arayış təqdim edə bilmirlər. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR “Kompleks qazma işləri” trestinin 27.07.2021-ci il tarixli, SOCAR**********30490075X00057 nömrəli məktubuna əlavə edilmiş arxiv arayışı 20.05.2021-ci il tarixli, SOCAR**********80020115X00115 nömrəli arxiv arayışı ilə eyni məzmunda olmuşdur. İş materiallarına əlavə edilmiş SOCAR “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və qazçıxarma idarəsinin 19.08.2021-ci il tarixli, 31 nömrəli güzəştli arayışında qeyd edilmişdir ki, verilir İddiaçı ondan ötəri ki, o, həqiqətən 14.03.1996-cı il tarixindən 31.08.2006-cı il tarixinədək “Bulla-dəniz” Neft və Qazçıxarma idarəsində İstismar avadanlıqlarının kirayə və təmir sexində elektrik qaz qaynaqçısı peşəsində işləmişdir (Əmr № 59/k, 14.03.1996-cı il) Həmiş iş Azərbaycan Respublikası NK-nin 23.01.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş bu ixtisas Ümumi peşələr siyahısına əsasən güzəştli sayılır. Güzəştli staj ixtisasa əsasən 10 il 05 ay 10 gün. 01.09.2006-cı il tarixindən halhazırkı dövrə qədər “N.Nərimanov adına Neft və qazçıxarma idarəsinin Dəniz neft-mədən qurğuları sahəsində elektrik qaz qaynaqçısı peşəsində işləyir (Əmr № 402/k, 01.09.2006-cı il) Azərbaycan Respublikası NK-nin 23.01.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş bu ixtisas Ümumi peşələr siyahısına əsasən güzəştli sayılır. Güzəştli staj ixtisasa əsasən 14 il 08 ay 18 gün. Arayışa əsasən 18.05.2021-ci il tarixinə güzəştli əmək stajı 25 il 01 ay 28 gün. Yuxarıda qeyd olunmuş bütün ixtisaslar dəniz şəraitində neft və qazçıxarma stasionar özül obyektləri ilə əlaqədardır. Azərbaycan Respublikası NK-nin 23.01.2007-ci il tarixli 12 saylı Qərarının Ümumi peşələr siyahısına əsasən bu ixtisas güzəştli sayılır. Arayış N.Nərimanov adına NQÇİ-də saxlanılan T-2 formalı kartoçka, kadr əmrləri əsasında verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR “Kompleks qazma işləri” trestinin 25.08.2021-ci il tarixli, SOCAR**********30020123X00049 nömrəli məktubuna əlavə edilmiş 24.08.2021-ci il tarixli, SOCAR**********80020115X00230 nömrəli arxiv arayışına əsasən “Primorsk” DKQİ-də 14.04.1992-ci ildən 01.09.1992-ci ilədək Qazma avadanlıqlarının təmiri sexinə 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə qəbul edilib (Əmr № 47/k, 14.04.1992-ci il), 01.09.1992-ci ildən 09.08.1995-ci ilədək Qazma avadanlıqlarının təmiri sexinə 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilib (Əmr № 74/ş, 09.09.1992-ci il), 09.08.1995-ci ildə işdən azad edilib (Əmr № 51/k, 01.08.1995-ci il), “Bulla” DKQİ-də 09.08.1995-ci ildən 01.03.1996-cı ilədək Daxili yanma mühərriklərin təmiri sexinə 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə qəbul edilib (Əmr № 48/k, 09.08.1995-ci il), 01.03.1996-cı ildə işdən azad edilib (Əmr № 20/k, 02.03.1996-cı il). Bu müddətdə ümumi iş stajı: 03 il 10 ay 17 gün. Güzəştli iş stajı: 03 il 10 ay 17 gün. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23.01.2007-ci il tarixli 12 saylı Qərarına əsasən Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şitsin emalı 35-ci paraqrafda ümumi peşələrdə elektrik qaynaqçısı peşəsi, 03 il, 10 ay, 17 gün güzəştli iş stajı təşkil edir. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR “Azneft” İB N.Nərimanov adına Neft və qazçıxarma idarəsinin 25.08.2021-ci il tarixli, SOCAR**********30490089X00005 nömrəli məktubunda qeyd edilmişdir ki, “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin Dəniz neft-mədən hidrotexniki qurğuları sahəsində elektrik qaz qaynaqçısı peşəsində işləyən, İddiaçı ilə bağlı 25 avqust 2021-ci il tarixli, 31 nömrəli “Güzəştli arayış”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli və 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarlarından aidiyyəti çıxarışlar təqdim edilir. Həmin məktuba əlavə edilmiş SOCAR “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və qazçıxarma idarəsinin 25.08.2021-ci il tarixli, 31 nömrəli güzəştli arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ötrü ki, o, həqiqətən aşağıda göstərilən güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə işləyib: 14.03.1996-cı il tarixdən 31.08.2006-cı ilə kimi “Bulla-dəniz” Neft və qazçıxarma İdarəsinin İstismar avadanlıqlarının kirayə və təmir sexində elektrik qaz qaynaqçısı peşəsində işləyib (Əmr № 59/k, 14.03.1996-cı il). Azərbaycan Respublikası NK-nin 12.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş bu ixtisas XXXİİİ saylı bölməyə (Ümumi peşələr) şifr 23200000-11620 əsasən güzəştli sayılır. Güzəştli staj ixtisasa əsasən 10 il 05 ay 10 gün. 01.09.2006-cı il tarixdən hal-hazıra kimi N.Nərimanov adına Neft və qazçıxarma İdarəsinin Dəniz neft-mədən hidrotexniki qurğuları sahəsində elektrik qaz qaynaqçısı peşəsində işləyir (Əmr № 402/k, 01.09.2006-cı il). Azərbaycan Respublikası NK-nin 12.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş bu ixtisas XXXİİİ saylı bölməyə (Ümumi peşələr) şifr 23200000-11620 əsasən güzəştli sayılır. Güzəştli staj ixtisasa əsasən 14 il 11 ay 23 gün. Arayışa əsasən güzəştli əmək stajı 25 il 05 ay 03 gün (iyirmi beş il beş ay üç gün). Yuxarıda qeyd olunmuş bütün ixtisaslar dəniz şəraitində neft və qazçıxarma stasionar özül obyektləri ilə əlaqədardır. Arayış müəssisədə T-2 şəxsi vərəqəsi və kadr əmrlərinə əsasən yazılmışdır. Azərbaycan Respublikası NK-nin 12.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş bu ixtisas XXXİİİ saylı bölməyə (Ümumi peşələr şifr 23200000-11620) əsasən güzəştli sayılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 22.01.2020-ci il tarixli, **********4 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən 14 yanvar 1982-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçanızdan göründüyü kimi, sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az (22 il 11 ay 17 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının 01.01.2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az (22 il 11 ay 17 gün) təşkil etdiyini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırkı halda iddiaçı cavabdehin imtinasının əsassız olduğunu iddia edir və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia, həmçinin mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı 01.01.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla 57 yaşını 06.08.2020-ci il tarixdə tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İşdən görünür ki, iddiaçı yuxarıda qeyd olunan təhsil barədə sənədlər, hərbi bilet və əmək kitabçasına əsasən 01.01.2006-cı il tarixədək ümumilikdə 25 il ümumi iş stajı toplamışdır. Belə ki, 01.09.1978-14.07.1981-ci ilədək təhsil dövrü 02 il 10 ay 14 gün, 01.10.1984-cü ildən 23.05.1985-ci ilədək təhsil dövrü 07 ay 23 gün, 01.11.1987- 01.06.1988-ci ilədək təhsil dövrü 07 ay 1 gün, 28.04.1982-ci ildən 27.06.1984-cü ilədək hərbi xidmət dövrü 02 il 02 ay, 11.01.1982-13.04.1982-ci ilədək 03 ay 04 gün, 23.07.1984cü ildən 17.09.1984-cü ilədək 01 ay 26 gün, 04.06.1985-ci ildən 01.04.1991-ci ilədək 05 il 09 ay 28 gün, 01.04.1991-01.11.1991-ci ilədək 07 ay 01 gün, 29/k nömrəli, 05.10.1991-ci il tarixli əmri ilə 01.11.1991-ci ildən 06.02.1992-ci ilədək 03 ay 06 gün, 25.02.1992-ci ildən 09.03.1992-ci ilədək 14 gün, 14.04.1992-ci ildən 01.08.1995-ci ilədək 03 il 03 ay 18 gün, 09.08.1995-ci ildən 07.03.1996-cı ilədək 07 ay, 14.03.1996-cı ildən 01.01.2006-cı ilədək 09 il 09 ay 19 gün təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının 01.11.1987-01.06.1988-ci ilədək təhsil dövrü 04.06.1985-ci ildən 01.04.1991-ci ilədək olan əmək fəaliyyəti dövrü ilə əhatə olunduğundan (üst-üstə düşdüyündən) məhkəmə üst-üstə düşən iş stajı dövrlərindən birini- 04.06.1985-ci ildən 01.04.1991-ci ilədək olan dövrü iddiaçının ümumi iş stajına hesablayır. Belə olan halda yuxarıda sadalanan dövrlər nəzərə alınmaqla iddiaçının 01.01.2006-cı il tarixədək ümumilikdə 26 il 06 ay 03 gün üumi iş stajı topladığı müəyyən olunur. Beləliklə, göründüyü kimi cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtinaya əsas kimi iddiaçının 01.01.2006-cı il tarixədək 25 il ümumi iş stajının olmadığına istinad etsə də, lakin məhkəmə araşdırması nəticəsində sonuncunun tələb olunan 25 il ümumi iş stajına malik olduğu öz təsdiqini tapmışdır. Cavabdeh iddiaçının işlədiyi peşələrin güzəştli iş stajına hesablanan zərərli peşə hesab olunmasını mübahisələndirməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4 və 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Həmin Qaydaların 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nın 23200000 XXXİİİ. Ümumi peşələr 23200000—19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları, 23200000—11620 qaz qaynaqçıları peşələri zərərli peşə kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. “Kompleks qazma işləri” trestinin verdiyi güzəştli arayışda iddiaçının 14.04.1992- 01.03.1996-cı ilədək işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarına əsasən 35-ci paraqrafda ümumi peşələrdə elektrik qaynaqçısı peşəsinə uyğunluğunu qeyd etmişdir. Məhkəmə 23.01.2007-ci il tarixli siyahıda qeyd edilən peşəni 01.01.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na uyğunlaşdırılmasını mümkün hesab edir. Beləliklə, təqdim olunmuş iş yerindən güzəştli arayışlara əsasən iddiaçının 14.04.1992-01.03.1996-cı ilədək işlədiyi 03 il 10 ay 17 gün olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahının 23200000 XXXİİİ. Ümumi peşələr 23200000—19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları və 14.03.1996-cı ildən 01.01.2006-cı ilədək işlədiyi 09 il 09 ay 19 gün olmaqla 23200000—11620 qaz qaynaqçıları peşəsinə uyğun olmaqla ümumilikdə güzəştli iş stajı 01.01.2006-cı il tarixədək 13 il 08 ay 07 gün təşkil edir. Beləliklə, iddiaçı 01.01.2006-cı il tarixədək tələb olunan 12 il 06 aydan çox güzəştli iş stajını toplamışdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 57 yaşdan, yəni 06.08.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan, yəni 06.08.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar