Məhkəmə qərarları › İş №2-1(112)-6147/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6147/2022

17.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6147/2022 17.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı X2 cavabdeh Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə qarşı (üçüncü şəxs: Bakı Avtonəqliyyat-2” ASC) “avtomobilin dövlət qeydiyyatına alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X3 cavabdeh Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə qarşı “avtomobilin dövlət qeydiyyatına alınması” barədə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki,“QAZ-5201” markalı avtomobil "xxxx" ASC-nin mülkiyyətində olmuşdur. Daha sonra 2001-ci il tarixli əmrə əsasən avtomobil X1. Bununla əlaqədar olaraq da avtomobil alıcıya təhvil verilmişdir. Lakin, alqı-satqı müqaviləsi bağlanılsa da avtomobilin rəsmiləşdirilməsi aparılmamışdır. Nəbiyev Hüseyn 2011-ci il tarixdə vəfat etmişdir. Vərəsəlik işi açılmış, lakin avtomobilə dair hüquqmüəyyənedici sənəd verilmədiyindən şəhadətnamənin alınması mümkün olmamışdır. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının əsl iddiaçı kimi X6 ilə əvəz edilməsini xahiş edilmişdir. Eyni zamanda X6 ərizə verərək iddiaçının əsl iddiaçı kimi onunla əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İşin faktiki hallarından görünür ki, dövlət qeydiyyatına alınması tələb edilən avtomobil "xxxx" ASC-nin bazasında olmuş, həmin nəqliyyat vasitəsi barəsində ASC tərəfindən əmr qəbul edilmiş, həmin əmr əsasında alqı-satqı müqaviləsi bağlanılmış və avtomobil Nəbiyev Hüseyn adlı şəxsə təhvil verilmişdir. Müqavilə ASC-nin İdarə heyətinin sədri və Nəbiyev Hüseyn tərəfindən imzalanmış, cavabdehin aidiyyəti vəzifəli şəxsi tərəfindən isə imzalanması və təsdiq edilməsi müşahidə edilməmişdir. Müqavilənin tərəfi Nəbiyev Hüseyn vəfat etmiş, bununla bağlı vərəsəlik işi açılmış, lakin X6 vərəsə qismində tanınmasını və avtomobilin onun adına keçirilməsini istəsə də, qeydiyyat şəhadətnaməsi təqdim edilə bilmədiyindən həmin əmlakın mülkiyyətçisi qismində onun tanınması mümkün olmamışdır. Bu səbəbdən də aidiyyəti notariat orqanı cavabdehə müraciət etmiş, lakin cavabdeh avtomobilin avtobazanın adında qeydiyyatda olması səbəbindən müraciətin təminini həyata keçirməmiş, dövlət qeydiyyata alınma ilə bağlı hərəkətlərin edilməsindən imtina etmişdir. Göründüyü kimi hazırkı inzibati mübahisənin həlli Nəbiyev Hüseyn və ASC arasında bağlanılmış alqı-satqı müqaviləsinin nəqliyyat vasitəsinə hər hansı hüquq yaradıbyaratmaması və hər hansı hüquq yaratmışdırsa cavabdeh tərəfindən onun qeydiyyata alınıb-alınmaması ilə əlaqədardır. Əgər göstərilən alqı-satqı müqaviləsi əmlaka hər hansı hüququn yaradılmasına səbəb olursa, cavabdeh onu qeydiyyata almalı, yaratmırsa da hər hansı hüquq olmadığından nəqliyyat vasitəsinin iddiaçının adına qeydiyyata alınmasından imtina etməlidir. Məhkəmə aşağıdakılara əsasən qeyd etməyi zəruri hesab edir ki, Nəbiyev Hüseyn və ASC arasında bağlanılmış sadə yazılı müqavilə avtonəqliyyat vasitəsinə dair mülkiyyət hüququnun H.Nəbiyevin adına keçməsi üçün hüquqmüəyyənedici sənəd hesab edilmədiyindən, yəni X4 həmin əmlaka mülkiyyət hüququ olmadığından onun vərəsəlik qaydasında ididaçının adına qeydiyyata alınmasından imtina qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 334.2. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. 336.1. Əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Notariat haqqında” Qanunun:

32. Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin Vİ-İ hissəsinə uyğun olaraq fiziki şəxslərin qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsi və olduğu halda elektron ünvanı və sürücülük vəsiqəsinin nömrəsi, hüquqi şəxslərin (dövlət qurumlarının) isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxs barədə müvafiq məlumatları dərhal müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı texniki vasitələrdən istifadə etməklə həmin məlumatı bir gün müddətində müvafiq icra hakimiyyəti orqanına göndərir.

45. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər.

46. Qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, avtonəqliyyat vasitələri üzrə həmçinin onların Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müayinədən keçməsi barədə arayış təqdim olunduqdan sonra təsdiq edilir. “Yol hərəkəti haqqında” Qanunun:

4. Yol hərəkəti sahəsində dövlətin aşağıdakı vəzifələri vardır: 21) nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini və onların uçotunu aparmaq, ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və dövlət qeydiyyat nişanlarını vermək

27. Xİİİ. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə, etibarnamə əsasında başqa şəxsə verildikdə, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq orqanlarda təkrar dövlət qeydiyyatından keçirilməlidir. Xİİİ-İ. Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı, habelə bu Qanunun 27-ci maddəsinin Vİ-İ hissəsində nəzərdə tutulmuş məlumatları dərhal müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı texniki vasitələrdən istifadə etməklə həmin məlumatı bir gün müddətində müvafiq icra hakimiyyəti orqanına göndərir. Daxil olmuş məlumat əsasında müvafiq icra hakimiyyəti orqanı üç gün müddətində nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirir və müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edir.

32. Bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulan nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsində və girov qoyulmasında maraqlı olan şəxs, müvafiq əqd bağlamazdan əvvəl, nəqliyyat vasitəsini müayinədən keçirilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsinin qeydiyyat sənədlərini, onun mühərrik, ban və şassi nömrələrini, rəngini informasiyaaxtarış bazasının məlumatları əsasında yoxlayır və yoxlamanın nəticəsi barədə nəqliyyat vasitəsini təqdim etmiş şəxsə müvafiq arayış verir. İİ. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi, girov qoyulması yalnız nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış təqdim edildikdən sonra, Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: 2.9. Nəqliyyat vasitələrinə sahiblik, nömrəli aqreqatların alınması və əldə edilməsinin qanuniliyi aşağıdakı sənədlərlə təsdiq edilir: nəqliyyat vasitəsinin mülkiyyətçisi və alıcı arasında yazılı şəkildə tərtib edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X7-imtahan məntəqələrində təsdiq olunmuş alqı-satqı (Əsasnaməyə 1 nömrəli əlavə), yaxud dəyişmə (Əsasnaməyə 2 nömrəli əlavə) müqaviləsi. Bağlanmış müqavilənin doğruluğunun təkzibedilməz şərti qeydiyyat məntəqəsində satıcı və alıcının (onların vəkil etdikləri şəxslərin) iştirakıdır. Hüquqi şəxslərin nəqliyyat vasitələri satılıb-alındıqda əlavə olaraq təhvil-təslim aktı və nəqliyyat vasitəsinin dəyərinin ödənilməsi haqqında sənəd və ya onun surəti tələb edilir. 4.1. Aşağıdakı hallarda nəqliyyat vasitələri təkrar qeydiyyata alınır: 2) nəqliyyat vasitəsinin sahibi dəyişildikdə; 4.3. Nəqliyyat vasitəsinin sahibi dəyişdikdə təkrar qeydiyyat mülkiyyətçinin ərizəsi və bu Əsasnamənin 2.9.-cu bəndində sadalanan müvafiq sənədlərdən birinin əsasında 2.8. bəndinə müvafiq qaydada aparılır. 4.3-1. Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən, notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə, habelə bu Əsasnamənin 2.8-3-cü bəndində nəzərdə tutulmuş məlumatları dərhal Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi texniki vasitələrdən istifadə etməklə, həmin məlumatı 1 (bir) gün müddətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərir. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 3 (üç) gün müddətində nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirir və müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edir. Həmin Qərarla təsdiq edilmiş “Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması Qaydası”nın: 1.2. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması əqdləri Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq bağlanır. 1.3. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması yalnız nəqliyyat vasitəsinin Azərbaycan Respublikası DİN X10 idarəsinin qeydiyyat-imtahan hissələrində (bundan sonra "qeydiyyat məntəqələri") müayinədən keçirilməsi haqqında arayış təqdim edildikdən sonra Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq aparılır. 2.1. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsində və girov qoyulmasında maraqlı olan şəxs (bundan sonra "ərizəçi") müvafiq əqd bağlamazdan əvvəl, nəqliyyat vasitəsini müayinədən keçirilməsi üçün onu ərizə ilə birlikdə qeydiyyat məntəqəsinə təqdim etməlidir. Qeydiyyat məntəqəsi ərizəni xüsusi kitabda qeydə almaqla nəqliyyat vasitəsinin qeydiyyat sənədlərini, onun mühərrik, ban və şassi nömrələrini, rəngini informasiya-axtarış bazasının məlumatları əsasında yoxlayır və yoxlamanın nəticəsi barədə nəqliyyat vasitəsini təqdim etmiş şəxsə nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış (bundan sonra "arayış") verir. 5.1. Nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış ərizəçi tərəfindən nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsini və girov qoyulmasını sənədləşdirən orqana təqdim edilir. Müvafiq əqd bağlanması barədə həmin orqan tərəfindən verilən sənəddə arayışı verən qeydiyyat məntəqəsinin adı, arayışın qeydiyyat nömrəsi və verilmə tarixi göstərilir. Yuxarıda adıçəkilən çoxsaylı qanunvericiliyin müddəalarının ümumi təhlilindən aydın olur ki, əqdin bir növü sayılan müqavilənin sadə yazılı formada bağlanılması mümkündür. Lakin, qanunvericilikdə dairəsi müəyyən olunmuş müəyyən əmlaklar vardır ki, onun özgəninkiləşdirilməsi ilə bağlı müqavilələrin notariat orqanında təsdiq edilmiş mütləq şərt kimi nəzərdə tutulmuşdur. Belə ki, daşınmaz əşya kimi torpaq sahəsi, yaşayış evi və s barədə müqavilələr bağlanılarkən təbii haldır ki, həmin müqavilənin sadə yazılı formada və ya şifahi formada bağlanılması yol verilməzdir. Həmin müqavilələr mütləq qaydada notariat qaydada təsdiq edilməli, daha sonra aidiyyəti orqana həmin müqavilə təqdim edilərək qeydiyyata alınması həyata keçirilməlidir. Lakin, müqavilənin notariat qaydada təsdiq edilməsi və müvafiq hüquqmüəyyənedici sənədin alınması üçün aidiyyəti orqana müraciət edilməsi tələbi təkcə daşınmaz əmlaklarla bağlı deyildir. Bir sıra daşınar əmlaklar vardır ki, onlarla bağlı da özgəninkiləşdirmə ilə bağlı müqavilənin notariat qaydada təsdiqlənməsi və aidiyyəti üzrə sənədləşmənin aparılmaıs üçün müraciət edilməsi mütləq zəruri şərtdir. Həmin daşınar əmlaklardan biri qismində isə, məhz nəqliyyat vasitələri çıxış edir. Müddəalardan da aydın olur ki, nəqliyyat vasitəsinin satışı köhnə mülkiyyətçi və alıcı arasında şifahi və sadə yazılı müqavilə ilə deyil, mütləq qaydada notariat qaydada təsdiq edilməlidir. Belə ki, həmin müqavilənin bağanılma anı Mülki Məcəllənin yuxarıda qeyd olunan müddəasından da görünür ki, notariat bağlanıldığı andan əmələ gəlir. Nəbiyev Hüseyn və ASC arasında bağlanılmış müqavilə isə sadə yazılı formada bağlanılmış, aidiyyəti qurum və notarius tərəfindən təsdiq edilməmişdir. Bu isə Mülki Məcəllənin 329.1-ci maddəsinin tələbinə əsasən qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqdin hüquqi nəticələrinin tətbiqinə əsas verir ki, mülki qanunvericiliyin tələbindən də aydın olur ki, tərəflər arasında hazırkı nəqliyyat vasitəsi ilə bağlı bağlanılmış əqdin etibarlılığından söhbət gedə bilməz. Beləliklə, işin faktiki hallarından və qanunvericiliyin tələbindən də aydın olur ki, H.Nəbiyev və ASC arasında notariat qaydada təsdiq edilməli olan, lakin təsdiq edilməyən, sadə yazılı formada bağlanılan əqdin etibarlılığından, yəni özgəninkiləşdirmənin təsdiqi ilə bağlı əqdin mövcudluğundan söhbət gedə bilməz. Bu səbəbdən də cavabdeh notariat qaydada təsdiq edilməmiş müqavilə əsasında heç bir hüququn yaranmamasına uyğun olaraq mövcud olmayan hüquqla bağlı qeydiyyat hərəkətlərinin həyata keçirilməsindən imtina etməkdə haqlı olmuşdur. Məhkəmə, bir daha əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mahiyyət etibarı ilə torpaq sahəsinə yazılı qaydada müqavilə bağlamış tərəflərin notariat qaydada müqavilə təsdiq edilmədən daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi ilə bağlı tələblə oxşarlıq təşkil edir. Hazırda özgəninkiləşdirilməsi tələb olunan əmlakın daşınar olması da vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, müqavilənin forması baxımından hazırkı əmlakla daşınmaz əmlak arasında heç bir fərq qanunvericiliklə müəyyən edilməmiş, hazırkı növ əmlaklarla bağlı bağlanılan əqdlərin notariat formada olmasına dair şərt öz hüquqi qüvvəsini qoruyub saxlamışdır. Məhkəmə, əlavə olaraq onun da qeyd edilməsiin zəruri hesab edir ki, cavabdehin hərəkətlərində hər hansı qanun pozuntusu olmasa da, hazırda tələb olunan əmlakın hüquqi müqəddaratının həlli ilə bağlı iddiaçının aidiyyəti mülki məhkəməyə ASC-yə qarşı əmlakla bağlı notariat müqavilənin bağlanılmasına məcburetmə qaydasında iddia verməsi və ya ödənilmiş pul məbləğinin geri qaytarılması barədə iddia verməsi hüquqları izah edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar