Məhkəmə qərarları › İş №2-1(112)-6149/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6149/2022

10.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6149/2022 10.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, iddiaçı - Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin cavabdeh - Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: X38, X24, Əmlak Məsələləri Dövlət Xidməti) “sərəncamların etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi cavabdeh Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2009-cu il tarixli 384 nömrəli Sərəncamın, habelə xx.xx.2017-ci il tarixli 395 nömrəli Sərəncamın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X38, X24, xx.xx.2022-ci il tarixli qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. (hakim N.Abıyev) Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi üçün iş Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. (hakim N.Abıyev) xx.xx.2022-ci il tarixdə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4302 nömrəli Ekspert rəyi məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2022-ci il tarixə təyin olunmuşdur. İddia ərizəsində bildirilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ünvan 1 ünvanında yerləşən 34 saylı tam orta məktəbin (bundan sonra "Məktəb") yerləşdiyi və onun istifadəsində olan torpaq sahəsinin cəmi 0.10373 ha hissəsinin X38 tərəfindən zəbt olunduğu müəyyən edilmişdir. Sözügedən Məktəbin direktoru Təhsil Nazirliyinə müraciət edərək məktəbə aid olan torpaq sahəsi üzərində qanunsuz tikinti işlərinin aparılması barədə məlumat vermişdir. Bununla bağlı Təhsil Nazirliyinin əməkdaşları tərəfindən məktəbə baş çəkilərək müvafiq araşdırma aparılmış və müəyyən edilmişdir ki, məktəbə məxsus torpaq sahəsinin bir hissəsinə qanunsuz müdaxilə edilmiş və məktəbin hasarının yeri dəyişdirilərək müvafiq ölçüdə torpaq sahəsi zəbt edilmişdir. Məsələ ilə bağlı, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra "ƏMDX") tərəfindən Təhsil Nazirliyinə daxil olmuş xx.xx.2021-ci il tarixli **********65 saylı məktuba əsasən, ƏMDX tərəfindən Nazirliyin balansında olan məktəbin ərazisində yoxlama-ölçü işləri aparılmış və məktəbin xx.xx.2008-ci il tarixli 21165 inventar nömrəli texniki pasportunda qeyd edilən, məktəbin istifadəsinə verilmiş 1,25373 ha torpaq sahəsinin 0.10373 ha hissəsinin məktəbin faktiki hasarlanmış ərazisindən kənarda yerləşdiyi, həmin torpaq sahəsinin digər vətəndaşların istifadəsində olmaqla üzərində 1 mərtəbəli tikili və inşa işləri davam etdirilən 4 mərtəbəli yarımçıq tikilinin bir hissəsinin yerləşdiyi müəyyən olunmuşdur. Qeyd olunan zəbt etmə halı ilə əlaqədar, Təhsil Nazirliyi tərəfindən X28 qarşı mülki iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edilərək, sonuncunun üzərinə "məktəbin stadion tərəfində hasarın sökülərək əvvəlki yerində bərpa edilməsi, inşa edilən tikilinin sökülməsi və həmin ərazinin məktəbin istifadəsinə qaytarılması" öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları ərizəyə əlavə edilir). Məhkəmə araşdırması zamanı Təhsil Nazirliyinə məlum olmuşdur ki, məktəbin istifadəsində olan torpaq sahəsinin zəbt olunmuş hissəsi ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən 2 Sərəncam qəbul edilmişdir: X17 məktəbin ərazisinə daxil olan Sarabski küçəsi 58 ünvanının yaxınlığında yerləşən sahədə fərdi yaşayış evinin tikintisinə icazə verilməsi haqqında xx.xx.2009-cu il tarixli 384 nömrəli Sərəncam (bundan sonra "Birinci Sərəncam") və məktəbin ərazisinə daxil olan Kaveroçkin küçəsi 27 ünvanının yaxınlığında yerləşən sahədə inşa edilmiş fərdi yaşayış evinin X25 adına sənədləşdirilməsi haqqında xx.xx.2017-ci il tarixli 395 nömrəli Sərəncam (bundan sonra "İkinci Sərəncam") (sərəncamın surəti əlavə olunur). Qeyd olunan hər iki sərəncam qanunsuz əlverişsiz inzibati akt olduğundan məhkəmə tərəfindən ləğv olunmalıdır. Birinci Sərəncamın məzmunundan göründüyü kimi, həmin Sərəncam qəbul olunarkən, Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin razılığı əldə edilməmişdir. Bununla əlaqədar, qeyd edilməlidir ki, "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci il tarixli 586 nömrəli Fərmanının 7.2-ci bəndinə əsasən, yerli icra hakimiyyəti orqanlarına tapşırılmışdır ki, onlar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı olmadan dövlət müəssisə və obyektlərinin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və digər quraşdırma işlərinin aparılmasına yol verməsinlər. Göründüyü kimi, Nərimanov Rayon icra Hakimiyyətinin sözügedən Məktəbin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinin aparılması ilə bağlı müstəqil surətdə sərəncam vermək səlahiyyətinə malik deyildir. "İnzibati icraat haqqında" Qanunun 65.1.2-ci maddəsinə əsasən, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Odur ki, məhkəmə tərəfindən Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2009-cu il tarixli 384 nömrəli sərəncamı etibarsız sayılmalıdır. Həmçinin, Birinci Sərəncam inzibati icraat haqqında hüquq normalarının pozulması ilə qəbul edildiyindən "İnzibati icraat haqqında" Qanunun 67.1 -ci maddəsinə əsasən həm də qanunsuz inzibati aktdır. Eyni zamanda, Birinci Sərəncam Təhsil Nazirliyinin onun istifadəsində olan torpaqla bağlı hüquqlarını aşkar şəkildə məhdudlaşdırdığından həm də əlverişsiz inzibati aktdır, "İnzibati icraat haqqında" Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. İkinci xx.xx.2017-ci il tarixli 395 nömrəli sərəncamın məzmunundan göründüyü kimi, Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən məktəbin ərazisinə daxil olan Kaveroçkin küçəsi 27 ünvanının yaxınlığında yerləşən sahədə inşa edilmiş fərdi yaşayış evinin X25 adına sənədləşdirilməsinə icazə verilmişdir. Müvafiq evin məktəbin ərazisində yerləşdiyini və sənədləşdirmə zamanı layihəyə uyğun evin altındakı torpaq sahəsinin də sənədləşdiriləcəyini nəzərə alaraq, ikinci sərəncamla faktiki olaraq dövlət mülkiyyətində olan təhsil müəssisəsinə aid torpaq sahəsinin özəlləşdirilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar ilk növbədə qeyd edilməlidir ki, “Təhsil haqqında” Qanunun 37.6- cı maddəsinə uyğun olaraq, dövlət mülkiyyətində olan təhsil müəssisəsinin özəlləşdirilməsi qadağandır. Torpaq Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, dövlət elmi- tədqiqat və tədris müəssisələrinin torpaqları, habelə dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən, göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir. Qeyd edilməlidir ki, hətta dövlətə məxsus təhsil-tədris müəssisələrinin ərazilərinin özəlləşdirilməsi mümkün olsaydı, belə özəlləşdirilmə haqqında qərarı yalnız ƏMDX qəbul etmək səlahiyyətinə malikdir. Belə ki, yuxarıda qeyd olunan "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" Fərmanla təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının 5.9-cu bəndinə əsasən, Dövlət mülkiyyətində olan əsas vəsaitlərin qeyri- dövlət hüquqi şəxslərə və fiziki şəxslərə verilməsi Azərbaycan Respublikasının dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada həvata keçirilir. Göstərilənlərdən göründüyü kimi, sözügedən məktəbin istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsi qanunvericiliklə birbaşa qadağan edilmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İş materiallarında olan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən xx.xx.2008-ci il tarixdə ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi olan 34 saylı orta məktəbin (Balans saxlayıcı Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi) Texniki Pasportu tərtib edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin və Sarabski küçələrində yerləşən müvafiq qarajlara dair 2004-2005-ci illərdə “Tatoş” firmasının, X10, X15, X25, X16, X21 adına Texniki Pasportlar tərtib edilmişdir. İş materiallarında olan xx.xx.1993-cü il tarixli Alqı-satqı Müqaviləsindən görünür ki, X41 Sarabski küçəsi 56 ünvanda yerləşən qarajı X9. İş materiallarında olan xx.xx.1996-cı il tarixli Alqı-satqı Müqaviləsindən görünür ki, X14 Sarabski küçəsi 56 ünvanda yerləşən qarajı X4. İş materiallarında olan xx.xx.1996-cı il tarixli Alqı-satqı Müqaviləsindən görünür ki, Nağıyev Mamed X5 25 ünvanda yerləşən qarajı X6. İş materiallarında olan AN-İ ******* nömrəli xx.xx.2005-ci il tarixli qarajın alqı-satqı Müqaviləsindən görünür ki, X27 ona məxsus olan Kaveroçkin küçəsi 25 saylı evin həyətində yerləşən qarajı X1. İş materiallarında olan xx.xx.2008-ci il tarixli ərizədən görünür ki, X32 ona məxsus olan qarajı X7. İş materiallarında olan xx.xx.2009-cu il tarixli ərizədən görünür ki, X40 ona məxsus olan Nərimanov rayonu, Sarabski küçəsi 56 ünvanda yerləşən qarajı X3. İş materiallarında olan xx.xx.2009-cu il tarixli ərizədən görünür ki, X18 ona məxsus olan ünvan 3 ünvanda yerləşən 35 nömrəli qarajı X3. İş materiallarında olan ərizədən görünür ki, X8 rayonu, Sarabski küçəsi 56/58 ünvanda yerləşən 30 və 33 saylı qarajı X16 adına keçməsinə etiraz etməmişdir. İş materiallarında olan xx.xx.2009-cu il tarixli ərizədən görünür ki, X19 ona məxsus olan ünvan 3 ünvanda yerləşən 36 saylı qarajı X3. İş materiallarında olan xx.xx.2009-cu il tarixli ərizədən görünür ki, X22 ona məxsus olan ünvan 3 ünvanda yerləşən 37 saylı qarajı X3. İş materiallarında olan “Atəşgah” müəssisəsinin nəzdində “Tatoş” firma mağazasının təsisçiləri tərəfindən verilmiş ərizədən görünür ki, “Tatoş” firma mağazası üçün 1993-cü ildə Bakışəhər İ.H. sərəncamı ilə onlara ayrılmış yer təsisçiləri tərəfindən X2. İş materiallarından görünür ki, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının “Fərdi yaşayış evinin tikintisinə icazə verilməsi haqqında” 384 nömrəli xx.xx.2009-cu il tarixli Sərəncamına əsasən vətəndaş S.S.Kərimova, Sarabski küçəsi 58 N-li binanın yaxınlığında yerləşən qarajların sökülüb, yerində razılaşdırılmış layihəyə uyğun fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İş materiallarından görünür ki, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının “Fərdi yaşayış evinin vətəndaş Z.İ.Səmədovanın adına sənədləşdirilməsi haqqında” 395 nömrəli xx.xx.2017-ci il tarixli Sərəncamına əsasən Kaveroçkin küçəsi 21 ünvanında yerləşən fərdi yaşayış evinin, təqdim olunmuş layihəyə uyğun mövcud istifadə vəziyyətində vətəndaş Z.İ.Səmədovanın adına sənədləşdirilməsinə icazə verilmişdir. İş materiallarında olan Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli 124 nömrəli arayışına əsasən 34 nömrəlli tam orta məktəb Bakı Şəhəri üzrə Təhsil İdarəsinin balansındadır. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 664 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin Strukturuna əsasən Bakı Şəhəri üzrə Təhsil İdarəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olan qurumdur. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 34 saylı orta məktəbin ərazisinə müdaxilə olunması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Nərimanov Rayon İcra Hakimiyyətinə müvafiq müraciətlər etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddiaçının müraciətinə cavab olaraq xx.xx.2020ci il tarixli məktubla bildirmişdir ki, qeyd edilən fərdi yaşayış evi Nərimanov rayonu 34 saylı tam orta məktəbin istifadəsində olan torpaq sahəsində yerləşməklə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 384 nömrəli Sərəncamı əsasında inşa olunmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən şəhər və digər yaşayış məntəqələrinin ərazilərində tikinti işlərinin aparılmasına icazə verilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarına tikinti üçün torpaq sahələri ayrılmasının ilkin əsaslandırılma sənədləri təqdim edilməlidir. Lakin Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən qanunvericiliyin tələbləri pozularaq kifayət qədər əsaslar olmadan tikinti işlərinin aparılmasına icazə verilməsi barədə sərəncam verilmişdir. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti iddiaçının müraciətinə cavab olaraq xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, qaldırılmış məsələ ilə əlaqədar daha əvvəl Əmlak Məsələləri Dövlət Xidmətinin müraciətinə əsasən Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 01/83 nömrəli məktubunda 06.11 2009-cu il tarixli, 384 nömrəli Sərəncam əsasında inşa edilmiş fərdi yaşayış evinin Sarabski küçəsi, 58 ünvanında yerləşdiyi qeyd edilmişdir. Eyni zamanda məlumat verilmişdir ki, Koveroçkin küçəsi, 27 ünvanında inşa edilmiş fərdi evin yerləşdiyi ərazidə əvvəllər ayrı-ayrı vətəndaşlara məxsus olmuş, Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən texniki pasportları tərtib edilmiş fərdi qarajları və qeyri-yaşayış sahələrini alqı-satqı yolu ilə əldə etmiş vətəndaş X38 tərəfindən həmin tikililər sökülərək, yerində 2004-cü ildə fərdi yaşayış evi inşa edilmişdir. Mövcud tikili 2014-cü ildə qüvvəyə minmiş Şəhərsalma və Tikinti Məcəlləsindən öncə inşa edildiyindən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 03 10.2017-ci il tarixli, 395 nömrəli Sərəncamı ilə mövcud vəziyyətdə vətəndaş Z.Səmədovanın adına sənədləşdirilmiş və fərdi yaşayış evinin istismarına icazə aktı tərtib edilmişdir. İş materiallarından görünür ki, Nərimanov Rayon İcra Hakimiyyəti iddiaçının müraciətinə cavab olaraq xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, NRİH başçısının xx.xx.2009-cu tarixli, 384 N-li Sərəncamı ilə vətəndaş X20, özünəməxsus çoxsaylı fərdi qarajların (notarial qaydada təsdiq edilmiş etibarnamələr və əlqı-satqı müqavilələrinə əsasən əldə olunmuşdur.) sökülüb yerində, razılaşdırılmış layihəyə uyğun, fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmin sərəncam verilərkən ərazidəki tikililərin uzun müddətdir mövcud vəziyyətdə yerləşdiyi, vaxtilə əsaslı şəkildə mişar daşından inşa edildiyi və sənədlər üzrə vətəndaş S Quliyevə məxsus olduğu əsas hesab olunmuşdur. Bu ev Sarabski küçəsi 58 ünvanında yerləşir. Məktəb ərazisi ilə mubahisələndirilən ərazidə yəni Kaveroçkin küçəsi 27 ünvanında inşa edilmiş fərdi evə gəldikdə isə bildirirlər ki, qeyd olunan ərazidə əvvəllər ayrı-ayrı vətəndaşlara məxsus olmuş, Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən texniki pasportları tərtib edilmiş fərdi qarajları və qeyri-yaşayış sahələrini alqı-satqı yolu ilə əldə etmiş vətəndaş X35 tərəfindən həmin tikililər sökülmüş və yerində 2004-cü ildə fərdi yaşayış evi tikilmişdir Mövcud tikili 2014-cü ildə qüvvəyə minmiş Şəhərsalma və Tikinti Məcəlləsindən oncə inşa edildiyindən NRİH başçısının 03 10.2017-ci il tarixli, 395 №-li Sərəncamı ilə mövcud vəziyyətdə vətəndaş Z.Səmədovanın adına sənədləşdirilmiş və fərdi yaşayış evinin istismarına icazə aktı tərtib edilmişdir. Yuxarıda qeyd olunan fərdi evlərin yaxınlığında yerləşən 34 №-li tam orta məktəbin həyətyanı sahəsinin zəbt olunub-olunmaması məsələsi 2005-2021-ci illər ərzində ayrı-ayrı qurumların nümayəndələri o cümlədən Təhsil Nazirliyinin hüquq şöbəsinin göstərişinə əsasən həmin məktəbin rəhbərliyinin, Bakı şəhəri üzrə Təhsil idarəsinin və Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə Ərazi İdarəsinin əməkdaşlarının, ərazi baxımından cavabdeh olan 1 saylı Abşeron Rayon Evlər idarəsi rəhbərliyinin, Polis Sahə müvəkkilinin və sair məsul şəxslərin iştirakı ilə yaradılmış komissiyalar tərəfindən dəfələrlə araşdırılmış, nəticə etibarilə məktəb ərazisində zəbt və müdaxilə olunma halları aşkar edilməmişdir. Bu barədə son olaraq İqtisadiyyat Nazirliyi yanında 6mlak Məsələləri Dövlət Xidməti rəhbərliyinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Bakı Şəhər və Nərimanov Rayon İcra Hakimiyyətlərinə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********82 №-li məktubunda xüsusi qeyd olunmuş, bir mənalı olaraq bütün hüquqi sənədlərdə 34 N-li məktəbin ərazisinə müdaxilə, zəbt olunma hallarının aşkar edilməməsi barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Şəhər Ərazi şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə Akt tərtib olunmuşdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki, sözügedən ünvanda yerləşən məktəbin ərazisindən fərdi yaşayış evinin tikintisi məqsədilə X17 torpaq sahəsinin ayrılması ilə əlaqədar rəy verilməmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə X38 arasında qarşı məktəbin stadion tərəfində yerləşən hasarının sökülərək əvvəlki yerində bərpa edilməsi, məktəbin ərazisində inşa edilən tikilinin sökülməsi və həmin ərazinin məktəbin istifadəsinə qaytarılması ilə bağlı mülki məhkəmə icraatı qaydasında mübahisələri olmuşdur. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1106/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin cavabdeh X28 qarşı ərazinin bərpa edilməsi, inşa edilən tikilinin sökülməsi və həmin ərazinin məktəbin istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi təmin olunmamışdır. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-397/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1106/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Məhkəməsinin 2(102)- 3447/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 397/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4302 nömrəli Ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: qərardadın birinci sualı üzrə - Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Əmlakın Texniki İnventarlaşdırma Bürosu tərəfindən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (34 saylı orta məktəb) dair xx.xx.2008-ci il tarixli 001868 nömrəli Texniki Pasportda (21165 inventar) qeyd olunan 12537.3 kv.m torpaq sahəsinin 11590,0 kv.m hissəsinin məktəbin faktiki hasarı daxilində 947,3 kv.m hissəsinin isə hasarlı sahəsinin xaricində yerləşdiyi müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə - Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli 384 №-li sərəncamında qeyd olunan X17 məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsinin (təqribən 230 kv.m) 34 saylı orta məktəbə dair Texniki Pasportda qeyd olunan 12537.3 kv.m torpaq sahəsinin hüdudları daxiində yerləşdiyi müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə - Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarxli 385 №-li sərəncamında qeyd olunan X25 istifadəsində olan torpaq sahəsinin təqribən 560 kv.m hissəsinin (X28 məxsus 4 mərtəbəli tikilinin bir hissəsi, bir ədəd səkkiz mərtəbəli yaşayış binası və bir mərtəbəli tikililərin yerləşdiyi sahə bütövlüklə) 34 saylı orta məktəbə dair Texniki Pasporta əsasən məktəbə aid edilmiş 12537.3 kv.m torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Göründüyü kimi, mübahisə predmeti olan Sərəncamlarla tikintisinə icazə verilmiş tikililərin ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (34 saylı orta məktəb) dair xx.xx.2008-ci il tarixli 001868 nömrəli Texniki Pasportda (21165 inventar) qeyd olunan torpaq sahəsi daxilində yerləşməsi müəyyən edilmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 37.6-cı maddəsinə əsasən Dövlət mülkiyyətində olan təhsil müəssisəsinin (məktəbəqədər təhsil müəssisələri istisna olunmaqla) özəlləşdirilməsi qadağandır. Torpaq Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, dövlət elmi- tədqiqat və tədris müəssisələrinin torpaqları, habelə dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən, göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanının 7.1 və 7.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət müəssisə və təşkilatlarının rəhbərlərinə sərəncamlarında olan dövlət əmlakının və onun yerləşdiyi torpaq sahələrinin qorunub saxlanması, eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin razılığı olmadan dövlət müəssisə və obyektlərinin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və digər quraşdırma işlərinin aparılmasına yol verilməməsi və bu sahədə mövcud pozuntuların aradan qaldırılması üçün qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi tapşırılmışdır. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 65.3-cü maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 9.2-ci bəndinə əsasən Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələri inzibati orqan kimi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, mübahisə predmeti olan Sərəncamlarla tikintisinə icazə verilmiş tikililərin ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (34 saylı orta məktəb) dair xx.xx.2008-ci il tarixli 001868 nömrəli Texniki Pasportda (21165 inventar) qeyd olunan torpaq sahəsi daxilində yerləşməsi, həmçinin həmin tikililərin yerləşdiyi torpaq sahəsinin istifadəyə (icarəyə) verilməsi ilə bağlı müvafiq dövlət orqanın rəyinin olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2009-cu il tarixli 384 nömrəli Sərəncam və xx.xx.2017-ci il tarixli 395 nömrəli Sərəncam etibarsız hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2009-cu il tarixli 384 nömrəli Sərəncam və xx.xx.2017-ci il tarixli 395 nömrəli Sərəncam etibarsız hesab edilsin. Qərardan şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar