Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6143/2025 28.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 İdris oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “Şəki şəhər İcra Hakimiyyətində olan mənzil növbəsinin xx.xx.2014-cü il tarixdən Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətində davam etdirilməsi üçün sərəncam verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Şəki şəhər İcra Hakimiyyətində olan mənzil növbəsinin xx.xx.2014-cü il tarixdən Xətai Rayon İcra Hakimiyyətində davam etdirilməsi üçün sərəncam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 1992-ci ildən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Keçirilən əməliyyatlar zamanı müxtəlif vaxtlarda iki dəfə - baş və kürək nahiyyəsindən güllə və minadan qəlpə yarası alaraq ağır yaralanmışdır. O, atəşkəs rejimi davam edənədək torpaqların azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Aldığı yaraların fəsadı olaraq iki dəfə ağciyərindən ağır əməliyyat keçirmişdir. Hazırda ağciyərin onkoloji xəstəliyi üzrə mütəmadi müalicə alır. 1-ci qrup Qarabağ müharibəsi əlilidir. Aldığı yaraların fəsadı olaraq iki dəfə ağciyərindən ağır əməliyyat keçirmişdir. Hazırda ağciyərin onkoloji xəstəliyi üzrə mütəmadi müalicə alır. Səhhətilə bağlı stasionar müalicələr aldığı üçün məcbur qalaraq Bakı şəhərinə köçmüşdür. Mənzil-məişət şəraiti olduqca ağırdır, 7 nəfər ailə üzvü ilə birlikdə ata evində dar bir şəraitdə qardaşının himayəsində yaşayır. Şəki şəhər İcra Hakimiyyətinə müraciəti əsasında 27 noyabr 2014-cü il tarixli Sərəncamla yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınmışdır. Hazırda Şəki şəhəri üzrə mənzil növbəsinə qeydiyyata götürülənlərin siyahısında 91-ci yerdədir. Onun sağlamlıq vəziyyəti, ev şəraiti olduqca ağırdı. Mövcud vəziyyəti nəzərə alınaraq xüsusi hal kimi fərdi mənzil tikintisinə köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müxtəlif instansiyalar üzrə rəhbər şəxslərin qəbulunda olmuşdur. Yaşadığı ərazi üzrə həyətyanı torpaq sahəsi ayrıldığı təqdirdə fərdi yaşayış evinin tikilə biləcəyi bildirilmişdir. Bu məqsədlə X1 müraciət etmişdir. İddiaçıya 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpağa dair bütün hüquqi sənədlər vardır. Bu məsələ ilə bağlı 14 il ərzində dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin rəisinin qəbulunda olmuşdur. Sənədlərlə tanış olduqdan sonra ailə şəraitinin ağır olması nəzərə alınmaqla xüsusi hal kimi fərdi yaşayış evinin tikintisi üçün növbədən kənar qeydiyyata alınmağı ilə bağlı Səki şəhər İcra Hakimiyyətinə müraciət etməsini bildirmişlər. Dövlət qurumuna müraciət etsə də ev tikintisinə maddi dəstək olunmadığından Bakı şəhərində dövlət hesabına mənzillə təmin olunmasını xahiş edir. İddiaçı qeydiyatı üzrə güzətli mənzil növbəsinə götürülməkdən ötrü Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının mənzillə təmin edilməsi ilə bağlı müraciətinə məsələnin onların səlahiyyətləri xaricində olduğu bildirilməklə, dolayısı ilə onun ərizəsinin təmin olunmasından imtina etməsi onun qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdeh 03 mart 2025-ci il tarixli, 5-21/2-1316/2024 nömrəli etirazda qeyd etmişdir ki, İddiaçı 2024-cü il tarixədək Şəki şəhərində qeydiyyatda olmuş və 2024-cü il tarixdə Xətai rayonuna qeydiyyata alınaraq Şəki Rayon İcra Hakimiyyətində olan mənzil növbəlilik sənədləri aidiyyəti üzrə Xətai Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Mənzil Məcəlləsinin 55.1.3-cü maddəsinə əsasən vətəndaşlar digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsində yaşamağa çıxdıqda yaşayış sahəsinə ehtiyacı olan qismində qeydiyyatdan çıxarılırlar. Şəki şəhəri ərazisi Bakı şəhərinin inzibati ərazi vahidi tərkibinə daxil olmadığından yeni yaşayış yerində qeydiyyata alınma tarixi saxlanılmaqla daxil edilməsi, hüquqi baxımdan mümkün deyildir. “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 17-ci bəndinin 3-cü hissəsinə əsasən mənzilə ehtiyacı olan hesab edilmiş vətəndaşlar, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və bunu pasport qeydiyyatı təsdiq etsin. Yuxarıda qeyd olunanlara və qüvvədə olan qanunvericiliyin tələblərini nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6143/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı əriəsi təmin edilmiş, İddiaçı hazırkı iş üzrə dövlət hesabına vəkillə təmin edilmiş, qərardadın icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia tələbinin təmin edilməsini xahiş etdilər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddia mümkün iddiadir. Belə ki, iddiaçı qanunvericiliyin tələblərinə və prosessual müddətlərə əməl etməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan: Şəki şəhər İcra Hakimiyyətinn xx.xx.2014-cü il tarixli, 1/286 nömrəli sərəncamına əsasən, Şəki rayon, Orta Zəyzid kənd sakini, İİ qrup Qarabağ müharibəsi əlili İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınması qərara alınmışdır. 17 saylı Tibbi-Sosial Ekspert Komissiyasında xx.xx.2017-ci il tarixdə müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 600 nömrəli arayışda qeyd olunmuşdur ki, 1963-cü il təvəllüdlü Şəki rayonu Orta Zəyzid kənd sakini İddiaçı ondan ötrü ki, o, həqiqətən 1992-ci il tarixdən Şəki Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə əlaqədar təkrar həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.1994-cü il tarixdə Füzuli bölgəsində gedən hərbi əməliyyatlar zamanı sağ qaşüstü nahiyyənin sürtüb keçən güllə yarası almışdır və 1-ci qrup Qarabağ müharibəsi əlilidir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsi tərəfindən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına ünvanladığı xx.xx.2024-cü il tarixli, 968 nömrəli məktubunda qeyd edilmişdir ki, 1963-cü il təvəllüdlü, İddiaçı yanvar 1993-cü ilin noyabr ayından 1994-cü ilin yanvar ayınadək N saylı hərbi hissədə hərbi xidmət etmiş və 1994-cü ilin yanvar ayında Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı yaralanmışdır. Şəki RMX-nın rəhbərliyi Şəki rayonu Orta Zəyzid kənd sakini birinci qrup Qarabağ əlili 1963-cü il təvvəllüdlü xəstə İddiaçı ixtisaslaşmış tibb yardımı almaq üçün sərəncamına göndərilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2024-cü il tarixli arayışına əsasən, İddiaçı xx.xx.2023-cü il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Şəki şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-7/3-3-139/2024 nömrəli sərəncamına əsasən, Şəki Şəhər İcra Hakimiyyəti başçısının 27 noyabr 2014-cü il tarixli, 1/286 nömrəli sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 1-ci dərəcəli Qarabağ müharibəsi əlili İddiaçı müraciəti əsasında, 1 nəfər ailə üzvü ilə birlikdə yaşayış yerini dəyişdiyinə görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılmış, hazırki sərəncam və 1-ci dərəcəli Qarabağ müharibəsi əlili İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi üçün əsas olmuş sənədlərin Xətai Rayon İcra Hakimiyyətinə göndərilməsi Vətən müharibəsi iştirakçılarıvə şəhid ailələri ilə işin təşkili şöbəsinə tapşırılmışdır. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyətində güzəştli mənzil növbəsində olduğu və fərdi yaşayış evinin tikintisi üçü Şəki şəhərində torpaq sahəsi ayrılmışdır. Qeyd olunanları və qanunvericiliyi tələblərini nəzərə alaraq xahişinin təmin edilməsi imkan xaricindədir. İddiaçı hazırda onun Şəki şəhər İcra Hakimiyyətində olan mənzil növbəsinin xx.xx.2014-cü il tarixdən Xətai Rayon İcra Hakimiyyətində davam etdirilməsi üçün sərəncam verilməsini tələb etməkdədir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 48.1-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 49.4-cü maddəsinə görə, yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra - uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 50.1-ci maddəsinə əsasən, aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2-ci maddəsinə əsasən, vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. 51.1-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. 51.3-cü maddəsinə görə, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4-cü maddəsinə əsasən, uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 53.1-ci maddəsinə görə, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçılarına dövlət mənzil fondunun yaşayış və qeyri yaşayış sahələrinin saxlanılması və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Sadalanan normalardan görünür ki, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədləri müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar əvvəla onun yaşayış sahəsi ilə təmin olunmamasıdır. Şəxsin yaşayış sahəsi olduğu halda isə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün meyar onun yaşayış sahəsi ilə təmin olunma səviyyəsini müəyyən edən yaşayış sahəsinin uçot normasıdır. Bu zaman uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan vətəndaşlar hesab olunurlar. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli 153 nömrəli Fərmanının 1.3.7-ci yarımbəndinə əsasən həmin Məcəllənin 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. Lakin hazırkı tarixədək müvafiq qaydalar qəbul edilməmişdir. 30 iyun 2009-cu il tarixli “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi təsdiq edilmiş; 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 2009-cu il oktyabrın 1-dən qüvvəyə minmiş; 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə mindiyi gündən Azərbaycan SSR-in 1982-ci il 8 iyul tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1982-ci il, № 13, maddə 121) qüvvədən düşmüş hesab edilmiş; 4-cü maddəsinə görə, adları çəkilən Azərbaycan SSR Mənzil Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında 1982-ci il iyulun 8- dən etibarən qəbul olunmuş qanunlar (onların müvafiq hissələri) və digər normativ hüquqi aktlar qüvvədən düşmüş hesab edilmişdir. Qanunun 5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir. Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi haqqında Nümunəvi Qaydalar” 30 iyun 2009-cu il tarixli Qanunla ləğv edilməmişdir və hazırda qüvvədədir. X2: 4-cü bəndinə görə, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. 5-ci bəndinə əsasən aşağıdakılar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sayılır: a) həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailəsinin hər üzvünün mənzil sahəsi ilə təminatı rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyənləşdirilmiş səviyyədən aşağı olan vətəndaşlar; b) dövlət və ictimai mənzil fondu evlərində əsas kirayəçidən kirayəyə götürmək şərtilə və ya mənzil-tikinti kooperativlərinə məxsus evlərdə, yaxud da fərdi mənzil fondu evlərində kirayə müqaviləsi ilə uzun müddət yaşayan və başqa yaşayış sahəsinə malik olmayan vətəndaşlar. Bu müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Soveti həmin rayonun, şəhərin və ya digər yaşayış məntəqəsinin şəraitini əsas götürməklə müəyyən edir; v) mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olaraq, yataqxanaya köçən vətəndaşlar istisna edilməklə, yataqxanada yaşayan vətəndaşlar; q) müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən yaşayış evində (yaşayış sahəsində) yaşayan vətəndaşlar. d) bir otaqda və ya, ayırmaq mümkün deyilsə bir neçə bitişik-aralıq otaqda yaşayan, qohumluqda olmayan iki və daha çox ailə; e) 18 yaşınadək uşaqların yaşadığı çoxsakinli mənzillərdə yaşayan və yoluxucu formalarda vərəm xəstəliyi olan vətəndaşlar; j) tərkibində xəstəliklərin SSR İttifaqı qanunvericiliyi ilə qoyulmuş qaydada təsdiq edilən siyahısında göstərilən bəzi xronik xəstəliklərin ağır formalarını keçirən xəstələr olan ailələr — əgər xəstəyə ayrıca otaq və ya əlavə mənzil sahəsi ayrıldıqda ailənin qalan üzvləri bu bəndin «a» yarımbəndinə əsasən, müəyyən edilmiş norma üzrə mənzil sahəsi ilə təmin edilməyəcəklərsə; z) fabriklərin, zavodların, başqa istehsal müəssisə və təşkilatlarının, habelə məktəblərin və xəstəxanaların ərazisindəki yaşayış sahələrində yaşayanlar. 11-ci bəndinə görə vətəndaşlar yaşayış yerində yerli xalq deputatları Sovetinin icraiyyə komitəsinə və ya iş yerində müəssisə, idarə, təşkilat müdiriyyətinə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülmək haqqında ərizə verirlər. Ərizəçinin yaşadığı mənzildən onunla birlikdə köçməli olan şəxslərin sayı, familiyaları və adları ərizədə göstərilməlidir. Ərizəyə aşağıdakı arayışlar əlavə edilir: a) mənzil-istismar təşkilatından 2 nömrəli forma üzrə; b) mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna ailənin yetkin yaşlı digər üzvlərinin dayanmadığı haqqında; v) mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında çıxarış. Xəstəliklərin SSRİ qanunvericiliyi ilə qoyulmuş qaydada təsdiq edilən siyahısında göstərilən bəzi xroniki xəstəliklərin ağır formalarını keçirən xəstələrin ailədə olması haqqında arayış, güzəşt hüququ verən digər sənədlər lazımi hallarda əlavə edilir. 12-ci bəndinə əsasən verilmiş ərizə vətəndaşların ərizələrinin qeydiyyatı kitabında qeyd edilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülmək haqqında ərizə vermiş hər vətəndaş üçün uçot işi açılır və burada vətəndaşın uçota götürülməsinə, ona mənzil sahəsi verilməsinə aid bütün materiallar saxlanır. Məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozur. Belə ki, yeni Mənzil Məcəlləsində yaşayış sahəsinə ehtiyacı olan şəxslərin uçota alınmasını tənzimləyən normalar nəzərdə tutulmuşdur. Cavabdeh qurum yeni Mənzil Məcəlləsi xx.xx.2009-cu il tarixdə qüvvəyə minəndən sonra faktiki olaraq əhəmiyyətini itirən Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarına istinad etməklə iddiaçının fərdi vəziyyətinə mütənasib olmayan, onu əlverişsiz vəziyyətə salan qənaətə gəlmişdir. Belə ki, Mənzil Məcəlləsi vətəndaşlara uçota alınma haqqında ərizələri (qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada) yaşayış yeri üzrə deyil, digər yer üzrə vermək imkanlarını da nəzərdə tutmuşdur (Mənzil Məcəlləsinin 51.3-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Odur ki, cavabdeh qurumun imtinası nəticəsində tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasiblik pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. “İnzibati icraat haqqında” qanunun 17-ci maddəsinə (mütənasiblik prinsipi) əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mütənasiblik prinsipindən aktiv istifadə edilərək bu prinsipin anlayışına və mahiyyətinə yüksək diqqət yetirilir. Plenumun qərarlarında mütənasiblik prinsipinin mahiyyəti Konstitusiyanın və qanunların bilavasitə şərhi, həmçinin Avropa Məhkəməsinin qərarlarında ifadə olunan hüquq tətbiqetmə təcrübəsi əsasında açıqlanır. Məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.3.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması ilə bağlı (Mənzil Məcəlləsinin 50-ci maddəsinə uyğun olaraq yaşayış sahəsinə ehtiyacı olan şəxs olub-olmaması ilə bağlı) inzibati araşdırmanın davam etdirilməsi öhdəliyi məhkəmənin bu qərardan irəli gələn hüquqi mövqeyi nəzərə alınaraq cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin imtinası əsassız hesab edilsin. İddiaçı Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə müraciət etdiyi tarixdən nəzərə alınmaqla onun yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması ilə bağlı inzibati araşdırmanın davam etdirilməsi öhdəliyi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (ünvan: ünvan 5egiyasına apellyasiya şikayəti verilə bilər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №2-1(112)-6143/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6143/2025
28.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver