Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6148/2025 10.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlbetmə). İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0,0415 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçı bütün proseslərə riayət edərək, həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etmiş, lakin cavabdeh əsassız olaraq onun hüquqlarının qeydiyyatından imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yaxınlığında ləğv olunmuş neft quyusunun baza məlumatı var. Ərizənin icrası zamanı yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə verilmiş sorğuya 14-2/2-5069/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, sözügedən daşınmaz əmlakın 19 metr məsafəsində 357, 31 metr məsafəsində 439 və 41 metrlik məsafəsində isə 755 nömrəli ləğv olunmuş neft-qaz quyuları mövcuddur. Qeyd olunanlara əsasən, istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, sözügedən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasına etiraz edilir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxsin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilmiş koordinatlar müayinə olunarkən aşkar edilmişdir ki, həmin koordinatlarda yerləşən daşınmaz əmlak neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində yerləşir. Sözügedən daşınmaz əmlakın 19 metr məsafəsində 357, 31 metr məsafəsində 439 və 41 metrlik məsafəsində isə 755 nömrəli ləğv olunmuş neft-qaz quyuları mövcuddur. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə, təyinatı üzrə istifadə edilə bilər. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin iştirakları və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0,0415 ha torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Suraxanı RİH Aparatının Layihə-Smeta Bürosu tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin eskiz layihəsi tərtib olunmuşdur. Ərizədən və poçt xəbərnaməsindən görünür ki, iddiaçı onun tərəfindən inşa olunmuş fərdi yaşayış evinin inşasını bitirməsi ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətini məlumatlandırmışdır. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və yazılı etirazda göstərilən məzmunda imtina olunmuşdur. Müayinə aktından görünür ki, tikili layihəyə uyğundur. Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən iddia olunan torpaq sahəsi ilə qonşuluğunda olan qeydiyyatdan keçmiş torpaq sahələrinin ilkin qeydiyyat sənədləri təqdim olunmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Hazırkı inzibati mübahisə, iddiaçının mülkiyyət hüquqları qeydiyyata alınmış torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması ilə bağlıdır. İş materiallarından göründüyü kimi, iddiaçı ona məxsus torpaq sahəsində fərdi yaşayış evi tikmiş, bu proses qanunvericiliyə uyğun aparılmış və müvafiq qaydada eskiz layihəsi hazırlanaraq yerli icra hakimiyyətinə müraciət edilmişdir. İddiaçının təqdim etdiyi sənədlərdən aydın olur ki, o, Qanunun 8.0.10.2-ci maddəsində nəzərdə tutulan tələb olunan hüquqmüəyyənedici sənədlərə malikdir. Buna baxmayaraq, cavabdeh iddiaçının həmin sənədlərə sahib olduğunu nəzərə almamış, torpaq sahəsi ilə bağlı mübahisə açmış, eyni zamanda daşınmaz əmlakın 19 metr məsafəsində 357, 31 metr məsafəsində 439 və 41 metrlik məsafəsində isə 755 nömrəli ləğv olunmuş neft-qaz quyuları mövcud olduğuna əsaslanaraq, iddiaçının müraciətinə imtina cavabı vermişdir. Lakin iş materialları göstərir ki, iddiaçının torpaq sahəsinə dair mülkiyyət hüquqları artıq dövlət qeydiyyatına alınmışdır. Belə olan halda, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasından imtina edilməsi hüquqi əsaslardan məhrumdur. Mülkiyyət hüququnun toxunulmazlığı prinsipi nəzərə alınaraq qeyd edilməlidir ki, iddiaçı mülkiyyətçi olaraq torpaq sahəsi üzərində sərbəst şəkildə sahiblik, istifadə və sərəncam hüquqlarına malikdir. Dövlət qeydiyyatına alınmış mülkiyyət hüququ, yalnız texniki uyğunsuzluq və ya formal səbəblərlə məhdudlaşdırıla bilməz. Bundan əlavə, cavabdehin mövqeyi ziddiyyətlidir. Belə ki, cavabdeh, iddiaçıya torpaq sahəsinə dair mülkiyyət hüququnu tanıyıb və qeydiyyata alıbsa, həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmasına da eyni hüquqi yanaşma tətbiq olunmalıdır. Cavabdehin iddiaçının mülkiyyət hüquqlarını şübhə altına alması hüquqi baxımdan əsassızdır və qəbul edilə bilməz. Göründüyü kimi iddiaçının əmlakına mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina cavabdehin əvvəl aparmış olduğu qeydiyyatla uyğunluq təşkil etməməkdədir. Adıçəkilən torpaq sahəsinin dövlət qeydiyyatı zamanı imtinanın göstərilən dəlilləri mövcud olmadığı halda, həmin torpaq sahəsində inşa olunan tikiliyə münasibətdə imtina verilməsini məhkəmə mülkiyyət hüquqlarının pozuntusu kimi qiymətləndirir. Odur ki, cavabdehin tikilinin yerləşdiyi torpaq sahəsinə dair imtina dəlilləri qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, torpaq sahəsinə münasibətdə mülkiyyət hüququnun qeydiyyatına maneə təşkil edilməməyə dair həmin hal tikiliyə münasibətdə də fərqli qiymətləndirməyə səbəb olmur. Odur ki, torpaq sahəsində formalaşmış mövqedə olduğu kimi cavabdehin istinad etdiyi əsaslar fərdi yaşayış sahəsinə dair hüquqların dövlət qeydiyyatına əsas yaratmaqdadır. Bundan başqa qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İşin faktiki hallarından da göründüyü kimi, inzibati orqan tərəfindən iddia olunan torpaq sahəsinin ətrafında və qonşuluğunda yerləşən torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı qanunvericiliyə uyğun qaydada həyata keçirilmişdir. Bununla belə, mübahisə predmetini təşkil edən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə, həmin ərazidən müəyyən məsafədə neft quyularının mövcudluğu əsas gətirilərək iddiaçının fərdi yaşayış evinə dair hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Lakin bu əsaslandırma eyni hüquqi vəziyyətdə olan digər torpaq sahələri ilə müqayisədə iddiaçıya münasibətdə fərqli rəftarın tətbiq olunduğunu göstərir ki, bu da cavabdeh inzibati orqanın fəaliyyətində bərabərlik prinsiplərinin pozulmasına, həmçinin qanunvericiliyin tələblərinə zidd hərəkətlərin mövcudluğuna dəlalət edir. Göründüyü kimi istər, cavabdehin həmin torpaq sahəsinə əvvəllər qeydiyyatın aparılması baxımından, istərsə də, cavabdehin imtina dəlillərinin qanunsuzluğu təsdiq edən işin faktiki və hüquqi hallarının qiymətləndirilməsi baxımından iddianın təmini əsaslı hesab edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 43-cü Qaraçuxur küçəsi, giriş 117 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-6148/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6148/2025
10.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver