Məhkəmə qərarları › İş №2-1(112)-6145/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6145/2021

23.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6145/2021 23.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “iddiaçının adının qalıq kredit borclarının restrukturizasiya edilməli olan şəxslərin siyahısına salınması vəzifəsinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək "xxxx" BOKT ASC ilə arasında bağlanmış 25.12.2014-cü il tarixli, 485 14 PBQ saylı kredit miiqaviləsi üzrə qalıq məbləğin restruktrizasiya edilməsi vəzifəsinin Mərkəzi Banka həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 27.01.2021 -ci il tarixli, 2-1(112)- 1205/2021 saylı qərarı ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı ilə arasında bağlanmış 25.12.2014-cü il tarixli 485/14/PBQ saylı kredit müqaviləsi üzrə qalıq məbləğin restruktrizasiya edilməsi üçün zəruri araşdırmaların aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik Mərkəzi Bankın üzərinə qoyulmuşdur. Lakin X2 Komissiyasının 05.04.2021-ci il tarixli. 16-00785-2021 saylı qərarı ilə həmin kredit müqaviləsinin qalıq məbləğinin restrukturizasiya edilməsindən imtina edilmişdir. Onun tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07.12.2018-ci il tarixli, 11703 saylı rəyindən görünür ki, "Para” BOKT ASC-yə 9219,8 ABŞ dolları əsas borcu qalmaqdadır. "Para” ВОKT ASC-nin təqdim eldiyi 13.02.2019-cu il tarixli maliyyə arayışında isə qalıq əsas borcunun 9075.97 ABŞ dolları olması göstərilir. Gecikmə günlərinin sayının isə 1005 gün olması müəyyən edilir. X5 iddia edir ki, onun həmin dövrdə "Bank of Baku” ASC-yə başqa kredit borcu var və bu məbləğ 1995,11 manat təşkil edir. Lakin Bakı İnzibati Məhkəməsinin sorğusuna əsasən "xxxx" ASC tərəfindən verilmiş 21.01.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, 14.03.2014-cü il tarixli kredit müqaviləsi üzrə sorğu edilən tarixə mənim heç bir borcum yoxdur. Buna baxmayaraq X2 Komissiyasında mənə bidirildi ki, "Bank of Baku” ASC-nin təqdim eldiyi arayışda mənim guya onlara 1995,11 manat əsas kredit borcu qalmışdır. Mərkəzi Bank öz səlahiyyətlərindən və inzibati rəhbərliyindən istifadə edərək qanunsuzluq elməklə "Bank of Baku” ASC-dən saxta sənəd alaraq kreditinin qalıq məbəğinin restruktrizasiya edilməsindən imtina edir.

3. Məhkəmə tərəfindən göndərilmiş hüquqi yardım məktubuna əsasən məhkəmənin 23.06.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin “İddiaçı adının qalıq kredit borclarının restrukturizasiya edilməli olan şəxslərin siyahısına salınması vəzifəsinin Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulması” kimi dəyişdirilməsi qəbul edilmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1205/2021 saylı 27 yanvar 2021-ci il tarixli qərarına əsasən iddia qismən təmin edilmiş, məhkəmənin hazırki qərarda hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə İddiaçı “ParaBank" (hazırda "xxxx" BOKT) açıq səhmdar cəmiyyəti ilə bağladığı 25 dekabr 2014-cü il tarixli 485/14/PBQ saylı kredit müqaviləsi üzrə qalıq məbləğin restrukturizasiya edilməsi müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, İddiaçı barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qanunla (“İnzibati İcraat haqqında”) müəyyən edilmiş səlahiyyətlərindən istifadə olunmaqla kifayət qədər araşdırma aparılmamış və nəticədə Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının müddəaları onun barəsində tətbiq edilməmişdir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. İnzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi.

5. Azərbaycan Respublikasının Mərkəzi Bankı Apellyasiya Komissiyasının 05.04.2021-ci il tarixli 16-00785-2021 nömrəli qərarına əsasən, İddiaçı "xxxx" ASC (indiki "xxxx" BOKT ASC) ilə aralarında bağlanmış 25.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə qalıq borcun restrukturizasiya edilməsinə dair şikayəti təmin edilməmişdir. Qərara əsasən müəyyən olunur ki, İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək onunla "xxxx" ASC (indiki "xxxx" BOKT ASC) ilə aralarında bağlanmış 25.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə qalıq borcun restrukturizasiya edilməsi vəzifəsinin Mərkəzi Banka həvalə olnması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 27.01.2021-ci il tarixli, 2-1 (112)-1205/2021 saylı qərarına əsasən məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallar nəzərə alınmaqla qeyd edilən müraciət üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi Mərkəzi Bankın üzərinə öhdəlik kimi qoyulmuşdur. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası MKR məlumat bazasına, habelə müvafiq kredit təşkilatlarının təqdim etdikləri (PK) məlumatlara əsasən həyata keçirilir. Məhz bu məlumat sistemlərinə daxil edilmiş qeydlərə əsasən müəyyən olunmuşdur ki, Fərmanın qüvvəyə mindiyi günə - 01.03.2019-cu il tarixinə İddiaçı "xxxx" ASC ilə 25.12.2014-cü il tarixində bağladığı kredit müqaviləsi üzrə 9.075,97 ABŞ dolları (15.429,14 manat ekvivalentində) məbləğində əsas kredit borcları ilə yanaşı, həmçinin "xxxx" ASC ilə bağlanılmış 14.03.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1.995,11 manat əsas kredit borcu ödənilməmiş qalmışdır. Fərmana əsasən 01.03.2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiya olunması nəzərdə tutulduğundan və müraciətçinin həmin tarixə cəmi əsas borcları 17.000 manatdan çox olduğundan həmin müqavilələr Fərmanın təsiri dairəsinə düşməmişdir. Komissiyanın iclasında iştirak etmiş İddiaçı onunla "xxxx" ASC arasında bağlanmış 14.03.2014-cü il tarixli kredit müqaviləsi üzrə 01.03.2019-cu il tarixinə heç bir qalıq borcunun olmadığını bildirmiş, məhkəmə icraatı zamanı həmin bank tərəfindən verilmiş arayışda da qeyd edilən borc üzrə hər hansı öhdəliyin olmadığı göstərilmişdir. Lakin məlumat bazalarında eyni tarixdə tərəflər arasında dəyəri 2.000 manat olan digər kredit xətti müqaviləsinin də bağlanılması qeyd edildiyindən və bu müqavilə üzrə müraciətçinin 01.03.2019-cu il tarixinə 1.995,11 manat əsas kredit borcunun mövcud olması göstərildiyindən "xxxx" ASC-yə təkrarən sorğu göndərilmişdir. Sorğuya cavab olaraq təqdim edilmiş MXD-248/2021 saylı arayışdan da aydın olur ki, tərəflər arasında bağlanmış 14.03.2014-cü il tarixli CC69664/38/19 saylı kredit müqaviləsi üzrə 01.03.2019-cu il tarixinə ödənilməmiş borc olmasa da, 14.03.2014-cü il tarixli BAL0710519/13 saylı kredit müqaviləsi üzrə müraciətçinin 1.995,11 manat əsas kredit borcu qalmışdır. Qeyd edilənlərlə bağlı bildirilir ki, Fərmana əsasən 01.03.2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Fərmanın 8.3-cü bəndinə görə bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetme prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi başa düşülür. Göründüyü kimi, İddiaçı Fərmanın qüvvəyə mindiyi 01.03.2019-cu il tarixində bütün kredit təşkilatlarında (“Para" BOKT ASC və "xxxx" ASCdə) əsas kredit borclanın cəmi 17.000 manatdan artıq olduğu üçün restrukturizasiya hissəsində düzgün olaraq müvafiq siyahıya daxil edilmədiyindən hazırki müraciət də təmin edilməməlidir.

6. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış iddiaya yazılı etirazda bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Müraciətinlə bağlı bildirilir ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı adı Fərman çərçivəsində kompensasiya alacaq və kredit borcu restrukturizasiya ediləcək şəxslər siyahısına daxil edilməmişdir. Belə ki, Fərmanın qüvvəyə mindiyi günə - 01.03.2019-cu il tarixinə İddiaçı "xxxx" ASC ilə 25.12.2014-cü il tarixində bağladığı kredit müqaviləsi üzrə 9.075,97 ABŞ dolları (15.429,14 manat ekvivalentində) məbləğində əsas kredit borcları ilə yanaşı, həmçinin "xxxx" ASC ilə bağlanılmış 14.03.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1.995,11 manat əsas kredit borcu ödənilməmiş qalmışdır. Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, iddiaçı bundan əvvəl də eyni tələb üzrə Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin 27.01.2021-ci il tarixli qərarı ilə Mərkəzi Bankın üzərinə yenidən araşdırmanın aparılması ilə bağlı öhdəlik qoyulduqdan sonra "xxxx" ASC-yə təkrarən müvafiq sorğu göndərilmişdir. Sorğuya cavab olaraq təqdim edilmiş MXD-248/2021 saylı arayışdan da aydın olmuşdur ki, tərəflər arasında bağlanmış 14.03.2014-cü il tarixli CC69664/38/19 saylı kredit müqaviləsi üzrə 01.03.2019-cu il tarixinə ödənilməmiş borc olmasa da, 14.03.2014-cü il tarixli BAL0710519/13 saylı kredit müqaviləsi üzrə müraciətçinin 1.995,11 manat əsas kredit borcu qalmışdır. Qeyd edilənlərlə bağlı bildirilir ki, Fərmana əsasən 01.03.2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Fərmanın 8.3-cü bəndinə görə bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi başa düşülür. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd edilən müddəaları rəhbər tutularaq X2 Komissiyasının 05.04.2021-ci il tarixli qərarı ilə İddiaçı kredit borcunun restruktiruzasiya edilməsinə dair şikayəti təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərarın çıxarılması xahiş olunmuşdur.

7. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən məhkəyə təqdim edilmiş arayış və ssuda hesabından çıxarışa əsasən, İddiaçı "xxxx" ASC ilə bağlanmış 14.03.2014-cü il tarixli, CC69664/38/19 saylı kredit müqaviləsi üzrə 01.03.2019-cu il tarixə heç bir borcu olmamışdır. İddiaçı "xxxx" ASC ilə bağlanmış 14.03.2014-cü il tarixli, BAL0710519/13 saylı kredit müqaviləsi üzrə 01.03.2019-cu il tarixə 1995,11 manat əsas, 50,54 manat faiz borcu olmuşdur. İddiaçı AZ98LBBJ**********BL0710519 nömrəli ssuda hesabından (kredit xətti) çıxarışa əsasən, 26.05.2014-cü il tarixdə həmin kartdan iki dəfə 1000 manat olmaqla 2000 manat pul çıxarılmış (bankomatdan) və çıxış qalığı 1996,54 manat təşkil edir.

8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, "xxxx" ASC-də olan kredit xəttindən istifadə etsə də, borc məbləğini ödəyib, banka borcu yoxdur. Lakin ödəniş qəbzlərini təqdim edə bilmir.

9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

10. İddia tələbi siyahısına salınma vəzifəsinin Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulması ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

11. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

13. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

14. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

15. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

16. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

17. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən (bundan sonra - Fərman):

5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin;

6. Banklara tövsiyə edilsin ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Həmin Fərmanın 7-ci bəndinə əsasən:

7. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (hazırda Mərkəzi bank): 7.1. banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin; 8.3. bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi;

18. İddiaçı və "xxxx" ASC arasında bağlanmış 14.03.2014-cü il tarixli CC69664/38/19 saylı kredit müqaviləsi üzrə 01.03.2019-cu il tarixinə ödənilməmiş borc olmasa da, 14.03.2014cü il tarixli BAL0710519/13 saylı kredit müqaviləsi üzrə iddiaçının 1.995,11 manat əsas kredit borcu qalmışdır. Qeyd edilən kredit müqaviləsi üzrə borcun mövcudluğu Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1205/2021 saylı 27 yanvar 2021-ci il tarixli qərarına əsasən araşdırma predmeti olmamış, X2 Komissiyası tərəfindən qeyd edilən qərarın icrası zamanı aparılmış inzibati icraat zamanı (“MKR” məlumat bazasına, habelə müvafiq kredit təşkilatlarının təqdim etdikləri “PK” məlumatlara əsasən) müəyyən edilmiş və məhkəmə araşdırması zamanı təsdiqini tapmışdır (bax 7-ci bənd). Fərmana əsasən, 01.03.2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Fərmanın 8.3-cü bəndinə görə həmin Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetme prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi başa düşülür. Göründüyü kimi, İddiaçı Fərmanın qüvvəyə mindiyi 01.03.2019-cu il tarixində bütün kredit təşkilatlarında (“Para" BOKT ASC və "xxxx" ASC- də) əsas kredit borclanın cəmi 17.000 manatdan artıq olduğu üçün restrukturizasiya hissəsində düzgün olaraq müvafiq siyahıya daxil edilməmişdir.

19. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );

20. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

21. Odur ki, məhkəmə iddiaçının “mövcud mülkiyyəti” və ya “qanuni gözləntisi” olmadığı qənaətinə gəlir və cavabdehin imtinasının qanunsuz olduğunu müəyyən etmir.

22. İddiaçı öhdəliyin icrasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı öhdəliyin konkret halda icrasını istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etmiş və belə şərtlərin mövcudluğunu sübut etmişdir.

23. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

24. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar