Məhkəmə qərarları › İş №2-1(112)-6145/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6145/2022

12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6145/2022 12.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı “R.N. X6 BİZNES” MMC-nin nümayəndəsi X3 Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə iddiaçı “R.N. X6 BİZNES” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “cinayət təqibinə xitam verilməsi barədə qərarın təqdim edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı “R.N. X6 biznes” MMC məhkəməyə müraciət edərək İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin ********* sayh cinayət işinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1 maddəsinə əsasən 27.01.2022-ci il tarixindən xitam verilməsi ilə bağlı qəbul edilmiş qərarın “R.N X6 Biznes” MMC-yə təqdim olunması ilə bağlı öhdəliyin icrası üçün qərar tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən, 19,08.2020-ci il tarixli **********139183 saylı qərara əsasən “R.N X6 Biznes” MMC firmasında aparılmış növbədənkənar səyyar vergi yoxlamasının nəticəsinə dair tərtib edilmiş 17.11.2020-ci il tarixli **********139402 saylı Səyyar vergi yoxlaması aktına və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.12.2020-ci il tarixli, **********143346 nömrəli qərarına əsasən 2019-cu il üzrə 12.740,40 manat mənfəət vergisi, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 12.740,40 manat vəsaitin 50 %-miqdarında 6.370,20 manat maliyyə sanksiyası, ƏDV üzrə 23.838,20 manat ƏDV məbləği hesablanmış, Vergi Məcəlləsinin 58.4-cü maddəsinə əsasən yayındırılmış 23.838,20 manatın 50%-i miqdarında 11.919,10 manat maliyyə sanksiyası, muzdlu işdən gəlir vergisi üzrə 200,90 manat, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 200.90 manatın 50%-i miqdarında yəni 100,45 manat maliyyə sanksiyası və məcburi dövlət sosial sığorta haqqı üzrə 8.613,67 manat, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 8.613,67 manatın 50%-i miqdarında yəni 4.306,84 manat maliyyə sanksiyası, işsizlikdən sığorta haqqı üzrə 331,30 manat, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 331,30 manatın 50%-i miqdarında yəni 165,65 manat maliyyə sanksiyası tətbiq edilmişdir. “R.N X6 Biznes” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı Bakı İnzibati Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2-1(112)-3482/2021 nömrəli qərarına əsasən (hakim Mehriban Qarayeva) iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 dekabr 2020-ci il tarixli **********143346 saylı qərarı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.08.2021-ci il tarixli, 2- 1(103)-1912/2021 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi - Azər Hüseynov, hakimlər - Səadət Bəktaşi və Vidadi Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2- 1(112)-3482/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali X1 07.12.2021-ci il tarixli 2-l(102)-2286/2021 saylı Qərarına əsasən cavabdehin kassasiya şikayəti təmin edilməmiş,Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.08.2021-ci il tarixli, 2- 1(103)-1912/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Vergi orqanı tərəfindən göndərilən 27 yanvar 2022-ci il tarixli **********140200 saylı məktuba əsasəsən “R.N X6 Biznes” MMC barəsində əsassız olaraq başlanılmış ********* saylı cinayət işinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1 maddəsinə əsasən 27.01.2022- ci il tarixindən xitam verilmişdir. Cinayət işinə xitamla bağlı qərarın “R.N X6 Biznes” MMC-yə təqdim olunması ilə bağlı 29.01.2022-ci il tarixində müraciət edilmiş, vergi orqanı tərəfindən göndərilmiş cavab məktubunda isə Azərbaycan Respublikası CPM-nin 282.1-ci maddəsinə əsasən, qəbul edilmiş qərardan, müvafiq olaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət vermək hüqumuzun olduğu izah olunmuş, lakin qərar “R.N X6 Biznes” MMC-yə təqdim olunmamışdır.

3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim olunması istənilən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar, məlum olduğu kimi istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsində nəzərdə tutulmuş qaydada qəbul edilmiş prosessual qərardır. Belə ki, "R.N. X6 BİZNES" MMC-də xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinə ödəməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə icraata 27 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən xitam verilmiş və bununla bağlı məlumat ünvan 1 ünvanda qeydiyyatda olan həmin cəmiyyətin direktoru olmuş X4 27.01.2022-ci il tarixli **********140200 nömrəli məktubla göndərilmişdir. Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın surətinin göndərilməsi nəzərdə tutulan şəxslərin dairəsi Azərbaycan Respublikası Cinayət Prosessual qanunvericiliyi ilə dəqiq müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.43-cü maddəsinə əsasən prosessual qərar — cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hakimin və ya hakimlərin (hökmlər istisna edilməklə), habelə təhqiqatçının, müstəntiqin, yaxud prokurorun bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada qəbul etdiyi prosessual aktdır. Həmin Məcəllənin 281.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın surətləri müstəntiq tərəfindən şübhəli və ya təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, yaxud ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin yaxın qohumlarına göndərilir. Göründüyü kimi Cinayət Prosessual Məcəlləsinin tələbərinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın surətinin həmin Məcəllənin 281.1-ci maddəsində göstərilənlərdən başqa digər şəxslərə göndərilməsi nəzərdə tutulmamışdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın surətinin cavabdeh vergi orqanından tələb edilməsi və həmin qərarın "R.N. X6 BİZNES" MMC-yə təqdim edilməsi qanunvericiliyin tələblərinə zidd olduğu üçün iddiaçının iddia tələbi rədd edilməlidir.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən X4 ünvanlanmış məktubda bildirilmişdir ki, İddiaçı barədə ********* nömrəli cinayət işi üzrə icraata 27 yanvar 2022-ci il tarixli qərarla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən xitam verilmişdir.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən “R.N. X6 BİZNES" MMC-nin (VÖEN: **********) direktoru Aytən Ələsgərliyə ünvanladığı məktubda bildirilmişdir ki, 28.01.2022-ci il və 31.01.2022-ci il tarixli müraciətlərinə aidiyyəti üzrə Baş İdarənin İstintaq və təhqiqat idarəsində baxılaraq, ********* nömrəli cinayət işinə əlavə edilmişdir. Bildirir ki, cəmiyyətdə xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınması faktı üzrə Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə icraata 27 yanvar 2022-cı il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən xitam verilmiş və bununla bağlı ünvan 1 ünvanda qeydiyyatda olan həmin cəmiyyətin direktoru olmuş X4 27.01.2022-ci il tarixli **********140200 nömrəli məktub göndərilmişdir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verməklə iddianın təmin olunmasını xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.

II. İddianın mümkünlüyü

8. Məhkəmə qeyd edir ki, inzibati orqanın cinayət-prosessual fəaliyyətindən irəli gələn müraciətlərə baxılmasına dair mübahisələr inzibati və məhkəmə nəzarəti qaydasında baxılan işlərin sərhəddində yerləşir. Belə ki, qeyd edilən müraciət üzrə tələb olunan məlumat (qərar) ictimaiyyətə açıq məlumat deyil. Həmin qərarın təqdim edilməsi halları cinayət prosessual qanunvericiliklə şərtlənir. Odur ki, həmin qərarın təqdim edilməsi (müraciətə baxılması) “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənmir.

9. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqanın cinayət-prosessual fəaliyyətindən irəli gəldiyi üçün mümkün deyil.

10. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.” (“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli qərarı, № 04, 7.2-ci bənd).

11. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli qərarı, № 05, 17-ci bənd).

12. Odur ki, iddiaçıya müvafiq şikayətlə bağlı səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

13. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

14. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar